Valyuta.com

Mikrob əleyhinə dərmanlara qarşi rezistentlik

Mikrob əleyhinə dərmanlara qarşi rezistentlik

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mikrob əleyhinə dərmanlara qarşı rezistentliyi (MDR) mikroorqanizmin yaratdığı infeksiyanı müalicə etmək üçün daha əvvəl istifadə edilə bilən bir mikrob əleyhinə preparata rezistentliyi kimi təyin edir. İnsan antibiotiklərə qarşı rezistent ola bilməz. Rezistentlik bu mikroba yoluxmuş bir şəxs və ya digər orqanizmin yox, mikrobun xassəsidir.
MDR bakteriya, göbələk, virus və parazitlərin mikrob əleyhinə (antibiotik, antifunqal, antiviral, antimalarial və antihelmintik) preparatların təsirinə məruz qaldıqda dəyişməsi nəticəsində baş verir. MDR əldə etmiş mikroorqanizmləri bəzən "supermikroblar" adlandırırlar. Nəticədə, dərmanlar təsirini itirir, infeksiyalar orqanizmdə daha uzun müddət qalır və ətrafdakıların infeksiyaya yoluxma riski artır.
Yeni rezistentlik mexanizmlərinin yaranması və yer kürəsində yayılması xəstəliklərin müalicəsini təhlükə altına qoyur, bərpa və sağalma dövrünü uzadır, əlillik və ölümə səbəb olur.
İnfeksiyaların qarşısının alınması və müalicəsi üçün effektiv mikrob əleyhinə preparatlar olmadan, orqan nəqli, xərçəng zamanı kimyaterapiya, şəkərli diabetin müalicəsi və cərrahiyyə əməliyyatları son dərəcə risklidir. MDR tibbi xidmətlərin dəyərini artırır, çünki daha intensiv müalicə və daha uzun müddət xəstəxanada qalma tələb olunur.
MDR genetik dəyişikliklər vasitəsilə təbii olaraq zamanla inkişaf edir. Mikrob əleyhinə dərmanların yanlış və həddən artıq istifadəsi bu prosesi sürətləndirir. Antibiotiklər həm insanlarda, həm də heyvanlarda heç bir peşəkar nəzarət olmadan yanlış istifadə olunur. Antibiotiklərdən sui-istifadənin bir nümunəsi olaraq onların virus infeksiyaları (soyuqdəymə, qrip) olan insanlar tərəfindən qəbulunu, heyvandarlıq və balıqçılıq sahəsində inkişaf stimulyatoru kimi istifadəsini göstərmək olar.
Mikrob əleyhinə dərmanlara qarşı davamlı mikroblar insanlar, heyvanlar, qidalar və ətraf mühitdə (su, torpaq və havada) mövcuddur. Onlar həm insan və heyvanlar arasında yayıla, həm də insandan insana keçə bilər. Səmərəsiz infeksiya nəzarəti, qeyri-kafi gigiyenik şərait və qida məhsullarının qeyri-düzgün emalı MDR yayılmasına kömək edir.
MDR bütün ölkələrdə müşahidə edilir.
İnfeksion xəstəliklərə rezistent bakteriyalarla yoluxmuş pasientlər eyni bakteriyaların qeyri-rezistent ştamları ilə yoluxmuş xəstələrə nisbətən daha çox mənfi klinik nəticələr və yüksək ölüm riski daşıyır, eyni zamanda, daha çox tibbi resurslar istehlak edir.
MDR daha cox antibiotiklərin istifadəsi ilə aşkar olunmaqdadır.

Tibbdə antibiotiklərin istifadəsi


Bakterial rezistentliyin artması təyin edilən antibiotiklərin həcmi, həmçinin qəbul zamanı dozalanmanın pozulması ilə əlaqəlidir. Antibiotiklərin qeyri-rasional təyini bir sıra səbəblərlə bağlıdır, məsələn, insanların təkidlə antibiotiklə müalicə olunmaq istəyi; həkimlərin antibiotik təyininin lazım olmadığını açıqlamaq üçün vaxt qıtlığı; həkimlərin antibiotiklərın nə vaxt təyin ediləcəyini bilməməyi və yaxud tibbi və / və ya hüquqi səbəblərdən çox ehtiyatlanması.
İnsanların istifadə etdikləri antibiotiklərin təxminən yarısı lazımsız və yersizdir. Məsələn, insanların 1/3-i antibiotiklərin adi soyuqdəymənin müalicəsində effektiv olduğuna inanır: antibiotiklərin viruslara qarşı təsirsiz olmağına baxmayaraq, soyuqdəymə antibiotiklərin təyin edilməsi üçün ən yayılmış səbəbdir.
Müalicə müddəti artdıqca antibiotiklərə qarşı rezistentlik artır. Buna görə effektiv minimum təmin edildikdə daha qısa antibiotik kursları, güman ki, rezistentliyin səviyyəsini, xərcləri azalda bilər, daha az fəsadla daha yaxşı nəticələr verə bilər.
Antibiotiklərin bəzi növləri digərlərinə nisbətən daha yüksək rezistentlik verir. MRSA infeksiyalarına yoluxma səviyyəsinin yüksəlməsi qlikopeptid antibiotiklərin, sefalosporin və xinolonların istifadəsində müşahidə edilir. Sefalosporinlər, xüsusilə də xinolonlar və klindamisin daha böyük ehtimalla anaerob qram-pozitiv Clostridium difficile bakteriyalarının kolonizasiyasına səbəb ola bilər.
Reanimasiya şöbəsində olan faktorlar, məsələn, mexaniki ventilyasiya və bir sıra yanaşı gedən xəstəliklər də bakterial rezistentliyin yaranmasına gətirib çıxarır.
Xəstəxana personalının zəif əl gigiyenası rezistent mikroorqanizmlərin yayılmasına səbəb olduğu halda, əllərin tez-tez yuyulması xəstələnmə səviyyəsini aşağı salır.
Antibiotiklərin qeyri-rasional istifadəsi çox hallarda dünyanın müəyyən bölgələrində idarəetmə strukturlarının təzyiqi ilə bağlı ola bilər. İrq və yoxsulluq kimi sosial-iqtisadi amillər dərman istifadəsinə təsir edir. Farmakorezistent ştamların müalicə proqramlarının effektivliyi proqramın təkmilləşdirilməsində təşkilati strukturun təzyiqinin nəzərə alınmasından asılıdır.

Antibiotiklərin heyvandarlıq təsərrüfatında istifadəsi


ÜST bu nəticəyə gəlib ki, antibiotiklərdən qeyri-düzğun istifadə onlara qarşı rezistent mikroorqanizmlərin ortaya çıxmasına və yayılmasına təkan verən əsas amildir və heyvan yemində böyümə stimulyatorları kimi antibiotiklərin istifadəsini məhdudlaşdırmaq lazımdır.
XX əsrin son 30 ilindən başlayaraq, antibiotiklər heyvandarlıqda çox istifadə olunur. 2013-cü ildə ABŞ-da istifadə edilən antibiotiklərin 80%-i heyvanlar və yalnız 20%-i insanlar üçün istifadə edilib; halbuki 1997-ci ildə 50%-i insan, 50%-i isə heyvanlara istifadə olunmuşdu.
Tarixən, antibiotiklərə qarşı rezistentliyin inkişafı ilə bağlı tədbirlər heyvan yemində antibiotiklərin istifadəsinin tənzimlənməsi əvəzinə, daha çox ət, yumurta və süd məhsullarında dərman qalıqlarının məhdudlaşdırılmasına yönəlib. Tədqiqatçıların hesablamalarına görə, 2001-ci ildə ABŞ-da istifadə edilən antibiotiklərin 70%-dən çoxu "subterapevtik" adlanan (xəstəliyin müalicəsi ücün kifayət olmayan) dozada heyvanların yeminə əlavə edilib. Xəstəlik diaqnozunun olmamasına baxmayaraq, bu dərmanların istifadəsi heyvanların ölüm və xəstələnməsini azaldır və boy artımına səbəb olur.
Nəzəri olaraq ehtimal etmək olar ki, antibiotiklərin subterapevtik dozaları heyvanların bədənində bakteriyaların hamısına deyil, antibiotiklərə qarşı təbii rezistentliyi olan növlərə öldürücü təsir etmir. Araşdırmalar göstərir ki, əslində, bakteriya populyasiyasının ümumi səviyyəsi dəyişmir; təsirə yalnız bakteriya qarışığı məruz qalır. Beləliklə, antibiotiklərin subterapevtik konsentrasiyalarda yemlərə əlavə edilməsı zamanı onların böyümə stimulyatorları kimi təsir mexanizmi aydın deyil.


Antibiotiklərə qarşı rezistentlik və ekologiya problemləri


Ətraf mühitin çirklənməsi, xüsusilə "qaynar nöqtələr", məsələn, xəstəxananın və şəhərin təmizlənməmiş çirkab suları vasitəsilə çirklənməsi səhiyyənin ciddi problemidir. Antibiotiklər insan (dərman, kənd təsərrüfatı), heyvanlar və əczaçılıq sənayesi vasitəsilə tətbiq olunduqdan sonra ətraf mühiti çirkləndirir. Antibiotiklərə qarşı rezistent bakteriyalar antibiotik tullantıları ilə birlikdə ətraf mühitə daxil olur.
Bakteriyalar sürətlə coxaldıqlarına görə, mühitə daxil olan rezistent bakteriyalar bölünməyə davam etdikləri üçün rezistentlik genlərini təkrarlayır. Bundan əlavə, rezistentlik genləri daşıyan bakteriyalar üfüqi gen ötürülməsi yolu ilə bu genləri digər növlərə ötürməyə qadirdir. Beləliklə, konkret bir antibiotik artıq ətraf mühitə daxil edilməsə belə, antibiotiklərə qarşı rezistentlik genləri replikasiya edən bakteriyalara görə (preparatın təsiri olmadan belə) qorunub saxlanılır.
Antibiotiklərə qarşı rezistentlik dəniz onurgalıları arasında geniş yayılıb və onlar dəniz mühitində antibiotiklərə qarşı rezistentlik bakteriyalarının mühüm rezervuarları ola bilər.
Çirkab sularının qeyri-düzgün təmizlənməsi nəticəsində əczaçılıq istehsalında ətraf mühitə böyük miqdarda antibiotiklərin atılması da antibiotiklərə davamlı ştamların inkişaf etməsi və yayılması riskini artırır.

Həkim-terapevt, klinik farmakoloq, professor Fikriyyə İbrahimli шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova