Valyuta.com

“Çarəsiz” dərdlərin dərmanı

“Çarəsiz” dərdlərin dərmanı

O, Azərbaycanda Böyük Britaniyanın kraliçası II Yelizavetadan yazılı minnətdarlıq məktubu alan yeganə adamdır. Roma papası VI Pavel onu elmi uğuruna görə şəxsən təbrik edib və öz portretini bağışlayıb. O, bir vaxtlar Çili prezidenti Salvador Alyendenin baş müşaviri olub. Öz ölkəsində isə məhdud dairədə – yalnız bioloqların arasında tanınır...
“Sizin gözəllər mənim qəsrimin bəzəkləridir. Onların temperamenti bizə coşqunluq və qüvvə bəxş edir”. Bu sətirlər Böyük Britaniya kraliçası II Yelizavetanın həmyerlimiz, alim, bioloq Eyyub Bəşirova ünvanladığı, N.Xruşşovun hədiyyəsi olan iki Qarabağ ayğırı müqabilində göndərdiyi məktubundandır. Bu atlar Timiryazev Akademiyasının məzunu E.Bəşirov tərəfindən kraliça üçün xüsusi olaraq seçilmişdi.
Elm aləminə isə E.Bəşirovun adı iribuynuzlu heyvanların süni mayalandırılması üzrə dünyada ilk dəfə uğurlu təcrübə apardıqdan sonra geniş şəkildə məlum olub. Onun elmi yaradıcılığının coğrafiyası olduqca böyük ərazini – Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir. Görkəmli alim heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının tədqiqi istiqamətində fundamental araşdırmalar aparıb.
E.Bəşirov Azərbaycan heyvandarlıq elminin, demək olar ki, bütün sahələrini tədqiq edib, hətta bu sahələrin kompleks, əlaqəli inkişaf etdirilməsi problemini araşdırıb. Ancaq onun yaradıcılığının ana xəttini, özəyini camışçılıq təşkil edib. Eyyub Bəşirov dünyanın ən tanınmış camışçı alimlərindəndir.
Bizi daha çox maraqlandıran isə onun insan sağlamlığı, bir sıra ağır xəstəliklərin profilaktikası və müalicəsi ilə bağlı fikirləri, gəldiyi elmi qənaətləri oldu. Bir sözlə, həmsöhbətimiz adını Azərbaycan və dünya elminə yazmağı bacaran, zəngin həyat yolu keçən 90 yaşlı alim, Rusiyanın “Keyfiyyət problemləri akademiyası” regionlararası ictimai təşkilatının akademiki Eyyub Bəşirovdur.



- Camışı “Yer kürəsinin mirvarisi” adlandırırsınız. Yəqin ki, bunu demək üçün səbəbləriniz var...
- Əlbəttə ki, var. Camış təbiəti etibarilə nadir heyvandır. İnəkdən fərqli olaraq, o, süni yolla asanlıqla mayalandırıla bilir. Sutka ərzində camışlar 8-12 faiz yağlılıqla (inəyinkindən 3 dəfə çox) 10, bəzi hallarda isə 20-25 litr süd verir. İnək südü ilə müqayisədə camış südündə zülallar, yağlar, şəkər və s. bir neçə dəfə çoxdur. Digər heyvanlardan fərqli olaraq, camışların ömürlərinin sonuna qədər çəkiləri və məhsuldarlığı artmaqda davam edir, süddən kəsilmirlər, hətta nəsil verirlər.
Camış südünün məhsulları inək və qoyun südündən fərqli olaraq qida üçün ən keyfiyyətli və təhlükəsiz məhsullardır. İnəklərin sağlamlığını qorumaq üçün çox xərc tələb olunması bütün heyvandarlara məlumdur. İnək naxırlarının peyvənd olunması təsərrüfatlardan xeyli xərc tələb edir, ancaq bizim orqanizmimizə ondan da baha başa gəlir. Eyni zamanda, tez-tez xəstələnən inəkləri gənədən təmizləmək üçün orqanizmə güclü təsir edən zəhərli maddələrin məhlulu ilə çimizdirirlər. Müxtəlif xəstəliklər əleyhinə onlara güclü təsir edici dərmanlar vurulur. Nəticədə, onların südünə, ətinə xeyli miqdarda zəhərli maddələr hopur. Hətta bir çox alimlər tərəfindən sübut olunub ki, inək südü məhsullarından uzun müddət istifadə edilməsi müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb olur. Camışların isə nadir xüsusiyyətlərindən biri odur ki, digər heyvanlardan fərqli olaraq, onlar müxtəlif xəstəliklərlə xəstələnmir, hətta təhlükəli infeksiyalara qarşı davamlıdır. Amerika alimlərinin araşdırması da bunu sübut edib. Belə ki, onlar üzərində təcrübə apardıqları 100 inəyə və eyni sayda camışa vərəm mikrobu yeridiblər. Nəticədə bütün inəklər ölüb, camışların orqanizmində isə vərəm mikrobları 1 sutka ərzində zərərsizləşib. Camış radiasiyaya tab gətirən yeganə heyvandır. Hətta nüvə partlayışı zamanı belə, onların ətini və süd məhsullarını rahat, orqanizmə ziyanı olmadan yemək olar.

- Bildiyimizə görə, bioloq alimlər arasında ilk dəfə siz camış məhsullarının insan sağlamlığına faydasını, xəstəliklərin profilaktika və müalicəsində əhəmiyyətini qeyd etmisiniz...
- Bəli, bunun ciddi elmi əsasları var. Ümumiyyətlə, camış südündən alınan məhsullar şəfaverici xassəyə malikdir. Onlar orqanizmi müxtəlif virus və yoluxucu xəstəliklərdən müdafiə edir, maddələr mübadiləsini yaxşılaşdırır, qan və immuniteti artırır. Camış südünün biokimyəvi tərkibi dəmirlə, fosforla, qiymətli mikroelementlərlə, vitaminlərlə zəngindir. Üstəlik, inək südündən fərqli olaraq, camış südündə insanın həyat və fəaliyyəti üçün gərəkli olan təmiz A vitamini var. Camışlar əsasən karotinlə (provitamin A) zəngin bataqlıq bitkiləri və qamışla qidalanırlar, onların qarayonca qədər faydalı olması müəyyənləşdirilib. Camış süd məhsullarının insan üçün şəfalı olmasını bu faktla da izah edirlər.
Camış südü məhsulları ilə qidalanan insanlar xəstəlik nə olduğunu bilməzlər. Camış südü və əti istifadə olunan ailələrdə əsasən möhkəm, sağlam və enerjili uşaqlar doğulurlar. Mən ilkin araşdırma dövrlərində düşünürdüm ki, bu təsadüfdür. Sonra əmin oldum ki, bu fakt camış südü məhsullarında böyük miqdarda hemoqlobin dəmirinin və fosforun, yod, kobalt kimi qiymətli mikroelementlərin olması ilə birbaşa bağlıdır.
Qeyd edim ki, hətta camışın peyini də dəyərlidir – balıqlar, quşlar, donuz və digər heyvanlar üçün əvəzedilməz qiymətli yemdir. Bu peyində karotinin miqdarı qarayoncada olan qədərdir. Apardığım təcrübələr göstərdi ki, balıqçılıq təsərrüfatlarında camış peyinindən yem kimi istifadə edilməsi nəticəsində balıqların çoxalması 4 dəfə artıb və onlar yemləndirmə üçün ənənəvi yemlərin tətbiq olunduğu balıqlardan daha faydalı olub. Bundan başqa, bir sıra ölkələrdə xüsusi emal prosesindən keçən camış peyini uşaq qida məhsullarına daxil olan əsas komponentlərdən biridir.

- Müsahibələrinizdən birində camış məhsullarının bədxassəli şişlərin qarşısını alması və xərçəngi tamamilə müalicə etməsi ilə bağlı fikirləriniz var...
- Bu, tam həqiqətdir. Mən bu sahədə uğurla nəticələnən araşdırmalara rəhbərlik etmişəm. Elmi axtarışlarımızın nəticəsində camışın qanının və süd məhsullarının azqanlılıq və ağqanlılığı tamamilə aradan qaldırdığını müəyyənləşdirmişik. Təklif etdiyim müalicə üsulunu ilk dəfə Sankt-Peterburqdan olan həkim (etik səbəblərdən adını yazmırıq – red.) öz üzərində sınamışdı. Həmin həkimə leykoz diaqnozu qoyulmuş və heç bir çarəsi olmadığı deyilmişdi. Mənim araşdırmalarımdan xəbər tutan bu şəxs bizim təcrübə apardığımız Şəki rayonuna, “Daşüz” camışçılıq üzrə damazlıq zavoduna gəlmişdi. Bir ay ərzində mən öz pasiyentimi cavan kəlçədən götürülmüş təzə qanla, eləcə də camış südü və əti ilə qidalandırdım. Nəticədə, bizim müalicəmizin ikinci ayında qanın biokimyəvi tərkibi tamamilə bərpa olundu və xəstə sağaldı. Vidalaşarkən o, zarafatla dedi ki, “o dünyadan Sankt-Peterburqa qayıdıram”.
Sonra bir gün həmin həkimin vasitəçiliyi ilə Sankt-Peterburqdan hər 3 uşağı leykoz xəstəsi olan bir nəfər mənim yanıma gəldi. Həkimlər ona uşaqlarının sağalma ehtimalının olmadığını demişdilər. Mən isə uşaqları bu bəladan qurtaracağıma söz verdim. Bir ay onlara ancaq yeni sağılmış camış südündən və təzə camış qatığından başqa yeməyə heç nə vermədim. Onu da qeyd edim ki, çiy camış südü və bişməmiş süddən hazırlanmış qatıq faydalıdır. Çünki xərçəngi və digər xəstəlikləri müalicə edən südün tərkibindəki enzimdir. Bu enzim orqanizmi milyon dəfələrlə qüvvətləndirmə qabiliyyətinə malikdir, bədənə çox böyük enerji verir və müqavimət gücünü artırır. Süd 50 dərəcədən artıq qızdırılanda isə onun tərkibindəki enzim məhv olur və müalicəvi effekti itir.
İkinci ayda isə uşaqlara camış südü məhsulları ilə yanaşı, gündə iki dəfə – səhər və axşam 100 qram erkək kəlçənin damarından yığılmış qan içirdim. Cəmi iki ay müddətində uşaqların hər üçündə xəstəlikdən heç bir əsər-əlamət qalmadı.
Ən əsası isə odur ki, bu hadisələr bizim praktikamızda ilk və son olmadı. Sonradan yüzlərlə belə xəstələrə şəfa verdik.
Bu xəstələrdən biri də elə özüm idim. Gicgahımda şiş xəstəliyi var idi və bununla əlaqədar 1964-cü ildə Moskvada əməliyyat olundum. Ancaq sonradan xəstəlik yenə yarandı və 1979-cu ildə akademik Cəmil Əliyev məni əməliyyat etdi. Şış metastaz verdiyi üçün xəstəliyin sağalması mümkünsüz sayılırdı. C.Əliyev də mənə xəbərdarlıq etmişdi ki, müalicə üçün çox gecikmişəm. Amma inanırdım ki, bunun öhdəsindən gələcəyəm.
O vaxtdan 35 ildən artıq vaxt keçib. Bu gün özümü 50 yaşlı insanlardan daha gümrah hiss edirəm. Çünki düzgün qidalanmışam. Qidalanmamın əsasını isə camış və arı məhsulları təşkil edib. Camış məhsullarının verdiyi enerji məni bütün xəstəliklərdən hifz edib. Onları göy-göyərti, meyvələr, soğan-sarımsaqla daha da zənginləşdirmişəm. Məncə, bitkilərdən kərəviz, gicitkən və s. dünyanın ən qiymətli bitkiləridir. Mən yeni yaranmağa başlayan yüzlərlə xərçəngi kərəvizlə aradan qaldırmağa nail olmuşam. Ümumiyyətlə, qidalanma orqanizmi sağlam saxlamaq, xəstəlikləri müalicə etmək üçün ən vacib məsələdir.

- Belə çıxır ki, xərçəng xəstəliyinin əsas yaranma səbəbi düzgün olmayan qidalanmadır?
- Birincisi – qidalanma, ikincisi – hisslər. Xərçəng xəstəliklərinə daha çox düzgün qidalanmayan, məhəbbətsiz, nifrətlə, qorxu ilə yaşayan, daim fikir çəkən, yaxud paxıllıq edən insanlarda daha çox rast gəlinir. Bu səbəbləri aradan qaldırdıqdan sonra xəstəliyi müalicə etmək mümkündür.
Sağlamlıq üçün təmiz hava və fiziki hərəkət də önəmli amillərdir. Ümumiyyətlə, bütün canlılar təbiətə yaxın olmalıdır. İnsan ağılla və məhəbbətlə yaşasa, həm sağlam, həm də xoşbəxt olar. Hər şey insanın öz əlindədir. Məni yaşadan məhəbbət və ağıldır.

- Xərçəng kimi ağır xəstəliyin müalicəsində bu qədər uğurlarınız olduğu halda, niyə fəaliyyətinizi, müalicə üsulunun tətbiqini genişləndirmədiniz?
- Bunu etməyə gücüm çatmadı. Öz tədqiqatlarımla, elmi araşdırmalarımla camışın əvəzolunmaz sərvət olduğunu sübut etdim. Hətta Avropaya 200 ildən sonra ilk camışı mən apardım. İndi FAO kimi beynəlxalq təşkilatlar, yüksək səviyyəli elmi dairələr camışçılığın dünyada inkişafına, camış məhsulları istehsalının artırılmasına böyük önəm verir. Artıq neçə illərdir İtaliya şəfalı camış məhsulları istehsalını təşkil eləmək, keyfiyyətli məhsulları bazara çıxarmaq üçün çalışır. Hindistan, Pakistan, inkişaf etmiş və inkişaf etməkdə olan bir çox digər ölkələr də bu yolla gedir. Ancaq təəssüf ki, dünyada camışın ilk əhliləşdirildiyi yerlərdən olan Azərbaycanda hazırda bu sahənin inkişafında geriləmə müşahidə olunur. Buna görə də ölkəmizdə qan xəstəlikləri və digər bəlalardan əziyyət çəkən bir çox sakinlər onun məhsulları ilə müalicə oluna bilmirlər. Halbuki bolqar alimi, professor Aleko Aleksiyev keyfiyyət göstəricilərini nəzərə alaraq deyirdi ki, “Azərbaycan camışı 24 karatlı brilyantdır, yüksək əyarlı qızıldır”.

- Eyyub müəllim, bəs bu gün nə işlə məşğulsunuz?
- “Sağlamlıq və uzunömürlülüyün fəlsəfəsi” kitabı üzərində işləyirəm. Elmi tədqiqatla məşğul olarkən mənim tək məqsədim insanların sağlamlığına, rifahına, firavanlığına, məhsul bolluğuna, iqtisadiyyatın, aqrar sahənin inkişafına, ekologiyanın təmizliyinə töhfə verməkdən ibarət olub. Bu gün də eyni amala xidmət edirəm.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova