Valyuta.com

Rafiq Hüseynli: «Hər səhər gözlərimi açanda sevinirəm ki, bir gün də yaşadım»

Rafiq Hüseynli: «Hər səhər gözlərimi açanda sevinirəm ki, bir gün də yaşadım»
«Aparıcı olmaq istəyən hər kəs üçün zahiri görünüş, televiziyaya uyğun görkəm önəmli amillər sayılır. Əgər aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, efir görünüşü standartlara cavab vermirsə, onun ekrana çıxarılması düzgün deyil. Diktorun təkcə diksiyası deyil, eyni zamanda, səsi də gözəl olmalıdır. Aparıcı efirdə həm də səmimi olmalıdır ki, tamaşaçıların məhəbbətini qazansın». Bu fikirlər yaraşıqlı zahiri görünüşə, gözəl səs tembrinə, düzgün diksiyaya, səlis nitq qabiliyyətinə malik olan, uzun illər televiziya məkanının ən səmimi və ən sevilən simalarından biri kimi tanınan Rafiq Hüseynliyə aiddir.
«Həmsöhbət» rubrikasının budəfəki qonağı xalqın məhəbbətini qazanmağı bacarmış Xalq artisti, professor Rafiq Hüseynlidir.


- Rafiq müəllim, bir neçə il öncə bütün kütləvi informasiya vasitələrində sizin xəstəxanaya yerləşdirilməyinizlə bağlı məlumatlar yayılmışdı. İndi necəsiniz?
- Mənim belimdə problemlər var - onurğa sütununun osteoxondrozundan, protruziyadan əziyyət çəkirəm. Bəzən şiddətli ağrılar olur, bu ağrı ayaqlarıma vurur, çətinliklə gəzirəm. Bir neçə il öncə protruziya diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunmuşam. Əgər bu gün gəzə bilirəmsə, həmin xəstəxananın həkimlərinin yüksək əməyinin nəticəsidir.
Şəkər xəstəliyi, yüksək qan təzyiqi də məni narahat edir. Amma bütün bunlara baxmayaraq, hələ "yaxşıyam" deyə bilirəm.
- Gözəl səs tembri olan Rafiq Hüseynli səsini qorumaq üçün nəsə edirmi?
- Həqiqətən də, bəzi diktorlarımız səslərini qoruyurlar. Mən isə səsimi heç vaxt qorumamışam. Yayda da, qışda da soyuducudan su içirəm, pəncərəm açıq yatıram. Buna baxmayaraq, mən bu günə qədər angina nədir bilməmişəm. Hərdən boğazımın ağrıdığını hiss edəndə yenə soyuducudan su içirəm. Məncə, hər şey orqanizmi öyrəşdirməkdən asılıdır.
Siqaret də çəkirəm, içki də içirəm. Səsə təsiri baxımından zərərli sayılsa da, hər zaman qoz-fındıq yemişəm. Düşünürəm ki, "qorxan gözə çöp düşər".
Dostum Müslüm Maqomayev də səsini qorumaq üçün heç bir xüsusi tədbir görmürdü. Amma səsi həyatının sonuna qədər çox gözəl idi.
- Belə anladım ki, siz nəinki səsinizin, ümumiyyətlə, sağlamlığınızın qeydinə qalmırsınız. Xəstəliklərə baxmayaraq, siqaret çəkirsiniz, içki içirsiniz...
- Məncə, yaşayış tərzini dəyişmək də müəyyən problemlərə, xəstəliklərə gətirib çıxara bilər. Hesab edirəm ki, əgər şəkərli diabetdən, qan təzyiqindən əziyyət çəkdiyim üçün hansısa yeməklərdən, içkilərdən imtina etsəm, o zaman xəstəliyim daha da artar.
Mənim dostlarım çoxdur və tez-tez məclislərə dəvət olunuram. Kişi mütləq kişi məclislərində olmalıdır. Dostum Ağabəy Sultanov deyirdi ki, kim "mənim heç bir problemim yoxdur" deyirsə, həmin insanda şizofreniya axtar. Əlbəttə ki, söhbət kiçik problemlərdən gedir. Belə problemlərin isə bir çoxu kişi məclisində öz həllini tapır. Belə məclislərdə isə heç olmasa iki qədəh içki içməlisən.
İçərişəhərdə bizimlə qonşuluqda müdrik bir kişi yaşayırdı. O mənə deyərdi ki, həyatında rəngli heç nə içmə. Ona görə mən ancaq su və araq içirəm.
Heç vaxtlı-vaxtında şəkərimi də ölçdürmürəm. Çünki həyat yoldaşım aparatı gətirəndə daxilən elə həyəcanlanıram ki, şəkərim istər-istəməz qalxır. Şəkərimin yüksək olub-olmadığını orqanizmimdəki müəyyən dəyişikliklərlə müəyyənləşdirə bilirəm. Əgər şəkərin qalxdığını hiss edirəmsə, çalışıram xəngəl yox, toyuq yeyim.
Amma öyrəşdiyim həyat tərzimi tamamilə dəyişə bilmərəm. Gərək xəstəliyə çox fikir verməyəsən.
- Deməli, həkimlərin məsləhətinə baxmayaraq, pəhriz də saxlamırsınız.
- Yox, mən pəhriz saxlamıram. Pəhriz saxlasan, gərək bizim milli xörəklərin əksəriyyətindən, xüsusən xəmir xörəklərindən, Novruz təamlarından imtina edəsən. Belə ləziz nemətləri yeməmək olmur axı. Amma həmin xörəkləri yedikdən sonra dərmanların sayını artırmaq olar.
Mən əvvəllər şəkərə qarşı dərman preparatları ilə müalicə olunurdum. Ancaq indi insulinə keçmişəm. Mənə dedilər ki, insulinə keçdikdən sonra nə istəsən, yeyə bilərsən. Düşündüm ki, bu cür həyat tərzi daha yaxşıdır.
- Bəs, vaxtlı-vaxtında həkimə müraciət edirsiniz?
- Yox, məcbur qalmayana qədər həkimə getmirəm. Heç kəskin ağrılarım olanda həyat yoldaşıma da demirəm. Ancaq ağrılara dözə bilməyəndə xəstəxanaya müraciət edirəm. Mən xəstəliklərə fikir verən, onu özümə dərd edən adam deyiləm. Bu cür yaşam tərzi seçməklə nə dərəcədə doğru etdiyimi deyə bilmərəm. Ancaq onu bilirəm ki, bir az çox yaşamaq istərdim. Qızım üçün. Tanrı mənə müdrik yaşda - 55 yaşımda qız övladı verib. Mən onunla nəfəs alıram və qızımın toyunu görmək üçün heç olmasa 15 ilə ehtiyacım var. Bu isə 80 yaş deməkdir. Müasir dövrümüzdə 80 il yaşamaq mümkündürmü?!
- Son dövrlər televiziyanın uşaqların psixologiyasına mənfi təsirləri ilə bağlı çox danışılır. Kiçik yaşlı qız atası, eyni zamanda, uzun illər televiziyada çalışan mütəxəssis kimi bu barədə nə düşünürsünüz?
- Sözsüz ki, müəyyən mənfi təsirlər var. Mən bir neçə dəfə qızımla uşaq kanallarında verilən cizgi filmlərinə baxmışam. İndi cizgi filmlərində elə səhnələr göstərilir ki, təəccüblənirsən. Bizim vaxtımızda belə cizgi filmləri yox idi. Amma buna görə uşaqları televiziyadan tamamilə təcrid etmək olmaz.
Artıq elə zamandır ki, uşaqlar hər şeyi bilməlidir. İndi uşaqları onları quşların gətirməsinə, ya kələmin içərisindən çıxmalarına inandırmaq mümkün deyil. Qızım 5 yaşında olanda artıq insanın necə yarandığını və necə dünyaya gəldiyini bilirdi.
Mən uzun illər əvvəl bir dəfə Almaniyada idim. Orada məktəblərdən birində olarkən həmin dövrdə mənə çox təəccüblü görünən hadisənin şahidi oldum. Məktəbin kitabxanasında seksopatologiya və digər bu kimi mövzulardan bəhs edən kitablar var idi və aşağı sinif şagirdləri həmin kitabları götürüb oxuyurdular. Düşünürəm ki, qadağalar tamahı artırır. Ona görə də hədsiz qadağalara ehtiyac yoxdur.
Düzdür, mən qızıma böyüklər üçün olan bəzi proqramları izləməyə, təbii ki, icazə vermərəm. Ancaq televiziyanın bu və ya digər mənfi təsirlərindən danışıb uşaqları ondan təcrid etmək olmaz. Xarici televiziya kanallarında elə intellektual verilişlər var ki, onlar uşaqların biliklərinin artmasına, dünyagörüşlərinin inkişafına müsbət təsir edir. Mən 9 yaşımda olanda qızımın indi bildiyi çox şeyi bilmirdim və elə şeylər var ki, yenə bilmirəm, ondan öyrənirəm. Əgər mən onunla ayaqlaşmasam, "buna baxma", "onu etmə" və s. desəm, övladım fikirləşəcək ki, atası qoca kişidir. Mən özümü daxilən cavan hiss edirəm və zamanla ayaqlaşıram. İnsan zamanla ayaqlaşanda müasir texnika və texnologiyaların istər uşaqların, istərsə də böyüklərin psixologiyasına yalnız mənfi deyil, müsbət təsirlərini də görür.
- Uzun illər televiziyada işləyən mütəxəssis kimi, Azərbaycan telekanallarında efirə gedən sağlamlıq verilişlərini necə qiymətləndirirsiniz?
- Doğrusu, mənim bütün televiziya kanallarını izləmək imkanım yoxdur. AzTV-də işlədiyimə görə, əsasən bu kanalın verilişlərinə baxıram. Hesab edirəm ki, AzTV-də efirə gedən "Ailə həkimi" proqramı tamaşaçılar tərəfindən bəyənilir. Bu verilişin üstünlüyü efir zamanı tamaşaçılarla canlı ünsiyyətin yaradılmasıdır. İzləyicilər proqrama dəvət olunmuş qonağa müxtəlif xəstəliklərlə bağlı suallarını ünvanlaya və cavab ala bilirlər.
Ümumiyyətlə isə, istənilən televiziya kanalında sağlamlıq verilişlərinin hazırlanmasını yüksək qiymətləndirirəm. İnsanlar həmin verilişlər vasitəsilə öz səhhətlərindəki müəyyən problemlər barədə məlumat almaq imkanı qazanırlar. Bundan əlavə, həmin verilişlərdə tamaşaçılar bu və ya digər xəstəliklərlə bağlı hansı klinikalara müraciət etməyin mümkünlüyü barədə də informasiya alırlar.
Mən həkim deyiləm və həmin verilişlərə dəvət olunan mütəxəssislərin peşəkarlıq səviyyəsi haqqında bir söz deyə bilmərəm. Amma bu cür proqramların hazırlanmasını yüksək qiymətləndirirəm.
- Bəs, həmin proqramların əhalini məlumatlandırmaqdan daha çox, hansısa klinikanın və ya həkimin reklam edilməsi məqsədi ilə hazırlanması, diqqətin professionallığa yox, əsasən reklama yönəldilməsi nə dərəcədə doğrudur?
- Bu, çox ciddi problemdir. Hesab edirəm ki, belə məsələlərə Səhiyyə Nazirliyi nəzarət etməlidir. Onlar hansı verilişin sırf reklam xarakterli olduğunu, hansı verilişlərə savadlı mütəxəssislərin dəvət edildiyini və s. müəyyənləşdirməlidirlər. Çünki tamaşaçı efirdə çıxış edən həkimin savadlı mütəxəssis olub-olmadığını bilmədən ona inana bilər, onun dediklərindən müəyyən nəticələr çıxara bilər. Buna görə də verilişlərin dövlət və ya özəl kanallarda hazırlanmasından asılı olmayaraq, Nazirlik mütləq onlara nəzarət etməli, müəyyən hallarda kanal qarşısında məsələ qaldırmalıdır. Çünki bunlar əyləncəli proqramlar deyil. Həmin verilişlərdə insanların sağlamlığı ilə bağlı məsələlər müzakirə edilir.
- Bu cür proqramlarda əsasən həkimlər aparıcılıq edir. Sizcə, sağlamlıq verilişlərini tibb mütəxəssisləri aparmalıdır, yoxsa televiziya sahəsində çalışan peşəkarlar?
- Əlbəttə ki, bu tipli verilişlərdə həkimlərin aparıcılıq etməsi daha məqsədəuyğundur. Ancaq söhbət, təbii ki, aparıcılıq bacarığı olan, danışıq qabiliyyəti ilə seçilən həkimlərdən gedir. Həkimlərin aparıcı qismində çıxış etməsinin tərəfdarıyam və bunu yüksək qiymətləndirirəm. Həkim-aparıcı dəvət etdiyi qonaqla peşəkarcasına söhbət edə, ondan lazımi məlumatları ala bilir.
Düzdür, tibb sahəsində mütəxəssis olmasaq da, biz də sağlamlıq verilişlərinə aparıcılıq etmişik. Ancaq müsahibimizlə tamaşaçılardan gələn suallar əsasında söhbət qururduq.
- Son dövrlər telekanallarda efirə gedən bir sıra verilişlərdə ekstrasenslərin müxtəlif xəstəlikləri müalicə etmələri ilə bağlı çox eşidirik. Belələri bəzən hətta tibb elminin qarşısında aciz qaldığı xəstəliklərin öhdəsindən gəldiklərini iddia edirlər. Bu cür hallara münasibətiniz necədir? Rafiq müəllim sağlamlığını ekstrasenslərə etibar edərmi?
- Mən, əlbəttə ki, sağlamlığımla bağlı hansısa ciddi problem yarandıqda ilk növbədə həkimlərə müraciət edirəm və onlara inanıram. Həyatımda heç vaxt ekstrasensə müraciət etməmişəm. Yalnız bir dəfə öd kisəmdə yaranmış problemlə əlaqədar türkəçarə üsulu ilə müalicə olunmaq üçün bir nəfərin yanında olmuşam. Həmin vaxt xəstəliyimin o qədər ciddi olmadığını düşünürdüm. Ancaq türkəçarənin heç bir xeyri olmadı və sonradan öd kisəm əməliyyatla götürüldü.
Şübhəsiz ki, mən bəzi xəstəlikləri ekstrasenslərin, türkəçarə ilə məşğul olanların müalicə edə biləcəyinə inanıram. Ancaq öz təcrübəmdə belə bir hadisə baş verməyib.
Hesab edirəm ki, önəmli olan inam hissidir. Xəstəliklə bağlı kimə müraciət edirsənsə, o insana inanmalısan. Əgər inam yoxdursa, nə ekstrasens, nə həkim heç nə edə bilməz.
- Ailənizdə həkim varmı?
- Xeyr, ailəmizdə həkim olmayıb. Həyat yoldaşım da həkim deyil, ssenari yazır. Qızım isə hələ 4-cü sinifdə oxuyur.
- Nə vaxtsa həkim olmaq istəmisiniz?
- Yox. Heç vaxt istəməmişəm. Ağlıma da gəlməyib. Mən iki cərrahiyyə əməliyyatını əvvəldən sona izləmişəm. İlk dəfə televiziyada işıqçı işləyəndə Topçubaşovun əməliyyat aparmasını çəkmişəm. Bir də anam cərrahiyyə əməliyyatı edilərkən onu izləmişəm. Mən həkimlərin insanı necə kəsdiklərini görəndə çox pis vəziyyətə düşdüm. Düşündüm ki, yaxşı ki həkim olmamışam. Mən heç yanımda heyvan kəsilərkən ona da baxa bilmirəm. Həyatımda bir dəfə də toyuq başı kəsməmişəm. Anam deyir ki, mən uşaqlıqdan qandan qorxan olmuşam.
Bir-birini öldürən insanları heç cür başa düşmürəm. İnsan necə insanı öldürə bilər axı?
- İnsanlar bir-birlərinə arzularını çatdıranda ilk növbədə cansağlığı diləyirlər. Necə hesab edirsiniz, insana ilk növbədə sağlamlıq lazımdır, yoxsa bundan daha vacib nə isə var?
- Yaşından asılı olmayaraq, insana ən gözəl arzu can sağlığıdır. Bəzi insanlar deyirlər ki, əsas puldur, pul olduqdan sonra can onsuz da sağlam olacaq. Mən bu fikirlə qətiyyən razı deyiləm. Elə xəstəliklər var ki, nə qədər pulun olursa olsun, onu sağaltmaq mümkün deyil.
- Özünüzü daxilən cavan hiss etdiyinizi dediniz. İşləyərkən də belə hiss edirsiniz? 65 yaşda bu qədər gərgin iş rejimi sizi yormur ki?
- Həqiqətən də, iş rejimim gərgindir. Kinomatoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, Milli Kinomatoqrafiya Mərkəzinin direktoru, AzTV-də televiziya aparıcılarının bədii rəhbəriyəm. Eyni zamanda, kinostudiyada və AzTV-də filmlərin səsləndirilməsi ilə məşğulam. Kadrarxası mətnləri oxumaq mənim üçün mənəvi qidadır. Hesab edirəm ki, iş nə qədər çox olsa, o qədər cavan qalarsan. Əgər sən sevdiyin işlə məşğulsansa, bunun insana ancaq xeyri ola bilər.
Ümumiyyətlə, mən həyata vurğun insanam. Hər dəfə səhər gözlərimi açanda sevinirəm ki, bir gün də yaşadım.
- Azərbaycanda səhiyyənin vəziyyətini necə qiymətləndirirsiniz?
- Mən yeni klinikaların açılmasını, onların ən müasir avadanlıqlarla təchiz edilməsini, təbii ki, müsbət qiymətləndirirəm. Amma tibbi kadrlarımız həmin texnika və texnologiyalarla işləməyi nə dərəcədə mənimsəyiblər, onu deyə bilmərəm. Əgər bu gün həmin ən müasir avadanlıqlardan insanlara düzgün diaqnoz qoymaq və onları müalicə etmək üçün istifadə edilirsə, bunu yalnız alqışlamaq olar. Amma belə kadrlar yoxdursa, onların yetişdirilməsini arzu edərdim.
Məncə, bu gün Azərbaycanda həkimlərin ən ciddi problemi düzgün diaqnoz qoymaqla bağlıdır. Hesab edirəm ki, xəstənin şəfa tapması üçün düzgün diaqnoz ən vacib amildir. Bizdə isə həkimlərin təyin etdiyi diaqnoz çox zaman inandırıcı görünmür. Diaqnostikanın inkişafı avadanlıqlar almaqla həll edilən məsələ deyil. Əvvəllər həkimlər xəstəni əli ilə müayinə edərək, onun dilinə, gözünə və s. baxaraq, dəqiq diaqnoz qoyur və onu müalicə edirdilər. Hesab edirəm ki, həkimin peşəkarlığı yanına gələn xəstənin diaqnozunu düzgün müəyyən edə bilməsi ilə ölçülür. Ona görə, məncə, peşəkar həkimlərə ehtiyacımız var.
Biz istər Azərbaycanda, istərsə də başqa ölkələrdə xəstələrə yanlış diaqnoz qoyulması nəticəsində müalicənin düzgün aparılmaması və xəstənin dünyasını dəyişməsi ilə bağlı bir çox hadisələr barədə az eşitməmişik. Bu baxımdan, hesab edirəm ki, diaqnostika çox önəmlidir. Düşünürəm ki, hər bir həkim xəstəyə fərdi yanaşmalıdır. Bir də istərdim ki, həkimlərimiz daha mərhəmətli olsunlar.
Ü.FƏRZƏLİYEVA
28 mart 2011-ci il. №06шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova