Valyuta.com

Rafiq Əliyev: “Bu gün qeyri-səlis texnologiyasız təbabəti inkişaf etdirmək olmaz”

Rafiq Əliyev: “Bu gün qeyri-səlis texnologiyasız təbabəti inkişaf etdirmək olmaz”


Budəfəki həmsöhbətimiz Azərbaycan və dünya elminin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, “Elmdə Ömürlük Nailiyyət” mükafatına (ABŞ) layiq görülmüş alim, ümumi qərarqəbuletmə nəzəriyyəsi ilə dünya elminə yenilik gətirən tədqiqatçı, informatika və idarəetmə, “soft computing”, süni intellekt və qeyri-səlis məntiqə həsr olunmuş 70-ə yaxın kitabın müəllifi, texnika elmləri doktoru, professor Rafiq Əliyevdir. Qeyd edək ki, dəyərli müəllim, parlaq şəxsiyyət olan Rafiq Əliyevlə doğum günü ərəfəsində görüşdük.

- Görkəmli alim Azad Mirzəcanzadə deyirdi ki, hər bir ölkə üçün ən böyük kapital təbii resurslar deyil, intellektual potensialdır. O deyirdi ki, bir zaman gələcək, neft tükənəcək, amma Ü.Hacıbəyovun və onun kimi insanların bizə qoyub getdiyi sərvət daim millətin inkişafına xidmət edəcək. Sizcə, təbii ehtiyatların qiymətinin düşdüyü bir zamanda necə etmək lazımdır ki, ölkə yenə inkişaf etsin?
- Belə məqamlarda tək bir dövləti deyil, bütün bəşəriyyəti iqtisadi kataklizmlərdən həmişə elm xilas edib. Odur ki, Azərbaycanın neftdən sonrakı iqtisadi modeli barədə danışmaq gərəkdir. Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Amma adi konsepsiya ilə iqtisadi inkişafı təmin etmək mümkün deyil. Ölkəmizdə bütün dünyada qəbul olunmuş 4 iqtisadi inkişaf modelindən biri tətbiq edilməlidir. Azərbaycan Prezidenti də AMEA-da təşkil olunan iclasda bildirdi ki, yeni iqtisadi modelə keçmək lazımdır.
Dörd inkişaf modelindən biri bilik modelidir. Bu modeli tətbiq edən dövlətlərdə elm və təhsilin inkişaf səviyyəsi çox yüksəkdir. ABŞ, Almaniya, Fransa və s. kimi ölkələrdə bu model qəbul olunub və onlar bilik istehsal edir. Biliyin ölkəyə gətirdiyi gəlir isə təbii ehtiyatlardan gələn qazancdan qat-qat artıqdır. Məsələn, ABŞ büdcəsinin 80 faizdən çoxu ancaq bilik satmaqdan gəlir. ABŞ-da adambaşına düşən daxili məhsul 40-50 min dollardır. İran və Rusiya kimi ən çox neft istehsal edən ölkələrdə həmin məbləğ 5-6 min, ən yaxşı halda 10 min dollar təşkil edir.
Harvard Universitetinin büdcəsi 5-6 ölkənin büdcəsindən böyükdür – 40 milyard dollara yaxındır. Orada bir tələbə 80-100 min dollara təhsil alır və dünyanın ən intellektual, İQ səviyyəsi yüksək olan gəncləri bu elm ocağına çətinliklə qəbul olurlar. Yaxud Şimali Kipr Türk Respublikasını qeyd edək. 350 min əhalisi olan kiçik ölkədə 7-8 ancaq ingilisdilli universitet var, ölkə büdcəsinin 40 faizini təhsildən gələn gəlir təşkil edir. Həmin elm ocaqlarında təhsil almaq üçün hər il saysız-hesabsız tələbələr müraciət edir. Çünki rüşvət yoxdur, dünyanın hər yerindən bilikli mütəxəssisləri cəlb ediblər, onlara yüksək əməkhaqqı verirlər.
İkinci iqtisadi model texnoloji modeldir. Yaponiya, Malayziya, Cənubi Koreya, Sinqapur və s. ölkələr bu modeli seçib. Onlar elmi tədqiqatlara çox vəsait ayırmır, hazır texnologiyaları alıb, yüksək keyfiyyətli məhsullar istehsal edirlər. Onun nəticəsidir ki, üzərinə “Made in Japan” yazılan məhsulun keyfiyyətinə heç kim şübhə ilə yanaşmır. Bu gün amerikalılar da yapon avtomobillərinə üstünlük verirlər.
Üçüncü – xammal modelidir. Rusiya, Azərbaycan, Qazaxıstan, İran, ərəb ölkələri və s. bu modellə yaşayır. Xammal modeli asılılıq kimi bir şeydir. Bunu hamımız görürük.
Dördüncüsü isə Yunanıstan, Monqolustan, Hollandiya və s. ölkələrdə tətbiq olunan aqrar modeldir.
Bu gün qızıl, neft satan ölkələr elmə o qədər də diqqət yetirmir. Əsas neft ölkələri olan Şərq dünyasında cəmi iki nəfər Nobel mükafatçısı var. Halbuki ABŞ-da onların sayı 300-ə yaxın, ərazisi və əhalisi Azərbaycan qədər olan kiçik Avstriyada 10-15 nəfərdir.
- Amma Şərq ölkələrində onlarla müqayisədə filosoflar daha çoxdur. Elə deyil?
- Elədir.
- Deyirlər ki, kişinin həyat yoldaşı yaxşı olsa, xoşbəxt olur, pis olsa, filosof. Bu məntiqdən çıxış etsək, bəlkə, Qərb insanı daha xoşbəxt yaşadığına görə, şərqlə müqayisədə filosofları daha azdır.
- Əslində, Şərqlə Qərb insanını xoşbəxt edən amillər bir-birindən fərqlənir. Dünyanın bir nömrəli iqtisadi jurnalı “American Economic Review”da iki məqalə marağımı cəlb etdi. Məqalələrdə xoşbəxtliklə gəlir arasında funksiya qurublar. 97 ölkədə sorğu keçiriblər, lazımi faktları əldə ediblər. Məlum olub ki, Qərb ölkələrində gəlir artır, ancaq bu, ailənin, şəxsin xoşbəxtliyinə, cüzi də olsa, təsir etmir. Şərq ölkələrində isə gəlir lap az artan kimi insanlar özünü hədsiz xoşbəxt sayırlar.
Bayaqkı suala qayıdaraq deyim ki, Allah o nefti bizə verib, kaş ona arxayın olub tənbəlləşməyəydik. Gərək neftin tükənəcəyini də düşünəsən.
Təxminən 3-4 il öncə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, məşhur fizik Verexovdan Akademiyada vəziyyətin necə olduğunu soruşdular. O da cavabında bildirdi ki, Rusiyaya Elmlər Akademiyası lazım deyil, çünki neft satmaq üçün akademiyaya ehtiyac yoxdur.
- Sizcə, nefti nə ilə əvəz etmək olar? Ölkəmizdə hansı iqtisadi model tətbiq edilməlidir?
- Hesab edirəm ki, biz bu gün nə bilik modelinə, nə də texnoloji modelə keçə bilmərik. Bəzən deyirlər ki, gəlin biz də bilik istehsal edək, bu modelə keçək. Amma bu iqtisadi model üçün elmə külli miqdarda vəsait ayırmaq lazımdır, Harvard, Berkli kimi universitetlər olmalıdır.
Ölkənin iqtisadi modelinin düzgün seçilməsi vacib şərtdir. Bunun üçün müvafiq elmi kollektivlər toplaşıb birgə fəaliyyət göstərməli, qərar qəbul etməlidir. Belə iqtisadi modellər inkişaf etmiş və əksər inkişaf etməkdə olan ölkələrdə tətbiq olunur. Türkiyədə də 2000-ci illərdə xaricdən alimlər dəvət edildi, türk alimləri ilə birgə güclü potensiala malik elmi qrup təşkil olundu, məsləhətləşmələr aparıldı və ölkə üçün iqtisadi tarazlıq modeli yaradıldı.
Son illərdə biz bir neçə dəfə iqtisadçı alimlərlə görüşlər təşkil edib iqtisadi modellər barədə müzakirələr aparmışıq. Amma, təəssüf ki, bu işlər müəyyən səbəblərdən yarımçıq qaldı. Bu gün də hesab edirəm ki, Azərbaycanın postneft dövrü üçün iqtisadi model qurmaq vacibdir. Mən neftdən sonrakı dövr deyəndə neftin tam tükənməsini deyil, neftin qiymətinin ucuzlaşdığı bugünkü şəraiti nəzərdə tuturam.
Mən düşünürəm ki, ölkəmiz üçün ən uyğun olan aqrar modeldir. Məsələn, Hollandiya aqrar məhsullarla özünü 100 faiz təmin edir və həm də ərzaq ixrac edir. Aqrar model deyəndə ağıla ancaq kənd təsərrüfatı gəlməməlidir. Bu modelin içərisində elmin də, digər sahələrin də inkişafı var. Bir Hollandiya inəyi bizim bir ferma qədər süd verir. Əlbəttə ki, elmin hesabına.
- Sizcə, hər hansı model seçildikdən sonra hesablamalar klassik, yoxsa qeyri-səlis məntiqə əsasən aparılmalıdır?
- Qeyri-səlis məntiq nəzəriyyəsinə əsasən. Doğrudur, Türkiyə klassik məntiq nəzəriyyəsini seçib. Ancaq mən hesab edirəm ki, qeyri-səlis məntiq varsa, ona üstünlük verilməlidir.
- Niyə Amerika bu nəzəriyyəni qəbul etmir?
- Artıq qəbul edir. Hazırda NASA qeyri-səlis məntiq nəzəriyyəsini dördəlli tutur. Düzdür, əvvəl Yaponiya qəbul etdi. Hazırda müasir yapon sənayesi qeyri-səlis məntiq üzərində qurulub. Lütfi Zadə bu nəzəriyyəni siyasi, iqtisadi sistemlər, sosial həyat, insan davranışının formaları üçün irəli sürsə də, onun nəzəriyyəsi daha çox texnologiyada tətbiq olundu. Bu, qəribə bir paradoksdur. Müasir dövrdə tanınmış markalardan olan kompüter, paltaryuyan maşın, fotoaparatlar və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və gəlirlər milyardlarla hesablanır.
Almanların, amerikalıların təfəkkürü dəqiqdir. Amma şərq təfəkküründə tolerantlıq çoxdur. Qeyri-səlis məntiq də tolerant məntiqdir. Ancaq dəqiqlik heç də həmişə yaxşı deyil. Məsələn, klassik riyazi məntiqlə bir dildən digərinə dəqiq tərcümə etmək mümkün deyil. Klassik riyaziyyatla ancaq bəsit tərcümə sistemi yaratmaq mümkün olub. Təəssüf ki, ABŞ, almanlar bunu bir az gec anladılar.
- Qeyri-səlis məntiq tibb sahəsində tətbiq olunurmu?
- Bəli, məhz təbabətdə çox istifadə edilir. Bu gün qeyri-səlis texnologiyasız, neyro texnologiyasız nə təbabəti, nə də iqtisadiyyatı inkişaf etdirmək olmaz.
Məsələn, biz təxminən 15-20 il əvvəl indiki M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Nurəddin Rzayev, Vaqif Seyidov kimi 10 nəfərə qədər tibb alimləri, professorlarla qeyri-səlis məntiq əsasında ürək xəstəliklərinin diaqnostikası və müalicəsi ilə bağlı kompüter ekspert sistemi hazırlamışdıq. Bu sistemdə 72 simptom var idi. Hətta İQ səviyyəsi yüksək olan insanlar belə, ancaq 7 simptomu, əlaməti təhlil edə bilirlər. Sübut olunub ki, daha artığını analiz etməyə beyin qadir deyil. Bizim qeyri-səlis məntiqə əsaslanan sistemə isə istənilən əlamətlər qeyd olunurdu, kompüter onları analiz edib nəticəni göstərirdi.
Bu sistem dünyada çox tətbiq olunur. İndi yer üzündə tibbə ayrılan əsas maliyyə resursları dünyada cəmi 50-60 ədəd olan, çox bahalı super kompüterlərin köməyi və qeyri-səlis məntiqin tətbiqi ilə xərçəng xəstəliklərinin öyrənilməsinə sərf edilir.
- Qeyri-səlis məntiq nəzəriyyəsi tibbin hansı sahələrini əhatə edə bilər?
- Bütün sahələrini. Bu nəzəriyyənin diaqnostika və müalicə sahəsində həddən çox ekspert sistemi var.
Qeyd edim ki, müayinə zamanı qanın strukturu, təzyiq, analizlərin nəticələri və s. dəqiq təyin edilməlidir. Ancaq xəstənin analiz kağızlarına baxaraq, ona diaqnoz qoymaq olmaz axı. Həkim mütləq xəstənin üzünə, lazım gəldikdə dilinə, gözünün içinə də baxır. Amma bu zaman dəqiq rəqəmlər səsləndirmək mümkün deyil. Necə demək olar ki, dildə neçə faiz problem, ya da gözdə neçə faiz saralma var? Bu, qeyri-dəqiq informasiyadır. Hətta indiyədək rentgenin özünü də heç kim dəqiq oxuya bilməyib. Tibbdə bütün səylər onun mümkün həddə qədər dəqiq oxunmasına yönəlib. Amma tam dəqiq nəticə əldə edilə bilməz. Ona görə də bu sahədə qeyri-səlis məntiq vacib rol oynayır.
Lütfi Zadə bir neçə gün öncə internetə “səhiyyədə qeyri-səlis məntiq” mövzusunu müzakirəyə çıxardı. Bütün dünyadan bu diskussiyaya qoşulublar, müzakirələr hələ də davam edir. Həddən artıq maraq doğuran bu mövzuya reaksiya verənlər çox oldu.
- Bəs, psixologiyada bu nəzəriyyənin tətbiqi mümkündürmü? Bu sahədə də dəqiqlik real görünmür.
- Bəli, psixologiyada qeyri-səlis məntiq mövzusunda geniş müzakirələr aparılıb, kitablar da var. Mənim xarici müəlliflə yazdığım elmi məqalələrimdən biri də bu mövzudadır.
Onu da qeyd edim ki, qeyri-səlis məntiqin cəmi iki müddəası var. Birincisi odur ki, dünyada olan hər bir informasiyanın, bildiyimiz hər şeyin dərəcəsi var. Bu fikirdə “ya-ya” dualizmi ilə məhdudlaşan Aristotel məntiqindəki “üçüncünün inkarı” yoxdur. Aristotel deyirdi ki, bir insan ya dostdur, ya düşmən. Yaxşı adam deyilsə, deməli, pis adamdır. Bu ola bilməz axı.
Üzeyir Hacıbəyov deyir ki, “Məşədi İbad əsl müsəlmandır”. Aristotel isə deyərdi ki, ya müsəlmandır, ya da müsəlman deyil. Üzeyir bəyin dediyi “əsl müsəlman” ifadəsi qeyri-səlis məntiqdən irəli gəlir.
Qeyri-səlis məntiqə görə, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə - 1 (doğru) və 0 (yanlış) ilə deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu məntiq mütləq hesab olunan nə varsa, hamısını rədd edir (Tanrıdan başqa) - mütləq mənada ağ və mütləq mənada qara rəng yoxdur. Mütləq mənada qəm, sevinc, xoşbəxtlik, yalan və ya həqiqət yoxdur. Qeyri-səlis məntiq çoxsaylı interpretasiyaları, sual-cavabların müxtəlifliyini özündə ehtiva edir. Qısaca desək, qeyri-səlis məntiq tolerantlıq və humanizm məntiqidir. Bu məntiq bütün aləmlərdə təkcə Tanrını mütləq qəbul edir, qalan hər şeyin isə dərəcəsi var. Hisslərin, duyğuların, hətta övlada məhəbbətin də. Eyni şey dinlərə də aiddir. Qurani-Kərim böyük mənəviyyat sistemidir. Ancaq mən heç vaxt deyə bilmərəm ki, bu din yaxşıdır, o biri pisdir. İki il öncə “Qeyri-səlis məntiq və din” adlı məqalə yazdım. Ötən il isə “Qeyri-səlis məntiq və Qurani-Kərim” adlı kitab çıxdı.
Qeyd edim ki, dinlərdə doktrinal və etik müddəaların çoxu həqiqətdir. Ancaq cürət edib demək istəyirəm ki, bir çox doktrinal və etik kateqoriyalar qeyri-səlisdir, yəni həqiqətdir, ancaq sərhədsiz həqiqətdir – çoxlu təfsirləri, çalarları var. Fikirimi dəqiqləşdirim. Qurani-Kərimdə deyilir: “Yaxşı işi görənləri cənnət və daha artıq mükafat gözləyir...” Burada işlənən “yaxşı iş”, “daha artıq mükafat” ifadələri göstərir ki, müqəddəs din və qeyri-səlis məntiq dili necə qovuşur. Zənnimcə, müqəddəs kitabların təfsiri qeyri-səlis məntiq dilində daha adekvatdır. Gedən diskussiyalarda göstərilir ki, İncilin 5000-ə yaxın təfsiri mövcuddur. Bu, təfsir verənlərin hansı məntiqlə düşünməsindən çox asılıdır. Bəzi adamlar deyir ki, Qurani-Kərimdə hər şey qadağa üstündə qurulub. Elə deyil. İslam dinində çox böyük tolerantlıq var.
Eyni zamanda, deyirlər 7 rəng, 7 də not var. Məgər musiqiçilər 7 notda çalırlar? Axı, onların öz improvizasiyaları, eləcə də rənglərin nə qədər çalarları var.
Mən bir yazımda qeyd etmişəm ki, 40-cı illərdə yeni bir sivilizasiya olacaq və o sivilizasiya bu tolerant məntiqlə düşünəcək.
Qeyri-səlis məntiq nəzəriyyəsi öz yayılma sürətinə və coğrafiyasına görə elmdən daha çox, dinə bənzəyir. Əminəm ki, gələcək nəsillərin düşüncə tərzi qeyri-səlis məntiqə əsaslanacaq.
Qeyri-səlis məntiqin ikinci müddəası isə budur ki, bu məntiqdə hər şey qranula şəklində qəbul olunur. Məsələn, klassik ədəbiyyatda insanın sifəti 27 parametrlə müəyyən edilir. Məgər Məcnun Leylinin 27 parametrə uyğun olub-olmadığını ölçüb, sonra sevmişdi? Onun gözlərini, qaşını ayrılıqda təhlil etməyib axı, ümumi qəbul edib. Amma klassiklərdə belədir ki, gərək bütün parametrləri ölçüb deyəsən – gözünün quruluşunu, burunun formasını. Həyatda belə şey olmur.
Eynşteyn fizika elmində inqilab edən çox böyük alim idi. Lütfi Zadə isə bütün elmlərdə inqilab etdi. Onu qeyd edim ki, Eynşteynin 100 illiyi ilə əlaqədar onun haqqında The New York Times qəzetində çıxan məqalədə oxudum ki, dünyasını dəyişdiyi gündən 2-3 gün əvvəl 7-8 səhifəlik məqalədə əks olunan Dalğalar nəzəriyyəsinə yenidən baxıb. Deyib ki, mən düz nəticəyə gəlməmişəm. Sonra ağzından çox məşhur ifadəsini çıxarıb. “Allah kainatla zər oyunu oynamır”. Həmin vaxt bir də “qeyri-səlis” sözü işlədib. Yəni Eynşteyn də ölümündən öncə bu dünyanın qeyri-səlis olduğunu bilmişdi. Amma o vaxt bunun riyazi hesablaması hələ aparılmamışdı. Ötən əsrin 50-ci illərinə kimi bütün dünya ancaq dəqiq rəqəmlərlə işləyirdi. Məsələn, deyirdilər ki, temperatur 17 dərəcə olacaq. Bəzən Azərbaycan televiziya kanallarında hələ də bu cür verirlər. Təbii ki, ağıllı düşünən insan 16-18 dərəcə olacağını deyər. Eyni temperaturda qalacağını 100 faiz bilmək mümkün deyil. Bunun riyazi hesablaması – interval hesabı 1950-ci illərdən sonra həyata keçirildi. Bundan sonra isə informasiyanın qeyri-dəqiqliyini nəzərə almaq üçün qeyri-səlis məntiq çıxdı. İndi biz interval verəndə dəqiq demirik ki, temperatur 16-18 arasındadır. Bəlkə 15,5-dir? Ona görə qeyri-səlis məntiqə əsasən deyirik ki, 17 ətrafında olacaq.
- Qeyri-səlis məntiqdə hesablama necə aparılır?
- Çox sadə, asan yolla. Amma indi Lütfi Zadə ilə sonuncu nəzəriyyəmiz qeyri-səlis məntiqdən bir az da irəli getdi və 3-4 ay öncə ABŞ-da bizim bununla bağlı birgə kitabımız işıq üzü gördü. İnformasiyada 3-cü səviyyə qeyri-səlis məntiq nəzəriyyəsidirsə, dördüncü səviyyə Z ədədlər nəzəriyyəsidir. Bunu sadə dillə necə izah edə bilərik? Məsələn, son iki-üç ilə kimi informasiyanın dürüstlüyünü heç kim nəzərə almayıb. Demişik ki, sabah temperatur 11-15 dərəcə olacaq. İndi bu informasiyanın yanında əminlik faizi də qeyd edirik. Deməli, artıq hər bir informasiya iki hissədən ibarətdir – informasiyanın qiymətindən (“sabah havanın temperaturu 11-15 dərəcə olacaq”) və bu informasiyanın neçə faiz doğru olduğunu göstərən rəqəmdən (məsələn, 70 faiz). Bunun hesabı isə bizim axırıncı kitabımızda yer alıb. Z ədədlər hesabı ilə informasiyanın dürüstlüyü müəyyən olunur.
- Rafiq müəllim, yeni elmi kəşflərin müsbət tərəfləri nə qədər çox olsa da, bəzən istənməyən problemlər də doğurur. Bu nəzəriyyə əsasında yaradılan intellektual maşınların, robotların insanları əvəz etməsi bəşəriyyət üçün təhlükə yarada bilərmi?
- Belə bir təhlükə var. Robotlar artıq istehsal olunur və yaxın zamanlarda onların hissləri, “mənəviyyatı” da olacaq. Bu məsələ alimləri düşündürür...
- Buna baxmayaraq, belə robotların daha da kamilləşməsi üçün tədqiqatlar davam etdirilir...
- ABŞ-da bu gün silahlı robot əsgərlər yaradılır. Amma onların hələ ağlı yoxdur. Yaxın 20 ildə ağıllı, özü qərar qəbul edən robotlar yaradılacaq. Bu sahənin tədqiqatçılarından biri kimi deyə bilərəm ki, nəzəriyyəyə görə, son qərarı robot yox, insan verəcək. Amma insanın əxlaqı da dəyişməlidir. Əfsuslar olsun ki, elmlə ümumbəşəri əxlaq arasında uzaq bir məsafə yaranıb. XX əsrin sonu – XXI əsrin əvvəllərində elm çox böyük sürətlə irəli gedib, əxlaq isə tısbağa yerişi ilə yeriyir.
Yeri gəlmişkən, qeyd edim ki, təxminən bir ilə sürücüsü olmayan avtomobillər də istehsal olunacaq. Həmin maşınlar sürücü olmasa da, istənilən yolda, istənilən vəziyyətdən çıxacaq. Amma qeyri-səlis məntiqin tətbiqi ilə işləyən, sürücüsüz qatarla hələ 1998-1999-cu illərdə Fransanın Lil şəhərindən Parisə getmişəm.
- Qeyri-səlis məntiq incəsənət sahəsinə də tətbiq oluna bilərmi?
- Əlbəttə. Hətta bu yaxınlarda Lütfi Zadə mənə məktub yazdı və dedi ki, axırıncı nəzəriyyəmizi kompüter rəssamlığına tətbiq et.
Onu da qeyd edim ki, Xudu Məmmədov rəhmətə getməmişdən bir neçə gün əvvəl mənə Şur, Segah və Bayatı-Şiraz muğamlarını fəhmlə rənglərə çevirdiyini, bunu qeyri-səlis məntiqlə yoxlamağımı, doğru nəticəyə gəlib-gəlmədiyini bilmək istədiyini dedi. Mənim elmi işimə aid olmasa da, hobbi kimi, bu işlə məşğul oldum. Muğamları kompüterə saldım, onları rənglərə çevirdim. Nyutonda da rənglərlə notlar arasında əlaqə var. Sonra xalçaları da oraya əlavə etdim. Çox oxşarlıq olduğunu müşahidə etdim. Sonda böyük həcmli “Segahı görürəm” kitabını yazdım. Hətta Miçiqan Universitetindən gəlib, o proqramı məndən götürdülər.

N.MƏCİDOVA, Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Avqust 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova