Valyuta.com

Fikrət Qoca:«Allaha və həkimlərə arxalanaraq yaşayıram»

Fikrət Qoca:«Allaha və həkimlərə arxalanaraq yaşayıram»
Fikrət Qoca! Bu adı, bu imzanı tanımayan, sevməyən azərbaycanlı varmı görəsən? İnanmıram! İnanmıram ki, öz şeirləri ilə milyonların qəlbini fəth edən, mərdliyi, məğrurluğu, bütövlüyü ilə hər birimizin ürəyində heykəlləşən bu insanı - şairi, nasiri tanımayan tapılsın! «Xalq şairi» yalnızca onun rəsmi titulu deyil. O, sözün əsl mənasında, xalqın şairidir! Xalqın oğludur! Xalqın müdafiəçisi, təəssübkeşidir. Onun qələmi bütün dövrlərdə xalqımızın işıqlı gələcəyi üçün yazıb, ürəyi hər zaman dövlətimizin inkişafı üçün döyünüb...
Onunla ad günü ərəfəsində, 76 yaşının tamam olmasına bir neçə gün qalmış görüşdük. Beləliklə, «Həmsöhbət» rubrikasının növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli Xalq şairi Fikrət Qocadır...


- Fikrət müəllim, 76 yaşınız var. İnşallah, bu günlərdə 77-yə qədəm qoyursunuz. Yaşınızın bu çağında özünüzü necə hiss edirsiniz? Səhhətiniz, sağlamlığınız necədir? Həkimlərə tez-tez müraciət edirsiniz, yoxsa...?
- Bəli, avqustun 25-də, qismət olsa, 77 yaşa qədəm qoyacağam. Özümü yaşıma uyğun hiss edirəm. Hər bir canlı orqanizm nəhəng bir mikrokainatdır. O aləmdə hər an nə isə baş verə bilər, hansısa problem çıxa bilər. Buna da daim nəzarət edən mühəndislər - yəni həkimlər var. Onların gecə-gündüz öz yerində olduğunu bilirəm. Allaha və həkimlərə arxalanaraq yaşayıram. Əsası odur ki, ruhum sağlamdır.
- Bildiyimə görə, həkim ailəsində böyümüsünüz...
- Bəli, atam həkim idi. Ağdaş rayonunda ona «Göyüş doxdur» deyirdilər. Göyüş Şoşuq oğlu Qocayev Vətən müharibəsi dövründə Ucarda, Dəliməmmədlidə hospital rəisi, 1945-ci ildən isə Ağdaşda can həkimi olub. Sonra vərəm üzrə ixtisas kursları keçib. Daha sonra Ağdaşda vərəm dispanseri açıb və ömrünün sonuna kimi orada baş həkim vəzifəsində çalışıb. Musiqini çox sevərdi. Həkim atamın öz həkimi isə poeziya idi. Sevdiyi şairi görəndə, yaxşı şeiri eşidəndə gözlərinə işıq gəlirdi, gözümüzün qabağında gəncləşirdi.
- Həkim ailəsində böyüyən Fikrət Qoca nə vaxtsa fikirləşibmi ki, kaş mən də həkim olaydım? Yoxsa heç vaxt bu arzuda olmamısınız?
- Biz 9 bacı-qardaş idik. Onlardan atam kimi həkim olmaq istəyənlər olub. Amma hamısı başqa-başqa sahələri seçiblər - mühəndis, memar, müəllim və ilaxır.
Əslində, elə mən də bir növ həkiməm. Mən yazdığım şeirlərlə insan ruhunun sağlamlığına xidmət edirəm, insan ruhunun müalicəsinə çalışıram. Nə qədər nail oluram, onu ruhunu oxşadığım insanlardan soruşun.
- Sağlamlığa zərərli olan vərdişləriniz varmı? Məsələn, spirtli içkilərlə və siqaretlə aranız necədir?
- Gözəllərdən və gözəlliklərdən zövq almaqdan başqa, bütün vərdişləri tərgitmişəm. Ümumiyyətlə, vərdiş pis şeydir. İnsan hər gördüyü işi ilhamla görməlidir, ürəkdən görməlidir.
- Fikrət müəllim, tez-tez müraciət etdiyiniz, sağlamlığınıza daim nəzarət edən həkiminiz varmı, yoxsa siz də, bir çoxları kimi, xəstələnəndən-xəstələnə gedirsiniz həkimə?
- Bilirsiniz, mənimki belə gətirib ki, haram ağrıyıbsa, kəsib götürüblər. Kəsə-kəsə gedirik. Ölümdən qorxmuram. Harada qurtaracaqsa, orada da dayanacağıq.
- Həkim ailəsində böyüməklə yanaşı, həm də böyük bir həyat yolu keçmisiniz. O dövrün həkimləri ilə indikiləri necə müqayisə edərdiniz? Əvvəlkilərə inamınız, etibarınız çox idi, yoxsa indikilərə?
- Bütün dövrlərdə həkimlərin yaxşısı da var, yararsızı da...Əlbət ki, get-gedə yaxşı həkimlər artır. Nədən bilirəm? Çox sadəcə. Xalqımız artır, ömür uzanır... Atamın atası Şoşuq kişi 45 yaşında rəhmətə getmişdi. Atam 62 yaşında dünyasını dəyişib. Mənim bu ay 76 yaşım olacaq, hələ sağam. Bu mənim şücaətim deyil, həkimlərin bacarığıdır. Gələcəyə, gələcək həkimlərə isə daha çox ümid bəsləyirəm.
- Şair olmaq səhhətinizdə, sağlamlığınızda necə izlər qoyub? Mənfi, yoxsa müsbət...?
- Şair olmaq gözəlliklə, gözəl düşüncələrlə yaşamaqdır. Kim nəyi istəyirsə, onu da görür. Mən böyük bir zibillikdə bir lalə görəndə, təsəlli tapıram. Bilirəm, çirkablar, zibilliklər təmizlənəcək. Zibilliyi torpaq bitirməyib, biz yaratmışıq. Torpağın becərdiyi o gözəl lalədir. İmkan düşən kimi, həyat laləzar olacaq. Gözəlliyin insan qəlbində izi də gözəl qalır.
- Maraqlıdır, həkimlərə aid hansısa bir şeiriniz varmı?
- Dediyim kimi, atam həkim idi. Onun saçlarında dən görəndə "Atam qocalır" şeirini yazmışdım. Həmin şeirdən bir parça deyim:

«...Allah olmayıb ki,
həkim olubdu,
Sağalda bilməyib hər xəstəsini.
Ürəyi ağrıyıb, gözü dolubdu,
Ümid xatirinə boğub səsini
Yalan da deyibdi xəstəyə bəzən.
Xəstələr yanında ümid tək gəzən
Atam qocalır...»

- Bir şair kimi ürəyinizi tamam boşaltmısınız, yoxsa hələ deyiləsi sözləriniz var?
- Bir şair kimi ürəyim boşalmış olsaydı, indi dünyada yox idim. Elə söz var ki, mən hələ onu deməyin, tutmağın yolunu tapmamışam, balıq kimi, həmişə sürüşüb əlimdən çıxır. Asanlıqla ələ gəlməyən bu sözü necə, hansı yolla ürəyimdən çıxarmağın çəmini hələ axtarıram...
- Ədəbi mühitdə artıq gənc nəsil formalaşmaqdadır. Gənc yazarların Azərbaycan ədəbiyyatındakı yeri və onların sizə - yaşlı nəslə münasibəti sizi qane edirmi?
- Hər kəs gəncliyində əkdiyini qocalığında biçir. Yaradıcılıq yolu ölüm-dirim döyüşüdür. Burada hər kəs təkdir, hər kəs özü-özü ilə döyüşür. Ağlı, ürəyi ilə döyüşür. Burada kömək mane olmamaqdır. Qoyun yaşasın - kim nə olacaqsa, olacaq!
- Atalarımızın belə bir kəlamı var: «Eyibsiz gözəl olmaz». Elə isə, Fikrət Qoca öz eyibini nədə görür?
- Desəm ki, «mənim eyibim eyibsizlikdi», olaram Məşədi İbad. Əlbət ki, eyiblərim var. Amma indi onları sadalamaqla ağ kağızı qaralamaq istəmirəm. Bilsəm ki, deməklə eyiblərim azalar, hər gün səhər işə başlamamışdan onları dua kimi deyərdim...
- Hər hansı bir şeiri yazmamışdan əvvəl nə kimi hisslər keçirirsiniz? Və həmin şeiri yazıb qurtardıqdan sonra özünüzü necə hiss edirsiniz?
- Hər bir şeiri həyəcanla, böyük ümidlə başlayıram, yazıram. Sonra başa düşürəm ki, bu da o deyilmiş. Gələn yazıya hazırlaşıram. Onu yarımçıq qoymamaq üçün yaşamağa məcburam.
- Xalq şairi Fikrət Qocanın bu gün ən böyük arzusu nədir? Hansı xəbəri eşidib, ürəkdən sevinmək istərdiniz?
- Ən böyük arzum Qarabağın qaytarılması xəbərini eşitməkdir. Lap torpağın altında da olsam, mən o xəbəri eşidib arzuma çataram.
- Belə bir nəsr əsəriniz var: "Ölüm ayrılıq deyil". Doğrudanmı, siz ölümü ayrılıq hesab eləmirsiniz?
- Bəli, ölüm ayrılıq deyil. Ölüm ömrün başqa formada davamıdır. Amma, görünür, gözəl davamıdır. Çünki oradan qayıdıb geri qaçan olmayıb hələ...
- Kitablarınızdan birinə belə ad vermisiniz: «Hamıya borcluyam». Həmin kitabın nəşrindən 46 il ötür... Bu 46 il ərzində hamıya borcunuzu ödəyə bilmisiniz, yoxsa yenə özünüzü borclu hesab edirsiniz?
- Həmin kitabda «Hamıya borcluyam» adlı şeir var:

«Hardasa bir həkim var,
İmdada çatmaq üçün,
Xəstələnsəm-eləsəm,
Məni sağaltmaq üçün,
O həkimə borcluyam.
Əlimdə yandırdığım
Kibritin dənəsi də
Adamların işidi.
Mənə xəbər daşıyan
Radionun səsi də
Adamların işid i.
Nə xeyrim dəyib sizə,
A mehriban adamlar?
Rast gəldiyim hər kəsə
Az qalıram baş əyəm,
Düzü, xəcalətimdən.
Ataya borcluyam mən,
Anaya borcluyam mən.
Bəlkə də bu dünyada
Hamıya borcluyam mən».

Bir sözlə, bütün bunlar ödənməsi mümkün olan borclar deyil.
- Qələm dostlarınızın, demək olar ki, hamısı sizi «həddindən artıq düz və bütöv adam» adlandırırlar. Bu düzlük və bütövlük sizə çətin başa gəlməyib ki? Yaxud belə deyək, belə bir adam olmaq sizi çətinliklər qarşısında qoymayıb ki? Axı, düz və bütöv adam olmaq o qədər də asan iş deyil...
- Qələm dostlarım olduğu kimi, qələm və düşüncə düşmənlərim də var. Qələm düşmənlərim məni məcbur ediblər ki, dostlarıma sadiq olduğumu nümayiş etdirəm. İstərdim ki, dostlarımın, sevdiyim insanların mənim onlara nə qədər sadiq olduğumu bilməyə ehtiyacı olmayaydı. Əslində, mən onlara yox, bacardığım qədər özümə sadiq olmuşam.
- Sizin belə bir sözünüz var: «İndən belə yüz xəstəlik olsa da, ürəyim məni yaşadacaq». Bu sözlərlə nə demək istəmisiniz? Belə çıxır ki, şair ürəyi özü böyük bir həkimdir...
- Həkimlərin xətrinə dəyməsin. Əslində, hər bir insanın həkimi onun öz içində, onunla birgə dünyaya gəlir. O həkim onun ruhu, hissiyyatı, düşüncə tərzidir. İşıqlı şeylər düşün, könlün istəyəni ye, onu da artıq yemə, fikirləş ki, sabah bundan yaxşı olacaq. Adam özü xəstəliyə təslim olanda ölür, yıxırlar həkimin boynuna ki, «sağalda bilmədi».
- 1986-cı ildə ağır xəstələndiniz... Və həkimlər sizə dedilər ki, bir ay ömrünüz qalıb... O günləri, o anları necə xatırlayırsınız?
- Bu, uzun bir əhvalatdır. Əfqanıstana qısamüddətli məzuniyyətə getmişdim. Səfərdən sonra özümü pis hiss etdim. Yazıçılar Poliklinikasında Lure adlı bir rentgen həkimi vardı. Getdim yanına. Şərt qoydum ki, işin ciddi olduğunu bilirəm, mənə təxminən nə qədər vaxtım olduğunu de. Uşaqlarım kiçik idi. Seçilmiş əsərlərim nəşriyyat planında idi. Özüm təhvil verib müqaviləyə qol çəksəydim, məndən sonra ailəmə qonorar yüz faiz veriləcəkdi. Əgər çatdırmasam, cəmi iyirmi beş faiz alacaqdılar. Vaxt ona görə məni maraqlandırırdı. Həkim baxdı, dedi «Çalış, bir aya işini qurtar».
- Həkimlər «bir ay ömrünüz qalıb» demişdilər... Amma o dövrdən bəri 25 il keçib və, maşallah, gümrahsınız... Taleyin bu hökmü həkimlərə olan inamınızı sarsıtmadı ki?
- Niyə sarsılmalıydı ki həkimlərə olan inamım? Onlar diaqnozu düz qoymuşdular. Müalicəni də düzgün etdilər, ona görə bu gün sağam, yaşayıram...
Əslində, mənim əsl xilaskarım ulu öndərimiz Heydər Əliyev olub. Dediyim kimi, bu, böyük bir əsərin mövzusudur. Qısa deyim ki, o zaman Heydər Əliyev Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. O, xəstə olduğumu bilən kimi göstəriş verdi, məni Moskvada Onkoloji Mərkəzə apardılar. Həkimləri elə tələsdirdi ki, bir aylıq işi beş günə gördülər. Və beş gündən sonra Bakıda rentgenoloqun dediyini təsdiq etdilər. Həkimlər özləri boyunlarına aldılar ki, Heydər Əliyev bizi tələsdirməsəydi, gec olacaqdı...
O zaman sol ağciyərimi tamam götürdülər. İndi 25 ildir yaşayıram, onun hər gününü, hər anını ulu öndərimiz Heydər Əlyevə borcluyam.
İki il bundan əvvəl yenə xəstələndim. Bu dəfə Prezident İlham Əliyev məni Türkiyəyə göndərdi, əməliyyat olundum. Gördüyünüz kimi, şükür Allaha, gümraham.
Burada mənim yaşayıb-yaşamamağım elə bir hadisə deyil. Əsl hadisə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin adi bir insan üçün göstərdikləri qayğıdır. Onlar bu xəstə dünyaya həkimlik etməyin nümunəsini göstərirlər.
- «Süzen D'ark və ya məhəbbət piri» povestində belə bir fikriniz var: «Yarımçıq bilikli yüz həkim bir xəstəni sağalda bilməz, öldürər. Amma yüz xəstəni bir yaxşı həkim sağalda bilər». Sizcə, yaxşı həkimlərimiz çoxdur, yoxsa yarımçıq bilikli həkimlərimiz?
- Əlbəttə ki, yaxşı həkimlərimiz çoxdur. Özü də təkcə indi yox, bütün dövrlərdə çox olub. Söhbətimizin əvvəlində qeyd elədiyim kimi, bizim bir xalq kimi, millət kimi artmağımız yalnız ümumi vəziyyətdən asılı deyil, eyni zamanda, həkimlərimizin xidmətidir. Biz bunu gərək boynumuza alaq. Yarımçıq bilikli həkimlərimiz isə əvvəllər də olub, bu gün də var, gələcəkdə də olacaq. Amma ümumən gözəl həkimlərimizin zəhmətini yerə vurmaq olmaz. «Yarımçıq bilikli həkimlərimiz çoxdur» desəm, həkim atamın verdiyi çörək mənə haram olar...
- O əsərdə çıxış yolu kimi «Ondansa, pul qoyub bir yaxşı həkimi xaricdən gətirmək olar» fikri ifadə olunur. «Yəni canımızın bir futbol matçı qədər dəyəri yoxdur?» yazırsınız. Bunlar yalnız obrazın fikirləridir, yoxsa siz özünüz də belə düşünürsünüz ki, ümid qalıb mütəxəssislərin xaricdən gətirilməsinə?
- Yox! Bu, obrazın fikridir, mən qətiyyən o cür düşünmürəm. Düzdür, bu fikir haradasa keçən əsrki səhiyyəmiz üçün xarakterikdir. O dövrdə xaricdən təcrübəli həkimlərin gətirilməsi çox böyük bir şey idi. Amma indi buna ehtiyac yoxdur. Özümüzün gözəl, savadlı, təcrübəli həkimlərimiz var.
- Sizcə, nə etmək lazımdır ki, sizin öz sözlərinizlə desək, «dəllək olası adam cərrah, cərrah olası adam dəllək olmasın»?
- Təəssüf ki, həyatda belə şeylər olur. Bu yanlışdır və adam bütün həyatını uduzur bu yanlışda. Allah rəhmət eləsin Qabilə. Onun bir şeiri var: «Səhv düşəndə yerimiz». Doğrudan da, bəzən yerlər səhv düşür. Məsələn, bir adam elə hesab edir ki, o yazıçıdır. Gedir bir-iki nəfərin yanına, onlar da onu tərifləyirlər ki, yaxşı yazırsan. Bu da işini-gücünü atıb, başlayır yazıçılığa. Halbuki bəlkə də həmin adam çox yaxşı bir mühəndis olardı. Yaxud əksinə, görürsən ki, gözəl bir qələm sahibi üz tutur başqa sahəyə...
Bu yanlışın bir kökü də sovet dövrünün başlanğıcına gedib çıxır. «Savadsızlığı ləğv etmək» adı ilə 60 yaşında kişini də tutub gətirirdilər ki, otur, əlifbanı öyrən. O da oxuyandan sonra bir şlyapa alırdı, bir dənə də qalstuk bağlayırdı ki, mən də ziyalıyam. Bu da bir çox hallarda «dəllək olası adamın cərrah, cərrah olası adamın dəllək olmasına» gətirib çıxarırdı. Amma bütün bunlara baxmayaraq, zaman özü gec-tez cərrahı cərrah yerinə qoyur, dəlləyi də dəllək yerinə...
- Azərbaycan səhiyyəsinin bu gününü necə qiymətləndirirsiniz? Səhiyyəmizin vəziyyətindən razısınızmı?
- İstərdim, Azərbaycan səhiyyəsi dünyanın ən yüksək pilləsində yer alsın. Təəssüf ki, hələ o səviyyədə deyil. Amma niyə olmasın? Ağlımız-başımız yerindədi, indi pulumuz, imkanımız da düzəlir. Olacaq, mütləq olacaq! Azərbaycan səhiyyəsinin yalnız bir yolu var, o da o yüksək pilləyə gedən yoldur.
- Söhbətimizin sonunda həkimlərimizə olan ürək sözlərinizi eşitmək istərdik...
- Əziz həkimlərimiz, siz hamınız mənə atamdan qalan yadigar, ən əziz insanlarsınız. Sizi hər dərddən-bəladan uzaq və üzüağ görmək istəyirəm!
Q.NURİYEV
30 iyul 2011-ci il. №14шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova