Valyuta.com

Səhiyyənin inkişafı naminə

Səhiyyənin inkişafı naminə

Bütün mənalı ömrünü Azərbaycan xalqının firavanlığına, xoş gələcəyinə sərf edən ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti böyük bir siyasi məktəbdir və bu məktəbin kamil yetirməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bu gün möhtərəm dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə həyata keçirilən misli görünməmiş quruculuq işləri, siyasi, iqtisadi, hüquqi, mədəni tərəqqi istiqamətində genişmiqyaslı islahatlar prosesi göz qabağındadır.
Görülən çoxşaxəli işlər sırasında Azərbaycan səhiyyəsinin inkişafındakı nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Milli səhiyyəmiz sürətlə inkişaf edir, dünya standartları səviyyəsində yenidən qurulur. Bu sahəyə dövlət qayğısı gündən-günə artır. Azərbaycan səhiyyəsinin dünya səhiyyə sisteminə inteqrasiya olunması istiqamətində çoxsaylı məqsədyönlü layihələr həyata keçirilir. Dövlət başçısı ölkə səhiyyəsini daim diqqət mərkəzində saxlayır, onun inkişafının, əhalinin səhhətinin qayğısına qalır, öz çıxışlarında hər zaman qeyd edir ki, hər bir Azərbaycan vətəndaşı sağlam həyat yaşamalıdır. Səhiyyə sahəsində aparılan islahatlar tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə, xəstələnmə faizinin aşağı düşməsinə və həyat keyfiyyətinin yaxşılaşmasına zəmin yaradıb.
Ölkəmizdə tibb kadrlarının hazırlanması, güclü kadr potensialının formalaşdırılması işi də daim diqqət mərkəzindədir.
Prezidentimizin verdiyi tapşırıqlar səhiyyə naziri professor Oqtay Şirəliyevin işğüzarlığı, bacarığı və xidmətləri sayəsində uğurla həyata keçirilir.

Digər sahələrdən fərqli olaraq, səhiyyə sahəsində aparılan yenidənqurmanın və təkmilləşmənin özünəməxsus xüsusiyyətləri və çətinlikləri mövcuddur. Konkret olaraq, tibb elmi özünün bir çox xüsusiyyətlərinə görə digər elm sahələrindən köklü surətdə fərqlənir. Təkcə onu demək kifayətdir ki, insan orqanizminin quruluşu və fizioloji prosesləri bütün insanlarda fərdi xarakter daşıyır.
Yüksək inkişaf etmiş ölkələr arasında elə səhiyyə sistemi yoxdur ki, orada uğurlarla yanaşı, müəyyən çatışmazlıqlar da mövcud olmasın. Nəzərə alsaq ki, bizim ölkəmizdə səhiyyə sahəsində quruculuq və təkmilləşmə işləri yalnız son onilliklərdən başlayaraq vüsət alıb, görülən işlərin nə qədər böyük miqyaslı olması müqayisədə daha aydın nəzərə çarpır. Bununla belə, çox təəssüf ki, fərdi hallarda gündəlik iş prosesində bu və ya digər çətinliklər baş verdikdə (bu da təbiidir) bəzi insanlar, o cümlədən ayrı-ayrı jurnalistlər bunları ictimaiyyətə çox vaxt sanki sensasiya xarakterli məlumatlar kimi təqdim etməyə cəhd göstərirlər. Əlbəttə, bütün bunlar görülən işlərə kölgə salmaq iqtidarında deyil və səhiyyə sahəsindəki islahatlar istənilən şəraitdə uğurla davam etdirilir.
Bununla belə, xüsusi qeyd etmək istərdim ki, səhiyyə sistemində aparılan islahatların və yenidənqurmanın nəticələrinin səmərəli olması tibb müəssisəsi rəhbərlərinin, həkim və tibb personalının öz işinə məsuliyyətlə yanaşmasından çox asılıdır. Onlar gündəlik təcrübədə xəstə insanlarla birbaşa təmasda olduqları üçün bu amil başlıca rol oynayır. Baş verən hər hansı çatışmazlıqda Səhiyyə Nazirliyinin deyil, həkim mütəxəssislərin məsuliyyəti ön plana çıxır. Belə ki, həkim xəstəyə düzgün diaqnoz qoymağı və buna müvafiq uğurlu müalicə tədbirləri görməyi bacarmalı, bunun mümkün olmadığı hallarda isə xəstəni müvafiq mütəxəssislərə düzgün istiqamətləndirə bilməlidir. Məhz belə olduqda təsadüfi yanlışlıqların və əsası olmayan şayiələrin qarşısını almaq mümkün olar. Bu məqsədə nail olmaq üçün kliniki sahədə çalışan həkim ordusunun öz ixtisasını daim təkmilləşdirməsi ən vacib və həlledici amildir. Bu istiqamətdə Səhiyyə Nazirliyində yaradılmış Sertifikasiya Komissiyasının böyük zəhmət, yaradıcılıq və məsuliyyət tələb edən səmərəli fəaliyyəti yüksək qiymətə layiqdir.
Həkim-mütəxəssislərin xəstəliklərin müasir diaqnostikası və müalicə prinsipləri haqqında müntəzəm maarifləndirilmələri də çox vacibdir.
Fikrimcə, bu istiqamətdə səmərəli iş aparmaq üçün yerlərdə səhiyyə müəssisələri və elmi tədqiqat institutları rəhbərlərinin, digər səhiyyə təşkilatçılarının təşəbbüskarlığı və öz işlərinə məsuliyyətlə yanaşmaları çox mühüm şərtdir. Belə ki, hər tibb müəssisəsində yerli şəraitə (müəssisənin profili, tibbi personalın tərkibi və s.) uyğun olaraq, öz elmi-nəzəri və praktiki potensialı ilə fərqlənən əməkdaşların təşkilatçılığı altında müasir diaqnostika və müalicə prinsipləri haqqında məlumatlandırma və diskussiya xarakterli qısamüddətli müntəzəm yığıncaqlar keçirmək məqsədəuyğun olardı. Ayrı-ayrı hallarda belə tədbirlərə tanınmış professor və mütəxəssislərin dəvət olunması uğurlu nəticələr verə bilərdi. Digər tərəfdən, Səhiyyə Nazirliyinin müvafiq ixtisaslar üzrə baş mütəxəssislərinin tibb müəssisələrinin rəhbərləri ilə işgüzar əməkdaşlığı və fikir mübadiləsi də ümumi işimizin xeyrinə yönəldilmiş müsbət addımlardan ola bilər. Belə ki, məqsəd səhiyyə islahatlarında yalnız passiv iştirakçı kimi deyil, həmçinin təşkilatçı kimi fəaliyyət göstərmək olmalıdır.

Səhiyyənin inkişafı naminə

Diaqnostika, müalicə və profilaktika sahəsində meydana çıxan müxtəlif anlaşılmazlıqlar xəstə insanlarla gündəlik təmasda olan həkim-mütəxəsisslərin nəzəri və kliniki biliyindən və həkimlik məsuliyyətindən birbaşa asılıdır.
Hazırda müasir kliniki təbabət öz inkişaf mərhələsinin maraqlı və kifayət qədər mürəkkəb dövrünü keçməkdədir. Yüksək informativliyə malik laborator və instrumental müayinə üsullarının kliniki təcrübədə geniş tətbiqi daxili orqanların bir sıra xəstəliklərinin etiologiyası, patogenezi və müalicə prinsipləri haqqında müasir təsəvvürlərin formalaşmasına səbəb olmuş, həmçinin diaqnostik proseslərin xarakterinə və keyfiyyətinə yenidən baxılması məsələsini ciddi şəkildə qarşıya çıxarmışdır. Praktiki həkimdən yalnız bu və ya digər xəstəliyin dəqiq və əsaslandırılmış diaqnozu deyil, həmçinin əksər hallarda patoloji prosesin morfoloji əsaslarının hərtərəfli xarakteristikası, xəstə orqan və ya sistemlərin funksional halının müasir obyektiv qiymətləndirilməsi və çox halda mövcud xəstəliyin etiologiyası haqqında sənədləşdirilmiş məlumat tələb olunur. Hər bir həkimin bütün instrumental-laborator müayinələri aparmağı bacarması arzuolunan hal olsa da, məcburi deyil. Bununla belə, həkim-klinisist həmin müayinə üsullarından alınan nəticələri izah etməyi və onlardan kliniki diaqnozların formalaşmasında istifadə etməyi bacarmalıdır. Yalnız klinisistdə laborator-instrumental müayinə üsullarının kliniki əsasları haqqında dərin və sistemləşdirilmiş biliyin formalaşdırılması diaqnostikada uğuru təmin edir və yeni nailiyyətlərə zəmanət verir.
Bütün göstərilənlərlə yanaşı, kliniki təcrübəyə yeni texnologiyaların və diaqnostik prinsiplərin daxil olmasının, təəssüf ki, bir sıra mənfi cəhətləri də mövcuddur. Belə ki, xəstənin subyektiv və obyektiv kliniki müayinəsi üçün kifayət qədər biliyi, vərdişi, analitik təfəkkürü olmayan həkimlər çoxsaylı müasir instrumental və laborator müayinə üsullarının klinik təcrübədə geniş tətbiqi ilə əlaqədar diaqnostikanın əsası olan klassik müayinə üsullarının diaqnostik meyarlarını və bununla da həkimlik təfəkkürünü unudaraq, sanki “həkim-statistiklərə” və ya “qeydiyyatçıya” çevrilirlər. Klinisist və həkim-funksionalist arasında savadlı dialoqun olmaması laborator və instrumental müayinə üsullarına əsassız olaraq itaət edilməsinə və bu üsulların kliniki təfəkkür üzərində hakim mövqe tutmasına səbəb ola bilər. Belə xoşagəlməz hallar sonda arzuolunmaz nəticələrlə yekunlaşır. Göstərilən bu fikirlərin mətbuatda vaxtaşırı səsləndirilməsinə baxmayaraq, təəssüflər olsun ki, belə hallar gündəlik təcrübədə yenidən təkrarlanır. Bu da o deməkdir ki, bu istiqamətdə maarifləndirilmə işləri və nəzarət gücləndirilməlidir.
Daim yadda saxlamaq lazımdır ki, xəstənin gələcək aqibəti onun ilk dəfə müraciət etdiyi sahə və poliklinika həkimlərinin kliniki təcrübəsindən və həkimlik təfəkkürünün genişliyindən çox asılıdır. Digər tərəfdən, müxtəlif “dar ixtisaslı” həkim kadrların formalaşmasının əsasında təbabətin yalnız məhdud bir sahəsini öyrənmək deyil, xəstənin kompleks müayinə üsullarını aparmaq bacarığı, xəstəliyin kliniki inkişaf mərhələsinin qanunauyğunluqlarını və digər orqanlarda gedən prosesləri lazımi səviyyədə mənimsəməsi durur. [b]Yeni müayinə üsulları nə qədər çox təklif olunarsa, bir о qədər də ənənəvi (klassik) müayinə üsullarının vacibliyi özünü daha qabarıq şəkildə büruzə verir.
Heç şübhəsiz ki, Azərbaycanda səhiyyə sahəsində qazanılmış uğurlarda Azərbaycan Tibb Universitetinin (ATU) xüsusi rolu və məsuliyyəti var.
Universitetimiz ölkəmizin tərəqqisinə, intellektual potensialının gücləndirilməsinə əvəzsiz töhfələr vermişdir və müstəqil Azərbaycanın yüksək ixtisaslı həkim kadrlarının yetişməsi yolunda öz tarixi missiyasını bu gün də şərəflə yerinə yetirir. Bu istiqamətdə əsaslı işlər hazırda daha uğurla davam etdirilir. Belə ki, indi Universitetimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi və kadr islahatları sahəsində uğurlu və məqsədyönlü addımlar atılır. Şübhəsiz, bütün bu görülən və görüləcək işlər səhiyyəmizin tərəqqisinə, xəstə-həkim münasibətlərinə, düzgün diaqnozun qoyulmasına və nəticə etibarilə düzgün müalicəyə xidmət edəcəkdir. Məhz buna görə də ali tibb təhsili müəssisələrində təhsil alan tələbələr müasir kliniki təbabətdə tətbiq olunan klassik və laborator-instrumental müayinə üsullarının əsaslarını dərindən mənimsəməli və onların diaqnostik meyarlarını hərtərəfli öyrənməlidirlər.
Bütün bu proseslərdə yaxından iştirak etmək məqsədilə, uzun illər
qazandığım pedaqoji, kliniki, həmçinin təşkilatçılıq təcrübəmə əsaslanaraq, öz düşüncələrimi və təkliflərimi söyləməyi qərara aldım.
Xəstənin müayinəsi və diaqnozunun dəqiqləşdirilməsi böyük istedad tələb edir! Bu həqiqəti nəinki ali tibb təhsili alan tələbələr, eləcə də kliniki təbabətin müxtəlif sahələrində çalışan bütün ixtisaslı həkimlər dərindən dərk etməli, bu sahədə öz bilik və təcrübələrini daim artırmalıdırlar.
Kliniki diaqnostika xəstəliyin anamnezinin öyrənilməsinə, pasiyentin dərindən aparılan fiziki, laborator-instrumental müayinəsinə əsaslanan mürəkkəb idrak prosesidir. Bu prosesi zənginləşdirmək üçün klinisist klassik, eləcə də funksional müayinə üsullarının əsaslarına dərindən yiyələnməli və onları diaqnostika prosesində tətbiq etməyi bacarmalıdır.
Tam məsuliyyət və inamla vurğulamaq istəyirəm ki, bütün bunların əsasında Tibb Universiteti tələbələrinin kliniki təbabətin sirlərinə yiyələnməsi, onların bir mütəxəssis olaraq formalaşmasını təmin edən ən başlıca fənn kimi “Daxili xəstəliklərin propedevtikası” elminin tədrisinin keyfiyyətli və düzgün təşkil olunması dayanır. Propedevtikaya başqa sözlə daxili xəstəliklərin diaqnostikası da deyilir. Yalnız düzgün müayinə aparmaqla xəstəliyin diaqnozunu müəyyənləşdirdikdən sonra onu uğurla müalicə etmək mümkündür. Məhz bu səbəbdən tibb təhsilində kliniki fənlərin tədrisi başlananda “Daxili xəstəliklərin propedevtikası” ilkin kliniki fənn sayılır. Geniş, vacib kliniki və nəzəri fənn kimi qiymətləndirilən bu fənn özündə çox sayda fundamental nəzəri və praktiki faktları cəmləşdirir. Daha konkret olaraq “Daxili xəstəliklərin propedevtikası” fənninin əsas məqsədi və mahiyyətini ümumiləşdirilmiş formada aşağıdakı kimi ifadə etmək olar:
• tələbələrə klinik təbabətin ən vacib klassik müayinə üsullarını (subyektiv və obyektiv), onların fiziki əsaslarını, aparılma texnikasını və diaqnozun meyarlarını öyrətmək;
• orqanizmdə inkisaf edən bu və ya digər patologiyalar zamanı meydana çıxan əlamətləri (simptomları) aşkar etməyi və onları bir-birindən fərqləndirməyi öyrətmək;
• ən vacib məsələ kimi, tələbələrdə həkim təfəkkürünün, yəni həkimin düşünərək nəticə çıxara bilmək qabiliyyətinin təməlini qoymaq və onu inkisaf etdirmək.
Sonuncu məqam – xəstənin müayinəsi zamanı alınan məlumatların həkim tərəfindən ümumiləşdirərək ilkin diaqnostik mülahizə yürütmək bacarığı çox vacib şərtlərdən biridir. “Daxili xəstəliklərin propedevtikası” fənninin əsasını təşkil edən bu müddəalar tələbələrin düşünən klinisist həkim kimi inkişafında böyük rol oynayır. Onlar yalnız bu fundament əsasında klinikaya daxil olmalıdırlar.
Klassik müayinə üsulları nəinki həkimin kliniki təfəkkürünu, həkimlik məharətini, bütövlükdə həkimlik sənətini formalaşdırır, həmçinin mütəmadi olaraq onları möhkəmləndirir və inkişaf etdirir. Onu da vurğulamaq lazımdır ki, həkim təfəkkürünün yetkinləşməsi daimi prosesdir. Belə ki, tələbədə bu təfəkkür yalnız nəzəri bilik əsasında deyil, xəstə ilə tez-tez təmasda olmaqla, həkim diskussiyasında, həkim konsultasiyalarında, tələbə elmi cəmiyyətində, elmi təcrübi konfranslarda və s. fəal iştirak etməklə əldə olunur.
Çoxillik pedaqoji və kliniki təcrübə göstərir ki, tələbədə geniş həkimlik təfəkkürünün yaranmasında “xəstəlik tarixi”nin tərtib olunması böyük rol oynayır. Bu, xususilə III kurs tələbələri üçün çox vacib şərtlərdən biridir. Belə ki, xəstənin stasionara daxil olması məqsədindən (müayinə, müalicə və s.), xəstəliyin diaqnozundan, müalicənin davametmə müddətindən və digər amillərdən asılı olmayaraq, xəstədə aparılan bütün müayinələrdən alınmış məlumatların əsasında hər bir xəstə üçün xüsusu hüquqi sənəd – “xəstəlik tarixi” tərtib edilməlidir. Bu sənəd haqqında tələbələr və həkimlər arasında bir qayda olaraq aparılan diskussiyalar kliniki təfəkkürün inkişafında mühüm və həlledici rol oynayır. Korifey klinisistlər adətən belə bir aforizm işlədirlər: “Xəstəlik tarixi bütün kitablardan vacibdir”. Belə ki, çap olunmuş kitabları hər yerdə tapmaq mümkündür, xəstəlik tarixi isə təkrarolunmazdır. Kliniki təbabət sahəsində fəaliyyət göstərən praktiki həkim üçün yalnız nəyi bilmək və onu yerinə yetirmək deyil, həmçinin necə işləməyi öyrənmək, yəni həkimlik metodikasına (qaydalarına) və üsullarına yiyələnmək xüsusilə vacib məsələdir.
Doğrudur, müasir klinikalarda “elektron xəstəlik tarixi” tərtib olunur. Əlbəttə, bu, müsbət praktikadır, lakin hələ klinikanın əlifbasını bilməyən tələbədən klinisist hazırlamaq prosesi elektron xəstəlik tarixi ilə qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, III kurs tələbəsi bu xəstəlik tarixini özü tərtib edərkən onda həkim təfəkkürü inkisaf edir. Bəzən öz gələcək peşəsinə laqeyd münasibət bəsləyən, hər şeyə etirazla yanaşan tələbələrə və hətta müəllimlərə də rast gəlmək olur. Çünki bəzən tələbə zəhmət çəkmədən, yüngül yolla, sxematik, bəsit biliklə müsbət rəy almağa meyilli olur. Yalnız tələbə tərəfindən tərtib olunmuş xəstəlik tarixi onunla müəllim arasında daim dialoqa səbəb olur. Bu isə kimlərəsə sərf etmir. Bundan əlavə, tələbələr və hətta bəzi müəllimlər kitabdan istifadə etməkdən müxtəlif bəhanələrlə qaçırlar, bu da bəsitliyə və arzuolunmaz hallara gətirib çıxarır. Yalnız kitabla müntəzəm dialoq arzu olunan nəticələr verir. Məhz bu baxımdan tələbələri kitabla dostluq etməyə meyilləndirmək çox vacibdir.
Klinika həkimliyin öyrənilməsinin daha vacib, mütəşəkkil formasıdır. Klinika həmçinin hər bir tələbə və həkim-klinisist üçün ən vacib meyar olan kliniki təfəkkürün inkisafını təmin edən, müəyyən dünyagörüşü aşılayan intellektual məbəddir.
Təbiidir ki, klinikada tətbiq olunan müayinə üsulları zaman keçdikcə bir-birini əvəz edir, bununla belə, həkim və xəstənin kliniki ünsiyyəti olmadan, yəni xəstə ilə sorğu və dərin obyektiv müayinə aparılmadan həkim ən yaxşı şəraitdə belə, heç vaxt lazımi fəaliyyət göstərə bilməz. Vərdişlər və xəstənin sistemli müayinəsi hər bir həkim tərəfindən təkmilləşdirilməli, cilalanmalı və avtomatikliyə qədər möhkəmləndirilməlidir. Mənim fikrimcə, “Daxili xəstəliklərin propedevtikası” kimi çox vacib bir fənnin tədrisində təhlükəli boşluq yaranır. Belə ki, ayrı-ayrı orqanların müayinə üsullarının tələbələrə bu və ya digər formada çatdırılmasına baxmayaraq, həmin orqanların çox tez-tez rast gəlinən xəstəliklərinin inkişaf mexanizmi, simptomları, diaqnostik prinsipləri haqqında, qısa da olsa belə, məlumat verilmir. Bu da paradoksal hal yaratmaqla, tələbənin yaddaşında, kliniki təfəkkürün formalaşmasında boşluqlar əmələ gətirir. Digər tərəfdən, bu sahədə dərs deyən müəllim hər hansı bir xəstəlik haqqında geniş məlumat verə bilmir, bununla yanaşı, onun özünün xəstəliyin klinikasını, diaqnostikasını, müalicəsini unutması kimi təhlükəli bir hal baş verir. Necə deyərlər, müəllim tələbəyə yalnız hər hansı müayinə üsullarını sadalamaqla öz işini bitmiş hesab edir. Təfərrüatına varmadan qeyd etmək istəyirəm ki, zənnimcə, bunun əsas səbəbi vaxtilə tədris yükünün əsassız olaraq azaldılmasıdır.
Məlumdur ki, xəstə üzərində klassik müayinə üsullarını apardıqdan sonra xəstənin gələcək müayinəsinin planını tərtib etmək üçün hansı laborator və instrumental müayinələrin lazım olmasını tələbə mütləq bilməlidir. Bu sahədə də böyük boşluqlar var. Belə ki, əvvəllər Daxili xəstəliklərin propedevtikası kafedrasında funksional müayinə üsulları da tədris olunurdu. Son bir neçə ildə adı çəkilən funksional diaqnostikanın tədrisi tamamilə ləğv olunaraq, tədris yükü azaldılıb. Ümumiyyətlə, III kurs tələbəsi proqramın sonunda klassik müayinə üsullarını sərbəst tətbiq etməklə xəstələrin müayinəsini müstəqil aparmalı və buna müvafiq olaraq xəstənin gələcək müayinə planını – laborator-instrumental müayinələri düzgün seçməyi bacarmalıdır. Təəssüf ki, bu gün bu belə deyil, çünki propedevtikanın hazırkı tədris planı ilə bunu əldə etmək mümkün deyil.
Fikrimcə, propedevtika fənninin tədrisinin səmərəli və yüksək keyfiyyətlə keçirilməsi üçün aşağıda göstərilənlər çox böyük əhəmiyyət kəsb edir:
• Tədris edən müəllimin pedaqoji təfəkkürü, elmi, təcrübi biliyi, eləcə də öz işinə məsuliyyətlə və həvəslə yanaşması;
• Tələbənin öz vəzifələrinə və həkimlik sənətinə həvəslə və məsuliyyətlə yanaşması, eləcə də tibbi ədəbiyyatdan müntəzəm olaraq istifadə etməyə meyilliliyi;
• Tədris-tematik plan və proqramların yerli şəraitə uyğun olaraq tərtibi və tədris prosesinin düzgün təşkil edilməsi. Bu məqamlar haqqında geniş izahat vermədən, yalnız deyim ki, bunlara yaradıcılıqla yanaşılmalı və düzgün nəzarət edilməlidir.
Digər vacib bir məsələyə də toxunmaq istərdim. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif ölkələrin tədris proqramlarına müraciət edərkən bizim şəraitdə onların nə dərəcədə səmərəli olması haqqında dərin təhlil aparılması vacibdir. Bu baxımdan ATU-da propedevtikanın çoxillik tədrisi praktikasında sınanmış, səmərəli üsulları unutmamaq şərtilə, onları digər tədris proqramları ilə müqayisə etmək və təkmilləşdirmək yolu ilə tədrisin keyfiyyətini yüksəltmək olar. Bütün bu deyilənlər nəzərə alınarsa, “Daxili xəstəliklərin propedevtikası” fənni tələbələrin klinisist kimi yetişməsində əsas (həlledici) rol oynadığı üçün III kursun proqramı yekunlaşdıqdan sonra propedevtika fənnindən dövlət imtahanının verilməsi zərurəti yaranır.[/b] Bu hal tələbələrin savadlı klinisist kimi inkişafında və universitetimizin sonrakı tədris prosesində, sözün əsl mənasında, yeni bir uğurlu dövrün başlanğıcı ola bilər və universitetimiz bu sahədə ilk addım atan ali tibb məktəbi olar. Bu fikrin nə dərəcədə düzgün və səmərəli olması universitetdə tədrisin təşkili ilə məşğul olan qurumların səlahiyyəti və təşəbbüskarlığından asılıdır.
Son olaraq bir daha qeyd etmək istəyirəm ki, uzun illər “Daxili xəstəliklərin propedevtikası” fənninin tədrisi ilə məşğul olan bir şəxs kimi, bu fənnin daha səmərəli tədrisi və təşkili üçün ümumiləşdirilmiş fikrimi qeyd etməyi özümə mənəvi borc bildim. Təbiidir ki, bu fikirlərə şərik olan və olmayanlar da tapılacaq. Hər kəs öz mövqeyini və düşüncələrini bildirmək səlahiyyətinə malikdir. Həqiqət isə, gec də olsa, öz yerini tapacaqdır. Düşünürəm ki, bu predmetin tədrisi daim təkmilləşdirilməli və yeni üsullar axtarılmalıdır. Bu fikirlər digər ölkələrin müvafiq mətbuat səhifələrində də səslənməkdədir.
Bunu da qeyd etməliyəm ki, propedevtikanın bütün istiqamətlərində böyük həvəslə əmək sərf edərək, son onillikdə çoxsaylı dərslik və dərs vəsaitləri tərtib etmiş, çapdan çıxarmış və bununla da bu fənnin daha dolğun və hərtərəfli tədrisi üçün bacardığımı əsirgəməmişəm. Son olaraq doğma Universitetimizdə və bütünlükdə səhiyyəmizdə aparılan quruculuq işlərinə uğurlar arzulayıram və bu sahədə bundan sonra da daha fəal iştirak etməyə hazıram.

Y.QURBANOV
Səhiyyə Nazirliyinin terapiya üzrə baş mütəxəssisi, ATU-nun professoru
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova