Valyuta.com

Baba Vəziroğlu: “Nağıllara inana-inana yaşayırıq”

Baba Vəziroğlu: “Nağıllara inana-inana yaşayırıq”

Bu dəfə redaksiyamızın qonağı şair, nasir, publisist, az qala hər sözü nəğməyə çevrilən söz adamıdır. Onun şeirlərinə min beş yüzdən artıq mahnı bəstələnib və onlar Azərbaycanın korifey sənətkarlarının ifasında səslənib, dillər əzbəri olub. Əslində, onun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki o, yaradıcılığı ilə yanaşı, nurlu siması, danışıq tərzi, sadəliyi, yüksək mədəniyyəti, müsbət enerjisi... ilə də özünü xalqına lazımi səviyyədə təqdim edib. Həmsöhbətim Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" Baba Vəziroğludur.

- Baba müəllim, necəsiniz?
- Adi müasir Azərbaycan vətəndaşı necə ola bilərsə, eləyəm. İndiki zamanda çox yaxşı olmaq mümkün deyil, amma heç vaxt pessimizmə qapılmıram. Həmişə planlar qururam və hər şeyin yaxşı olacağına inanıram. Atalar deyir ki, niyyətin hara, mənzilin də ora. Gecə-gündüz ağlayıb-sızlasan, həyatından, yaşayışından şikayət etsən, səadətə çata bilməzsən. Ümumiyyətlə, düşünürəm ki, şükürlü insan olmaq lazımdır. Allah da belə insanları sevir. Naşükür olanları isə nə Allah sevir, nə də bəndə. Bu mövzuda çoxlu şeirlərim də var. Onlar insanları gözütoxluğa, optimizmə çağırır.
Amma mən şükürlü olmaq deyəndə hər şeylə barışmağı, öz taleyi, bəxti ilə razılaşıb oturmağı nəzərdə tutmuram. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət. Həzrət Əli ən böyük ibadətin iş görmək olduğunu söyləyib. İş, əmək hər şeydən əfzəldir. Ona görə mən əlimi-əlimin üstünə qoyub şükür edənlərdən deyiləm və tövsiyəm də bu deyil. Sadəcə, demək istəyirəm ki, Tanrı heç nədən, təmənnasız bu dünyanı bizə bəxş edibsə, qulağımız eşidirsə, gözlərimiz gözəllikləri görürsə, bunlara görə şükür etməliyik. Mən həmişə şükür edirəm və hər şeydən razıyam.

- Sizin üçün xoşbəxtlik nədir?
- Mənim üçün dünyada ən böyük xoşbəxtlik özünüifadə şansına malik olmaqdır. Bu baxımdan, cəmiyyətdə müəyyən mövqe tutan, tanınan, öz zəhmətinin bəhrəsini görən insanlar çox şanslıdırlar. Çünki Allah onlara belə bir yol açıb. Elə insanlar var ki, həddən artıq istedadlıdırlar, bacarıqlıdırlar, təhsillidirlər, amma Allah onlara kiçik bir şans verməyib ki, həyatda parlasınlar, cəmiyyətdə layiqli mövqe tutsunlar. Bu halda düşünürsən ki, nə yaxşı ki, İlahi mənə özümü ifadə etməyə imkan verdi.
Bu mənada, mən xoşbəxt insanam – həm bütün dövrlərdə özümü lazımi səviyyədə ifadə etmək şansım olduğu üçün, həm də müəyyən yaşa çatdıqda həyatın mütləq həqiqətlərini dərk etdiyim üçün. Bu həqiqətləri dərk etdiyin zaman sənin xoşbəxtliyinə sədd çəkən maneələr tədricən aradan qalxır. Bu həqiqətlərə bəzi insanlar gənc, bəziləri ahıl yaşda çatır. Yəni yaşadıqları illərin sayına görə yox, qazandıqları təcrübəyə, özəl xüsusiyyətlərinə, həyata baxışlarına görə həqiqəti tapa bilirlər. Bundan sonra yaşamaq daha asan olur. Bəziləri isə həyatın mütləq həqiqətlərindən bixəbər həyatdan köçürlər.

- Sizin həyatınızın mütləq həqiqəti nədir?
- Bu dünyada heç nədən və heç kimdən nəsə ummamaq, gözləməmək. İnsan ancaq özündən umub-küsməli, özünə arxayın olmalıdır. Mən bir doqma, ehkam kimi qəbul etmişəm ki, insanın dostu da, düşməni də özüdür. Etdiyin hər şeyə, hər hərəkətə həm dost, həm də düşmən gözü ilə baxırsan, kamil insansansa, obyektiv, dəqiq qiymət verə bilirsən. Amma kənardan kimin dost, kimin düşmən olduğunu, sənə həqiqəti deyib-demədiyini bilmirsən.

- Azərbaycanda şeirləri nəğməyə çevrilmiş şairlər arasında ön sırada dayanırsınız. Nəğməkar şair kimi tanınmaq necə hissdir?
- Bu, böyük bir tituldur. Təsəvvür edin, Azərbaycanın ilk nəğməkar şairlərindən biri Mikayıl Müşfiqdir. Onun yazdığı hər şeirin öz nəğməsi var. O nəğməni qoşacaq ürəyə sahib bəstəkarlar lazımdır. Hər şair nəğməkar ola bilmir. Bu önəmli missiyanı layiqincə yerinə yetirmək qürurvericidir.
Mən hələ universitetin 1-ci kursunda oxuyanda ilk dəfə şeirlərimə musiqilər bəstələnib. Onda hələ 17 yaşım vardı. Həmin nəğmələr Azərbaycan televiziyasında səsləndi. Mənim sözlərimə yazılmış mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova kimi korifeylər ifa edib. Demək olar ki, Azərbaycandakı bütün bəstəkarlarla, müğənnilərlə işləmişəm. Son zamanlar Kamal müəllimlə 50-dən artıq mahnı yazmışıq və istər siyasi, istər məhəbbət və s. mövzularda olan bu əsərlər dillər əzbəri olub. Bütün əsrlərin ən böyük azərbaycanlısı Heydər Əliyev haqqında yazılmış, Ağadadaş Ağayevin ifa etdiyi “Sən elə bir zirvəsən”, Alim Qasımovun həyat verdiyi “Xatirədir”, “İlahi” bu gün milyonların nəğməsidir.
Yeri gəlmişkən, səhiyyə nazirinin müavini Abbas Vəlibəyovla da bir neçə mahnı işləmişik. Məsələn, Mübariz Tağıyevin gözəl ifa etdiyi “Azərbaycanımız” mahnısı və s.

- Heç olub ki, şeirinizə yazılmış hansısa musiqini dinləyəndə təəssüflənəsiniz və ya kiminsə ifasından narazı qalasınız?
- Hər şey olur. Sel gələndə, özü ilə çör-çöp də gətirir. Onu deyim ki, mahnıların taleyi də insan taleyi kimidir. Bəzən gözəl bir şeirə gözəl musiqi yazılır, ifa da əla alınır, amma bəxti gətirmir. Hərdən isə elə-belə bir mahnı yazırıq, heç böyük gözləntimiz də olmur. Ancaq baxırıq ki, onu milyonlar sevdi. Bəzən isə çox ümid bəslədiyimiz mahnıları naşı ifaçılar korlayırlar. Musiqi naşı əllərdə qorxulu olur. Çünki onunla gözəl şeylər də təbliğ edə bilərsən, xalqın zövqünü korlaya da bilərsən.

- Jurnalistika ixtisası üzrə təhsil almısınız və uzun müddət bu sahədə fəaliyyət göstərmisiniz. Sonra niyə davam etmədiniz?
- Sovet dövründə ən populyar müəllif proqramlarının aparıcısı olmuşam. “Ömrün ayları” proqramına hamı həsrətlə, sevgi ilə baxırdı. Amma sonra bu sahədən uzaqlaşdım və düşünürəm ki, doğru qərar vermişəm. Hər dövrün öz tələbi var və mən bu günün standartları ilə uyğunlaşa bilmərəm.

- Baba müəllim, nə qədər həyata müsbət yöndən baxsanız da, yəqin ki, bir yaradıcı insan, ziyalı kimi, cəmiyyətdə sizi narahat edən məsələlər var. Əlinizdə olsaydı, nəyi dəyişmək istəyərdiniz?

- Eyni sualı ayrı-ayrı insanlara ünvanlasanız, tamamilə müxtəlif cavablar eşidərsiniz. Kamil olan və olmayan insan arasındakı fərq də bu zaman ortaya çıxır. Məsələn, biri deyər ki, dolanışığımız yaxşı deyil, hər gün ət yeyə bilmirik. Digəri “JEK” müdirindən şikayətlənər. Təbii ki, bunlar xırda məişət problemləridir. Vaqif Səmədoğlu müsahibələrinin birində şairlərin həmişə müxalifətdə olduğunu demişdi. Mən də bu fikirdəyəm. Amma biz “JEK”lə, hansısa nazirliyin şöbə müdiri ilə yox, Allahla, qlobal istiləşmə ilə, dünya güclərinin savaşı ilə və s. müxalifik. Yazarlar, fikir, düşüncə adamları daha qlobal məsələlərə görə narahat olurlar. Məsələn, mən insanların tədricən bir-birinə biganə olmasından, kitabdan, deməli, həm də mədəniyyətdən, intellektdən, kamillikdən uzaqlaşmasından nigaranam. Bəxtiyar Vahabzadənin məşhur iki misrası var: “Qorxuram dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə...” Mən də insanlığın ölməsindən narahatam. Təbiətin simasını dəyişməsindən, tədricən geni dəyişdirilməmiş məhsullar tapmayacağımızdan ehtiyatlanıram. Məsələn, artıq bazarda uşaq vaxtı yediyim şaftalıdan tapa bilmirəm, bir azdan təbii meyvələrin görüntüsünü, dadını unudacağıq. Gündəlik məişət məsələləri, xırda problemlər gec-tez düzələcək. Yadınızdadırsa, 1990-cı illərin əvvəllərində ölkəmizdə ciddi xaos hökm sürürdü. Tədricən hər şey yoluna düşdü. Amma qeyd edilən problemlər ildən-ilə böyüyür və onların qarşısını almaq mümkün deyil.

- Şeirlərinizin əksəriyyətinin mövzusu sevgidir. Bu əsərlərin real qəhrəmanı varmı?

- Həmin şeirlərdə bütün qadınlardan zərrə var. Amma heç birində konkret bir insan tərənnüm olunmayıb. Çünki real qadın, hətta dünya gözəli belə olsa, ədəbiyyatın yox, jurnalistikanın, publisistikanın subyekti ola bilər. Əgər sevgiyə əllə toxuna bilirsənsə, gözlə görürsənsə, bədəninlə hiss edirsənsə, artıq o, sevgi deyil. Sevgi əlçatmaz olanda qiymətlidir. Mənim sevgi subyektimin ayağı yerdə ola bilməz. O sevgi böyükdür ki, onun həsrətindəsən, ona toxuna bilmirsən. Şeirlərimdə təsvir olunan, vəsf edilən qadın, sevgili ilahi varlıqdır, Allah kimi. Ona doğru ömür boyu yol gedirsən. Sevgiyə qovuşmaq istəyirsən, amma mümkün olmur. Yəni biz sevgini hər yerdə görürük, hiss edirik, duyuruq, tərənnüm edirik, ona doğru can atırıq. Amma heç vaxt can atdığımız ilahi mərhələyə yüksələ bilmirik. Və nə yaxşı ki, bunu bacarmırıq.

- Yaxşı ki?
- Bəli. İnsan sevgiyə çatırsa, artıq o sevgi deyil. Dillərdə dastan olan sevgilərin heç birinin sonu vüsalla bitmir.

- Əgər tərənnüm etdiyiniz ilahi sevgiyə qovuşmaq, o mərhələni fəth etmək mümkün deyilsə, niyə insanlar bunu bilə-bilə əsrlərdir onun ardınca sürüklənir, bu haqda saysız-hesabsız əsərlər yaranır?
- İnsan çox şeyi bilir, amma dərk etmir. Bilməklə dərk etmək fərqli anlayışlardır. Məsələn, insan bir gün öləcəyini, torpağa özü ilə bir çöp də aparmayacağını bilir. Buna baxmayaraq, daim qurur, yaradır, gələcək üçün planlar cızır, əlindən gəldiyi qədər çox var-dövlət yığmağa çalışır və s. Deməli, ölümü dərk etmir. Bu mənada, biz çox şeyi bilirik, amma dərk etmirik.

- Belə anladım ki, siz də real sevgiyə qovuşmamısınız?
- Bizim yaşadıqlarımız sevgi deyil. Mən onlara münasibət deyirəm.

- İlk məhəbbət haqqında deyilənlər də yalandır?
- Nağıldır. İlk məhəbbət deyilən bir şeyin reallıqla əlaqəsi yoxdur. Onları biz uydurmuşuq və həmin nağıllara inanmağa çalışmışıq. O nağıllar olmasa, insan həyatı, “Nəsimi” filmində deyildiyi kimi, digər canlı məxluqatın həyatından heç nə ilə seçilməz, mənasız olar. Amma o nağıllara inana-inana mənalı, zövqlə yaşayırıq. Primitiv, sadə, uşaqların belə inana bilməyəcəyi nağıllara özümüzü inandırmaq istəyirik. Çünki bunsuz həyat çox boz olardı. Nağıllar mütləq lazımdır.

- Sizin yozumunuzla desək, hər kəsin uydurduğu bir ilk məhəbbət nağılı, xatirəsi var. Yəqin ki, sizin də...

- İlk məhəbbət deyəndə, konkret bir insan, onun siması, adı ağlıma gəlmir. İsmayıllıda çox sərt keçən qış fəsli, kənd məktəbinin darısqal sinif otağı və həmin otaqda məndən ön partada oturan qızın şaxtadan çatlamış əlləri, mürəkkəbə bulaşmış barmaqları yadıma düşür. İlk sevgi məktubu deyəndə də o qızın balaca barmaqları ilə yazılmış, ana dili kitabının arasında mənə verdiyi məktubu xatırlayıram. Məktubda da bircə cümlə: “Bu gün dərsə niyə gecikdin?” Bunun real sevgi ilə nə əlaqəsi var?! Sadəcə, özümüzü inandırdığımız nağıldır. Amma bizim həyatımızın mənalı olması üçün o nağıl çox gözəldir.

- Şeirlərinizə əsasən romantik insan olduğunuzu düşünürdüm, amma...

- Realist və praqmatikəm. Amma mən ona görə xoşbəxtəm ki, günün 24 saatını realist ola bilmirəm. Ümumiyyətlə, yaradıcı insanlar ikili həyat sürürlər. Burada oturub sizinlə söhbət edən insanla yazı masası arxasındakı Baba Vəziroğlu bir-birindən tamamilə fərqlənir. Mən indi real həyatdayam, orada isə günahkar torpaqla əlaqələrimi üzürəm. Yaradıcılıq prosesində başqa bir aləmə düşürəm. O aləmdə valideynlərim hələ sağdır, dünyanın ən gözəl müəllimləri mənə dərs deyir. Orada daha xoşbəxtəm və, ən əsası, özüməm. Real həyatda bizi xoşbəxt edəcək heç nə yoxdur, axı. İş, məişət qayğıları, problemlər və s.

- Deyirlər ki, yaradıcı insanlarla ömür sürmək çətindir. Sizcə də bu belədir?
- Bunu deyənlərin yaradıcı insanların həyat mətbəxindən xəbəri yoxdur. Məsələn, şair ancaq iş prosesində yaradıcılıqla məşğuldur. Qalan bütün zamanlarda həm də ərdir, valideyndir, hətta millət vəkilidir, nazirdir, haradasa müəllimdir, həkimdir... Yəni o da hamı kimi bu cəmiyyətin bir üzvüdür. Əslində, yaradıcı insanlar ailədə çox sakit olurlar. Onlar xırda məişət detallarına varmazlar, çox qayğı tələb etməzlər. Məişət üstünlüklərindən özünü göstərmək üçün istifadə etməzlər, əksər hallarda dəb, geyim həvəskarı olmazlar. Çünki dərk edirlər ki, bir insan digərindən yalnız elminə, savadına görə üstün ola bilər.

- Deyirlər ki, qadınlar qulaqları ilə sevirlər. Bu baxımdan, söz ustası olanların qadınlarını daha şanslı saymaq olarmı?
- İlkin mərhələdə şanslı sayılırlar. Qadınlar romantikaya daha çox meyillidirlər və buna görə həmin dövrdə affekt vəziyyətə düşürlər. Həm də birdən-birə hamının tanıdığı, sevdiyi insanla ailə qurduqları üçün heyranlıq hissləri olur. Sonradan isə hər şey adiləşir. Hamıda olduğu kimi. Kobud səslənsə də, “məhəbbətin ömrü nikah masasının kandarına kimidir” fikrində həqiqət var. Çünki tədricən məişət qayğıları, gündəlik problemlər insanı romantikadan da, heyranlıqdan da, qəribə ovqatdan da ayırır.

- Müsahibələrinizdən birində qeyd edirsiniz ki, qadının missiyası öz ocağını qoruması və övlad yetişdirməsidir. Bu fikrinizlə əks cinsin nümayəndələrini özünüzdən narazı salmırsınız ki?
- Qətiyyən. Mən təbiətin əzəl yaradılış prinsiplərinə dayanaraq deyirəm ki, Allah insanı qadın və kişi olaraq yaradıb və hərəsinin öz missiyasını müəyyənləşdirib. Min illər keçməsinə baxmayaraq, yenə o prinsiplər, əzəli missiyalar olduğu kimi qalır. Onlar, sadəcə, elmi-texniki inkişaf hesabına formasını dəyişib. Uşağı yenə qadın doğur. Buna görə deyirəm ki, qadın gərək birinci növbədə əzəli missiyasını yerinə yetirsin, sonra istədiyini etsin. İstər millət vəkili olsun, istərsə də müğənni. Amma “mən filan yerdə işləyirəm, filan vəzifədəyəm” deyib, uşağına baxmırsa, tərbiyəsi ilə məşğul olmursa və buna bəraət qazandırırsa, bu, bağışlanmazdır. Əgər qadının işləməsi və özünə vaxt ayırması övladının tərbiyəsinə, ocağının yanmasına zərər gətirmirsə, onda bunu etmək olar. Əsas missiyasını unudaraq həyatını sürən qadını onun təyinatını yazan Tanrı bağışlamaz. Hətta bəzi qadınlarımız kişilərin missiyasını da öz üzərlərinə götürməyə çalışırlar. Bu zaman biz təbiətə, onun qanunlarına asi çıxmış oluruq. Qadın qadın kimi olanda gözəldir, kişiyə bənzəyəndə eybəcərləşir. Bunları nəzərə almayıb, müxtəlif kampaniyalara, konyunkturlara uyan insanları sevmirəm.
Mən bunları nəzərdə tutub o fikri demişəm. Yoxsa, illərdir qadınları vəsf edən adam necə başqa cür düşünə bilər?!

- Bağışlamağı bacarırsınız?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Elə şeylər var ki, bağışlayarsan. O şeyləri Allah da bağışlayar. Amma elə şeylər var ki, onları nə Allah, nə bəndə bağışlayar. İnsan təməl prinsiplərə - əqidəyə, Vətənə, yaradana, özünə xəyanət edən adamı necə bağışlaya bilər? Mümkün deyil. Məncə Allah da Vətənini satanı, yolunu azanı, əqidəsini hər gün dəyişəni sevmir, bağışlamır. Mən də bağışlamaram. Əgər hər şeyi bağışlasan, görməzdən gəlsən, heç bir insani dəyər qalmaz.

- Bir az da ata Baba Vəziroğludan danışaq...
- İki böyük qızım, iki qız nəvəm və ikinci sinfə gedən oğlum var. Qızlarımdan biri ailəlidir, o biri Türkiyədə yaşayır. Qayğıkeş ata olduğumu düşünürəm və mən də o fikirdəyəm ki, qızlar atalarını daha çox sevirlər. Bəlkə də oğlum yanımda yaşadığı üçün, bəlkə də yaşının azlığından atanın necə böyük sərvət olduğunu dərk etmir. Mən bu yaşımda da atasızlığı hiss edirəm. Ədəbi təxəllüs kimi atamın adını götürmüşəm ki, heç olmasa, mənim üçün etdiklərinin cüzi bir hissəsini qaytarım. Onun adı gündə bir neçə dəfə xoş məramla səslənsin. Həyatımın məramı iki adı doğrultmaqdır. Müqəddəs Baba dağının adını, bir də atamın. Çox ucalda bilməsəm də, heç olmasa yaşatmağa çalışıram.

- Atanın böyük sərvət olduğunu dediniz. Bu sərvəti övladlarınız üçün uzun illər qorumaq, yaşatmaq naminə sağlamlığınıza diqqət edirsinizmi?
- Doğrusu, sağlamlığımla bağlı ciddi şikayətim yoxdur. Ümumiyyətlə, elə insanlar var ki, nə vaxt hal-əhval tutsan, deyir “ağrıyıram, ölürəm”. Hətta bəziləri həkimə ona görə gedir ki, onda xəstəlik tapsın. Bu cür vasvasılıq bir şey deyil. Mən belə insan deyiləm. Bu, pessimist adamların işidir. Amma sağlamlığıma qarşı biganə də deyiləm. Nə gəldi yemirəm. Xaraktercə təbii insan olduğum üçün qadının da, heyvanın da, qidanın da təbiisini sevirəm. Məsələn, nə qədər heyvansevər olsam da, şəhər itlərini xoşlamıram. İsmayıllıda bağ evimdəki heç bir təlimi, bicliyi olmayan, doğmalarına mehribanlıq göstərən, yad adamlara hürən iti sevirəm. İnsan da süni oldusa, onunla ikinci dəfə görüşməyi arzulamıram. Riyakar adamlarla oturub-durmuram. Ondansa kitab oxuyaram. Ona görə də dar çevrəm var.
Qidanın da təbiisinə üstünlük verirəm. İndiyədək mağazada hazır satılan heç bir şirniyyatı yeməmişəm, qablaşdırılan suları qəbul etməmişəm. Ancaq bulaq suyu içirəm. Bunu prinsipial olaraq etmirəm. Xislətimdə təbiilik var deyə, süni heç nə məni çəkmir. Bir də qırmızı əti, təbii dadlı yeməkləri çox sevirəm.
Bəlkə də bu səbəbdən ruhumu, mənəviyyatımı, orqanizmimi sağlam saxlamağı bacarmışam.

- Bəs, zərərli vərdişləriniz varmı?

- Heç bir zərərli vərdişin aludəçisi deyiləm. Düzdür, gənclik illərində çox siqaret çəkirdim, amma sonra atdım. O dövrdə içkini də bir az artıq içirdim. Çevrəm elə idi ki, istər-istəməz oyunun qaydalarına uyurdum. Sonra işlədikcə, onlardan uzaqlaşdım. Hərdən yaxşı məclis olanda siqar çəkirəm. Sükan arxasındayamsa, heç vaxt, adi vaxtlarda isə həddini bilərək içirəm.

- Sonda həkimlərə arzularınız...
- Həkimlər mənim dostlarımdır. Onlarla ünsiyyətdə olmağı, söhbət etməyi xoşlayıram, amma pasiyentləri olmağı yox. Həkimlərə də arzulayıram ki, heç vaxt bir-birlərinin pasiyenti olmasınlar.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova