Valyuta.com

Səhiyyə Nazirliyində 2018-ci ilin yekunları müzakirə edildi

Səhiyyə Nazirliyində 2018-ci ilin yekunları müzakirə edildi

Dekabrın 28-də Səhiyyə Nazirliyində 2018-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Tədbirdə il ərzində səhiyyə sahəsində görülmüş işlər və əldə edilən nəticələr barədə məruzələr dinlənildi.
Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çıxış etdi. O, Prezident İlham Əliyevin düşünülmüş, sosial yönümlü siyasətinin məntiqi nəticəsi olaraq son illər səhiyyəmizin davamlı inkişaf etdiyini, maddi-texniki bazasının gücləndirildiyini, yeni tibb ocaqlarının tikildiyini dedi. G.Poladov 2018-ci ildə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun, Respublika Narkoloji Mərkəzinin, Naftalan və Quba mərkəzi xəstəxanalarının əsaslı təmir-tikinti işlərindən sonra əhalinin istifadəsinə verildiyini, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzinin, Qobustan, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarının isə 2019-cu ilin ilk aylarında açılışa hazırlandığını vurğuladı. Maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı, tibb müəssisələrinin yüksək ixtisaslı kadrlarla təminatı sahəsində də əhəmiyyətli tədbirlər görüldüyünü söylədi.
Şöbə müdiri il ərzində 18 yaşdan yuxarı ölkə əhalisinin 77,4 faizinin, uşaqların isə 90 faizdən çoxunun tibbi müayinələrdən keçirildiyini bildirdi. O, 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət olduğunu, 727 min xəstənin stasionar müalicə keçdiyini, 9 minə yaxın insanın reabilitasiya və sanator xidmətlərindən istifadə etdiyini söylədi.
Bu gün ölkəmizdə bir sıra ağır xəstəliklərin müalicə olunduğunu, mürəkkəb əməliyyatların, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatlarının aparıldığını qeyd edən natiq ilin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürüldüyünü, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparıldığını söylədi: “Cari ildə 2 nəfər kəskin leykoz, 10 nəfər böyük beta-talassemiya xəstəsinə sümük iliyi transplantasiyası uğurla həyata keçirilib. 246-sı uşaq olmaqla, 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub. 1686 nəfər angioqrafiya müayinəsindən keçirilmiş xəstədən 633-nə angioplastika əməliyyatı edilib. Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaq üzərində koxlear implantasiya əməliyyatı uğurla aparılıb. Ümumilikdə, 2018-ci ildə 280 mindən çox xəstə üzərində müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib”.
G.Poladov son 4 ildə Səhiyyə Nazirliyinin nəzdində Viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiyanın fəaliyyət göstərdiyini, buraya müraciət edən 9561 xəstədən 6622-nə dövlət hesabına uzunmüddətli, bahalı müalicə kursu təyin edildiyini dedi.
Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolunu vurğulayan şöbə müdiri bildirdi ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır: “Bunun nəticəsidir ki, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib. Əgər 2014-cü ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarlarına keçid nəzərə alınmaqla, bu rəqəm 11,0 promille təşkil edib. Bu günə qədər 1000 qram və daha az çəki ilə doğulmuş 353 körpədən 126-sı xilas edilib.
2017-ci ildə 21 ana ölümü qeydə alındığı halda, cari ildə bu rəqəm 17 olub.
Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı da ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2018-ci ildə bu rəqəm 38 tona qədərdir. Hazırda tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
Azərbaycanda talassemiyanın profilaktikası istiqamətində konkret tədbir kimi, il ərzində nikaha girməyə hazırlaşan 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3842 talassemiya daşıyıcısı, 350 nəfərdə sifilis, 152 nəfərdə İİV infeksiyası aşkar edilib. Hər ikisi talassemiyalı 55 cütlükdə hamilə olan qadınlardan götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə, 16 sağlam, 27 daşıyıcı, 12 xəstə döl aşkarlanıb. Dölün xəstə olduğu müəyyən edilmiş qadınlara hamiləliyin pozulması məsləhət görülüb və həyata keçirilib.
Bu gün ölkəmizdə 1621 hemofiliyalı xəstə qeydiyyatdadır. Tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat sayəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına, bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.
Əvvəllər mütləq ölümlə nəticələnən bədxassəli qan xəstəliklərindən əziyyət çəkən 1100-dən artıq xəstə hazırda dövlət hesabına innovasion preparatlarla təmin edilir. Beləliklə də, belə xəstələrin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub.
Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri də xroniki böyrək çatışmazlığı idi. İndi belə insanların hemodializ müalicəsi məsələsi öz həllini tapıb. Belə ki, şəhər və rayonlarımızda fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Həmçinin indi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli, çox bahalı dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Bu, həmin xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaradıb.
Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. Ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. İl ərzində virusun anadan uşağa ötürülməsi halı qeydə alınmayıb”.
Səhiyyə Nazirliyinin digər dövlət qurumlarına aid bəzi dövlət proqramlarının icrasında da iştirak etdiyini diqqətə çatdıran şöbə müdiri ilk növbədə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndən danışdı, bildirdi ki, bu sənədin “Tədbirlər planı”nda “İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması” nəzərdə tutulur: “Artıq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”,“Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi”, “Vahid Qan Bankı Sistemi”, “Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi”, “Tibbi Müayinə Kartı Sistemi”, “Vahid Elektron Tibb Kitabxanası Sistemi”, yenidoğulmuş uşaqlara fərdi identifikasiya nömrəsinin verilməsi, “Davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası üçün müraciət” elektron xidmətləri ölkə üzrə tətbiq edilir. Bununla yanaşı, hazırda Bakıda “Nümunəvi Tibbi İnformasiya Sistemi”, “Mərkəzləşdirilmiş Laboratoriya Sistemi”, Səhiyyə Nazirliyinin və Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarının “103” və “113” dispetçer xidmətlərinin avtomatlaşdırılmış sistemləri tətbiq olunur.
Bakı və Sumqayıt şəhərlərinin 10 böyük xəstəxanası və Səhiyyə Nazirliyi arasında optik kommunikasiya xətti çəkilib və Mərkəzləşdirilmiş PACS, yəni görüntülərin arxivlənməsi və ötürülməsi sistemi tətbiq edilib. Hazırda bu xəstəxanalarda KT, MRT, rentgen və s. görüntülər vahid mərkəzləşmiş məlumat bazasına toplanır və radioloqların onlara çıxışı təmin olunur.
Əlamətdar haldır ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron Hökumət” portalına inteqrasiyası da təmin edilib.
Səhiyyə Nazirliyi qarşısında vəzifələr qoyan sənədlərdən biri də “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir. Bununla bağlı Nazirlikdə yaradılmış işçi qrupu tərəfindən ölkə əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb. Sənəd razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndərilib. Hazırda dövlət qurumlarından daxil olmuş təkliflər əsasında sənəd layihəsində müvafiq dəyişikliklər aparılır.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə sağlamlıq turizmi baxımından ölkəmizdə həm ənənəvi, həm də müasir müalicə imkanlarının mövcud olduğu bildirilir. Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması”, “Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” məqsədi ilə təkliflər hazırlanıb”.
G.Poladov dövlət başçısının müvafiq sərəncamları ilə icbari tibbi sığortanın ölkə ərazisində tətbiqi ilə bağlı yeni maliyyələşdirmə və ödəniş mexanizmlərinin yaradılmasının, səhiyyə müəssisələrinin həmin mexanizmlər çərçivəsində fəaliyyətinə hazırlıq işlərinin aparılmasının nazirliyin diqqət mərkəzində olduğunu bildirdi. O, “Azərbaycan Respublikasında Səhiyyə sisteminin inkişafına dair 2019-2025-ci illər üçün strategiya” hazırlandığını, icbari tibbi sığortaya keçidlə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən görülməsi tələb olunan prioritet istiqamətlərin müəyyənləşdirildiyini, il ərzində çarpayı fondunun və ştatların optimallaşdırılması, tibbi xidmətlərin regionlaşdırılması, elektron reseptlərə keçidin sürətləndirilməsi ilə bağlı ciddi addımlar atıldığını vurğuladı. Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi məqsədilə hazırlıq işlərinin tamamlandığını və keçid üzrə təqvim hazırlandığını diqqətə çatdırdı.
Şöbə müdiri ilkin səhiyyə sistemi səviyyəsində həkim və orta tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İlkin səhiyyə xidmətinin göstərilməsi Qaydaları”nın hazırlandığını da dedi. Qaydalarda ailə həkimi ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetirildiyini, Azərbaycan Tibb Universitetinin nəzdində yaradılmış “Səhiyyə menecmenti üzrə” magistraturaya tələbə qəbulu üçün normativ sənədlərin, o cümlədən tədris planının tərtib edildiyini bildirdi.
Gülmirzə Poladov icbari tibbi sığortanın tətbiqi ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin inkişaf etdirilməsi məqsədilə bir çox xarici ölkələrin təcrübəsinin öyrənildiyini və “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Nizamnaməsi”nin hazırlandığını vurğuladı.
Natiq hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 75 minə yaxın müraciət daxil olduğunu, onların əksər hissəsinin yerindəcə öz həllini tapdığını dedi. Müraciətlərin cəmi 6 faizdən də azı şikayət xarakterli olduğunu, minnətdarlıq məktublarının sayında isə ötən illə müqayisədə ciddi artım qeydə alındığını vurğuladı. Dövlət başçısının tapşırığı ilə səhiyyə naziri tərəfindən bu il 12 regionda vətəndaşların qəbulunun təşkil olunduğunu, müraciət edən hər bir vətəndaşın dinlənildiyini və müvafiq tədbirlər görüldüyünü söylədi.
G.Poladov hesabat ilində Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin həyata keçirilən layihələri, baş verən pozitiv dəyişiklikləri cəmiyyətə çatdırmaq məqsədilə bütün vasitə və imkanlardan uğurla istifadə etdiyini dedi. 2018-ci il ərzində 100-dən çox mətbuat konfransı və dəyirmi masaların təşkil olunduğunu, Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində keçirilən görüşləri, tibb müəssisələrinin fəaliyyətini əks etdirən məqalə, video və reportajlarla bağlı 400-dən artıq məlumat yerləşdirildiyini diqqətə çatdırdı.
Çıxışının sonunda natiq dövlət başçısının siyasətini daim dəstəkləyən tibb işçilərinin qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini vurğuladı.
Sonra çıxış edən Kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova bu il də rezidentura təhsilinin təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyini dedi. Cari ildə rezidenturanı bitirən mütəxəssislərin təyinatında 364 nəfərin iştirak etdiyini, onlardan 125 nəfərinin bölgələrə işə qəbul üçün göndərildiyini bildirdi. Eyni zamanda, həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 299 mütəxəssisin işlə təmin edildiyini, onlardan 175 nəfərin bölgələrdə yerləşən səhiyyə müəssisələrinin vakant vəzifələrinə qəbul olunduqlarını dedi.
S.Rüstəmova tibb işçilərinin bilik və bacarıqlarının daim yüksəldilməsi məqsədilə və beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə həkimlərin davamlı tibbi təhsili (DTT) sisteminin tətbiq edildiyini, cari ildən həkimlərin öz təhsil fəaliyyətlərini planlaşdırmaq və hesabat vermək üçün DTT üzrə şəxsi elektron kabinetlərindən istifadə etdiklərini diqqətə çatdırdı. Davamlı tibbi təhsilin tətbiqi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən keçirilən təkmilləşdirmə kurslarına tələbatın artdığını vurğulayan natiq cari tədris ilinin yalnız sentyabr-dekabr aylarında 6000 həkimin kurslardan keçdiyini bildirdi. Həmçinin distant portalın inkişaf etdirildiyini, distant kurs keçmiş həkimlərin sayının 2000-ə çatdığını söylədi.
İclasda çıxış edən K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev bildirdi ki, Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə 2006-cı ildən başlayan fəaliyyət, əldə edilən nəticələr bu ildə də səhiyyənin prioriteti olaraq davam etdirildi. O qeyd etdi ki, 2018-ci ilin 11 ayı ərzində ölkəmizdə 119 769 nəfər uşaq dünyaya gəlib, 2017-ci ilin müvafiq dövrü üçün isə bu göstərici 126 693 nəfər təşkil edib. Onun sözlərinə görə uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən davamlı, kompleks tədbirlər nəticəsində uşaq ölümü göstəricisi müstəqilliyimizin ilk illərindən 2014-cü ilin sonuna qədər olan müddətdə 3 dəfəyə qədər azalıb, yəni 29,5 promilledən 10,2 promilleyə düşüb: “Ölkəmizdə diridoğulmanın yeni beynəlxalq meyarlarına keçidlə əlaqədar 2015-2016-cı illərdə bu göstəricidə 12,2 promilleyə qədər artım müşahidə olunub. Son 2 ildə isə biz 1,2 promille azalmaya nail olmuşuq. Lakin bu da hələ qənaətbəxş deyil”. Natiq 2017-ci ilin oktyabr ayında Səhiyyə Nazirliyinin əmri ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı”na uyğun olaraq görülən işlər barədə danışdı. Həmçinin risk qrupuna aid olan hamilə qadınlar haqqında informasiyaların, onların sağlamlıq vəziyyətinin araşdırılması və operativ tədbirlərin görülməsi ilə bağlı məlumat verdi: “Hamiləlik registri təkmilləşdirilərək, riskli hamiləliklər barədə operativ məlumatlar alınıb və təhlil olunub. Tədbirlər planı çərçivəsində yenidoğulanlar arasında qismən tez-tez rast gəlinən fenilketonuriya, hipotireoz, mukovissidoz, adrenogenital sindrom, qlikogenoz kimi irsi xəstəliklərin erkən diaqnostikasını təmin etmək məqsədilə neonatal skrininq proqramının pilot layihəsi hazırlanıb, skrininq üçün avadanlıq sifariş olunub”.
Direktor il ərzində uşaqların icbari dispanserizasiyasının keyfiyyətini artırmaq məqsədilə ET Pediatriya İnstitutunun əməkdaşlarından ibarət həkim briqadalarının 37 bölgədə monitorinqlər keçirdiyini və yerlərdə metodik yardım göstərdiyini bildirdi. O, ana südü ilə qidalanmanın kütləviliyini təmin etmək məqsədilə təbii qidalanma üzrə klinik protokolların hazırlandığını, eyni zamanda, doğum evlərində uşaqların qidalandırılması ilə bağlı monitorinqlərə başlandığını dedi. Kompleks tədbirlərin bu gün də davam etdirildiyini vurğulayan N.Quliyev əsas hədəfin ölkəmizdə uşaq ölümü göstəricisini yaxın bir-iki il ərzində inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə çatdırmaqdan ibarət olduğunu söylədi.
Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə 2016-2020-ci illər üçün Şəkərli diabet üzrə Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər barədə məlumat verdi: “2018-ci ilin əvvəlinə ölkəmizdə 243 226 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub. Onlardan 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir. İnsulin tələb edən xəstələrin 1600 nəfəri 18 yaşa qədər olan uşaqlardır. Qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib. Şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb. Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.
Y.İsmizadə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, 2019-cu ildə daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını dedi. Şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün mütəmadi olaraq yay düşərgələrinin təşkil olunduğunu vurğuladı.
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Mirələm Cəlalov cari ildə Səhiyyə Nazirliyi tərəfindən TTTYS üçün ayrılmış binanın yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verildiyini, əhalidən və tibb müəssisələrindən gələn çağırışların yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması, tibbi xidmətin yaxşılaşdırılması məqsədilə “113” dispetçer mərkəzində yenidənqurma işləri aparıldığını diqqətə çatdırdı. Artıq çağırışlara qəbulun qeydiyyatının müasir proqram vasitəsilə həyata keçirildiyini dedi. O, telesəhiyyə texnologiyaları tətbiq olunandan indiyə qədər məsafədən videobağlantı vasitəsilə 800-ə qədər videomüraciətin cavablandırıldığını, xəstələrə vaxtında və lazımi məsləhətlər verildiyini bildirdi. 2018-ci ildə daxil olan bütün çağırışların 34 faizinin yeni texnologiyalar vasitəsilə cavablandırıldığını, bunun həm vaxt, həm də maddi resurslara qənaət imkanı yaratdığını bildirdi. 2018-ci ildə stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2710 nəfərə tibbi xidmət göstərdiyini vurğulayan M.Cəlalov o cümlədən yol-nəqliyyat hadisələri və digər fövqəladə hallarla bağlı 2000-ə yaxın pasiyentə tibbi yardım edildiyini, onlardan 73 faizinin hospitalizasiya olunduğunu söylədi: “Keçən illə müqayisədə hadisələrin sayında 7 faiz, hospitalizasiya olunanların sayında 10 faiz artım olmasına baxmayaraq, letallıq 2 faiz azalıb. Hesabat ili ərzində çağırışlar zamanı 800-ə yaxın xəstəyə lazımi məsləhətlər və təyinatlar verilib. Baxılmış xəstələrin 30 faizə qədəri Bakıya və digər şəhərlərə köçürülüb. Ötən illə müqayisədə köçürülmələrdə 7 faiz azalma müşahidə edilib. Həmçinin il ərzində 84 kritik vəziyyətdə olan hamilə qadından 24-ü Bakıya və digər regionlara köçürülüb”.
İclasda çıxış edən Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova uşaq və yeniyetmələrə psixi sağlamlıq sahəsində xidmət göstərilməsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu qeyd etdi: “Son illərə qədər ölkəmizin bölgələrində yaşayan və psixi sağlamlıqla bağlı problemi olan uşaqlar yaşayış yeri üzrə xidmət ala bilmirdilər. Səhiyyə Nazirliyinin regionlarda uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə əmrinə əsasən, 2016-cı ildən etibarən bölgələrdə uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb. İlkin mərhələdə Heydər Əliyev Fondunun nümayəndələrinin iştirakı ilə Lənkəranda pilot layihə həyata keçirilib, daha sonra Sumqayıt, Gəncə, Quba, Şirvan və Şamaxıda Uşaq Psixi Sağlamlıq bölmələri fəaliyyətə başlayıb. Növbəti mərhələdə xidmətlər genişləndirilib, Zaqatala, Şəki, Masallı, Kürdəmir və Abşeronda bölmələr fəaliyyətə hazırlanıb. Mərkəzin tərkibində ilk Uşaq reabilitasiya şöbəsinin yaradılması psixi sağlamlıq sistemi üçün böyük töhfə olub. Bu il eyni zamanda ABŞ-ın Harvard Universitetinin aparıcı mütəxəssisləri tərəfindən uşaqların psixi sağlamlığı, UNİCEF tərəfindən isə uşaq sağlamlıq problemlərinin aşkar edilməsi və erkən müdaxilə məsələlərinə dair seminar və treninqlər keçirilib”. G.Musabəyova psixi sağlamlıq üzrə uşaq şöbələrinin təşkili zamanı müəyyən problemlərlə qarşılaşdıqlarını, əsas problemin kadr çatışmazlığı olduğunu dilə gətirdi. O, psixoloji yardım haqqında yeni qanunun gələcəkdə fəaliyyət üçün geniş perspektivlər açacağını vurğuladı, yaxın zamanlarda böyüklər üçün də regional psixi sağlamlıq bölmələrinin yaradılmasıının əhəmiyyətini qeyd etdi.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına dair çıxış etdi. Nazir Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə səhiyyəmizin ilbəil inkişaf etdiyini diqqətə çatdırdı. Yüzlərlə tibb müəssisəsinin yenidən tikildiyini və ya əsaslı təmir edildiyini xatırladan nazir bu tibb ocaqlarının əksəriyyətinin açılış mərasimində dövlət başçısının şəxsən iştirakından böyük şərəf hissi duyduğunu dilə gətirdi. O bu gün nəinki Bakı şəhərində, hətta regionlarda, ən ucqar yerlərdə də əhaliyə bütün lazımi təchizatı olan, “Mercedes” markalı müasir təcili yardım maşınlarının xidmət göstərdiyini dedi. Bildirdi ki, Səhiyyə Nazirliyinin TTTYS-nın nəzdində regional məntəqələrin yaradılması ilə yol qəzaları və ya hər hansı digər fövqəladə hallar zamanı tibbi yardım xidmətinin qısa müddətdə lazımi məkana çatması mümkün olub. O.Şirəliyev ötən illər ərzində xəstələrin qida probleminin də tamamilə aradan qaldırıldığını, qida təminatının mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini qeyd etdi.
Səhiyyə naziri rezidentura təhsil sisteminə keçidi, mərkəzləşdirilmiş işə qəbulu, həkimlərin attestasiyasını və digər məsələləri kadr siyasəti və tibb təhsili sahəsində aparılan islahatların nəticəsi kimi dəyərləndirdi. Bu yolla regionlarda həkim çatışmazlığı probleminin də tədricən həll edildiyini bildirdi. Hazırda tibb ocaqlarımızda xaricdə təhsil almış və ya müxtəlif kurslarda iştirak edib qayıtmış minlərlə gənc mütəxəssisin fəaliyyət göstərməsini müsbət hal kimi qiymətləndirdi: “Bunun nəticəsidir ki, Azərbaycanda orqan transplantologiyası uzun illər sonra yenidən bərpa olundu və hazırda bu mütəxəssislərimiz tərəfindən gündəlik praktika kimi həyata keçirilir. Təkcə bir ildə ölkəmizdə 900 nəfərə qaraciyər və ya böyrək köçürülüb. Onlar dövlət tərəfindən lazımi preparatlarla təmin olunurlar. İndi nəinki Bakıda, regionlarda da açıq ürək əməliyyatları aparılır. Uşaqlarda ürək qüsurlarının aradan qaldırılması ilə bağlı çətinliklərimiz də aradan qalxıb.
Bütün bunlar bizim gözümüzün qarşısında baş verib və bu inkişaf tendensiyası beynəlxalq qurumlarda da daim qeyd olunur. Son illər Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru dəfələrlə Azərbaycana gəlib və səhiyyə sahəsində görülən böyük işləri dəstəkləyib. Bu il yeni seçilmiş ÜST direktoru da ilk səfərini Azərbaycana etdi, ölkə başçısı ilə görüşdü. Bu, beynəlxalq qurumlarda Prezident İlham Əliyevin nüfuzunun, ona olan münasibətin göstəricisidir”.
O.Şirəliyev səhiyyənin ən prioritet istiqamətlərinə dair qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsini, bu proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini də vurğuladı.
Nazir epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını söylədi. Uşaqların 11 adda vaksinlə dövlət tərəfindən təmin edildiyini dedi.
“Bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi. Son nəticələrə görə indi bu göstəricilər – həm ilkin, həm də təkrar xəstələnmələr - 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”, - deyə O.Şirəliyev bildirdi.
Nazir bu il əlilliklə bağlı narazılıqların aradan qaldırılması üçün işlər görüldüyünü vurğuladı. O.Şirəliyev Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyasının yaradıldığını, araşdırmalar aparıldığını, qeyri-obyektiv yanaşmaların müəyyənləşdirildiyini və ortaya çıxan problemlərin həll olunduğunu dedi.
Onun sözlərinə görə, əgər Səhiyyə Nazirliyinə əvvəllər ancaq şikayət məktubları daxil olurdusa, görülən bu və digər işlərin nəticəsində indi onların təxminən üçdə birini təşəkkür məktubları əvəz edir.
Səhiyyə naziri 2019-cu ilin də səhiyyəmiz üçün çox əhəmiyyətli, vacib il olacağını diqqətə çatdırdı. Dövlət başçısının icbari tibbi sığortanın tətbiqi ilə bağlı Fərmanından irəli gələn tələblərin il ərzində həyata keçirilməsinin zəruriliyini vurğuladı. Səhiyyənin müasir maliyyə mexanizminin olmasının vacibliyini dilə gətirən nazir bu işdə birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi.
O.Şirəliyev qazanılan uğurların ölkə rəhbərinin dəstəyinin, həkimlərin, tibb işçilərinin zəhmətinin bəhrəsi olduğunu bildirdi: “Biz səhiyyənin sabahına ümidlə baxırıq. Şübhəmiz yoxdur ki, səhiyyəmiz daha da inkişaf edəcək”.
Nazir çıxışının sonunda tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Hər kəsə əmin-amanlıq, bol ruzi-bərəkət, xoşbəxtlik arzuladı.
Kollegiya iclasının yekununda səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində fərqlənən tibb işçilərinə Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanını və fəxri fərmanlarını təqdim etdi.
Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə Bakı şəhəri 14 saylı Uşaq Poliklinikasının həkim-uşaq cərrahı Esmira Baxşıyeva, Astara Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Əlövsət Əliyev, Bakı şəhəri 26 saylı Şəhər Poliklinikasının (ŞP) şöbə müdiri Gülşən Quliyeva, Bakı şəhəri 10 saylı ŞP-nın həkim-terapevti Bəyazxanım Nuriyeva, Respublika Perinatal Mərkəzinin şöbə müdiri Məryəm Rzayeva, ET Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Gülnarə Rzayeva, Respublika Müalicə Diaqnostika Mərkəzinin şöbə müdiri Anetta Səfərəliyeva, Bakı şəhəri Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova, Quba RMX-nın baş həkimi Mübariz Zeynalov “Səhiyyə əlaçısı” döş nişanı ilə, Azərbaycan Təbabəti Muzeyinin direktoru Sadatxan Əliyev, Lənkəran RMX-nın baş həkimi Ağabala Kəlbiyev, Qazax rayon Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurov, Respublika Müalicə Diaqnostika Mərkəzinin həkim-uroloqu Rəşad Şolan, Səhiyyə Nazirliyi II şöbənin məsləhətçisi Cahangir Şıxlinski “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edildilər.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Daha çox

Dekabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova