Valyuta.com

Ayaz Salayev: «Həkimin ən pisi də sənətkarın ən yaxşısından yaxşıdır»

Ayaz Salayev: «Həkimin ən pisi də sənətkarın ən yaxşısından yaxşıdır»
«Həmsöhbət» rubrikasının budəfəki qonağı geniş təqdimata ehtiyacı olmayan bir sənətkardır. Onu hamı yaxşı tanıyır - rejissor, ssenarist, kinoşünas, televiziya aparıcısı, pedaqoq, hətta aktyor kimi. Vaxtilə apardığı "Retro" verilişi ilə kinosevərlərin düşüncəsində doğrudan-doğruya inqilab eləmiş bu şəxs sonralar lentə aldığı filmlərlə təkcə danışmağın yox, həm də göstərməyin ustası olduğunu təsdiqlədi. Onun "Yarasa" filmi isə həm Azərbaycanda, həm də xarici ölkələrdə - Rusiyada, Fransada, Misirdə beynəlxalq kinofestivallarda mükafatlar qazanaraq, Azərbaycan kinosunun başını uca etdi, onu isə dünya kinoşünaslığında "postmodernizm cərəyanında yeni bir üslubun banisi" (Almaniyanın "Frankfurter Rundşau" qəzeti) kimi tanıtdı. Beləliklə, həmsöhbətimiz Azərbaycanın Əməkdar incəsənət xadimi Ayaz Salayevdir.

- Ayaz müəllim, necəsiniz? Səhhətiniz necədir?
- Çox sağ olun, yaxşıyam. Səhhətimlə də bağlı, şükür Allaha, elə bir ciddi narahatçılığım yoxdur. Yeganə problem maddələr mübadiləsinin pozulmasıdır - nə yeyirəmsə, kökəlirəm. Ona görə də bir çox qidalardan mümkün qədər imtina etməyə çalışıram. Amma tam pəhriz saxlamaq mümkün olmur...
- Bildiyimizə görə, siz həkim ailəsində doğulmusunuz...
- Düzdür, atam uroloq-cərrah idi, Tibb Universitetində, Urologiya kafedrasında dərs deyirdi. Təmiz maaşa baxan xalis Çexovsayağı bir həkim idi. Sonralar qardaşım da onun yolunu davam etdirdi.
Həkim mənim üçün müqəddəs bir in sandır. Mənim aləmimdə, həkimlik ən ali, ən xoşbəxt sənətdir. Çünki hər bir sənətin sahibi günlərin birində öz sənətinin gərəksiz olduğunu düşünərək, "axı, bu kimə lazımdır?" deyib, peşiman ola bilər. Amma həkimlər əsla! Çünki bir həkimlərə, bir də kəndlilərə həmişə ehtiyac var - biri insanı doyurub yaşadır, digəri sağaldıb yaşadır. Məşhur bir rejissorun lentə aldığı filmə, yaxud dünya şöhrətli bir rəssamın çəkdiyi tabloya baxmadan da yaşamaq olar. Amma insanların həyatını həkimsiz təsəvvür eləmək mümkün deyil. Hər bir adamın həyatında elə məqam olur ki, həkimin gözlərinə baxıb, orada nə isə oxumaq istəyirsən, ondan cavab gözləyirsən. Elə bil onun sözləri ilə ilahi bir varlıq həyatının hökmünü oxuyur. Bir sözlə, mənim bu peşənin sahiblərinə çox böyük hörmətim var. Həkimlik, sözün əsl mənasında şərəfli, şərəfli olduğu qədər də çətin bir peşədir.
- Bəs, həkimlər arasında böyüyən Ayaz Salayev nə əcəb özü həkim olmadı?
- Mən lap uşaq vaxtlarımdan həkimlik arzusundan uzaq olmuşam. Hələ o vaxtlardan bilirdim ki, məndən həkim olmaz. Bəlkə də bu ondan irəli gəlirdi ki, hələ kiçik yaşlarımdan mən ölümdən qorxurdum. O vaxt biz Bakıda "Kaspar" məhəlləsində yaşayırdıq. Birinci mərtəbədə olurduq. Qonşularımızın əksəriyyəti ruslar idi. Onlar vəfat edənləri dəfnə aparanda düz bizim pəncərənin qarşısından keçirdilər və tabutdakı üzüaçıq meyitlər mənə çox ağır təsir edirdi.
Bəzən isə atamın tibblə bağlı kitablarını vərəqləyirdim. Orada yazılanları oxuyanda ürəyim xarab olurdu. Onu da deyim ki, atam əməliyyat zamanı xəstələrin böyrəklərindən çıxardığı daşları kolleksiya kimi evdə, iş otağında saxlayırdı. Mən o daşların qorxusundan həmin otağa girə bilmirdim. Bütün bunlara görə başa düşürdüm ki, mən heç vaxt həkim ola bilmərəm.
- Yəqin artıq alışmısınız ki, müsahibə üçün müraciət edən jurnalistlər ilk növbədə məşhur "Yarasa" filmi barədə suallar verirlər.
- Elədir və bu mənə çox xoşdur.
- Bu filmdə kino ilə həyat qarşılaşdırılır, kinonun insanı real həyatdan ayırması göstərilir. Kino sizi real həyatdan uzaqlaşdırmır ki?
- Yox, əslində, bu, filmin qəhrəmanının yaşantılarıdır. Əksinə, mənə elə gəlir ki, sənətlə məşğul olan insanlar real həyata daha yaxın olurlar. Çünki sənətkar həyata ayıq gözlə baxır. İncəsənətlə məşğul olmayan adam hər şeyə öz şəxsi təcrübəsindən yanaşır. Məsələn, bir insana pislik eləyən şəxs qırmızı köynək geyinibsə, ikinci, üçüncü dəfə belə halla rastlaşan həmin adamda belə bir təəssürat yaranır ki, qırmızı köynək geyinənlərin hamısı pis adamlardır. Halbuki minlərlə qırmızı köynək geyinən var ki, onların heç biri pis adam deyil. Amma həmin adamın həyat təcrübəsi bunları görməyə imkan vermir. Çünki o, həyata yalnız öz gözləri ilə baxır, öz təcrübəsi ilə yanaşır. Amma sənətkar həyata öz təcrübəsi ilə yanaşı, həm də başqalarının nöqteyi-nəzərindən, başqalarının təcrübəsindən çıxış edərək baxır.
Onu da deyim ki, həyata ayıq gözlə baxmaq böyük cəsarət və istedad tələb eləyir. Çünki insan böyük bir sirdir. İnsanın xislətində alicənablıq da var, alçaqlıq da. Adətən alicənab adamdan pis, alçaqdan isə yaxşı hərəkət gözləmirsən. Amma sənətkar həyata açıq gözlə, diqqətlə baxır və hər adamdan bunun hər ikisini gözləyir. Heç kim haqqında heç nəyi dəqiqliklə bilmir və bu naməlumluq içərisində cəsurluqla üzür. Ona görə də sənətkar real həyata daha yaxın olur.
Bir sözlə, kino məni real həyatdan uzaqlaşdırmır, əksinə, daha da yaxınlaşdırır. Ümumiyyətlə, mən həyata qarşı çox acgözəm. Həyatda hər şey hər cəhətdən mənə maraqlıdır. Keçmişdə yaşamaq istəməzdim, çünki keçmişdə olanları artıq bilirəm. Gələcəkdə yaşamaq istərdim, çünki gələcəkdə nələr baş verəcəyi mənim üçün çox böyük maraq kəsb edir. Mənim üçün cavanlar çox maraqlıdır. Mən heç zaman öz nəslimə xas olan təfəkkürdən yapışıb qalmıram, gənclərin düşüncələrini asanlıqla qəbul edirəm.
Mən həyatı su kimi içirəm. Mən heç vaxt intihar edənləri, həyatdan könüllü getmək istəyənləri başa düşmürəm. İndi dünya təbabətində geniş müzakirə olunan evtanaziyanın mən həmişə tam əleyhinəyəm. İnsanın iki əli, iki ayağı da olmasa, hərəkətsiz də qalsa, o yenə də nəyisə qavrayır və yalnız elə buna görə də həyat dəyərlidir. Heç nə başa düşməyən, dünyanı dərk edə bilməyən ruhi xəstə, idiot da yedizdirildikdə doyur və bundan ləzzət alır. Hətta onun da bu xoşbəxt məqamı hiss etmək üçün yaşamasına dəyər. Hesab edirəm ki, həyatın hər anı şirindir və hər anı ləzzətlə yaşamaq lazımdır.
- Psixi xəstələrdən söz düşmüşkən, özü həkim olmaqdan bu qədər çəkinən Ayaz Salayev "Vahimə" filmində psixiatr rolunda çıxış edib...
- O rolda sadəcə dostumun xahişi ilə çəkildim və etiraf edim ki, pis oynadım, istədiyim kimi alınmadı. Çünki mən aktyor deyiləm. Əsl aktyor olmaq çox çətindir. Filmdə çəkilən insanların gözündən bilinir ki, bu, aktyordur, yoxsa yox. Əsl aktyorun gözləri də danışır.
- Sizcə, insanın özünü ifadə edə bilməsi onun sağlamlığına nə dərəcədə təsir eləyir?
- Bu, çox gözəl sualdır, çox da maraqlı məsələdir. Mən həkim olmasam da, mənə elə gəlir ki, özünü ifadə edə bilmək sağlamlıqla birbaşa əlaqəlidir. Buna aid çox gözəl, parlaq bir həyat nümunəsi var. Aleksandr Soljenitsın Stalin rejiminin həbs düşərgəsindən sonra Daşkənddə sürgündə idi. Məhbəs dostu olan çox görkəmli həkimlər - təbabət elminin qaymaqları ona xərçəng diaqnozu qoymuşdular və ömrünün çox az qaldığını demişdilər. Ürəyini açmağa da kimsəsi yox idi - o, düşərgədə olarkən anası vəfat etmiş, həyat yoldaşı bir başqasına ərə getmişdi, dostları isə ya həbs olunmuş, ya da güllələnmişdi... Özünü dolandırmaq üçün gündüzlər işləməyə məcbur olan Soljenitsın gecələr ağrıdan yata bilmirdi. Buna baxmayaraq, o, ağrıdığına sevinirdi, çünki yuxusuzluq ona gecələr yazmaq imkanı verirdi. Düşərgədə başına gələnlər barədə yazdıqlarını isə şüşə qablara qoyub basdırırdı ki, bəlkə nə vaxtsa rejim dəyişər və kimsə onları tapıb çap etdirər.
Soljenitsının belə iradəli olması, bütün çətinliklərə baxmayaraq, özünü ifadə etmək, fikirlərini kağıza köçürmək istəyi möcüzə ilə nəticələndi: Xəstəliyi keçib getdi və o, 90 il yaşadı!
Demək istəyirəm ki, insanın özünü ifadə etmək istəyi və imkanı, iradəli, mübariz olması, mənim fikrimcə, onun sağlamlığına, əlbəttə ki, müsbət təsir edir. Bu, tək sağlamlıqla da məhdudlaşmır, insanın özünü ifadə etməsi onun həyatını, cəmiyyətdə mövqeyini və s. müəyyənləşdirir. Belə bir ifadə var: "Birtəhər dolanırıq", yaxud "ailəmi birtəhər dolandırıram". Mənim bu ifadədən acığım gəlir. İndi bu sözləri az eşidirəm, amma iyirmi-otuz il əvvəl onlar çöx işlənirdi. Bu, sürünməkdir, mübariz olmamaqdır, tam gücü ilə yaşamamaqdır. Əslində, tək ayrı-ayrı insanlar deyil, millətlər də, dövlətlər də özünü ifadə etməyə çalışmalıdır. Nə yaxşı ki, indi Azərbaycan dünyada öz sözünü deyir, özünü tanıdır. Bu cəhətdən, gənclərimiz daha mübarizdirlər. Məsələn, cavan yazıçılarımız internet vasitəsilə özlərini tanıdırlar və bununla həm də Azərbaycanı tanıdırlar. Bu imkanları görəndə düşünürəm ki, heyf ki mənim artıq 50 yaşım var. Gənc olsaydım, daha çox işlər görərdim.
Yenidən sualınıza qayıdaraq deyim ki, mən həkim olmasam da, düşünürəm ki, sağlamlıq özünü ifadə etməkdən və ümumiyyətlə, psixoloji durumdan, təfəkkürdən əhəmiyyətli dərəcədə asılıdır. Elə insanlar var ki, özləri öz həyatlarını bədbəxt proqramlaşdırır, yaxşı şeyləri görmürlər. Bu, sənətdə də var. İki görkəmli rus şairəsi Axmatova və Tsvetayeva bir dəfə görüşürlər. Axmatova Tsvetayevaya deyir ki, onun ölüm haqqında şeirini oxuyub, bərk-bərk tapşırır ki, bu mövzuya bir də toxunmasın, çünki yazılan söz mütləq gerçəkləşir.
Ayaz Salayev: «Həkimin ən pisi də sənətkarın ən yaxşısından yaxşıdır»
- Necə fikirləşirsiniz, bir rejissor kimi özünüzü ifadə edə bilmisinizmi?
- Yox, elə düşünmürəm ki, mən özümü tam ifadə edə bilmişəm. Bilirsiniz, sənətkarın özünü ifadə edib-etməməsini zaman göstərir. Məsələn, bəzən elə olur ki, sənətkar hansısa bir əsərini, belə demək mümkünsə, əhəmiyyətsiz hesab eləyir. Amma sonradan görürsən ki, məhz elə həmin əsər sayəsində yadda qalmısan. Ömər Xəyyam özünü riyaziyyatçı hesab edirdi, dincəlmək üçün isə rübai yazırdı. İndi onun riyaziyyatçı olması heç kimin yadına düşmür... Hansı əsərin əhəmiyyətli, hansının əhəmiyyətsiz olduğunu əvvəldən müəyyən etmək mümkün deyil, sadəcə, yaşayıb yaratmaq lazımdır.
- Bu cəhətdən, rejissorun vəziyyəti digər sənət sahiblərinə nisbətən daha çətindir, çünki onun istədiklərini o özü deyil, başqaları, yəni aktyorlar, operatorlar reallaşdırmalıdır...
- Bu mənada, rejissor əlləri olmayan heykəltəraşa bənzəyir - nə istədiyini kiməsə başa sala-sala daşdan heykəl yondurmaq çətin işdir. Amma digər tərəfdən, bu, rejissor sənətinin xüsusiyyətidir. Səni hiss edən aktyorları seçmək də bu sənətin bir hissəsidir. Rejissorla aktyor arasında bir psixoloji bağ olmalıdır. Təbii ki, böyük aktyor həmişə bir şəxsiyyətdir, onun da öz baxışı, öz fikri, öz yanaşması var. Buna görə də hər bir film son nəticədə kompromislərdən yaranır.
- Sizin filmləriniz tamaşaçıları həyat, ölüm, həyatın mənası barədə ağır düşüncələrə sövq edir. Düşünürsünüzmü ki, insanlara belə stress yaşatmaqla onların sağlamlığına mənfi təsir edə bilərsiniz?
- Yox, əvvəla, mən hesab eləmirəm ki, düşünmək, yaxud təsirlənmək tamaşaçıların sağlamlığına mənfi təsir göstərir. Belə baxanda, insanın hər addımı stressdir: körpə doğulur - ana bətnindən yad mühitə düşmək stressdir, insan evindən küçəyə çıxır - bu da yad mühitə düşməkdir, stressdir.
İkincisi isə, mən bir rejissor kimi, fikirlərimi, düşüncələrimi çatdırmağı bəlkə də bacarıram, amma elə bir sənət əsəri yaratmaq, tamaşaçıya o dərəcədə güclü sarsıntı yaşatmaq ki, o ağlasın - mən bayağı göz yaşlarını demirəm - və sonra uzun müddət düşünsün, filmin təsiri altından çıxa bilməsin - bu, rejissor üçün böyük bir xoşbəxtlikdir. Arzulayardım ki, bunu bacarım, amma təəssüf ki, mən bir rejissor kimi o səviyyəyə çatmamışam, bəlkə də heç çatmayacağam da.
- Bu sözlərinizi təvazökarlıq kimi qəbul edək...
- Yox, təvazökarlıq üçün demirəm, mən həqiqətən də belə düşünürəm.
- Ayaz müəllim, adətən deyirlər ki, sənət adamları siqaretə və alkollu içkilərə meyilli olurlar. Bu sizə nə dərəcədə aiddir? Siqaret və içki, yoxsa sağlam həyat tərzi?
- Yox, mən içki həvəskarı deyiləm. Demirəm ki, heç içmirəm, hərdən bir bokal qırmızı şərab... Narkotiki heç yaxın qoymaram. Ümumiyyətlə, şüuruma təsir edən şeyləri sevmirəm. Həyatı tam gücü ilə yaşamaq, hiss etmək istəyirəm. Məsələn, təyyarəyə minməkdən qorxuram, amma buna baxmayaraq, təyyarəyə minərkən şüurumu dumanlandıracaq heç bir dərman atmıram. Hətta o qorxunu da real yaşamağı üstün tuturam. Bir sözlə, mən iradəmi məhdudlaşdıran nədənsə asılı olmaq istəmirəm. Vaxtilə siqareti çox çəkirdim, 28 il çəkəndən sonra onu da artıq 4 ildir tərgitmişəm. Amma təəssüf ki, siqareti tərgitdikdən sonra bir az da kökəldim.
- Siqaretlə vidalaşmağın nə kimi xeyirini hiss edirsiniz?
- Siqareti atmağın mənə çox xeyiri oldu. Ən əsası psixoloji gərginlikdən qurtardım. Əvvəllər televizorda siqaretin zərərlərindən, onun insanda xərçəng xəstəliyi yaratdığından danışılanda mən o sözləri eşitməmək üçün televizoru söndürürdüm. Mən həyata bağlı insanam, onu bütün varlığımla sevirəm və mümkün qədər çox və dolğun yaşamaq istəyirəm. Siqaret çəkdikcə isə elə hiss edirdim ki, özüm öz ömrümdən oğurlayıram və bu mənə çox ağır gəlirdi. Qorxurdum ki, elə bir məqam olar ki, həkimlər yaşamaq üçün mütləq siqareti atmaq lazım olduğunu deyərlər və mənim iradəm çatmaz onu atmağa. Amma indi özümdə iradə tapıb bu zərərli vərdişdən imtina elədiyimə görə psixoloji cəhətdən də rahatlıq tapmışam. Bundan əlavə, siqareti atandan sonra özümü daha sağlam, daha gümrah hiss edirəm. Mən təkcə indi yox, elə əvvəllər siqaret çəkəndə də bunun qəti əleyhinə olmuşam. Bütün gənclərimizə tövsiyə edirəm ki, özlərində iradə tapıb bu pis vərdişdən uzaq dursunlar.
- Tez-tez müxtəlif dövlətlərə səfər edirsiniz. Elə vaxt olubmu ki, hansısa xarici ölkədə həkimə müraciət eləmək məcburiyyətində qalmısınız?
- Bəli, olub. Amma həkim özü milliyyətcə azərbaycanlı olub. Bir dəfə İrana getmişdim, başımda ağrılar səbəbindən Tehranda xəstəxanaya müraciət eləyəsi oldum. Orada təbabət çox yüksək səviyyədədir, amma bizimkindən fərqlidir. Mən demək istəmirəm ki, bizdə səviyyə aşağıdır. Əlbəttə, Azərbaycan səhiyyəsi son illərdə güclü inkişaf edir. Amma mən hiss elədim ki, orada həkimlik məktəbi, təbabət məktəbi tamamilə başqadır, bizdəkindən fərqlidir.
- Bəs, Bakıda son vaxtlar həkimə müraciət etmisinizmi?
- Bəli, lap bu yaxınlarda. Son vaxtlar çox susayırdım. Yaşadığım binanın birinci mərtəbəsində tibb müəssisəsi var, orada şəkərə müayinə olundum. Şükür, dedilər ki, şəkər normadadır...
- Səhiyyəmizin bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz?
- Mən səhiyyəmizin bugünkü vəziyyətini ölkənin ümumi inkişafından ayırmazdım. Əlbəttə, mən tibb mütəxəssisi deyiləm, buna görə də professional məsələlər barədə konkret fikir yürütməyim doğru olmazdı. Amma bir məsələyə toxunmaq istərdim. Elə adamlar var ki, həkimlərdən söz düşəndə sovet dövrünün həsrətini çəkirlər. Mən elələrindən deyiləm. Deyə bilərəm ki, sovet dövrünün həkimləri xəstələrə qarşı bir qədər kobud idilər. Amma indi münasibət dəyişib, indi həkimlər, necə deyərlər, xəstənin nazı ilə oynayırlar. Bu bəlkə rəqabətin artması, xəstənin seçim imkanının genişlənməsi ilə əlaqədardır. Bilirsiniz, həkim xəstəyə şəfanı təkcə dərmanların vasitəsilə verməməlidir. Həkimin xəstəyə münasibəti, davranışı, diqqəti böyük bir psixoloji amildir və bu, xəstənin sağalmasında mühüm rol oynayır. Bu baxımdan, indiki həkimlər daha üstündürlər.
- Ayaz müəllim, söhbətimizin sonuna gəlib çıxdıq. "Tibb qəzeti" vasitəsilə həkimlərə nəsə bir sözünüz varmı?
- Bütün həkimlərimizə uğurlar arzulayıram. Bir daha deyirəm ki, həkimlik bütün peşələrdən yüksəkdə dayanır. Mənim aləmimdə, həkimin ən pisi də sənətkarın ən yaxşısından yaxşıdır...
S.NƏBİYEVA,
Q.NURİYEV

22 fevral 2011-ci il. №03-04шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova