Valyuta.com

O olduğu kimidir

O olduğu kimidir

Adətən müsahibələrdə biz qəhrəmanımızı oxuculara ətraflı təqdim edirik. Bugünkü müsahibimizin isə buna ehtiyacı yoxdur, onun təkcə adını çəkmək kifayətdir – Ramiz Fətəliyev.
Onun yazdığı ssenarilərə çəkilmiş filmlərə dəfələrlə baxmaq olar. “Altıncı” filminə isə uşaqları bütün siniflə aparırdılar. Bunlar sadəcə portret cizgiləri deyil, yaradıcılıq yolunun məqamlarıdır. Onun şəxsiyyətinin xarakter detalı kimi isə nikotinə hədsiz aludəçiliyini göstərmək olar. Jurnal stolu üstündəki çay süfrəsi arxasında söhbətimiz müddətində Ramiz müəllimin siqareti durmadan qövsvari cizgilər çəkirdi.
Müsahibimin sözlərində yüngül istehzanı asanlıqla sezmək olurdu. Ancaq bu ironiya öz daxili aləmini başqalarından gizlətmək üçün deyildi, əksinə, görünürdü ki, öz zarafatyana tərzi ilə insanları cəzb edən, onlarda rəğbət doğuran Ramiz Fətəliyev təkliyə can atmır, insanları sevir və özünü tamamilə onlara həsr edir.


- Mübaliğəsiz demək olar ki, sizin ssenariləriniz kinematoqrafiya dərsliyidir. Ancaq öz taleyinizi yenidən yazası olsaydınız, həyatınızın ssenarisindən hansı epizodu heyfsilənmədən kəsib atardınız, nələri əlavə edərdiniz?
- Belə bir qayda var, deyirlər, tarix “olsaydı” kəlməsini qəbul etmir. Mən də bu postulatın doğruluğuna əminəm. Ancaq siz bu sualı soruşmusunuzsa, ona cavab verməyə çalışaram. Mən zəif və güclü tərəfləri olan adi bir insanam. Və əlbəttə, həyatda səhvlərim də az olmayıb. Ona görə də, yəqin ki, bu epizodları, özü də bir yox, bir neçəsini kəsib atardım. Ancaq çətin vəziyyətlərdən çıxmağım, yəqin, siz deyən o əlavələrdir.
Şübhəsiz, həyatımdan bəzi məqamları silərdim. Konkret desəm, siyasətdə itirdiyim 7-8 ilə görə, xüsusən parlamentdə oturduğum 5 ilə görə heyfsilənirəm. Onları heç təəssüflənmədən öz həyatımdan kəsib atardım.
Müəyyən müddət gərək oldu ki, başa düşüm – siyasət mənlik deyil, gücümü sərf edəcəyim sahə deyil. Mən indi siyasəti pisləmirəm, sadəcə, “siyasət” və “Ramiz Fətəliyev” anlayışlarının bir araya sığmadığından danışıram. Siyasətlə siyasətçilər məşğul olmalıdırlar, mən isə onlardan deyiləm. Buna görə də həyatımda məmnuniyyətlə dəyişəcəyim ən böyük şey bu olardı.
Bilirsiniz, mən bir mövzuda yazmalı olanda məsələni dərinliyinədək öyrənirəm. Siyasəti isə elə də başa düşmədim.

- Niyə?
- Ola bilər ki, bu mənim intellektim üçün əlçatmazdır. Bəlkə də, bu mənim əxlaqım xaricindədir, həyat prinsiplərimə ziddir.

- İddialı insansınız?
- Əsla yox.

- Onda niyə siyasətlə məşğul oldunuz? Özü də bu qədər il orada “ilişib qaldınız”?
- İşlər belə gətirdi. Şərti olaraq 7 il çəkdi, amma əlsində 5 il idi. 1988-ci ildə məlum hadisələr başlayanda mən kinostudiyaya rəhbərlik edirdim. O vaxt kinostudiyada olunanları bir çoxları qəhrəmanlıq kimi qiymətləndirirlər. Mənsə hesab edirəm ki, biz, sadəcə, öz professional borcumuzu yerinə yetirirdik. Biz baş verən hadisələri tarix üçün qoruyub saxlamağa borclu idik. Heç bir mübaliğəsiz və yalançı təvazökarlıqsız deyim ki, biz bir növ salnaməçi idik. Tarix göz qabağında dəyişirdi və bəzən qərəzsiz, bitərəf qalmaq çətin olurdu. O təlatümlü hadisələr zamanı heç də hamı (o cümlədən, televiziyada da) “yuxarıdakıları” hirsləndirməmək üçün öz peşə borcunu yerinə yetirməyə ürək eləmirdi. Məni isə kinostudiyanın direktoru seçmişdilər, mən oraya can atmamışdım, özü də xasiyyətimdəki başısoyuqluğu, müəyyən mənada səhlənkarlığı nəzərə alsaq, istənilən an oradan gedə bilərdim. Buna görə də öz kreslomdan yapışmadan, yuxarıları nəzərə almadan işləyirdim.
Sonra ağır 90-cı il gəldi. Bilirsiniz, yanvar hadisələri baş verəndə faktiki olaraq müqavimət hərəkatının qərargahı kinostudiyada yerləşirdi. Milli Məclisə seçkilər olanda isə məni az qala əlləri üstündə parlamentə gətirdilər. Əfsus ki, mən o vaxt öz sadəlövhlüyümlə başa düşmürdüm ki, hakimiyyəti bizim təməl dəyərlərə aidiyyatı olmayan adamlar ələ alacaqlar. Belə sadədil təkcə mən deyildim.

- Ancaq, eyni zamanda, bu sizin vətəndaş mövqeyinizin təzahürü idi. Siz milli faciəmizlə bağlı təhlükəli operator çəkilişlərinin, qapalı sənədli film nümayişlərinin başlıca iştirakçısı və təşkilatçısı olmusunuz. Heç də hamının belə prinsipial mövqeyi yoxdur. Siz olmasaydınız, kim bilir, bəlkə də o illərin faciəvi hadisələri haqqında bizim sənədli video-faktlarımız olmazdı. Bunu heç bir pafossuz deyirəm.
- Açığını deyim ki, mən də nazlanmaq həvəskarı deyiləm. Ancaq sizin haqqında danışdığınız siyasət deyil. Bu, hər bir adamın borcudur. Başa düşürəm ki, görülmüş işlərin böyük əhəmiyyəti var. Sadəcə, bilmirəm ki, mənim yerimdə başqası olsaydı, özünü necə aparardı. Mən isə vicdanımın diqtəsi ilə hərəkət elədim. Əks halda, sabah uşaqlarım bu barədə məndən soruşanda nə cavab verərdim?

- …Düşünürəm ki, məsələ uşaqlarda deyil, sizin övladınız olmasaydı belə, bu cür hərəkət edərdiniz.
- Yəqin ki. Hər adamın özünə məxsus borc və məsuliyyət hissi var. Xoşbəxtlikdən, mən tək deyildim, onlarla cəsur, vicdanlı, qətiyyətli insanlar var idi. Onlar həyatlarını təhlükəyə ataraq, nadir tarixi kadrlar çəkiblər. Həmin kadrları hər il televiziya ilə göstərirlər, amma bu zaman heç kim o insanların heç adını da çəkmir. Halbuki adam tək bir kadrı çəkmək üçün ölüm təhlükəsinə baxmadan iki gün yük maşınının altında uzanıb.
Yanvarın 20-nə az qalıb. Həmişəki kimi, yenə də ekranlarda ya bu problemdən tamamilə uzaq, kənar adamlar peyda olacaq, ya da “qara yanvar” günlərində kol dibində gizlənənlər. Elələri bu gün efirə çıxır və qəhrəman görkəmi ilə bizə o hadisələrdən nə isə danışırlar. Amma biz ki kimin kim olduğunu bilirik.

- Xalq da kimin kim olduğunu bilir. Mən əhalinin düşünən hissəsini nəzərdə tuturam – onu aldatmaq çətindir, o, televiziya ilə çox göstərilənləri yox, həqiqətən layiq olanları sevir və hörmət edir. Təəssüf ki, bu gün yerli televiziya kanalları başqa dəyərlərə xidmət edir, efir vaxtını özəl tibbi klinikalara, kolbasa istehsalçılarına, şou-biznesmenlərə verib. Ona görə də bəlkə elə yaxşı ki, şadlıq evi reklamları ilə şou-çəkişmələr arasında qalan vaxtda tam başqa həyati dəyərlər uğrunda mübarizə aparan qəhrəmanları göstərmirlər. Amma bəzən bütün bunlar insana toxunur, gözlərini yaşartmaq dərəcəsində ağır gəlir…
- Prinsipcə, əslində toxunmamalıdır. Sən öz borcunu yerinə yetirirsənsə, öz vicdanın qarşısında təmizsən. İnanın, bunun dəyəri çox böyükdür. Bunu kimin və necə yadda saxlamağına gəlincə isə... Kimsə xatırlayırsa, xoşdur, amma tələb eləmək, ya da incimək mənim adətimdə deyil.

- Həyatda ən çətin seçiminiz hansı olub?
- Yaşadığım ölkəni dəyişmək məsələsi ən mürəkkəb seçim idi. Ola bilər ki, yad ölkədə maddi rifahım daha yaxşı olardı, ancaq valideynlərimin dəfn olunduğu öz torpağımda mənə daha yaxşıdır. Vətən hissi hər şeyə üstün gəldi.

- Vətən sizin üçün nə deməkdir?
- (pauza)…Ananızın cavan vaxtlarını xatırlayırsınız?

- Əlbəttə.
- Yəqin gözəl olub, dərisi də indiki kimi qırışlı olmayıb… Nə olsun, buna görə o, analıqdan çıxmır ki...
Bilmirəm bu irsən ötürülür, ya yox, amma torpağa, Vətənə sevgi mənə atamdan keçib. O, körpülərin və kanalların tikintisi üzrə böyük mütəxəssis idi, tez-tez xaricdə işləmək təklifləri alırdı. Bir dəfə az qala razılaşmışdı da, hətta sənədləri də hazır idi. Ancaq son məqamda imtina etdi. O vaxt mənim 10 yaşım var idi. Üstündən çox illər keçəndən sonra ondan bunun səbəbini soruşdum. Cavab verdi ki, nəinki bir il, heç bir həftə belə Azərbaycansız qalacağını ağlına sığışdıra bilməyib.

- Bu, vətənpərvərlikdir?
- Nə vaxtsa fikirləşirdim ki, vətən sevgisi və vətənpərvərlik eyni şeydir. Ancaq son vaxtlar “vətənpərvərlik” anlayışından onun bütün məğzini çıxarıb, yerini yalançı, üfunətli, saxta bir şeylə doldurublar. İndi bu sözlə tam başqa bir şeyi ifadə edirlər. Buna görə də mən Vətənimi sevdiyimi deməyi üstün tuturam, “vətənpərvərlik” sözü isə məni təşvişə salır. Məsələn, Putin də Ukraynada elədiklərini “vətənpərvərlik” adlandırır. Onda soruşuram ki, bəs “faşizm” nədir? Buna görə mən bu sözə daha müraciət etmirəm, bu mənada o mənim üçün artıq yoxdur.

- Elə bu münasibətlə sizdən soruşmaq istərdim, siz Nikita Mixalkovla dostluq edirsiniz, vaxtilə o sizi Moskvaya dəvət edib, birgə hamının bildiyi kino işləriniz var. Putinin mövqeyini dəstəkləyən, hamının gözünü açmağa çalışanların ağzını qapadan bugünkü Mixalkova münasibətiniz necədir?
- Bunu etiraf etmək mənim üçün çox kədərlidir. Mən Mixalkovla təkcə birlikdə işləməmişəm, bir neçə il elə dost olmuşuq ki, aramızdan su da keçməyib. Və bu, təbii qaydada bitib, ona görə yox ki, küsdük, ona görə ki, mən sadəcə Moskvadan Bakıya qayıtdım, evləndim, baş qarışdı. Ancaq indi onda baş verən dəyişikliyə mən başqalaşmaqdan, simasını itirməkdən qeyri ad verə bilmirəm. Özü də tək mən belə hesab etmirəm. Ancaq onlar bu başqalaşmanı onun filmlərini müqayisə etməklə görürlər. Çünki “Bitməmiş pyes”, “Məhəbbət əsiri”, bizim birgə işimiz olan “Şahidsiz” filmlərini onun bu gün çəkdikləri ilə tutuşdurmaq mümkün deyil.
Lakin bütün bunlardan əlavə, mənim Nikita haqqında şəxsi xatirələrim də var. Biz onunla birlikdə futbol da oynamışıq, dalaşmışıq da. Xatırlayıram ki, o, Liepayada filmə çəkilirdi və boş vaxtlarında biz onunla paralel olaraq film ssenarisi yazırdıq. Orada mən futbol oynayanda yıxıldım və dörd gün qolumu qaldıra bilmədim. Hər səhərim ondan başlayırdı ki, Nikita gəlib maykamı, köynəyimi, pencəyimi geyindirirdi, axşam da eyni qayda ilə soyundururdu. Demək olar ki, zahiri əlamətlərə görə Nikita Qafqaz düşüncə tərzinə malikdir – restoranda pulu özü ödəməyə çalışır və sair, bir sıra digər detallar da var ki, ilk baxışdan gülməli görünə bilər, ancaq onu çox yaxşı səciyyələndirir. Sonra isə birdən onda imperiya iddiaları peyda oldu. Hakimiyyət imtahanına davam gətirmədi. Nə qədər ki, əlində heç bir səlahiyyəti yox idi, ədalətə canı yanırdı. Elə ki əli hakimiyyətə çatdı, mühafizəkar, cəhalətpərəst oldu.
Bilirsiniz, söhbət iki fərqli Nikitadan gedir. O indi Buninin əsəri əsasında “Günvurma” filmini çəkməyə cəhd etdi və sadəcə biabır oldu, özünü rüsvay elədi. Amma 30 yaşlı, hətta 40 yaşlı Mixalkov onu uğurla çəkərdi, festivallarda birincilik qazanardı. “Mexaniki pianino üçün tamamlanmamış pyes” çəkən adam başqa cür yaşamalı, fərqli düşünməlidir, hər şey başqa cür olmalıdır. Bugünkü Mixalkov çəkiliş meydanına gələrək dünənki Nikitanı “işə sala bilməz”. Burada səmimiyyətin imitasiyası mümkün deyil. Hər şeyin əvəzini ödəmək lazımdır. Yüksəklərə qalxdı, milyon qazandı – haqqını istedadı ilə ödədi. Belə mübadilə istəyirsənsə, buyur, ödə.

- Baha başa gəlir…
- Bəli. Amma ödəməyəndə ölürsən, məsələn, Dovlatov kimi.

- Deyirlər, bu yaşda insan dəyişmir. Belə olan təqdirdə, Mixalkov nə vaxt özü kimi olub – onda, ya indi?
- Bu sualın cavabı yoxdur. Məncə, bunu aydınlaşdırmaq mümkün deyil. Bunu necə başa düşmək olar? Belə cihaz yoxdur axı. Amma buqələmun insanlar var, onlar elə belə yaşayırlar.

- Bu gün maddiyyat əxlaq və mənəviyyatın, həqiqi və misilsiz olan hər şeyin havasını boğur. Pul insan həyatından, yaradıcılıq və əxlaqdan müqayisə olunmayacaq dərəcədə çox nüfuza və dəyərə malikdir. Çox tez-tez anlayışlar dəyişik salınır. “Mötəbər”, “dəyərli” sözləri artıq insani keyfiyyətləri əks elətdirmir, insanın maddi vəziyyətini, ödəmə qabiliyyətini göstərir. Buna görə də elanlarda “Yalnız mötəbər müştərilər üçün” sözlərinə rast gələndə müəllimlər, mühəndislər yan keçirlər, başa düşürlər ki, onlara deyil, əlinə pul keçmiş çox mühüm şəxslərə (VIP) – sahibkarlara, deputatlara, prokurorlara, iş adamlarına, müğənnilərə müraciət edirlər. Belə çıxır ki, biz mötəbər, dəyərli deyilik?
- Yəqin elədir. Sizi bu çox narahat edir ki?

- Xeyr, sadəcə, faktı qeyd edirəm.
- Dəyərlərin ölçüsünü biz müəyyənləşdirmirik. Sizinlə razıyam ki, keçid dövründə yaşamaq lənətdir. Biz də belə bir dövrə düşmüşük. Amma yenə də, nə baş versə də, bu, mənim Vətənimdir, onu seçmirlər, onu sevirlər. Mən məhz buna görə sizə ana ilə bağlı adi misal çəkdim. Ana vəziyyətdən asılı olaraq özünü necə aparsa da, o, anadır, insanı dünyaya gətirəndir. Mənim Vətənə münasibətim də eynən belədir. Sizin təəssüfünüzü, çaşqınlığınızı mən çox yaxşı başa düşürəm, onların hər birinin altından imza atmağa hazıram. Bununla belə, nə qədər qəribə də olsa, mən Vətənimi yox, daha çox özümü günahlandırardım. Yəqin biz – mənim kimilər, sizin kimilər tarixin müəyyən məqamında vəziyyəti anlaya bilməmişik, hadisələrin gedişini ələ almağı bacarmamışıq, beləliklə, axın bizi buraya gətirib.

- Yəni bu gün baş verənlərdə özünüzü günahkar hesab edirsiniz?
- Bəli, şübhəsiz.

- Düşünürsünüz ki, sizdən nə isə asılı idi?
- Yəqin ki. Mən belə düşünməliyəm. Misal üçün, əgər mən hesab etsəm ki, elmdən akademikdən daha yaxşı başım çıxır, bu, akademikin bəlası deyil, mənim fəlakətimdir. Bu gün alimlərimiz, həkimlərimiz, inşaatçılarımız, məmurlarımızın və s. belə olmasında hər birimiz, o cümlədən mən də günahkaram.
Bir çoxları kimi, mən də o illərin 5 qəpiklik içalat pirojkisini, ərzaq mağazasında satılan qatlı pirojkiləri, sosiska ilə fransız bulkasını, meyvəli dondurmanı, mənə görə, ən dadlı olan o vaxtkı pomidorları tez-tez xatırlayıram. Ancaq mənim fikrimcə, çox mühüm olan bir şey var – bizdə anlayışlar dəyişik salınır. Biz o zamandan və o pirojkidən daha çox, özümüzün həmin pirojkini əlimizdə tutduğumuz vaxtımıza nostalgiya hiss edirik. Bunun böyük fərqi var. Amma bu hələ hamısı deyil. Anlayışların dəyişik salınması başqa şeydədir. Belə düşünmək doğru deyil ki, guya yeni binalar olmasaydı, həmin pirojkilər, dondurma və bulkalar qalardı. Bu dəyişikliklər zəruridir, nəyinsə o vaxt yaxşı, indi pis olmasını həmin dəyişikliklərlə əlaqələndirmək boş işdir. Mən Sovetski küçəsini çox sevirdim, orada yoldaşlarım çox idi, tez-tez orada davalarımız olurdu. Amma insanlar müdhiş şəraitdə yaşayırdılar, buna görə onlar niyə təəssüflənsinlər ki?

- Ramiz müəllim, həyatınızda başlıca rolu kim oynayıb?
- (uzun pauza) Düşünürəm ki, anam. Çünki peşə dəyərlərinə - ədəbiyyata, sözə, musiqiyə sevgi və bağlılıq məhz ondan gəlir. Peşəmi, demək olar ki, özüm seçmişəm, amma mayası anamdandır. Hərçənd yolum birbaşa olmayıb. Əvvəl musiqi ilə digər sənətlər arasında seçim etmişəm – 12 il professor Georgi Şaroyevdən fortepiano dərsləri almışam. Sonra Azərbaycan Neft və Kimya İnstitutu (çünki evə yaxın idi). Ona görə ki, mənə ədəbiyyatı sevdirən anam 18 yaşım olanda məni – ailənin tək övladını Moskvaya, Ədəbiyyat İnstitutuna buraxmadı. Ancaq 24 yaşında Moskvada ali rejissor kurslarına getməyimə mane olmadı və mən oranı bitirdim. Qələm və kağızım isə istənilən halda anamdandır.
Bilirsiniz, mənim heç vaxt pərəstişgahım, sözündən çıxa bilmədiyım yolgöstərənim olmayıb. Mən Əhdi-Ətiqin “Özünə büt yaratma” prinsipinə riayət etmişəm, çünki kiməsə pərəstiş etmək insanın müstəqilliyini məhdudlaşdırır, elə bil özün-özünü nədənsə məhrum edirsən.

- Bəs atanız həyatınızda hansı rol oynayıb?
- Əvvəla, atam anamdan 20 yaş böyük idi. Mən doğulanda anamın cəmi 20 yaşı var idi. Beləcə, illər qafiyələnir – atam 1906-dan, anam 1926-dan, mən 1946-danam, qızım 1986-dandır. Atam bir dəfə mənə dedi ki, çox qorxurmuş ki, mən möhkəm ayaq üstə durmamış o, həyatdan gedər. Amma nəticədə anamla 48 il birgə yaşadılar, qızıl toylarına iki il qalmış, 86 yaşında – mənim 46 yaşım olanda dünyasını dəyişdi. Atam öz şəxsi nümunəsi ilə məni ailə bağlarının əhəmiyyətli və dəyərli olmasına inandırıb. Yəqin həm də buna görə mən bir dəfə evlənmişəm və biz 30 ildən artıqdır ki, birlikdəyik.

- Siz də həyat yoldaşınızdan böyüksünüz?
- Bəli, 12 yaş, ikimiz də eyni bürcdən – it ilindənik.

- Onlar bir damın altında necə dolanırlar?
- (gülür) Bu heyvan qoroskoplarına etibar etmirəm, bürclərin uyğun gəlib-gəlməməsi də düz deyil. Məsələn, yazırlar ki, əkizlərlə xərçənglərinki tutmur, biz isə artıq otuzu keçmişik. Təkcə əkizlərin təsvirinə inanıram – çox şey həqiqətən uyğun gəlir.

- Əkizlər hava bürcüdür, onlar – külək kimi – sərhədləri və təzyiqi qəbul etmirlər.
- Birmənalı olaraq elədir. İstənilən təzyiqə dözmürəm. Çərçivələrə də. Başıma gələn xoşagəlməz işlərin hamısı, bəlkə də, bundan irəli gəlir. Ancaq, yəqin ki, müsbət cəhətlərim də (əgər varsa) oradan qaynaqlanır.

- Taleyüklü ciddi qərarlar qəbul edərkən ağılın hökmünə əsaslanırsınız, ya ürəyinizin səsinə? Onlar bir-biri ilə necə yola gedir?
- …(düşüncəyə dalır) Belə deyək, onlar bir dam altında yaşamırlar. Bəlkə də qonşudurlar, bəlkə hətta lap yaxşı yola gedirlər, amma yenə də çox vaxt mövqeləri fərqli olur. Buna görə mən bir kişi kimi, bir qayda olaraq, ağılla seçməli oluram. Qadınlarsa, eyni şərtlər daxilində, düşünməkdən qat-qat daha yaxşı hiss edirlər. Onlar problemi ürəklərinin səsini dinləyərək həll edə bilirlər. Mənə belə gəlir. Kişi bunu bacarmır, bu duyğu onda elə də inkişaf etməyib. O daha çox düşünür, nəinki hiss edir. Buna görə kişi, çox güman ki, düşünərək daha düzgün qərar qəbul edər.

- İnsanın özü ilə söhbəti, sizcə, dialoqdur, ya monoloq? Amma deməyin ki, diaqnozdur…
- Şübhəsiz, dialoqdur, hər halda mənim üçün. Əvvəla, mən əkizlər bürcündənəm, buna görə dialoq qaçılmazdır. İkincisi, mənim özümə deməyə həmişə sözüm var, çünki adətən özümdən narazı oluram.

- Niyə özünüzü ittiham edirsiniz ki?
- İttiham eləmirəm, elə bil ki, özümlə yanaşı oturub çay içə-içə özümü nədəsə qınayıram, bəzən cavab verirəm, özümə haqq qazandırıram, bəzən isə dinməzcə başımı aşağı salıb özümü dinləyirəm, çünki başa düşürəm ki, deməyə sözüm yoxdur.

- Bir dəfə bir nəşrin baş redaktorundan özünə münasibəti barədə soruşdum. Cavabı xoşuma gəldi, “Anlayışla”, - dedi.
- Mən də özümə anlayışla yanaşmağa çalışıram, çünki tam başa düşülməməyə hər halda layiq deyiləm.

- Bizim cəmiyyətdə niyəsə çoxları qonşular, tanışlar haqqında hər şeyi bilirlər, amma özlərindən bixəbərdirlər. Bəs siz özünüzlə yaxşı tanışsınız, yoxsa tanışlıq hələ davam edir?
- Tanışam. Çünki bu yenə də daxili məsuliyyət və insanın ömrü boyu keçdiyi sınaqlar məsələsidir. Biz həyatımız boyu maneələri dəf edərək özümüzü dərk edirik. Bu, nəzəriyyədə deyil, praktikada, yəni prosesdə baş verir. Həyat göstərir ki, insan özgə səhvlərindən nəticə çıxarmır, öz səhvlərindən öyrənir. Yəqin, özünüdərk üçün başqa yol yoxdur, ola da bilməz, ədalətli olan budur. Amma bunun üçün insanın həyatın sonu barədə daha çox düşünməyə başladığı müəyyən məqam gəlməlidir. Yaxşı olar ki, həmin məqamda özünü tam tanıyasan ki, ləyaqətlə gedəsən.

- Haqlısınız, insanın bu dünyaya təkcə necə gəlməyi deyil, bu dünyadan necə getməyi də vacibdir. “Titanik” filmindən çoxlarının diqqətini çəkməyən bir fraqmenti xatırlayıram. Qəzaya uğramış gəmidə yaşamaq uğrunda mübarizə gedərkən, hamının qışqırdığı, vurnuxduğu, xilas olmağa çalışdığı bir məqamda birdən uşaqlarına layla oxuyaraq yatızdıran bir ana göstərirlər. Ruhun gücü, vəziyyətin düzgün qiymətləndirilməsi, müdrikliklə əbədiyyətə qovuşmaq məhz budur – təlaşsız, göz yaşları axıtmadan, doğma ana səsi və üzdə təbəssümlə...
- Taleyin belə keşməkeşlərinə hazır olmaq, belə güclü ruha sahib olmaq, belə müdrik davranmaq üçün isə o ana həmin məqamadək özünü artıq dərk etməli idi. Elə mən də bunu deyirəm. Amma mən düşünürəm ki, biz özümüzü sonadək tam dərk etmirik, ən azı ona görə ki, gözlənilməz situasiyada özümüzü necə aparacağımızı bilmirik.

- Razısınız ki, yeganə dahi və misilsiz ssenari müəllifi və rejissor Allahdır? Yalnız o, bir-birinə bənzəməyən saysız-hesabsız personaj və insan taleyini detallı şəkildə yaradıb, hər birinə də seçməyə bir neçə yol müəyyənləşdirib.
- Əgər o varsa, siz haqlısınız. Mən ateist də deyiləm, dindar da deyiləm. Hərçənd, hamı kimi, mən də onunla danışıram, amma yenə də, bizi bir-birimizə təqdim eləməyiblər. Ona görə də “siz” deyərək ünsiyyətdəyəm.

- Allaha nə bağışlayardınız?
- (siqaret yandırır, üç dəqiqəlik düşüncəyə dalır) Fırça və boyalar. Bu dünyanı daha gözəl boyamaq üçün.

- Bu gün həyat mübarizədir, yoxsa qaydasız oyundur?
- Həyat həmişə mübarizədir, bu gün isə həm mübarizədir, həm də qaydasız oyundur.

- Həmişə mübarizə aparmaq lazımdır?
- Onsuz mümkün deyil.

- Bəlkə, avarları atıb, axın ilə üzmək daha yaxşıdır?
- Cəhd edin. Görəcəksiniz ki, axın sizi mütləq harasa gətirəcək, dayanacaqsınız. Çünki əvvəldən axıradək avarsız, axınla mümkün deyil.

- Lazım olmayan yerə gətirib çıxara bilər…
- Çox vaxt elə olur. Axına müqavimət göstərmirsinizsə, lazım olan sahili özünüz seçmirsinizsə, bu seçimi sizin əvəzinizə başqaları edir, ya da həyat özü.

- Ləyaqətli insan hamı üçün yaxşı ola bilməz, ona görə onun dostları olduğu kimi, düşmənləri də olur...
- Elədir. Bunun üçün, sadəcə, insanın gərək öz prinsipləri olsun. Əgər insanın – düz, ya səhv – öz fikri varsa, onun həmişə dostu da olur, düşməni də.

- Rejissor işlərinizdən hansı ən çox xoşunuza gəlir?
- Heç biri.

- Təvazökarlıq edirsiniz?
- Xeyr, tam doğru deyirəm. Hətta and içə bilərəm.

- Bəs filmlərə yazdığınız 50 ssenaridən hansını bəyənirsiniz?
- Bir neçə ssenari var ki, hesab edirəm ki, alınıb. Bunlar “Zağcalar”, Dovjenko kinostudiyasında çəkilən “Həyatın xırdalıqları” televiziya filmi, “Şahidsiz”, “Yaramaz” və “Yeni evlənənlər üçün çətir” filmlərinin ssenariləridir.

- Sevgi yaşa baxmır deyirlər. Yəqin ki, bu hiss sizə də tanışdır. Sizcə, sevginin dadı necədir?
- Mənə elə gəlir ki, sevginin necəliyi haqqında danışa bilən adam ya yalançıdır, ya da utanmaz.

- Deyirlər, yaradıcı insanların həyat yoldaşlarına qibtə ediləsi deyil. Sizin xanımınız necə? Sizinlə dolanmaq çətin deyil ki?
- Mənə elə gəlir ki, xasiyyətim qənd kimi deyil.

- Bəs ona necə gəlir?
- Artıq otuz ildən çoxdur ki, mənimlə yaşayırsa, deməli, qənd olmasam da, hər halda istifadəyə yararlıyam (gülümsəyir).

- Deyirlər, həyatı elə yaşamaq lazımdır ki, gəncliklə qocalıq bir-birinin əlini sıxsın. Sizin halda necədir?
- Təvazökarlıq etməyəcəyəm. Elə yaşamışam ki, düşünürəm, onlar bir-birinin əlini sıxardılar.

N.MƏCİDOVAшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova