Valyuta.com

Sertifikasiyanın məqsədi tibb işçilərinin peşə yararlılığını yoxlamaqdır

Sertifikasiyanın məqsədi tibb işçilərinin peşə yararlılığını yoxlamaqdır

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarına əsasən yaranıb və 2011-ci il yanvarın 5-dən işə başlayıb. Komissiyanın fəaliyyəti praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanlarının materiallarının tərtib edilməsi, tibb işçilərinin kvalifikasiyasını təsdiq edən bilik və bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə materialları müəllifləri üçün təlimlərin keçirilməsi, səhiyyə işçiləri üçün sertifikasiya imtahanı mövzusunda təlimlərin təşkili, sınaq imtahanlarının keçirilməsi kimi istiqamətləri əhatə edir.
Bu barədə Sertifikasiya Komissiyasının rəhbəri Murad Mirzəzadə həkimlərin sertifikasiyası ilə bağlı sualları cavablandırarkən məlumat verib.

- Sertifikasiyadan kimlər və hansı müddətdə keçməlidirlər?

- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ölkəmizdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Məqsəd onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır.
Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə, peşədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiyaya cəlb edilmirlər.
Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər də qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri isə yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.

- Sertifikasiya prosesi necə həyata keçirilir?
- İmtahana cəlb olunan hər bir şəxs onun keçirilməsinə 30 gün qalmış bu barədə məlumatlandırılır. Bunun üçün həm Komissiyanın internet səhifəsində məlumat yerləşdirilir, həm də imtahan verəcək şəxslər özlərinin təqdim etdikləri mobil telefon nömrələrinə zənglə, yaxud elektron poçt ünvanlarına məktubla xəbərdar olunurlar. Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu və imtahana buraxılış vərəqəsi verilir. Rəqəmlə ifadə olunan şəxsi kod imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir. Buraxılış vərəqəsinə isə imtahan verənin fotoşəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. Bu vərəqədə ad, soyad və şəxsiyyəti müəyyən edən digər məlumatlar yazılmamalıdır, bu qaydanı pozanlar imtahandan kənarlaşdırılırlar. İmtahana gələnlər buraxılış vərəqəsi ilə yanaşı, şəxsiyyət vəsiqəsini də təqdim etməlidirlər, bu sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.
İmtahan suallarına gəlincə, onlar testlər və klinik tapşırıqlar olaraq iki hissəyə bölünür. Bu suallar məxfilik gözlənilməklə, Sertifikasiya Komissiyası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Suallar toplusu hər il 10-20 faiz yenilənir. Komissiya imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir. İmtahan sualları xüsusi optik cihazlar vasitəsilə oxunan cavab kartında qeyd olunur. İmtahanda istifadə edilən suallar Sertifikasiya Komissiyasının müvafiq ixtisas üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır.
Sertifikasiya imtahanının gedişində imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını sual kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə paylanılır və onların doldurulması qaydaları izah edilir. Daha sonra sual kitabçaları paylanılır.
Sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

- İmtahanda iştirak etmək üçün hansı sənədlər tələb olunur?
- Bunun üçün ilk növbədə, ixtisasa müvafiq təkmilləşdirmə kursundan keçmək lazımdır. Bundan sonra kursun müvəffəqiyyətlə başa vurulması haqqında məlumat, həmçinin tələb olunan digər sənədlər Sertifikasiya Komissiyasına təqdim edilir. Bunlar Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada ərizə, şəxsiyyət vəsiqəsi və onun surəti, soyad dəyişdirildiyi halda həmçinin nikah haqqında şəhadətnamə və onun surəti; ali və ya orta tibb təhsili haqqında sənədlər (diplom və internatura) və onların surətləri; əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti; Kadrlar uçotunun şəxsi vərəqəsi (özəl tibb müəssisələrində çalışan və işsiz tibb işçilərinə aid edilmir); ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti; sağlamlıq haqqında arayış – forma AZS086, eləcə də ərizəyə yapışdırılan, 3 x 4 santimetr ölçüdə 2 ədəd fotoşəkildir.
Sənədlər qaydasında olduğu halda tibb işçisinə imtahana buraxılış vərəqəsi verilir. Orada göstərilən tarixdə namizəd təyin olunan ünvanda imtahanda iştirak etməlidir.
Qeyd edim ki, 2011-ci il yanvarın 5-dən 2021-ci il martın 31-dək dövrdə 27 829 tibb işçisi sertifikat alıb.
Onu da nəzərinizə çatdırmaq istərdim ki, Sertifikasiya Komissiyası tərəfindən sınaq imtahanları da təşkil edilir. Onlar namizədlərə real imtahan formatı ilə əvvəlcədən tanış olmaq imkanı yaradır və imtahan proqramı üzrə biliklərinin obyektiv səviyyəsini müəyyənləşdirməkdə yardım edir.шаблоны для dle 11.2





AVQUST2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova