Valyuta.com

«İnfeksiyalar qadınlar kimidir, onları unudanda inciyirlər»

«İnfeksiyalar qadınlar kimidir, onları unudanda inciyirlər»
Bu barədə Rusiya Tibb Elmləri Akademiyasının akademiki V.Sergiyev xəbərdarlıq edir
Qısa arayış: Vladimir Petroviç Sergiyev Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) akademiki, professor, tibb elmləri doktorudur. 1988-ci ildən indiyədək İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna rəhbərlik edir. «Mediüinskaə parazitoloqiə i parazitarnıe bolezni» jurnalının baş redaktoru, «Molekulərnaə mediüina», «Jurnal mikrobioloqii, gpidemioloqii i immunobioloqii» və «Gpidemioloqiə i infeküionnıe bolezni» jurnallarının redaksiya heyətlərinin üzvüdür. RTEA-nın “Parazitar xəstəliklər” problem komissiyasının sədri, Rusiya Ali Attestasiya Komissiyasının ekspertidir. 400-dən artıq elmi nəşrin, 12 monoqrafiyanın, 5 rəhbər vəsaitin müəllifidir.
Artıq sübut edilib ki, dünyada əhalinin əsas ölüm səbəbi məhz infeksion xəstəliklərdir. Xoralar, uşaqlıq boynu xərçəngi, bəzi şiş xəstəlikləri, ateroskleroz və s. patologiyalar virus mənşəlidır. Müalicəsinə çox böyük vəsait sərf edilən sonsuzluq hallarının da yarıdan çoxuna cinsi yolla yoluxan infeksiyalar səbəb olur. Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) Mərkəzi Elmi Tədqiqat Epidemiologiya İnstitutunun direktoru akademik V.Pokrovski bu barədə deyir: “Biz gur səslə sübut etməliyik ki, infeksion patologiyalar ciddi problemdir, ürək-damar xəstəliklərindən, yaxud onkologiyadan heç də az əhəmiyyətli problem deyil. Halbuki təsnifatda infeksiyaları formal olaraq digər qruplar üzrə qeyd edirlər. İş o yerə çatıb ki, qrip artıq infeksion xəstəlik sayılmır, çünki onu “yuxarı tənəffüs yollarının xəstəlikləri” kimi təsnifləndirirlər”. Akademikin sözlərinə görə, 1950-ci illərin sonunda baş verən vəziyyət yenə də təkrarlanır: “O vaxt hesab edirdilər ki, infeksiyalar artıq ləğv edilib, “infeksion xəstəliklər” ixtisası isə artıq ölmək üzrədir”.
Bununla belə, artıq XXI əsrdir, infeksion xəstəliklər isə bizimlə birgə bu həyatda addımlamaqda davam edir. Biz onlarla mübarizə aparırıq, onlar isə çox möhkəm dəyanət, sarsılmazlıq və həyat qabiliyyəti nümayiş etdirirlər.
Həm bu, həm də bir çox başqa məsələlər barədə biz Bakıda işgüzar səfərdə olan, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun direktoru, RTEA-nın akademiki Vladimir Petroviç Sergiyevlə söhbət etdik.
- Vladimir Petroviç, siz dəfələrlə Azərbaycanda olmusunuz, ölkəmizdə malyariyanın ləğv edilməsinə çox böyük töhfə vermisiniz. Buna görə də sizə yaxşı məlumdur ki, malyariya Azərbaycan səhiyyəsi üçün həmişə böyük problem olub. Ötən əsrin 20-50-ci illərində onunla mübarizə aparılıb, 1960-cı ildə onun ləğv edildiyi bəyan olunub. Bununla belə, 70-ci illərdə də, 80-ci, 90-cı illərdə də, yəni hər 10 ildən bir malyariya epidemiyaları qeydə alınıb. Bu qanunauyğunluq nə ilə bağlıdır?
- Bu məsələdə sizin ölkəniz unikal deyil. İnfeksiyalar gözəl qadınlar kimidir - onları unudanda inciyirlər. Buna görə də insanlar bu və ya digər infeksiyadan canlarını qurtardıqlarını düşünüb, onu unutmağa başlayanda xətirlərinə dəyir, intiqam alırlar, hər cür fövqəladə hallarla özlərini yada salırlar. Məsələn, Rusiyada söz-söhbət gəzdi ki, peyvəndlər bəladır, onlardan imtina etməyə başladılar. Nəticəsi 5 min uşaq ölümü oldu. Bunun günahı peyvəndlərin ləğvi tərəfdarlarının, onlardan imtina etməyə çağıranların boynundadır.
- Bizdə Bakıda da belə çağırışlar oldu. Cəmiyyət peyvənd tərəfdarlarına və əleyhdarlarına bölündü. Vaksinasiyadan qeyri profilaktika üsulu yoxdurmu?
- Biz artıq bu yolla getmişik və vaksinlərdən asılı vəziyyətə düşmüşük. Əgər indi peyvənddən imtina etsək, bu, hər şeydən əvvəl, çox böyük sayda insan həyatının itirilməsi ilə nəticələnər. Malyariya ilə də eyni şey baş verir - biz onu unutmağa başlayan kimi o özünü xatırladır. Buna görə də bizim ümumi dövlətimiz dağılanda bütün respublikalar üçün ağır vəziyyət yarandı. Hər kəs ayrı-ayrılıqda “öz evini qurmalı” olmuşdu. Nə güc, nə vəsait çatışmırdı. Bu situasiya istənilən infeksiyanın özünü xatırlatması üçün unikal imkan idi. Odur ki, burada heç bir pis niyyət, qəsd-qərəz yox idi. Sadəcə, biz infeksiya təhlükəsini daim nəzərdə tutmalı, ayıq-sayıq olmalıyıq. Cəmiyyət infeksiyaya nə qədər tez reaksiya versə, cavab tədbirləri görsə, o, bir o qədər yüngül, ciddi nəticələrsiz ötüşər.
- Son illərdə bizdə malyariya ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2008-ci ildə Malyariyanın eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya qəbul edilib. Azərbaycanın xeyli böyük ərazidə endemikliyini nəzərə alaraq, necə düşünürsünüz, biz qarşıya qoyulmuş vəzifələri yerinə yetirə biləcəyikmi?
- Mən buna tam əminəm. 2008-ci ildə malyariyaya əsl hərtərəfli hücum başlandı və o, təbii ki, geri çəkilir. Bu, tək sizdə deyil, bütün ölkələrdə baş verir. Onların bir qismində artıq yerli malyariya üzərində qələbə qazanılıb, ancaq onun “ixracı” qalıb. Bir ölkədən başqasına səfər edən turistlər kimi, infeksiyalar da bütün yer üzündə miqrasiya edirlər. Sərhədlər xəstəliklər üçün maneə deyil. Miqrantlar və turistlər arasında xəstələr də olur. Ancaq düşünürəm ki, bu gün Azərbaycanda yerli malyariyanın ləğvi üçün çox yaxşı perspektivlər var.
- Məgər təbii endemiklik tamamilə aradan qalxa bilərmi?
- Ağcaqanadların əlindən heç yerə getmək mümkün deyil, ancaq nə qədər ki, onlar xəstə adamın qanını sormayıblar, dişlək yerində adi qaşınmadan qeyri, heç bir fəsad, xəstəlik meydana çıxmır. Əlbəttə, biz heç vaxt bütün ağcaqanadların axırına çıxa bilmərik. Amma əgər yerli malyariyanı məhv etsək, üstəlik, yadda saxlasaq ki, həm gəlmələr, həm də Afrikadan, Hindistandan və bu cəhətdən əlverişsiz olan digər ölkələrdən qayıdan yerli vətəndaşlar malyariyanı ölkəyə gətirə bilərlər, onda vaxtında görülmüş tədbirlərlə ciddi nəticələrin qarşısını almaq mümkün olar.

Yunan ssenarisi Gürcüstanı təhdid edir

- Bir çox dövlətlər öz ölkələrində malyariyanın ləğv olunduğunu bəyan ediblər. Onların arasında Yunanıstan da var. Səhv etmirəmsə, o hətta malyariyadan azad ölkə kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sertifikatını da almışdı. Və birdən ÜST-nin saytında az qala 40 (!) il malyariyanın qeyd olunmadığı Yunanıstanda bu xəstəliyin alovlanması (40-dan çox yerli hadisə) barədə məlumat peyda oldu. Orada nə baş vermişdi? Bizdə də analoji situasiya təhlükəsi ola bilərmi?
- Əlbəttə, ola bilər. Məsələn, bu gün eynən yunan ssenarisinin qorxusu Gürcüstanı da təhdid edir. Çünki bu gün bu ölkə öz məhsuldar torpaqlarını çox asanlıqla satışa çıxarır və bundan istifadə edən hindlilər gürcülərdən xeyli böyük əraziləri alırlar, oraya gələcək, orada işləyəcəklər. Lakin Hindistanda malyariya halları çoxdur, hindlilərin özləri ilə infeksiya gətirməyəcəyinə isə zəmanət yoxdur.
Yunanıstanda elə belə də baş verdi. Yunanlar Qərbi Avropadan zəngin turistlərin gəldiyi ərazilərin qayğısını çəkirdilər, oranı daim dərmanlayırdılar ki, turistlər həşəratların dişləməsindən əziyyət çəkməsinlər. Hər şey yaxşı idi, hətta otellərin xidmətçi personalı arasında malyariya xəstəsi olsaydı belə, insektisid örtük sayəsində bunun heç bir mənfi nəticəsi olmazdı. Ancaq Rumıniya ümumi Avropaya daxil olduqdan sonra əvvəllər çox az ödəniş qarşılığında portağal yığan rumınlara orta Avropa əməkhaqqı vermək lazım gəldi və onları işə götürmək artıq sərfəli olmadı. Qənaət məqsədi ilə bu işə cəlb edilən pakistanlılar isə Yunanıstana malyariya gətirdilər.
«İnfeksiyalar qadınlar kimidir, onları unudanda inciyirlər»
- Deməli, ölkəyə malyariyanın kənardan gəlməsinin əsas şərti praktik olaraq nəzarət olunmayan miqrasiyadır. Bəlkə, ölkəyə daxil olan miqrantları yoxlamağın faydası olardı?
- Bunun xeyri yoxdur. 70-ci illərdə biz xaricdən vəbanın ölkəyə gəlməsindən qorxanda sərhəddə hamını yoxlamağa cəhd etdik. Nəticədə, əks effekt alındı. Biz öz laboratoriyalarımızı, bütün insan resurslarını yüklədik, çox böyük vəsait xərcləndi, nəticəsi isə milyonlarla boş analiz oldu. Bir dənə də olsun vəba halı üzə çıxarılmadı. Bunun əvəzində isə potensial yerli xəstələri müayinə etməyə nə vaxt, nə də güc qalırdı. Prinsipcə, dünya təcrübəsi də göstərir ki, bu yolla xəstəliklərdən qorunmaq olmaz.
Çox maraqlı və, düşünürəm ki, ədalətli bir ifadə var - bu gün dünya o qədər darısqaldır ki, istənilən adam bizdən nə qədər uzaq olur-olsun, aramızda cəmi 6 əl sıxmaqlıq məsafə var. Təklikdə heç kəs öz təhlükəsizliyini təmin edə bilməz, çünki infeksiyalar da insanlar kimi miqrasiya edir. Cəmiyyət qloballaşdıqca xəstəliklərin də qlobalizasiyası labüddür, bu isə ölkələri onlarla mübarizədə qüvvələri birləşdirməyə məcbur edir.
- Son onillik ərzində ÜST-nin Avropa regionu üzrə, demək olar ki, bütün ölkələri malyariya ilə mübarizədə böyük uğurlar qazanıblar və bu gün müvafiq eliminasiya proqramları həyata keçirirlər. Bu işi başa çatdırmaq üçün məsul şəxslərə nə məsləhət görmək olar?
- Bizim ümumi ölkəmizdə Mixail Davıdoviç Maşkovski kimi bir korifey olub. O deyib ki, “ən təhlükəli hal xəstələrin sayının azalmasıdır”. Sonuncu xəstənin tapılmasına daha çox səy və vəsait sərf etmək lazım gəlir. Əksər hallarda isə rəhbər dairələr problemin faktik olaraq aradan qalxdığını görəndə vəsaiti digər ehtiyaclara yönəldirlər. Bax, problemi belə lazımi qədər qiymətləndirməmək ən təhlükəli səhvdir. O sonra çox baha başa gələ bilər.
- Siz Bakıda beş ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələrinin iştirak etdiyi “Malyariyanın eliminasiyası və onun sertifikasiyası” mövzusunda beynəlxalq kurs keçirdiniz. İştirakçılara çatdırmaq istədiyiniz əsas qayə nədən ibarət idi?
- Çox illər əvvəl Sovet İttifaqı planlı təsərrüfatın və planlaşdırmanın üstünlüklərini və perspektivlərini göstərən və təşviq edən ilk ölkə idi. Biz indi də necə düzgün planlaşdırmaq lazım olduğundan danışırıq. Çox vaxt bu, nəzərdə tutulan vəzifələrin siyahısını tərtib eləmək deyil. Əsas məsələ bilməkdir ki, nəyi eləmək lazım deyil, onsuz da az olan, heç vaxt yetərli olmayan vəsaiti nəyə xərcləməyə gərək yoxdur. Məhz planlaşdırma qoyulan minimal pulu maksimal nəticə ilə optimal istifadə etməyə imkan verir. Kursda biz məhz bunu öyrədirik. Mənim təmsil etdiyim Moskva institutunun 90 illik tarixi var, o, kadrların yetişdirildiyi ocaq idi. Bakıda da çox gözəl Tibbi Parazitologiya və Tropik Xəstəliklər İnstitutu var idi. Bu institutlar bir ailə idilər.

Bakı alimlərinin unikal tədqiqatları

- Hesab edirsiniz ki, Azərbaycanda belə instituta ehtiyac var?
- Əlbəttə, birmənalı olaraq, var. Sizin İnstitutda çox gözəl mütəxəssislər çalışırdı. Onların professionallığı, təcrübəsi, elmi ideyaları bütün sovet ölkəsi üçün nümunə kimi göstərilirdi. Bakıda aparılan bir çox mühüm tədqiqatlar haqqında mən həmişə öz tələbələrimə danışıram. Məsələn, azərbaycanlı mütəxəssislərin unikal araşdırmaları praktikada sübut olunan maraqlı nəticələrə gətirib çıxarmışdı. Tədqiqatın unikallığı ondan ibarət idi ki, əvvəllər heç vaxt qoyulmamış təcrübələr həyata keçirilmişdi. Uşaqlarda çox vaxt qurdlar olur, yəni ilk baxışdan bu, adi şeydir. Lakin Azərbaycan alimləri məktəbliləri müayinə edəndə məlum olmuşdu ki, qurdu olanların arasında ikialanlar daha çox, əlaçılar isə daha azdır. Bu nəticələr o zaman neqativ qəbul edildi. Parazitoloq alimlər məktəblilərin orqanizmində qurd olması ilə onların qabiliyyətləri arasında qarşılıqlı əlaqəni sübut etməyə çalışırdılar, ancaq onların nəzəriyyəsinə əvvəlcə inanmadılar. Onda alimlər bu uşaqları müalicə edib, sonra onların müvəffəqiyyət dərəcəsini yoxlamağı təklif etdilər. Nəticələr hər kəsi heyrətə saldı: yarım ildən sonra şagirdlərin dərs müvəffəqiyyəti ilə bağlı vəziyyət köklü surətdə dəyişmişdi - onların arasında əlaçılar çox idi, dərsdə geri qalan isə, praktik olaraq, qalmamışdı.
Burada qarşılıqlı əlaqə prosesi çox sadədir - istənilən canlı orqanizm özünə lazım olanı istifadə edir, lazım olmayanı isə ifraz edir. Uşağın bədənində özünə yer edən parazitlər onu zəhərləyir, bu da onun bütün inkişaf funksiyalarına təsir edir. Bu qrup şagirdləri həmin yükdən azad edəndə isə onlar məktəb proqramını daha yaxşı mənimsəmiş və əlaçıların sıralarına keçmişdilər. Deməli, bu, bütün orqanizmə əziyyət verən, o cümlədən əqli qabiliyyətlərə də sıxıntı gətirən xəstəliyin əlavə təsiri idi.
- Doğrudanmı bapbalaca parazit buna qadirdir?!
- Hətta bundan daha artığına da qadirdir. Bir kiçik orqanizm insanın və heyvanın davranışını da dəyişə bilər. Elə həmin malyariya ağcaqanadını götürək. Onun yaşı insandan çoxdur. Biz neçə nəsildir ki, onunla mübarizə aparmağa çalışırıq, o isə buna rəğmən həyata bizdən yaxşı uyğunlaşıb. Özü də ağcaqanadlar malyariya ilə yoluxmuş adama daha çox hücum edirlər. Üstəlik, malyariya paraziti ağcaqanadı yoluxdurmağa hazır olan dövrdə bu tezlik daha da artır. Ancaq insan sağalanda, yaxud xəstəlik ağcaqanadın yoluxa bilməyəcəyi mərhələdə olanda həşərat buna heç cəhd də eləmir. Bu, elmi cəhətdən sübut olunmuş çox maraqlı faktdır.
Təəssüf ki, biz insanlar özümüzü təbiətin şahı hesab edərək unuduruq ki, bəzən ən sadə orqanizmlər, parazitlər daha yüksək pillədə duran orqanizmləri özlərinə tabe edir və onları özlərinin istəmədiyi addımları atmağa məcbur edirlər. Məsələn, toksoplazmozla əlaqədar deyə bilərik ki, bu parazitin başlıca obyekti onun daşıyıcısı olan siçandır. Onun cinsi sikli üçün isə, sadə desək, gərək siçanı pişik yesin. Siçan pişikdən qorxur və həmişə ondan qaçır. Ancaq toksoplazmla yoluxan siçanın dad istəkləri dəyişir, pişik sidiyi onun xoşuna gəlməyə başlayır və o bu iyə, yəni pişiyə, yeyilməyə can atır. Bütün bunları parazit edir! Belə nümunələr - bapbalaca parazitin heyvanların və insanın davranışını idarə etməsinə dair misallar çoxdur. Biz maraqlı bir əlaqə aşkara çıxarmışıq. Tədqiqatlar göstərib ki, həyatlarını riskə ataraq maşın sürən insanlar çox vaxt məhz toksoplazmozu olanlardır. Təbii özünüqoruma instinktinə rəğmən, onların belə davranışını bu parazit tənzimləyir.
Biz bəzən xəstəliyə bir xoşagəlməz mübarizə aparmaq zərurəti kimi baxırıq. Əslində isə bu, böyük bir aləmdir, bizim kimi, o da biosferdə işləyir. Xəstəliklərin öz qanunları var, onlar da öz mövcudiyyətləri uğrunda mübarizə aparırlar. Bəzən bu, konfliktdir, bəzən isə kömək.
Maraqlıdır ki, canlılar arasında yalnız insan özünün onsuz da çox uzun olmayan həyatını - bilməməkdənmi, ya da bilmək istəməməkdənmi - hər vəcdlə qısaltmağa çalışır. İnanın ki, yalnız biz özümüz özümüzə həqiqətən zərər verə bilirik. İnsan başa düşsəydi ki, o, təbiətin şahı deyil, tərkib hissəsidir, o biri təbii varlıqlardan nə yaxşı, nə də pisdir, bu, sağlamlıqla və ətraf aləmlə bağlı bir çox problemlərin qarşısını almağa imkan verərdi. Əslində, öz orqanizminə zərər verməmək təbiətə hörmətlə yanaşmağın bir formasıdır. Ancaq bu barədə kim düşünür? Odur ki, parazitlərin insanın bədənində yox, şüurunda olması daha qorxuludur.
İnsan dişlərini pis yuyanda ağızında sərbəst hərəkət edən amöblər əmələ gəlir. Onlar bu mühitə uyğunlaşır və diş ərpində yaşayırlar. Əgər insan dişini intensiv təmizləməyə başlasa, köhnə amöblər gedir, əvəzində təmiz dişlərdə yaşamağa üstünlük verən yeni amöblər gəlir. Yəni bizimlə birgə yaşayanlardan, həyatımızın hansısa bir hissəsindən tamamilə can qurtarmaq mümkün deyil. Biz onlarla neçə illərdir mübarizə aparırıq, ancaq hər addımımıza, məsələn, antibiotiklərin təkmilləşməsinə cavab olaraq, mikroorqanizmlər, onların həyat qabiliyyəti, sağ qalmaq bacarığı da təkmilləşir, onlar, sadəcə, insektisidlərin təsirinə davamlı olurlar. Malyariya, vərəm, QİÇS - biz hər hansı mikroba və ya virusa total müharibə elan edəndə total müdafiə ilə qarşılaşırıq, bu isə istər-istəməz rezistentliyə gətirib çıxarır.

Mikroblarla mübarizə aparmaq yox, yola getmək lazımdır

- Alimlər antibiotiklərin yeni-yeni növlərini yaradır, üçüncü, beşinci, 25-ci nəsil antibiotiklər kəşf edirlər. Bu minvalla biz haraya gəlib çıxacağıq? İnsanlar öz enerjilərini, güclərini, pullarını sərf efirlər, parazitlər isə növbəti dərmanla “ümumi dil tapırlar” və yeni həyat şərtlərinə uyğunlaşırlar. İstər-istəməz bir sual doğur: biz daha yüksək inkişaf pilləsindəyik, ya onlar?
- Yekun başqa olacaq. İndi alimlər müəyyən ediblər ki, bizim kimi, mikroblar da öz aralarında danışırlar və bir-biri ilə dil tapırlar. Amma onlar kimyəvi dildə danışırlar, yəni müəyyən molekul buraxırlar və bu da onları bu və ya digər yöndə hərəkət etdirir. Məsələn, qram-mənfi bakteriya olan göy irin çöpü - Pseudomonas aeruginosa-nın əməliyyat vaxtı insana yoluxması çox ağır vəziyyət yaradır. Amma əvvəlcə orqanizmə düşəndə o özünü çox sakit, təklükəsiz mikroorqanizm kimi aparır, toksin ifraz etmir, bədənin müdafiə qüvvəsini dəf edəcək qədər çoxalana kimi məqam gözləyir. Ancaq elə ki bu məqam gəldi, kimyəvi siqnal verilir və bütün bakteriyalar toksin ifraz etməyə başlayır. Bu da onların danışmağıdır, indi bunu “kvorum hissi”, yaxud “cəmiyyət hissi” adlandırırlar. Əgər biz onların başa düşdüyü dildə onlarla “danışmağı” öyrənsək, onlarla razılaşsaq ki, bizə zərər vermədən, yəni toksin buraxmadan yaşasınlar, onda antibiotiklərə ehtiyac qalmayacaq.
- Axı, razılaşmaq üçün əvəzində onlara verəcək bir şeyimiz yoxdur...
- Niyə ki? Axı onlar nə üçünsə bədənimizə düşməyə çalışırlar. Onlar bizim orqanizmimizdə tapdıqları ilə qidalanırlar. Əgər lap çox olmasalar, biz bölüşə bilərik.
- Belə çıxır ki, mikroblarla mübarizə aparmaq yox, dil tapmaq, razılığa gəlmək, yola getmək lazımdır?
- Doğrudur.
- Bunu bütöv ölkə miqyasında necə etmək olar?
- Bu gün bir sıra firmalar öz maliyyə vəsaitlərini yeni, növbəti antibiotik növlərinin deyil, mikroblarla yola getməyə imkan verəcək preparatların yaradılmasına sərf edirlər. Bu, həmin mexanizmi işə salan “xəbərdarlığın” qarşısını alan, yaxud əksinə, ciddi zərər görmədən bu əlavə həmxanələri ilə yaşamaq üçün orqanizmə şərait yaradan siqnal molekulları olacaq.
- Bəs, bu yeniliklər niyə təbliğ edilmir?
- Bu hələ ki yeni istiqamətdir, indi-indi tətbiq edilməyə başlayır. İlk belə dərmanlar yaradılır və ola bilər ki, onların sayəsində bu ideyaları həyata keçirə biləcəyik. Lakin bu hələ lap başlanğıcdır.

Elə adamlar var ki, heç vaxt İİV infeksiyasına yoluxmazlar

- İnfeksiyalarla mübarizədə genetika nə dərəcədə rol oynayır?
- Hesab olunur ki, indi bizim ölkələrdə olan malyariya vaxtilə Afrikada meydana çıxıb. Lakin sonradan orada insanda mutasiya baş verib və o, həmin malyariyaya həssaslığını itirib. Onda xəstəlik bu bölgədən getməyə - mövcudluğunu qorumaq üçün şimala “köçməyə” məcbur olub. Afrikada indiyədək əhalidə bu mutasiya qalır.
«İnfeksiyalar qadınlar kimidir, onları unudanda inciyirlər»
İİV-lə bağlı da belə maraqlı fakt var - elə genetik mutasiyalı adamlar var ki, heç vaxt İİV-ə yoluxmazlar, bunun üçün hər şərt olsa belə. Genetik müdafiəsi olan bu insanlar üçün immun çatışmazlığı virusu təhlükəsi yoxdur. Onların sayı çox deyil - genetiklərin sözlərinə görə, Rusiyanın şimalında və Skandinaviya ölkələrində yaşayan əhalinin təxminən 2%-i. Məsələn, Yaponiyada, yaxud Afrikada isə belələri heç yoxdur. Düşünürəm ki, belə mutasiyalı insanların sayı artacaq. Çox güman ki, bu mutasiyanın belə qoruduğu başqa xəstəlik yoxdur. Buradan belə nəticə çıxarmaq olar ki, bu mexanizm əvvəlki pandemiyadan qalıb, yəni bu, QİÇS-in Yer üzünə birinci gəlişi deyil. Özü də İİV-dən genetik müdafiə mexanizmi əsasən ağ adamlardadır, qaralarda heç yoxdur. Əvvəllər İİV-in meymunlarda yaranıb, sonra insana keçdiyi deyilirdi. Çox güman ki, bu virus indi insanlardan meymunlara keçir. Şimpanzelər insan immunçatışmazlığı ilə çox ağır xəstələnirlər. Əslində, heyvanların öz QİÇS-i var, pişiklərdən başlayaraq bir çox heyvanlar bu virusa yoluxur.
Görünür, İİV probleminin həlli yolu vaksinlər və hansısa ümumi terapiya deyil, müdafiə mexanizmlərinin başa düşülməsi, profilaktika və ən əsası - virusla “dil tapmaqdır”.
Ümumiyyətlə, istənilən xəstəliyi elə səviyyədə saxlamaq lazımdır ki, o, milli təhlükəyə çevrilməsin.
- İndi geni modifikasiya olunmuş ərzaqların insan sağlamlığına zərərli təsiri barədə çox danışılır. Həqiqətən, necə ola bilər ki, doğranmış meyvə bir neçə gün qalsın və nəinki xarab olmasın, heç rəngini də dəyişməsin. GMO meyvə-tərəvəzə heç qurdlar da yaxın düşmür. Əslində, genetiklərin istədiyi elə bu olub. Ancaq geni dəyişdirilmiş belə ərzaqların nə xeyiri ola bilər? Axı, bu, doğrudan da, bəladır?
- Bu, bəladır, ancaq bunun nə bəla olduğunu hələ ki bilmirik. Bilmirik ki, bizə tam bəlli olmayan bu faktlar, qeyri-müəyyənlik bizi nigaran qoyur, yoxsa GMO həqiqətən insan orqanizminə mənfi təsir edir? İndiyədək bir dənə də olsun ciddi tədqiqat GMO ərzaqların mənfi təsirlərini təsdiqləməyib.
Bu ərzaqların xeyrinə gəlincə, üçüncü dünya ölkələrində milyonlarla insan artıq acından ölmür.
Maraqlı bir qanunauyğunluq var. Vaxtilə bizim nənələrimizin konservləşdirilmiş məhsullara münasibəti bizim GMO-ya bugünkü yanaşmamız kimi olub, halbuki o vaxt biz onlara gülürdük, çünki bizim üçün heç bir problem yox idi. Valideynlərimiz yumurta tozu, süd tozu, əriyən qəhvə kimi sublimasiya olunmuş məhsullardan çəkinirdilər, biz onları rahat istifadə edirik. Yəqin ki, GMO ilə bağlı bugünkü qorxular da bizim övladlarımıza gülməli gələcək.
- Bəs, soyalı ərzaqlar?
- Biz bu barədə az danışırıq, ancaq bu, mühüm məsələdir. Məsələn, əgər sosiskanın tərkibində soya çoxdursa, oğlanlar onu yeməməlidir, çünki soya spermatogenezə mənfi təsir edir. Məsələ bundadır ki, soya zülalının qadın cinsi hormonlarına oxşarlığı var. Buna görə də belə ərzaqların qızlar üçün təhlükəsi, ən çoxu, vaxtından qabaq cinsi yetkinlikdirsə, oğlanlarda hormonal fon dəyişir, faktiki olaraq, kişi mahiyyətini sıxışdıran digər proseslər baş verir.
- Bəlkə, indi qızabənzər oğlanların niyə artması sualının cavabı bundadır? Bəlkə, GMO məhsulların təsirinin də uzaq effektlərini görmək üçün zamana ehtiyac var?
- İnsandan dəfələrlə tez artıb-törəyən təcrübə gəmiricilərinin köməkliyi ilə biz, məsələn, 5 il ərzində 15-20 nəsli müşahidə edərək görürük ki, pis heç nə baş vermir. Etibarlı, müstəqil alimlərin tədqiqatlarının nəticələri indilik bunu göstərir.
- Vladimir Petroviç, biz sizinlə Tibb İşçiləri günü ərəfəsində söhbət edirik. Sizi azərbaycanlı həmkarlarınızla mehriban dostluq münasibətləri bağlayır. Onlara nə arzu edərdiniz?
- Azərbaycanlı dostlarımı, həmkarlarımı peşə bayramı münasibətilə ürəkdən təbrik edir, sağlamlıq, səbr, çətin, lakin mühüm əməklərində uğurlar və böyük nailiyyətlər arzulayıram. Qarşılıqlı yardım və dəstək dünyanın bütün nemətlərindən üstündür, bu sərvət isə artıq varımızdır.
- Bakıda çoxdan olmamışdınız. Şəhərimizin bu günü nə təəssüratlar oyadır?
- Son dəfə Bakıda 12 il əvvəl olmuşdum. O vaxt bu, tam başqa şəhər idi - xırda dükankar, çirkli küçələr... Bu dəfə isə şəhər məni yaxşı mənada heyrətləndirdi - bu tamamilə başqa şəhərdir, yaraşıqlı bağları, parkları, təmiz küçələri olan müasir şəhərdir. Çox böyük tərəqqi var. Gözəl şəhərin sakinləri də gözəldir və mən onlara bundan sonra da çiçəklənməyi arzulayıram. Bizi sizinlə tarixi bağlar birləşdirir. Mən bu torpağı, onun insanlarını çox sevirəm və əminəm ki, xalqınız hər istəyinə çatacaq.
N.MƏCİDOVA
31 iyul 2013-ci il №13-14
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova