Valyuta.com

Arif Quliyev: “Sevinirəm ki, həyatda qarşıma yalnız yaxşı həkimlər çıxıb”

Ü.FƏRZƏLİYEVA

Onun zarafatları ötən əsrin 80-90-cı illərində – insanların gülməyə daha çox ehtiyacı olduğu çətin, ağrılı bir dövrdə məşhurlaşdı. Səs yazıları olan kasetləri əldən-ələ gəzməyə başladı. Çəkildiyi filmlərdəki rolları, teletamaşalardakı obrazları ilə tanınan və sevilən sənətkarın mono ifaları şöhrətinə şöhrət qatdı. İnsanların qəlbindən kədəri, hüznü, dərdi qısa müddətlik də olsa çıxarıb, üzlərinə təbəssüm bəxş etməyi özünə vəzifə seçdi. Söhbət kiçikdən böyüyə hər kəsin tanıdığı, teatr səhnəsində, bədii filmlərdə, televiziya tamaşalarında yaratdığı onlarla yaddaqalan obrazları, özünəməxsus məzəli ifa tərzi ilə seçilən, sevilən və yaddaşlara həkk olunan aktyordan gedir. Bu dəfəki həmsöhbətim Azərbaycan Respublikasının Xalq Artisti, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı Arif Quliyevdir.

- Arif müəllim, bir müddət öncə sağlamlığınızla bağlı ciddi problem yaşadınız. İndi necəsiniz? Özünüzü necə hiss edirsiniz?
- Şükür, yaxşıyam. Hər kəsin həyatında çətin anlar, günlər, aylar, hətta bəzən illər olur. Hamı nə vaxtsa istər sağlamlığı, istərsə də işi, sosial vəziyyəti və sairlə bağlı problemlər yaşayır. Önəmli olan budur ki, sən həmin vəziyyətlərdə sınmayasan, ruhdan düşməyəsən, həyatın qarşına çıxardığı çətinliklərlə qorxmadan mübarizə aparasan. O zaman qalib olursan.

- Belə çıxır ki, siz qalibsiniz?
- Mənim həyatımı, yaşadıqlarımı nəzərə alsaq, bu gün Arif Quliyev kimi varamsa, deməli, qalibəm.

- Kino, teatr, teletamaşa, yoxsa estrada ifaçılığı? Yaradıcılıq imkanlarınızı, istedadınızı göstərmək, özünüifadə baxımından bunların hansı sizə daha yaxındır?
- Hər biri. Televiziya sənətkarın yaradıcılıq potensialını xalqa çatdıra bilməsi üçün ən önəmli vasitədir. Teletamaşaları milyonlarla insan izləyir.
Teatr tamaşalarının auditoriyası televiziya ilə müqayisədə xeyli məhduddur. Ancaq burada tamaşaçı ilə birbaşa təmas var, canlılıq var.
Kinoda aktyor daha çox rejissora tabedir və həvalə edilən obrazı məhz onun istədiyi kimi canlandırır. Aktyorun hansısa məqamda istədiyi kimi davranması qəbul edilmir. Ancaq onu nəzərə almaq lazımdır ki, kino tarixdə qalır. Yəni teatr səhnəsində bu gün bir səhv etsən, sabah onu düzəldə bilərsən. Amma kinoda bu mümkün deyil.
Estrada ifaçılığının məsuliyyəti də digərlərindən az deyil. Düşünün ki, aktyor tək bütün zalı ələ almağı, tamaşaçının ondan gözlədiyini verməyi bacarmalıdır. Solo ifaçılıqda sənətkar özünü daha sərbəst hiss edir, improvizasiya edə bilir, çıxışını öz istəyinə uyğun şəkildə qurur. Teletamaşada, teatrda, kinoda aktyor öz istedadını rejissorun tələbləri çərçivəsində göstərirsə, estrada ifaçılığında bu məhdudiyyət, demək olar ki, yoxdur.
Düşünürəm ki, sənətkar üçün kino da, teatr da, teletamaşalar da, estrada səhnəsi də, ümumiyyətlə, sənətini xalqa çatdıra bildiyi bütün yaradıcılıq sahələri dəyərlidir, əzizdir.

- Sizcə, insan aktyor kimi doğulur, yoxsa aktyorluğu öyrənir?
- Məncə, bəzi peşələr var ki, hər insan öz istəyi ilə onlara yiyələnə bilməz. Məsələn, aktyorluq, rəssamlıq, bəstəkarlıq və s. kimi sənət sahələri xüsusi istedad tələb edir. Bu istedadı Allah insanlara doğulanda verir. Bəzən istedadı olmayan şəxslər də bu sahələrə meyil edir, ancaq onlar həqiqi sənətkar ola bilmirlər.

- Məşhur bir ifadə var: “Həyat özü səhnədir, insanlar isə aktyor”. Maraqlıdır, Arif Quliyevə səhnədə rejissorların həvalə etdiyi rolları ifa etmək daha məsuliyyətli, çətin və ağır oldu, yoxsa Tanrının onun üçün müəyyənləşdirdiyi rolu oynamaq?
- Həyat səhnəsində Arif Quliyevin məsuliyyəti də, çətinlikləri də daha çox oldu.
Rol aldığı hər bir əsərin ssenarisi aktyorun əlində olur və onun əvvəlini də, sonunu da bilir. Həyat səhnəsində isə səni nə gözlədiyini bilmirsən. Amma hər iki səhnədə mənə həvalə olunan rolların öhdəsindən gəldiyimi düşünürəm. Hansı səviyyədə gəldiyimi isə Allah və tamaşaçılar bilir.
Arif Quliyev: “Sevinirəm ki, həyatda qarşıma yalnız yaxşı həkimlər çıxıb”
- Həyatınızla bağlı tamaşa hazırlansa, hansı janrda olar?
- Birinci hissəsi dram, ikinci hissəsi komediya.

- Ötən ay Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Axırıncı dayanacaq” filmində görməyə alışdığımızdan fərqli Arif Quliyevi izlədik...
- Həqiqətən də, “Axırıncı dayanacaq” tragikomediyasındakı Tapdıq obrazı yaradıcılığım üçün yenilik sayıla bilər. Filmin rejissoru bildirdi ki, məni tamaşaçıya başqa ampluada – qəmgin ağsaqqal obrazında təqdim etmək istəyir. Qocalar evinin qayğılarından, oradakı həyatdan bəhs edən filmdə ömrünün qışını yaşayan insanların hər şeyə rəğmən həyata bağlılığı, arzuları, sevgiləri, “axırıncı dayanacaq”da olan insanların hissləri, duyğuları ifadə olunub. Burada yaşlı insanların düşdükləri vəziyyət nə qədər komik olsa da, əslində, onların həyatları faciədir. Filmdəki obrazların hər birinin içində onları ürəkdən gülməyə qoymayan bir kədər var.

- Həyatda valideyn qayğısından məhrum uşaq, filmdə isə qocalar evində qalmaq məcburiyyətində olan ağsaqqal – hansının həyatı daha çətin və ağrılıdır?
- Hər ikisi çox çətin və ağrılıdır. İnsanın uşaq evində yaşadığı illər ana-ataya ən çox ehtiyacı olduğu dövrdür. Qocalar evindəki yaşlı insanlar da əksər hallarda övlada ən çox möhtac olduğu illərdə orada yaşamağa məcbur qalırlar. Söhbət maddi ehtiyac və möhtaclıqdan yox, mənəvi ehtiyacdan gedir. Bütün uşaqlar valideyninin olmasını, onların qayğısını, sevgisini, istiliyini hiss etməyi istəyir. Həmçinin hər ata-ana da övladına çəkdiyi zəhmətin bəhrəsini görməyi arzulayır, onların diqqətindən məhrum qalmaq istəmir.
Doğrudur, mənim canlandırdığım Tapdıq obrazının övladı yoxdur, həyat yoldaşı isə xəstəlikdən vəfat edir. Amma həyatda övladları ola-ola qocalar evinə atılan atalar, analar da az deyil. Axı, nəyə görə valideyni olan uşaqlar yetim, övladı olan valideynlər atılmış həyatı yaşamalıdır?! Məncə bu ədalətli deyil...

- Valideynlərinizi axtarmısınız?
- Axtarmışam, daha çox texnikumda və institutda təhsil aldığım müddətdə. Ancaq məni atıb gedən insanı tapa bilmədim. Əgər hər hansı bir sənəd olsaydı, bəlkə tapa bilərdim. Sənədsiz atıldığım üçün valideynlərimi tapmaq şansımı da itirdiyimi başa düşdüm.
Amma sevinirəm ki, tək də olsam, Allahım mənə kömək etdi. Mən həyatımın bütün mərhələlərində yaxşı insanlarla qarşılaşdım və onların köməyi ilə bu günümə gəlib çıxdım.

- “Halal pullar” filmində fırıldaqçı həkim obrazı canlandırmısınız. Bir aktyor üçün ağ xalat geymək, özünü həkim kimi hiss etmək necə bir duyğudur?
- Bu film aktyor həyatından bəhs edir. Filmin qəhrəmanı teatr rejissorudur. Teatr bağlandığı üçün rejissor və aktyorlar işsiz qalırlar və imkansızlıq ucbatından fırıldaqçılığa əl atırlar. Aktyorluğu bacardıqları üçün isə real həyatda öz obrazlarını oynaya bilirlər. “Halal pullar”da mənim bəxtimə, sizin də qeyd etdiyiniz kimi, fırıldaqçı həkim olmaq düşüb.
Həkimlik çox gözəl sənətdir, amma fırıldaqçı olmamaq şərtilə. Sevinirəm ki, həyatda qarşıma yalnız yaxşı həkimlər çıxıb. Onların hər birinə minnətdaram.
Ümumiyyətlə, insanlar sevdikləri peşələrə yiyələnməli və sahib olduqları sənətin sirrlərini mükəmməl bilməlidirlər. Ancaq bir məsələ var ki, bəzi sənət sahibləri işlərinin tam peşəkarı olmaya bilərlər və bundan ancaq onlar özləri ziyan çəkərlər. Amma həkimlik elə sahədir ki, bu yolu seçən yüksək səviyyəli peşəkar olmağa borcludur. Çünki insanların həyatı onlardan asılıdır. Ağ xalat ona layiq olanlara yaraşır, fırıldaqçılara yox.

- Azərbaycan Dövlət Musiqili Teatrından və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən nə səbəbdən ayrıldınız?
- Xəstəliyimlə əlaqədar. Səhhətimdə olan problemlərə görə 2 ildir Azərbaycan Dövlət Musiqili Teatrından çıxmışam. Amma aktyor kimi fəaliyyətimi davam etdirirəm, filmlərə, tamaşalara dəvət alanda gedirəm.
Müəllimlikdən də tam imtina etməmişəm. Universitetə tələbələr hazırlaşdırıram. Bu il 11 tələbəmdən 9-u Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. Artıq yeni tələbələrim də var.
Ara-sıra televiziya verilişlərinə, televiziya tamaşalarına da dəvət olunuram. Yəni işləyirəm. Ən əsası odur ki, dayanmamışam, sənətimdən ayrılmamışam.
Sənət elə gözəl məbəd, elə ülvi, təmiz bir aləmdir ki, ondan qaçmaq mümkün deyil. İnsan onu hər zaman ürəyində hiss edir.

- Hazırda hansısa filmə çəkilirsiniz?
- “Biznesmen” filminə, millət vəkili roluna təklif almışam. Ancaq hələ çəkilişlər başlamayıb. Film gözəl şair, yazıçı, dramaturq Ramiz Abdullayevin əsəri əsasında çəkiləcək. Rejissoru isə Nail Naiboğludur. “Biznesmen” adlı iki hissəli musiqili komediya İrəvan Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilmişdi. Amma əsər ekran həllini bu filmdə tapacaq. Hazırda ssenari üzərində işləyirəm. Düşünürəm ki, tamaşaçılar “Biznesmen” filmini böyük maraqla qarşılayacaqlar.

- Azərbaycan cəmiyyətində ümumilikdə aktyorlara və o cümlədən sizə olan münasibəti necə qiymətləndirirsiniz?
- Mənim sənətimi xalq da, dövlət də hər zaman yüksək qiymətləndirib. Xalqın sevgisini, hörmətini hər an həyatımda hiss edirəm. Dövlətin diqqətini də həmçinin. Mən Xalq Artistiyəmsə, Prezident təqaüdçüsüyəmsə, nədən narazı ola bilərəm?!
Bu gün sənətkarlar nə xalqın, nə də dövlətin diqqətindən kənarda qalmırlar. Onlar layiq olduqları qiyməti alırlar.

- Bir müddət öncə kütləvi informasiya vasitələrində sizin ölüm xəbəriniz yayılmışdı. Bu xəbərə reaksiyanız necə oldu?
- Düzü, xüsusi bir reaksiya göstərmədim. Mən belə şeyləri yazan insanları öz vicdanları ilə baş-başa buraxıram. Hərənin bir işi var, belələrinin işi də yalan informasiya yaymaqdır. Yalan ölüm xəbərini yazan insan mənim yaxınlarımın, doğmalarımın onu oxuyan anda nə hiss edəcəyini düşünə bilməyibsə, mən ona nə deyə bilərəm? Eləsinə söz desən, nə dəyişəcək?!
Bəziləri oxucu cəlb etmək üçün bu cür şeylərə əl atırlar. Bir dəfə informasiya saytlarından birinə müsahibə vermişdim. Müsahibədə demişdim ki, uşaq evində bəzilərini görməyə valideynləri, qohumları gəlirdi, bəzilərinə isə, ümumiyyətlə, heç kim baş çəkmirdi. Jurnalist soruşdu ki, hansı daha yaxşıdır – kiminsə gəlməsi, yoxsa gəlməməsi? Mən də dedim ki, uşağın valideyni varsa, yanına gəlirsə, onu evə aparmalıdır. Aparmırsa, gəlib dəyib getməkdənsə, heç gəlməsin…
Sonra oxuyuram ki, musahibənin başlığına mənim dilimdən bu cümləni çıxarıblar: “Ən yaxşısı yetim olmaqdır”. Mən ümumiyyətlə belə söz işlətməmişəm, işlətmərəm. İnsan necə deyə bilər ki, yetim olmaq yaxşıdır? Ömür boyu ana, valideyn sevgisinin, qayğısının həsrətini çəkən insan bu sözü necə dilinə gətirə bilər? İnsan istənilən yaşda, istənilən mövqedə, xoş gündə, acı gündə ana-ata istəyir.
Məncə, hər kəs işini onun məsuliyyətini anlayaraq icra etməlidir. Əgər sənin məqalən maraqlıdırsa, oxuyacaqlar. Maraqsızdırsa, başlığa nə çıxarsan da, birinci abzasını oxuyub yarımçıq qoyacaqlar.

- Xoşbəxtsinizmi, Arif müəllim? Ümumiyyətlə, xoşbəxtlik anlayışı sizin üçün nədir?
- Xoşbəxtlik anlayışı çox genişdir. İnsanların sevməsini, sevilməsini, gülməyini, dəyərli ömür sahibi olmalarını xoşbəxtlik sayıram. Hamının xoşbəxt olmasını arzulayıram.
Amma mənim fikrimcə, insan hər zaman özünü xoşbəxt hiss edə bilməz. Bizim həyatımızda xoşbəxt anlar olur – bəzilərində çox, bəzilərində az...
Deyirlər hansısa bir ölkədə məzar daşının üzərinə insanın doğum və ölüm tarixlərini yazmırlar, “20 gün yaşayıb”, “70 gün yaşayıb” və s. yazırlar. Bu, dünyasını dəyişən insanın yaşadığı müddətdə xoşbəxt olduğu günlərin sayını göstərir...

- Bu məntiqlə yanaşsaq, Arif Quliyev indiyəcən nə qədər yaşayıb?
- 64 yaşım var və deyə bilərəm ki, ömrümün 20 ilini yaşamışam.

- Sizcə, insanları 20 il əvvəl güldürmək daha asan idi, yoxsa indi?
- İllər keçdikcə insanların maraqları, onların hadisələrə yanaşma tərzi dəyişir. Amma həqiqi sənətkar da zamana, dövrə uyğunlaşmalı, tamaşaçısının nə vaxt nə istədiyini bilməlidir. Bu halda onun üçün insanları güldürmək, onlara xoş anlar yaşatmaq 20 il əvvəlki qədər asan olur.

- Zarafatlarınıza gülməyən tamaşaçınız necə, olurmu?
- Bir dəfə bir konsertdə qabaq sırada oturan bir qız heç gülmürdü. Bütün çıxışım boyu onun gülməyinə nə qədər çalışdımsa, heç dodağı da qaçmadı. Və o qız sonradan mənim həyat yoldaşım oldu.

- Bəs siz özünüz kimlərə gülürsünüz? Komik aktyorlardan kimləri bəyənərək izləyirsiniz?
- Səyavuş Aslan, Lütfəli Abdullayev, Hacıbaba Bağırov, Yaşar Nuri, Nəsibə Zeynalova və adlarını qeyd etmədiyim bir çox dəyərli sənətkarları...

- Bu gün həmin sənətkarların davamçıları kimi gördüyünüz gənclər varmı?
- Əlbəttə ki, var. Bu gün bu sahədə kifayət qədər istedadlı gənclər yetişib və bu proses davam edir. Onlardan hər kəsin yaxşı tanıdığı “Bu şəhərdə”nin Rafael və Coşqununun, Tahir və Cabir İmanovların, Fərdanın, Elməddinin adlarını çəkə bilərəm. Qeyd edim ki, Azərbaycanın ayrı-ayrı teatrlarında da çox istedadlı gənclər çalışır. Məncə, bu sahədə boşluq yaranmır. Belə gənclər yetişdiyi üçün çox sevinirəm və onları hər zaman dəstəkləyirəm.

- Niyə insanlar yeni çəkilən filmlərimizi əvvəlkilər qədər sevmir, ölkəmizdə çəkilən seriallara maraq göstərmirlər?
- Düzü, mən sizin bu fikrinizlə razılaşmıram. Düşünmürəm ki, yeni çəkilən filmlər əvvəlkilərdən maraqsızdır. Keyfiyyətli, maraqlı filmlər bu gün də çəkilir, elə seriallar da. Bilmirəm siz hansı serialları nəzərdə tutursunuz, amma mən hamısını maraqla izləyirəm və bəyənirəm. Son dövrlərdə yerli serialların çəkilməsi üçün dövlət tərəfindən telekanallara maliyyə vəsaiti ayrılmasını önəmli hadisə hesab edirəm və telekanalların da yaradılmış bu imkandan səmərəli şəkildə yararlandığını görürəm.

- Arif müəllim, aktyor nə zaman maraqlı olur?
- Səmimi olanda.

- Oynadığınız obrazlar içərisində sizə ən çox bənzəyən hansıdır?
- Miriş.

- Həyatda çox zarafat edirsiniz?
- Yox, ancaq səhnədə zarafat edirəm.

- Arifə bir işarə bəsdir?
- Arifdirsə, heç işarəyə də ehtiyacı yoxdur.

- Sizi əsəbi halda görmək mümkündürmü?
- Əlbəttə ki, bütün insanlar kimi əsəbiləşirəm də, kədərlənirəm də, sevinirəm də. Amma adətən əhvalım yaxşı olur və çalışıram insanları da qəmdən, kədərdən uzaqlaşdırım.

- Necə istirahət edirsiniz?
- Mənim üçün ən gözəl istirahət nəvələrimlə zaman keçirməkdir.

- Sağlamlığınızın qeydinə qalırsınız? Siqaret, içki kimi zərərli vərdişləriniz varmı?
- Siqaret çəkmirəm, içki içmirəm. Ancaq bunların bir o qədər zərərli olduğunu da düşünmürəm. Siqaret çəkən, içki içən, amma çox uzun ömür yaşayan kifayət qədər insan tanımışam. Qubada yaşayan bir qadın vardı, siqaret çəkməyə nə vaxtdan başladığını xatırlamırdı da. 130 yaşında dünyasını dəyişdi. Məncə, siqaret və ya içki orqanizmdən asılı olaraq, zərərli təsir edə və etməyə bilər. Bu məsələyə fərdi yanaşmaq lazımdır.

- Həkimlərimizə arzularınız?
- Həkimlərə bizə arzuladıqları sağlamlığı arzulayıram. Əlləri şəfalı, qəlbləri şəffaf, təmiz, ürəkləri sevincli olsun. Həkimlərsiz bir günümüz olmasın.Arif Quliyev: “Sevinirəm ki, həyatda qarşıma yalnız yaxşı həkimlər çıxıb”шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova