Valyuta.com

Ana südü körpələr üçün çox vacibdir

Ana südü körpələr üçün çox vacibdir

“Qidalanma uşaqların sağlamlığını, onların harmonik, düzgün inkişafını tənzimləyən mühüm amildir. Buna görə o, kəmiyyət və keyfiyyətcə səmərəli olmalı, körpə orqanizminin tələblərini ödəməlidir. Bu cəhətdən ana südü körpələr üçün ən ideal qidadır”. Bu fikirləri K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda keçirilən “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda mətbuat konfransında institutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev səsləndirib.
Yenidoğulmuşların ana südü ilə qidalanmasının genofondun qorunması baxımından da vacibliyini vurğulayan N.Quliyev bunu nəzərə alaraq, qanunvericilikdə də müvafiq maddələrin yer aldığını, orada ana südü ilə qidalanmanın təbliği, uşağını ana südü ilə qidalandıran anaların sosial müdafiəsi, ölkəyə gətirilən, ana südünü əvəz edən süni uşaq qidalarının satışına nəzarətin həyata keçirilməsi kimi məsələlərin təsbit edildiyini söyləyib.
Baş pediatr bildirib ki, bir sıra dünya ölkələrində olduğu kimi, Azərbaycanda da UNICEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir: “Bu tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlüklərini, əmizdirmənin vacibliyini, süni qidaların ana südünə nisbətdə fərqini analara çatdırmaq, habelə ana südü ilə qidalandırmada ananın məsuliyyətini artırmaqdır. Hər bir ana bilməlidir ki, dünyaya göz açan körpəni əmizdirmək onun müqəddəs borcudur. Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda döşlə əmizdirmənin səviyyəsi arzuolunan deyil. Statistik məlumatlara əsasən, Azərbaycanda 1992-ci ildə yalnız 25%-ə qədər ana öz körpəsinə ana südü verib. Döşlə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, ümumilikdə, döşlə əmizdirmənin mühafizəsi və təbliği istiqamətində UNICEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə bu rəqəm 50%-ə qədər yüksəlib. Belə ki, hazırda ana südü ilə qidalanma Bakıda 48-50, bölgələrdə isə 50-55 faiz təşkil edir. Əlbəttə, bu hələ də arzuolunan hədd sayıla bilməz. Ancaq müsbət tendensiya göz qabağındadır. Onu da qeyd etmək istərdim ki, ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün, bütövlükdə, ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir. Biz bu göstəricinin 95-98 faizə yüksəlməsi üçün təbliğat işini daha da gücləndirməyi qarşıya məqsəd qoymuşuq.
Qeyd edim ki, hər bir ananın südü spesifikdir, öz körpəsinə uyğundur, onun üçün adekvatdır. Ana südündə uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal surətdə balanslaşıb. Laktasiya prosesində ana südü bir neçə mərhələdən keçir: ilk süd, keçid süd, yetişmiş süd. Müvafiq olaraq, südün tərkibi də dəyişir. Doğuşdan sonrakı ilk günlərdə süd vəziləri zülal və mineral maddələrlə zəngin, tərkibində çoxlu miqdarda A immunoqlobulini (İgA), az miqdarda yağ və karbohidrat olan ilk süd istehsal edir. Südün tam tərkibi 2-3-cü həftədə formalaşır”.
Körpələr üçün süni qidalardan da danışan professor N.Quliyev bu qidaları istehsal edən şirkətlərin öz məhsullarını satmaq üçün bütün üsullardan istifadə etdiklərini, əməkdaşlarının qapı-qapı gəzdiklərini, hətta məhsullarını hədiyyə kimi verdiklərini də vurğulayıb: “Bəzən hətta həkimlər də bu mənəviyyatsız işlərin iştirakçısına çevrilir, həmin şirkətlərlə razılığa gəlir, 200-300 manata görə, uşaq doğulan kimi anaları səhv istiqamətə yönəldirlər. Təəssüf ki, bunu edənlər də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Belə hallara qarşı Səhiyyə Nazirliyi tərəfindən çox ciddi işlər aparılır. Amma, təəssüf ki, tam qarşısını almaq mümkün deyil”.
Baş pediatr ana südü ilə süni qarışıqlar arasındakı fərq və süni qidalanmanın təhlükələri ilə bağlı anaların məlumatlandırılmasının önəmini də vurğulayıb. Qeyd edib ki, körpənin ana südü ilə qidalandırılması 2 yaşına kimi davam etdirilməlidir: “Körpə doğulduqdan sonra ilk bir saat ərzində əmizdirılməlidir. Körpənin qidalanma rejimini onun özü təyin edir. Bu, sərbəst rejim adlanır və sutka ərzində 6-8 dəfədən 12 dəfəyədək dəyişə bilər. Körpəni gecə 1-2 dəfə döşə qoymaq olar. Uşaq böyüdükcə, qidalanmaların sayı azalır. Onu da qeyd edim ki, ana südü ilə qidalanan körpənin ilk 6 ay ərzində heç bir başqa qidaya və ya mayeyə ehtiyacı yoxdur. Altı ayından sonra isə uşağa əlavə qidalar verilməyə başlanır. Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin verilməsi də yolverilməzdir”.
İnstitut direktorunun sözlərinə görə, ana südü erkən ontogenez mərhələlərində körpənin metabolik xüsusiyyətlərinə uyğundur. Körpənin ümumi inkişafına, onun harmonik böyüməsinə, immun müqavimətinə, davranma və psixi reaksiyalarının inkişafına müsbət təsir göstərir, onların gələcəkdə daha yüksək intellektual inkişafına zəmin yaradır: “Döşlə əmizdirmənin ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Ana ilə körpə arasındakı mehribanlıq, doğmalıq, yaxınlıq gələcəkdə uşağın sosial davranışını, psixi inkişafını müəyyən edir. Belə uşaqlar sakit təbiətli, xeyirxah, mehriban və ünsiyyətli olurlar.
Bəzən ana südü ilə qidalanmanın ananın orqanizmi üçün zərərli olduğunu deyənlər də tapılır. Ancaq hamı bilməlidir ki, bunlar yanlış məlumatlardır. Döşlə əmizdirmə həmçinin ananın öz sağlamlığına da müsbət təsir göstərir. Doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, altı ay ərzində növbəti hamiləlik riskini azaldır, osteoporozun qarşısını alır.
Laktasiya müddətində ana südünün çatışmazlığı 1-2% halda obyektiv səbəblərdən əmələ gəlirsə, 98-99% halda subyektiv səbəblərdən, adətən ananın öz davranış səhvlərindən yaranır”.
Nəsib Quliyev sonda dövlətin, səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti sayəsində ölkəmizdə ana südü ilə qidalandırmanın miqyasını maksimum arzuolunan həddə çatdırmağın mümkün olduğunu deyib. Qeyd edib ki, belə qidalanmanı təkcə hər hansı bir ailənin öz körpəsinə qayğısı kimi qiymətləndirmək düzgün deyil. Əslində, bu, bütün cəmiyyətin körpələrə qayğısıdır. Məqsəd uşaqları sağlam yetişdirmək, sağlam genofondla gələcəyə getməkdir.шаблоны для dle 11.2





İyun 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova