Valyuta.com

Mənsum İbrahimov: «Həkimə müqəddəs bir insan kimi baxıram»

Mənsum İbrahimov: «Həkimə müqəddəs bir insan kimi baxıram»
Mənsum İbrahimov! Yəqin qəzetimizin səhifəsində onun şəklini görən kimi çoxlarınızın gözü qarşısına Mənsumdan öncə Məcnun gəldi. Bu da təsadüfi deyil. Bir artistin adı çəkiləndə onun yaratdığı obraz(lar), necə deyərlər, özündən əvvəl yada düşürsə, deməli, həmin insan sənətin zirvəsini fəth edib! Mənsum müəllim məhz belə sənətkarlarımızdandır. 18 il dayanmadan səhnədə Məcnun kimi duruş gətirmək, tamaşaçılar tərəfindən qəbul olunmaq, sevilmək hər adamın işi deyil! Beləliklə, həmsöhbətimiz Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, yumşaq səsi ilə, gah yanıqlı, gah məlahətli, gah da təlatümlü boğazları ilə ürəkləri riqqətə gətirən muğam ustası Mənsum İbrahimovdur...

- Mənsum müəllim, nə var, nə yox, necəsiniz? Eşitdiyimizə görə, bu günlərdə Yessentukidən qayıtmısınız. Sağlamlığınızda nəsə problem var, yoxsa sadəcə istirahətə, havanızı-suyunuzu dəyişməyə getmişdiniz?
- Şükür Allaha ki, səhhətimlə, sağlamlığımla bağlı hər şey öz qaydasındadır. Yessentukiyə də yalnız istirahət məqsədi ilə getmişdim. Yay aylarıdır də, imkan tapdıqca həm ailəvi, həm də yaxın dostlarla birlikdə dincəlirik ki, yorğunluğumuz çıxsın...
- Ümumiyyətlə, sağlamlığınıza qarşı diqqətlisinizmi? Yoxsa məcburiyyət olmasa, həkimə getmirsiniz?
- Əvvəla, onu qeyd edim ki, hər bir insan səhhətinin qayğısına qalmalı, sağlam həyat tərzi keçirməlidir, yatıb-durmağına, yeyib-içməyinə fikir verməlidir ki, sağlam olsun. Mən də öz növbəmdə çalışıram buna mümkün qədər əməl eləyim. Ümumilikdə götürəndə, sağlamlığımda ciddi bir problem olmadığına görə, mütəmadi olaraq həkimə getməyə də ehtiyac duymuram. Amma, təbii ki, tamamilə həkimsiz qalmaq da olmur. Bir də görürsən ki, qəflətən soyuq dəyir, qrip oluram və yaxud boğazım ağrıyır, onda mütləq həkimə müraciət edirəm. Və hamıya da məsləhət görürəm ki, səhhətində problem olanda mütləq həkimə getsin, çünki hər peşənin öz mütəxəssisi var.
- Sağlam həyat tərzi demişkən, idmanla məşğul olursunuzmu?
- Doğrudur, idmanın hansısa bir növü ilə müntəzəm olaraq məşğul deyiləm. Amma ümumiyyətlə, idman eləməyi, bədən tərbiyəsini çox sevirəm. İmkan daxilində piyada gəzməyə çalışıram. Onu da deyim ki, bizim məşq prosesləri, tamaşa vaxtı səhnədə hərəkətlərimiz, demək olar ki, özü bir idmandır. Çünki çox hərəkətdə oluruq. Bir də ki, mən yeməyi az yeyirəm. Az deyəndə ki, hər şey öz normasında olmalıdır. Normadan çox olanda hər şey zərər verir. Dahi Nizami Gəncəvi demiş:
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da!"
- Bəs, siqaret və spirtli içkilərlə aranız necədir?
- Mən lap uşaqlıq illərimdən bəri siqaret və içki məsələsindən tamamilə uzağam. Bütün gənclərimizə də məsləhət görürəm ki, belə vərdişləri özlərinə yaxın buraxmasınlar. Əlbəttə, burada çətin heç nə yoxdur, hər şey insanın öz iradəsindən asılıdır.
- Mənsum müəllim, indiyədək 50-yə yaxın xarici ölkədə qastrol səfərlərində olmusunuz. Həmin səfərlər zamanı elə olubmu ki, səhhətinizdə nəsə problem yaranıb və həkimə müraciət etmisiniz?
- Bəli, bir dəfə belə bir hadisə Türkiyədə başıma gəldi. Mənə möhkəm soyuq olmuşdu və həkimə müraciət elədim. Çox sağ olsunlar, mənə böyük qayğı ilə yanaşdılar, tezliklə hər şey öz qaydasına düşdü.
- Türkiyə ilə Azərbaycan səhiyyəsi arasında nə kimi fərq hiss etdiniz? Allah uzaq eləsin, birdən səhhətinizdə problem olsa, sağlamlığınızı yerli həkimlərə həvalə edərsiniz, yoxsa xarici ölkələrə üz tutarsınız?
Mənsum İbrahimov: «Həkimə müqəddəs bir insan kimi baxıram»
- Türkiyə ilə Azərbaycan səhiyyələri arasında, demək olar ki, elə böyük bir fərq görmədim. Sözün düzü, son illər Azərbaycan səhiyyəsi elə inkişaf edir ki, bir çox xarici ölkələrdən heç də geri qalmır. Bakı bir yana dursun, əksər rayonlarda müasir standartlara cavab verən, lazımi tibbi ləvazimatlarla təchiz olunmuş tibb ocaqları, müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilir. Bir neçə il öncə bunlar yox idi, amma indi var. Bu isə səhiyyəmizin inkişafının bariz nümunəsidir. Bu həm bir sənətkar, həm də bir vətəndaş kimi məni çox sevindirir. Özü də məsələ yalnız yeni tibb müəssisələrinin tikilməsində deyil, indi təcrübəli, savadlı həkimlərimizin də sayı çoxdur. Ona görə də mənim səhhətimdə nəsə problem olsa, tərəddüd etmədən öz həkimlərimizə müraciət edərəm. Yox, əgər iş o həddə çatsa ki, burada müalicə mümkün deyil, xaricə getməkdən başqa çarə yoxdur, o başqa məsələ...
- İnşallah, oktyabrın 1-də 51 yaşı tamamlayırsınız. Arxada qalan bu illər ərzində elə bir həkim olubmu ki, heç vaxt onu unuda bilmirsiniz?
- Əlbəttə, olub! Bu sualınızı eşidəndə rəhmətlik Ədalət həkimin siması gözlərim önündə canlandı. Uşaqlıq illərim idi, təxminən 5-ci sinifdə oxuyardım. Qış aylarıydı, bərk qar yağmışdı. Bütün uşaqlar yığışıb o ki var oynadıq. Mənə bərk soyuq oldu, möhkəm xəstələndim, 2 həftə Ağdam Uşaq Xəstəxanasında yatdım... O vaxt məni Ağdamın ən tanınmış həkimlərindən biri olan rəhmətlik Ədalət Heydərov sağaltdı. Onu heç vaxt unuda bilmərəm...

«Musiqi ruhun qidasıdır»

- Tibblə, sağlamlıqla bağlı suallarımız çox oldu deyəsən. Keçək sizin sahəyə... Sizcə, musiqi nədir?
- Şəxsən mənim üçün - yəni Mənsum İbrahimov üçün musiqi həyat tərzidir! Musiqi mənim həyatımdır, gündəlik işimdir. Ağlım kəsəndən bəri içərisində yaşadığım sirli bir aləmdir. Musiqisiz mənim həyatım yoxdur.
Amma ümumilikdə götürsək, hər bir kamil insan üçün musiqi ruhun qidasıdır.
- Sizcə, muğam insanın sağlamlığına necə təsir edir?
- Əlbəttə, musiqi terapiyası deyilən bir şey var və bu məsələ çoxdan gündəmdədir. Bilirsiniz ki, mərhum bəstəkar İbrahim Topçubaşov həm də cərrah olub. O öz xəstələrinin hamısını musiqi sədaları altında əməliyyat edirmiş. Bu gün də belə həkimlərimiz var. Məsələn, mən öz tanıdığımı deyim -travmatoloq Ələkbər Həmidov da öz əməliyyatları zamanı musiqidən istifadə edir. Bir sözlə, mən inanıram ki, yaxşı musiqi, xüsusilə muğam həqiqətən də insanların sağlamlığına, səhhətinə müsbət təsir edir.
- Necə düşünürsünüz, Məcnun və Mənsum sözlərinin səsləşməsi, həmqafiyə olması təsadüfidir, yoxsa alın yazısı? Yaxud belə deyək, Məcnunla Mənsum İbrahimovu birləşdirən ortaq cəhətlər varmı?
- Mən həyatda heç nəyi təsadüfi saymıram. Məncə, hər şey qanunauyğun, mütləq və zəruridir. Təbii ki, Məcnunla Mənsumu birləşdirən ortaq cəhətlər, xarakterimizdə oxşarlıqlar var. Məhz bu oxşarlığın nəticəsidir ki, mən 18 ildir səhnədə Məcnun kimi dayanmışam. Əks təqdirdə eyni obrazda bu qədər duruş gətirmək olmaz. Bəzən mənə elə "Məcnun" deyə müraciət edirlər. Əlbəttə, bu mənə çox xoş təsir bağışlayır. Çünki bu adı qazanmaq mənim üçün böyük bir fəxrdir! Bilirsiniz, Məcnunun paltarını geyinib səhnəyə çıxmaq və oxumaq hələ Məcnun olmaq demək deyil. Onu özününküləşdirməlisən, o obrazı öz içində yaşamalısan. Məhz onda olursan o əsərin qəhrəmanı.
Məcnun obrazı birbaşa xasiyyətimə uyğun olduğuna görə daha çox uğur qazanıram. Özümü Məcnunda tapmışam. Bu obraz mənə çox doğmadır, çox yaxındır. Əslində, Məcnun cəmiyyətdə ən yüksək səviyyədə dayanan bir obrazdır. Allah bu cür sevgini yalnız öz sevdiyi insanların qəlbinə verir. İnsanların çoxundan məhəbbət haqqında soruşsan, gülərlər. Təbii ki, bu hissdən çox danışa-danışa onu adiləşdiriblər. Əslində, məhəbbət müzakirə olunmur, bu, insanın qəlbində, daxilində yaşanan hissdir.
Məcnunla fərqliliyim isə odur ki, səhraya düşməmişəm, heç zaman özümü aciz hiss etməmişəm. Ancaq bir yandan baxanda, Məcnunun başqa yolu da yox idi.
Əsl sevən insan kamilliyin ən uca zirvəsində dayanan insandır. Ona görə də Məcnun hər zaman mənim üçün ideal olub. Məcnunla birgə mənim həyata baxışım da dəyişib, içimdə hər zaman bir Məcnun yaşayıb.
- 1993-cü ildən "Leyli və Məcnun" operasında bu rolu ifa edirsiniz. 18 illik "Məcnunluq həyatı" sizi yormayıb ki?
- Əksinə, bəlkə də içimdəki Məcnun məni yaşlanmağa qoymur. İnsanın ürəyindəki məhəbbət onu yaşadır, həyat eşqi verir. Bilirsiniz ki, bu, Şərqin ilk operasıdır. İki dahi sənətkarın - Məhəmməd Füzuli və Üzeyir Hacıbəyovun yaratdığı bu əsər, nə az, nə çox, düz 103 ildir ki, səhnədədir! Milli operamızın şah əsəri olan "Leyli və Məcnun" bu gün də tamaşaçıların ən çox maraq göstərdiyi tamaşadır. Mən bu günə qədər 115 dəfə Məcnun rolunda səhnəyə çıxmışam. Hər dəfə də, elə bil ki, ilk dəfədir oxuyuram... Ümumiyyətlə, bu əsər mənim bütün həyat tərzimi dəyişib, çünki məni geniş tamaşaçı kütləsinə məhz Məcnun obrazı tanıdıb.
Mənsum İbrahimov: «Həkimə müqəddəs bir insan kimi baxıram»
Adətən bir çox xanəndələr tanınandan sonra teatra dəvət olunurlar. Mən isə kiçik rollardan başlamışam. 1985-ci ildə dahi Üzeyir bəyin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən Respublika Musiqi Müsabiqəsində iştirak eləyib, muğam üzrə birinci yeri tutmuşdum. Bundan sonra mərhum sənətkarımız Şövkət Ələkbərova məni Opera və Balet Teatrına dəvət elədi. Əvvəlcə kiçik rollardan başladım, 1993-cü il iyunun 25-də isə ilk dəfə səhnəyə Məcnun rolunda çıxdım. Və 18 ildir ki, mən səhnənin Məcnunuyam. Bu müddət ərzində isə 7 Leylim, yəni 7 tərəf-müqabilim olub.
- İlk dəfə bu rolda səhnəyə çıxdığınız günü necə xatırlayırsınız? O anlarda hansı hissləri keçirirdiniz?
- Təbii ki, o an heç vaxt mənim yadımdan çıxmaz. O anı yaşamaq üçün haradasa 7-8 aya qədər böyük bir məşq prosesi keçdim. Bu mənim üçün çox məsuliyyətli bir iş idi. Çünki məndən əvvəl çox böyük, dahi sənətkarlarımız Məcnun kimi səhnəyə çıxmış və hamısı da öz möhürünü vurmuşdu. Onlardan sonra o qədər də tanınmayan bir gəncin bu obrazı yaratması, əlbəttə ki, mənim üçün çox çətin idi. Düzdür, mən öz rolumu ifa etməyə hazır idim. Amma düşünürdüm ki, tamaşaçı məni qəbul edəcək, yoxsa yox? Ona görə də çox ciddi hazırlaşmışdım. Və nəhayət həmin gün gəldi... və şükür Allaha ki, hər şey uğurlu oldu... O günlər, o anlar həqiqətən də unudulası deyil...
- Bir halda ki, ilk çıxışınız elə uğurlu alınmışdı, bəs, onda niyə müsahibələrinizdən birində bildirmisiniz ki, "Birinci oynadığım tamaşanın lent yazısını gizlədirəm ki, heç kim görməsin"?
- Doğrudur, o tamaşada hər şey öz yerində, öz qaydasında idi. Amma məsələ burasındadır ki, ilk vaxtlar tamaşalardakı partiyalarını əzbərləyib oxuyursan. Zamanla isə sənəti daha dərindən dərk edirsən, artıq obrazı sadəcə əzbərçiliklə yox, içdən yaşayırsan. Ona görə indi ilk tamaşalarım mənə quru gəlir.
- Keçən il 50 illik yubileyinizi qeyd etmisiniz. Əsri və, belə demək mümkünsə, həyatı yarılayan bir adamın 18 yaşlı gəncin çılğın sevgisini canlandırması çətin deyil ki?
- Əlbəttə, yox! Ona görə ki, Məcnunluq ilk növbədə aktyorun, insanın içində olmalıdır. İkincisi isə, əgər sənətkar formadadırsa, onun ruhu həmin obrazı yaşaya bilirsə, ən əsası isə həmin aktyor tamaşaçı tərəfindən qəbul olunursa, burada heç bir çətinlik olmaz.
Amma sözsüz ki, heç kəs səhnədə ömürlük deyil, hər kəsin bir zamanı var. Hazırda səsimin formada olduğu, sənəti çox dərinliyi ilə dərk etdiyim, Məcnun obrazını tamaşaçıya çatdıra biləcək vaxtımdır. Sırf sənəti sevdiyim üçün buradayam. Zaman gələcək, mənim də vaxtım bitəcək, gedəcəyəm. Amma nə qədər ki aktyor formadadır, o necə görünürsə, onun yaşı da o qədərdir. Ola bilər ki, 20 yaşında olasan, ancaq Məcnunu tamaşaçıya çatdıra bilməyəsən. Nə zaman görsəm və hiss etsəm ki, artıq formadan çıxmışam, həmin gün özüm gedəcəyəm.
- "Məcnun" ərəbcədən tərcümədə, bugünkü anlamda, "psixi xəstə" deməkdir. Sizcə, sevgi insanı həqiqətən xəstələndirə bilərmi, yoxsa sevgini dəlilik sayan cəmiyyətin özü xəstədir?
- Belə deyim də, burada dəlilik iki məna kəsb edir. Biri var, tibbi dildə desək, ruhi xəstə, biri də var məcnun, divanə, yəni eşqin dəlisi! Onu da deyim ki, Allah bu sevgini, bu eşqi hər kəsin qəlbinə vermir. Belə adamlar Allahın yanında ən hörmətə layiq, kamil insanlardır ki, Allah onların qəlbinə sevgi-məhəbbət verib. O insanlar həm də zərərsiz insanlardır. O mənada ki, hər zaman qəlbində məhəbbət olan kəs heç vaxt kin-küdurət gəzdirə bilməz. Məhəbbət təkcə oğlanın qıza, qızın oğlana olan sevgisi deyil ki... Məhəbbət geniş bir məfhumdur. Burada həm də Vətənə, ailəyə, ümumiyyətlə, Allahın yaratdığı hər bir şeyə sevgidən söhbət gedir. Məsələn, həmişə deyirəm ki, "Mən Qarabağımın Məcnunuyam, mən muğamın Məcnunuyam"...
- Məcnunu belə məharətlə ifa edən Mənsum İbrahimov özü həyatda dəlicəsinə sevibmi?
Mənsum İbrahimov: «Həkimə müqəddəs bir insan kimi baxıram»
- (təbəssümlə) Təbii ki, məni səhraya düşən Məcnun hesab etmək olmaz. Amma mən hər zaman deyirəm ki, həyatda yaxşı nə varsa, mən onun divanəsiyəm. Və əlbəttə ki, ilk növbədə öz ailəmin Məcnunuyam. Bayaq dediyim kimi, mənim səhnədə yeddi Leylim olub, amma həyatımda tək bircə Leylim var, ona hər zaman sadiqəm və sadiq qalacağam. İnsan hər şeyin yaxşı mənada Məcnunu olmalıdır, bu olmasa, hər hiss üzdən olsa, həyatı tam mənada yaşamaq mümkün deyil.
- Səsinizi necə qoruyursunuz? Xüsusi foniatrınız varmı?
- Doğrusu, xüsusi foniatr məsələsi bir az çətindir. Çünki bu sahə Azərbaycanda hələ tam formalaşmayıb. Amma Türkiyədə gənc bir Ramin həkim var, hərdən ona müraciət edirəm. Burada da öz həkimim var, İradə xanım, ondan məsləhət alıram. Ümumiyyətlə, bizim işimiz elədir ki, foniatrlara daim ehtiyacımız var, profilaktik olaraq mütəxəssislərə müraciət edirik. Çünki havalar tez-tez dəyişir, üstəlik, Bakıda rütubətlilik çoxdur... Əslində, foniatr bir yana, sənətkar olan insan hər zaman səsinə, sağlamlığına, həyat tərzinə fikir verməli, bir növ özü-özünün həkimi olmalıdır.
- Ruhları oxşayan muğam ifaçısının öz ruhunu hansı musiqi, kimlərin ifası oxşayır?
-Təbii ki, mənim özümün də ehtiyacım var musiqi dinləməyə. İlk növbədə, həm dünyasını dəyişmiş, həm də hazırda yaşayan böyük korifeylərimizi dinləyirəm: Cabbarı, Seyidi, Xan əmini, Zülfü əmini, Şövkət xanımı, Yaqubu, Arifi və sair...
- Neçə illərdir səhnədə Məcnun kimi, Aşıq Qərib kimi ciddi, dramatik obrazlar yaradırsınız. Nə vaxtsa tamaşanı oynayarkən səhnədə hər hansı gülməli, yaddaqalan hadisələr olubmu?
- Əlbəttə, maraqlı hadisələr olub. Bir dəfə "Leyli və Məcnun"u oxuyurduq. Məktəbdə görüş pərdəsində qaçdı-tutdu səhnəsi vardı. Orada Məcnunun heybəsində gül olur, o gülü çıxardıb Leyliyə təqdim edir. Mən qaçanda bu gül heybəmdən düşübmüş, mən də bunu heç hiss etməmişəm. Leyliyə gül vermək məqamında əlimi atdım heybəmə ki, gülü çıxarım, gördüm gül yoxdur. Bu anda da təcrübəm köməyimə çatdı. Bunu tamaşaçıya hiss etdirməmək üçün başladım Leylinin ətrafında dövr etməyə, sanki elə belə də olmalıdır.
Bir dəfə də belə hadisə "Aşıq Qərib" tamaşasında olub. Bu operanın bir yerində səhnədə, süni hovuzun qırağında piyalə olmalıdır, ancaq texniki heyət unudub onu qoymamışdı. Üzümü Şahsənəmə tutub oxudum-oxudum, o an gəldi ki, gedib o piyaləni götürməliyəm. Hovuza yaxınlaşıb baxdım ki, piyalə yoxdur. Şahsənəm də mənim arxamca baxır və məni gözləyir. Gördüm ki, orada gül-çiçəklik var, getdim oradan bir gül qoparıb Şahsənəmə verdim. Tamaşaçılar da bir əskiklik hiss etmədilər.
- Deyilənə görə, səsiniz sizə babanız Mənsumdan yadigardır. Siz necə, səsinizi ailədən kiməsə ötürmüsünüz?
- Doğrudur, mənim babam xanəndə deyildi, amma onun həqiqətən də gözəl səsi olub. Mən Ağdamda böyümüşəm. Hələ uşaq vaxtlarımda, quzu otaranda, hərdən oxuyurdum. Baxırdın ki, bir nəfər o yanda oxuyur, iki nəfər o tərəfdə, biri ağacın başında... Hamısının da səsi məlahətli və gözəl idi. Ümumiyyətlə, Qarabağda, Ağdamda, demək olar ki, iki nəfərdən birinin səsi vardı. Heç kimə sirr deyil ki, Qarabağ hər zaman musiqimiz, muğamımız üçün səs bazası olub.
O ki qaldı mənim sənətimi kiməsə ötürməyimə, hələ bu barədə konkret heç nə deyə bilmərəm. Dörd övladım var. Oğlum balacadır, görürəm ki, hərdən mənim mahnılarımı oxuyur. Amma səsinin gələcəkdə necə olacağı ilə bağlı nə isə demək hələ çox tezdir.
Mənsum İbrahimov: «Həkimə müqəddəs bir insan kimi baxıram»
- Xalq artisti Mənsum İbrahimovun bu gün ən böyük arzusu nədir?
- Məni narahat edən yalnız və yalnız torpaq həsrətidir! Allahdan ən böyük diləyim Qarabağın işğaldan azad olunmasıdır! Arzu edirəm ki, inşallah, Cıdır düzündə oxuyum. Allah o günü mənə və hər birimizə qismət eləsin. Qarabağsız yaşamaq mümkün deyil. İllər keçir, hər şey yeniləşir, yeni bir nəsil gəlir. Azərbaycanın hər bir bölgəsi bizim Vətənimizdir, ancaq Qarabağın yeri ayrıdır. Qarabağ bizim muğamımızdır və o, yetim qalıb! Biz onu xilas eləməliyik. Bu gün dahi sənətkarlarımız Üzeyir bəyin, Bülbülün, Rəşidin ruhları narahatdır...
Əvvəllər Qarabağdan Bakıya səslər axınla gələrdi. Amma artıq bu axın tükənir. Bu məni həddindən artıq narahat edir. Əlbəttə, hələ ki biz bu problemi tam hiss eləmirik. Amma bir müddət sonra Qarabağdan gələn səslərin tükənməsi özünü qabarıq şəkildə göstərəcək. Çünki bu səs üçün təkcə genlər bəs etmir, oraların havası, suyu, oraların ruhu gərəkdir... Biz sözlə, mən Qarabağsız qalmış musiqimizin, muğam sənətimizin gələcəyindən çox narahatam... Qarabağsız Azərbaycanın gələcəyi yoxdur. Amma mən bütün qəlbimlə inanıram ki, ali baş komandanımız, hörmətli Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində bütün torpaqlarımız işğaldan azad ediləcək!

«Həkimliyə çox böyük marağım var idi»

- Mənsum müəllim, söhbətimizin sonunda yenə qayıdaq "bizim sahəyə". Ailə üzvlərinizdən tibb işçisi olanı varmı?
- Doğrusu, bu günə qədər ailəmizdə tibb işçisi olmayıb. Amma indi, demək olar ki, var. Mənim qızım Gülsüm bu il 664 balla Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. Bu bizim ailə üçün çox sevindirici bir hadisədir.
Hələ gənclik illərimdə mənim özümün həkimliyə çox böyük marağım, həvəsim var idi. Ona görə də həmişə istəyirdim ki, övladlarımdan biri təbabət sahəsini seçsin. Bu arzumu həmişə uşaqlarıma da bildirmişəm. Beləcə, qızım mənim həmin arzumu yerinə yetirdi.
- Səhiyyəmizin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
- Səhiyyəmizdə baş verən inkişaf, irəliləyiş hamının gözü qarşısındadır. Şükür Allaha ki, bu gün dövlətimiz tərəfindən səhiyyəmizə böyük qayğı göstərilir. Hörmətli Prezidentimiz İlham Əliyevin diqqəti və səhiyyə nazirimiz Oqtay Şirəliyevin gərgin zəhmətinin nəticəsidir ki, səhiyyəmiz günü-gündən inkişaf edir, əvvəlki illərdən fərqli olaraq, çətin müalicə olunan bir çox xəstəliklərin indi Azərbaycanda müalicəsi var. Mən həm bir sənətkar, həm də bir vətəndaş kimi bunu yüksək qiymətləndirir və təqdir edirəm!
- Nəhayət, həkimlərə sözünüzü, arzularınızı eşitmək istərdik...
- Mən həkimə müqəddəs bir insan kimi baxıram. Ona görə ki, o həmişə sağlamlığımızın keşiyində dayanır. Onu da deyim ki, müqayisə eləyəndə bizim sənətlə həkimlik arasında bir oxşarlıq var: həkimlər insanı fiziki cəhətdən müalicə edirlər, biz isə insanların ruhunu müalicə edirik. Bir sözlə, mənim həkimlərə böyük hörmətim var. Allahdan onlara uzun ömür, cansağlığı, firavan günlər arzulayıram...

Q.NURİYEV
27 avqust 2011-ci il. №15шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova