Valyuta.com

Birinci Azərbaycan-Alman-Türk tibb konqresi keçirildi

Birinci Azərbaycan-Alman-Türk tibb konqresi keçirildi

Bir neçə gün davam edən tədbirdə cərrahiyyə, onkologiya və qastroenterologiyanın aktual problemləri müzakirə olunub

Bu günlərdə öz işinə başlayan cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə Birinci Azərbaycan-Alman-Türk konqresi sona çatıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan-Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresə 500-dən çox azərbaycanlı və əcnəbi həkim qatılıb. Konqresdə ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Almaniyanın və Türkiyənin universitet klinikalarından dəvət olunmuş 14 professor referent qismində iştirak edib.
Konqresin işinə uğurlar arzulayan Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel bu beynəlxalq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Azərbaycan ilə Almaniya arasında tibb sahəsində əlaqələrdən danışan səfir vurğulayıb ki, bu əməkdaşlıq davamlı olmalıdır. O deyib: “Almaniya Türkiyə və Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlıdır. Azərbaycanlı rezidentlərin təcrübə üçün Almaniyanın klinikalarına göndərilməsi bizi sevindirir. İstərdik ki, bu proses daha da intensiv olsun”.
Professor Əziz Əliyevin çalışdığı Azərbaycan Milli Onkologiya Mərkəzinin uğurlarından danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi avadanlqla, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan MOM artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Qeyd olunub ki,
Azərbaycanda onkoloji xəstəliklərin sayı getdikcə azalır və bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün tam hüquqi zəmin yaradılıb. ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi, təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur.
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əhəmiyyətli inkişafa nail olunduğu konqres iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əlaqələrin böyük rolu var. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzi bu qəbildən tədbirlərin keçirilməsini öz prioritet məqsədlərindən biri hesab edir və bu sahədə böyük təcrübəyə malikdir.
Azərbaycanlı professor Q. Müslümov, türkiyəli professorlar D.Uyak, S.Demirbash, almaniyalı professorlar G.Kehler və M.Nidergetman çıxış edərək mütəxəssis hazırlığı baxımından konqresin faydalı olacağını bildiriblər.
Qeyd olunub ki, konqres çərçivəsində azərbaycanlı həkim və rezidentlər üçün laparoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə və radiologiya və endoskopik ultrasonoqrafiya sahələrində treninqlər və ustad dərsləri keçiriləcək. Bu treninqlərdə həkimlərimiz təcrübəli alman və türk professorlarının rəhbərliyi ilə cərrahiyyə, endoskopiya və radiodiaqnostika sahəsində mövcud olan ən yeni metodlara yiyələnəcəklər. Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən bu konqresə Avropanın davamlı tibb təhsili ilə məşğul olan mərkəzləri tərəfindən bütün ölkələrdə tanınan 21 CME balı verilib.
Konqres paralel olaraq bölmə iclaslarında da davam edib. Bölmələrdə, əsasən, ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahələrindəki ən son yeniliklərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Gələn qonaqlar mərkəzdə mövcud olan şərait və onkoloji xəstələrə göstərilən xidmətlə tanış olub və Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevlə görüşüblər. Görüş zamanı qonaqlar MOM-un dünyanın və Avropanın ən qabaqcıl klinikaları ilə bir səviyyədə tutaraq burada mövcud olan xidmət standartlarından çox məmnun qaldıqlarını bildiriblər.
Konqresin son günü tələbə, rezident və gənc həkimlərin cərrahiyyə, onkologiya və qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrindən ibarət müsabiqə də təşkil olunub. Müsabiqənin qalibi Nərminə Ələkbərova Almaniyanın universitet klinikalarının birinə bir aylıq, 2-ci və 3-cü yerlərin sahibləri Nurlanə Əmrahova və Nərgiz Ələkbərova isə Türkiyədə qısa müddətli praktika keçmək şansı qazanıblar.
Bundan sonra mütəmadi olaraq ildə bir dəfə təşkil edilməsi nəzərdə tutulan Azərbaycan-Alman-Türk konqresinin növbəti dəfə gələn ilin may ayında yenə Bakıda keçirilməsi qərara alınıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova