Valyuta.com

Murad Dadaşov: «Xoşbəxtəm ki, arzuladığım həyatı yaşayıram...

Murad Dadaşov: «Xoşbəxtəm ki, arzuladığım həyatı yaşayıram...
Ancaq bir sirr açım ki, həkim olmağı da çox istərdim»

Budəfəki həmsöhbətimin adını eşidəndə insanların üzündə istər-istəməz təbəssüm yaranır. Fərqli siması, müsbət aurası, istedadı, yüksək təşkilatçılıq bacarığı, maraqlı telelayihələri ilə tanınır və tanındığı qədər də sevilir. O, yaxın keçmişin məşhur "Bakılı oğlanlar"ındandır. O, gülməyi və güldürməyi əndazəni aşmadan bacaran, "Milli bomba", "Bir dəfə Qafqazda", "Halal pullar" və s. kimi filmlərdə maraqlı obrazları ilə yadda qalan aktyordur. "Yeriniz məlum", "Mərc-şou", "Maşın" realiti-şou kimi maraqlı telelayihələrin müəllifi və aparıcısıdır. Müsahibim ixtisasca psixoloq olan Murad Dadaşovdur.

- Necəsiniz? Səhhətiniz necədir?
- Əla. Mən özümü çox gözəl, daxilən sağlam hiss edirəm. Sadəcə, çəkimlə bağlı problemim var. Bu da əslində mənim üçün yox, doğmalarım, xüsusilə anam üçün ciddi problemdir. Anam gecə-gündüz bu haqda fikirləşir. Hətta bir dəfə zarafatla demişdi ki, Muradı arıqladan adama ev hədiyyə edəcəyəm. Mən uşaqlıqdan köklüklə bağlı problem yaşamışam. Amma indi uşaqlıq şəkillərimə baxanda fikirləşirəm ki, əslində həmin dövrdə o qədər də kök olmamışam. Niyə mənə kök deyirmişlər, bilmirəm?
Əslində, arıqlamağa çalışıram, amma son vaxtlar alınmır.
- Əvvəl alınırdı ki?
- (gülə-gülə) Yox, heç əvvəl də alınmırdı.
- Pəhrizdəsiniz?
- Mən hər ayın 1-i, 10-u, 20-si, hər həftənin 1-ci günü, hər il yanvarın 1-i, bir də hansısa böyük, əhəmiyyətli tədbirin aparıcısı olacağımı bir ay öncədən biləndə həmin dəqiqədən pəhrizə başlayıram, amma...
Əslində, mən 3-4 ildən artıqdır ki, çörək yemirəm. Makaronu, yağlı yeməkləri isə ümumiyyətlə sevmirəm. Yeganə zəif yerim şirniyyatdır. Qaynadılmış qatılaşdırılmış süd üçün isə ürəyim gedir.
- Xanımınız da köklüyünüzdən şikayətçidir?
- O qədər də yox. Bir də axı mən o dərəcədə kök deyiləm ki, bunu ailəvi faciəyə çevirək. Sadəcə, indi arıq olmaq sağlamlıq sayılır.
- Bəs, yemək bişirməklə aranız necədir?
- Çox gözəl yeməklər bişirirəm, xüsusilə pomidor yumurtanı. Mənim atam da gözəl yeməklər bişirir. Ümumiyyətlə, kişinin mətbəxdə iş görməsini qəbahət saymıram. Hesab edirəm ki, aşpazlıq kişi işidir. Anam bu müsahibəni oxuduqdan sonra evimizdə dava düşə bilər, ona görə qeyd edim ki, anam da çox dadlı yeməklər bişirir. Əlbəttə ki, o, dadlı bişirməsəydi, mən bu boyda olmazdım ki...
- Ümumiyyətlə, sağlamlığınıza diqqət edən insansınız? Siqaret, içki kimi zərərli vərdişləriniz var?
- Hər bir yaradıcı şəxs kimi, mən də sağlamlığıma diqqət etməyə çalışıram. Gənc yaşlarda insan nədənsə sağlamlığına biganə yanaşır. Heç vaxt xəstələnməyəcəyini, həmişə gümrah olacağını düşünür. Ancaq zaman keçdikcə anlayırsan ki, orqanizmdə hətta zərrə qədər zəiflik böyük fəsadlarla nəticələnə bilir. Vaxtında sağlamlığı qorumaq lazımdır ki, sonradan ciddi fəsadlarla və bu fəsadları aradan qaldırmaq üçün böyük miqdarda xərclərlə üzləşməyəsən.
Mən siqaret çəkmirəm. Siqaret çəkməyi böyük qəbahət sayıram. İçkini isə hərdən içirəm. İçkiyə meyilli insan deyiləm, çox içə bilmirəm. Mənim əsas problemim hərəkətsizlikdir.
- Ehtiyac yarananda, həkimə vaxtında müraciət edirsinizmi?
- Həkim yanına getməyə vaxtım olmur. Diş həkimi ilə xüsusi münasibətlərim var. Biz tez-tez telefonla danışırıq. Dişim ağrıyanda söz verirəm ki, mütləq onun yanına gedəcəyəm. O da məni gözləyir. Ancaq görüşə bilmirik. Müalicəni telefonla aparır (gülür). Ümumiyyətlə, mən nizam-intizamlı xəstə deyiləm.
- Psixoloq, şoumen, aktyor, təşkilatçı - bu sənətlərdən hansı sizə daha yaxındır?
- Bunlardan mənə ən yaxın olanı psixoloqdur. Mən həm akademik, həm də praktik psixologiyanı pis bilmirəm. Televiziya layihələrimdən biri olan "Maşın" realiti-şousu da məhz insan psixologiyası üzərində qurulmuşdu.
Ümumiyyətlə isə, mən müəyyən qədər tənbəl insanam. Açığını deyim ki, işləməyi xoşlamıram. Sadəcə, yaradıcı insanam, üzərimə götürdüyüm hər bir işi məsuliyyətlə və layiqincə, gecə-gündüz istirahət etmədən çalışaraq yerinə yetirirəm, sonra isə bir müddət istirahət etmək istəyirəm.
- Sizləri xalqa sevdirən "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu niyə fəaliyyətini dayandırdı?
- Bəzi insanlar deyirlər ki, "KVN" incəsənət növü deyil. Onların bu fikirlərini doğru hesab etmək olar. Teatr peşəkarlıq tələb edir. "KVN" isə həvəskarlıqla bağlı sahədir, ondan artıq deyil. Bu bizim həyatımızda maraqlı bir səhifə idi. Bu səhifəni vaxtında çevirmək lazım idi, biz də çevirdik.
"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu cəmiyyətdəki ciddi problemləri, çatışmazlıqları gülüş hədəfinə çevirərək, insanları öz səhnə inikasına baxıb gülməyə məcbur edirdi. Yəqin ki, bu gün də hamımızı narahat edən belə problemlər var. Qohumlar arasında nikahlar bu gün məni düşündürən ciddi problemlərdəndir. Digər bir problem isə valideynlərin övladlarının tərbiyəsi ilə məşğul olmamasıdır. Bir də mən hesab edirəm ki, bir sıra ciddi ailə problemlərinin qarşısını almaq üçün vətəndaş nikahı vacibdir. Bəzi insanlar deyirlər ki, əgər qızın olsaydı, belə düşünməzdin. Ancaq mən qızımı bədbəxt görmək istəməzdim.
- Bir neçə filmə çəkilmisiniz. Aktyor kimi hansısa rolu oynamaq arzunuz qalıb?
- Həmişə ciddi rol oynamaq istəmişəm. Ancaq rejissorlar məni belə obrazda təsəvvür etmirlər. Mən dram əsərlərini çox sevirəm. Güldürməyi bacaran insan ağlatmağı da bacarır.
Hazırda digər layihələrim kimi Azərbaycan teleməkanında xüsusi yer tutacaq böyük bir serialın prodüsseriyəm. Ölkəmizdə çəkiləcək bu serial üçün yüksək səviyyəli ssenari yazmışıq. Seriala həm çox gözəl, tanınmış, həm də yeni, tanınmayan aktyorları dəvət etmişik. Hələlik kommersiya sirri olduğu üçün bu haqda geniş məlumat vermirəm. Amma inandırıram ki, çox maraqlı ailə dramı olan bu serial Azərbaycanın ictimai həyatına güclü təsir edəcək. Serial Novruz bayramından sonra efir üzü görəcək.
- Üç oğlan övladınız var. Sizcə, onlardan hansısa sizin yolunuzla gedəcəkmi?
- Mən düşünmürəm ki, övladlarım mənim yolumu davam etdirəcək. Ümumiyyətlə, insanların öz istedadlarını nəsillikcə, sülaləcə paylaşdırdığını düşünmürəm və belə şeylərə inanmıram. Hesab edirəm ki, yaradıcı insanların övladları kütlədən, diqqətdən kənar olmağa çalışırlar. Böyük oğlumun 10 yaşı var, futbol həvəskarıdır, eyni zamanda, dərslərində əlaçıdır. Ortancıl oğlum çox maraqlı, yaradıcı adamdır. Kiçik oğlumun isə hələ bir yaşı var.
- Sizcə, valideynlər uşaqlarının qərarına müdaxilə etməlidir?
- Hesab edirəm ki, valideynlər övladlarına qərarları ilə bağlı təzyiq göstərməməlidirlər. Ancaq bəzən düşünürəm ki, oğlum özündən çox yaşlı bir qadını sevdiyini və onunla ailə qurmaq istədiyini desə, onun bu qərarına qarşı necə çıxmaya bilərəm? Bəs, necə ona başa salmayasan ki, sən indi sevdiyini zənn edirsən, müəyyən vaxt keçdikdən sonra isə peşiman olacaqsan. Məncə, bəzi hallarda müdaxiləyə ehtiyac yaranır.
- Adətən oğlu olmayan atalar oğlan, qızı olmayanlar isə qız arzulayır. Sizin belə bir arzunuz yoxdur ki?
- Mənim üçün övladın oğlan və ya qız olmasının fərqi yoxdur. Övladlarımla dostluq edirəm və qızım olsa idi, onunla daha yaxın dost olardım. Amma nədənsə düşünürəm ki, qız övladım olsaydı, xaraktercə mənə bənzəyərdi. Bu xarakter isə bir qadın üçün heç də yaxşı deyil. Xasiyyətcə mənə bənzəyən qadının ailəsi ola bilməz. Amma vaxtında qurulmuş ailə insan həyatında vacib amildir. Vaxtında tez demək deyil, doğru insanla rastlaşdığın zamanı bilmək deməkdir.
- Sizin vaxtında ailə qurduğunuzu demək olarmı?
- Ailə çox müqəddəs anlayışdır və sevgi üzərində qurulmalıdır. Çünki müəyyən dövr keçdikdən sonra ən doğma insanda belə bəzi cəhətlər artıq səni qıcıqlandırır. Həmin anda sevgi insanı xilas edir. Sevgi olan yerdə bir-birinə hörmət də olur. Sevən insan güzəştə getməyi bacarır.
Mən 21 yaşımda ailə qurmuşam. Həmin yaşa çatanda həyat təcrübəsi çox geniş bir adam idim. Mən artıq ailə nə olduğunu başa düşürdüm. Həyat yoldaşımın isə 19 yaşı var idi. O da ailənin məsuliyyətini dərk edirdi.
Murad Dadaşov: «Xoşbəxtəm ki, arzuladığım həyatı yaşayıram...
- Harada özünüzü daha rahat hiss edirsiniz?
- Ölkəmizə ən uzaq olan xarici ölkədə, otellərdən birində. Mən hərdən tək qalmaq istəyirəm.
- Təkliyi sevirsiniz?
- Yox, əlbəttə ki, təkliyi sevmirəm. Təklik yaxşı deyil. Ancaq bəzən buna ehtiyac hiss edirsən. Hər şeyin, o cümlədən tək qalmağın da qədəri var. Bir müddətdən sonra insan övladlarını, doğmalarını yanında görmək istəyir.
- Sizi daha çox nə narahat edə bilər?
- Uşaq səs-küyü və uşaq ağlamağı. Uşaq ağlamağı məni dəli edir.
- Uzun müddət şou-biznes sahəsində olub, xalqın nəzərindəki yüksək yerini qorumaq o qədər də asan deyil. Murad Dadaşov bunu necə bacarıb?
- İlk növbədə, mən işimə məsuliyyətlə və ciddi yanaşıram. Bu gün əksər insanlar öz yerlərində deyillər. Kiminlə danışırsansa, imkan olan kimi işini dəyişəcəyini deyir. Bir çox insanların həyatı başqalarına acıq verməkdən ibarətdir. Onlar kiminsə acığına nəsə alır, haradasa işləyir, harasa gedirlər və s. Mən isə özüm istədiyim yerdəyəm, sevdiyim işlə məşğulam. Ən əsası isə, mən səmimi insanam.
- Telelayihələri hər zaman uğur qazanmış biri kimi, Azərbaycan telekanallarının bugünkü durumu ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Televiziyamız öz tamaşaçılarını itirib. Artıq, demək olar ki, Azərbaycan kanallarına baxan yoxdur. Biz bu barədə lazımi dairələrdə məsələ qaldırmışıq. (gülə-gülə) Yəqin nə vaxtsa ümummilli miqyasda xəbər yaymaq istəsək, biz bunu Türkiyə telekanallarından birində efirə gedən "Möhtəşəm yüz il" serialının reklam fasiləsində etməli olarıq. Əslində, bu, çox böyük və ciddi problemdir.
Bəzən efirə elə biabırçı verilişlər verirlər ki, dəhşətə gəlirsən. Adını da qoyurlar ki, zamanın tələbidir. Mən inanmıram ki, zaman bunları tələb edir. Biz öz tamaşaçılarımızı hələ də tanımırıq.
Efirlər ancaq toydan danışır və toylarda pul qazanan müğənniləri göstərir, gənclərdə ancaq bu sahəyə maraq oyadır, həvəsləndirir. Maarifləndirici proqramlar yoxdur.
- Gəncləri müğənniliyə həvəsləndirən proqramlardan biri də sizin münsifi olduğunuz "Yeni ulduz"dur...
- Əslində, "Yeni ulduz" yaxşı layihədir. Burada seçim ədalətli aparılır. Çox qürurvericidir ki, Aysel, Safura kimi istedadlar bu yarışmadan çıxıblar. Ancaq bununla yanaşı, vətənpərvərlik, maarifçilik və s. mövzularda da verilişlər hazırlanmalıdır.
- Azərbaycanlını qısa şəkildə necə xarakterizə edərdiniz?
- Biz istedadlı və qonaqpərvər xalqıq. Amma əslində bizim xalqımızda bir-birinə əks xüsusiyyətlər də çoxdur. Məsələn, xalqımızın çox istedadlı nümayəndələri də var, təhsil səviyyəsi çox aşağı olan təbəqəsi də. Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, mahiyyət etibarilə də şərqlə qərbin kəsişdiyi yerdədir. Bizimkilərdə nə qədər paxıllıq olsa da, bəlli istedad qarşısında bu hiss itir və biz onunla fəxr edirik, onun uğurlarından qürurlanırıq. Bəlkə də bu bizi birləşdirən cəhətdir. Eurovision qələbəmiz buna bariz sübutdur.
O ki qaldı qonaqpərvərliyə, məsələn, bizim evə çoxdandır qonaq gəlmir. Ona görə yox ki, mən qonaq xoşlamıram. Çünki qonaq gələsi vaxt evdə olmuram. O vaxt evə gəlirəm ki, normal halda insanlar həmin vaxt yatır. İş qrafikim belədir. Bəzilərinin dediyi kimi, toy aparıcılığı etmirəm. Mənim yaradıcılığım televiziya layihələri və təşkilatçılıqdan ibarətdir ki, bu da müəyyən qədər gecə işidir.
- Siz yaxşı və pis insan anlayışlarının izahını necə verərdiniz?
- Mən bu yaxınlarda düz insanla ədalətli insan haqqında düşünürdüm. Məncə, nəyisə düz etmək ədalətli olmaq demək deyil. Məncə, yaxşı insan ədalətli, pis insan ədalətsiz insandır.
- Siz yaxşı insansınız?
- Pis deyiləm. Hər halda, yaxşı olmağa, heç kimə pislik etməməyə çalışıram. Bəlkə də, əvvəllər bu mənim üçün böyük əhəmiyyət daşımırdı. Ancaq indi anlayıram ki, kiməsə pislik edəndə o pislik insanın özünə deyil, övladlarına qayıdır. Ona görə bu gün nəyisə edəndə daha çox fikirləşirəm.
- Hansı musiqi janrlarını daha çox sevirsiniz?
- Mən melomanam, musiqini çox sevirəm. Ailəmizdə xalq musiqisi həmişə sevilib. Mən görkəmli tarzən Əhsən Dadaşovun nəslindənəm. O mənim atamın əmisi olub. Mən özüm də fortepiano çalıram, 2 saylı musiqi məktəbinin məzunuyam. Bütün janrlarda, əksər xalqların musiqilərini dinləyirəm. Braziliya musiqisinə də, muğama da böyük zövqlə qulaq asıram.
- Bir vaxtların sevilən proqramı "Mərc-şou"nun aparıcısının mərc gəlməklə arası necədir?
- Mən heç vaxt risk etmirəm. Hesab edirəm ki, risk məsuliyyətsizlik əlamətidir.
- Səhvinizi etiraf edirsiniz?
- Üzr istəməyi bacarıram.
- Murad Dadaşov kim olmaq istərdi, yaxud hansı xüsusi qabiliyyətlərinin olmasını istərdi?
- Elə Murad Dadaşov olmaq istərdim. Mən indiki həyatımdan çox razıyam. Xoşbəxtəm ki, arzuladığım həyatı yaşayıram.
Ancaq sizə bir sirr açım ki, həkim olmağı da çox istərdim. Bir dəfə təyyarədə maraqlı hadisə baş verdi. Stüardessa məni həkim zənn edərək halı pisləşmiş sərnişinə kömək etməyimi istədi. Həmin vaxt yatmışdım. Xanım məni həyəcanla yuxudan oyadanda bunun kamera zarafatı olduğunu zənn etdim. Sonra baxdım ki, heç yerdən kamera çəkmir. Xanıma həkim olmadığımı izah etdim. Stüardessa isə bir tanınmış geyim şirkətinin hədiyyə olaraq mənim köynəyimə yazdığı adımın və soyadımın baş hərflərini (MD) göstərərək, bunun səhiyyənin simvolu olduğunu vurğuladı.
Məncə, həkimlik müqəddəs peşədir.
- Həkimlərimizə yeni il arzularınızı eşitmək istərdik.
- Arzum odur ki, 2012-ci ildə Allah tib b işçilərinin, ümumiyyətlə, xalqımızın hər bir nümayəndəsinin saf niyyətli arzularının həyata keçməsinə kömək olsun.

Ü.FƏRZƏLİYEVA
29 dekabr 2011-ci il. №23-24
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova