Valyuta.com

Xudadat bəy Rəfibəyli – 140

Xudadat bəy Rəfibəyli – 140

Azərbaycanın milli istiqlal mücadiləsi fədailərindən biri olan Xudadat Ələkbər oğlu Rəfibəyli peşəkar cərrah, savadlı terapevt, müdrik, humanist insan idi. Turan bayrağının tarixi türk torpaqları üzərində dalğalanacağına inanan Xudadat bəy vətənpərvər ziyalı kimi, təqiblərdən, həbslərdən, sürgünlərdən qorxmadan mənsub olduğu millətin səadəti uğrunda çalışır, Azərbaycanın azadlığa qovuşmasını müqəddəs amal sayırdı.
İlk təhsilini Gəncə gimnaziyasında alan Xudadat bəy sonra Xarkov İmperator Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1904-cü ildə oranı bitirərək həmin universitetin klinikasının Cərrahiyyə şöbəsində 3 il ordinator işləmişdi. Sonra doğma yurdu Gəncəyə qayıtmış, burada həkimliklə məşğul olmuş, 6 saylı Gəncə Şəhər Xəstəxanasına baş həkim təyin edilmişdi.
Həmin dövrdə ölkənin digər bölgələri kimi, Gəncədə də həkim çatışmırdı. Xudadat bəy gecə-gündüz xəstəxanada olur, bəzən evə getməyə vaxt tapmasa da, “yoruldum” demir, xəstələri naümid yola salmırdı. O, kasıb xəstələri nəinki təmənnasız müalicə edirdi, bəzən imkanı olmayan pasiyentlərə dərman pulu da verirdi. Buna görə də qısa müddətdə Xudadat bəy tək Gəncəbasarda yox, ölkənin hər yerində məşhurlaşmışdı. Tək xəstələr deyil, digər dərdi olanlar da Xudadat bəyin yanına gəlir, problemlərinin həllinə kömək istəyirdilər. O da insanların dərdlərini yuxarı orqanlara çatdırır, xalq arasındakı nüfuzundan istifadə edərək şikayətlərin müsbət həllinə nail olurdu.
Xudadat bəy əhalini maarifləndirmək, milli vətənpərvərlik ruhunu formalaşdırmaq məqsədi ilə dövrün müxtəlif qəzet və jurnallarında elmi-publisist məqalələr də yazırdı.
1914-cü ildə Xudadat bəy tanınmış ictimai xadim Həsən bəy Ağayevlə birlikdə Gəncə Tibb Cəmiyyətini təsis edir və onun ilk sədri olur. Cəmiyyətin əsas vəzifəsi I Dünya müharibəsi dövründə kasıblara, Rusiyanın işğalçılıq siyasəti və ermənilərin Anadoluda həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində yurdundan didərgin düşən minlərlə insana, xüsusilə uşaqlara pulsuz tibbi yardım göstərmək, aclıq və xəstəlikdən əziyyət çəkən yüzlərlə şəxsin həyatını xilas etmək idi.
Gəncə və Gəncəbasar camaatı Xudadat bəyi daha yuxarı vəzifədə görmək istəyir, ona yerli əhalini problemlərdən xilas edəcək, bölgədə özbaşınalığa son qoyacaq dövlət xadimi kimi baxırdılar. O da öz növbəsində əhali arasındakı nüfuzundan istifadə edərək, milli azadlıq ideyaları yayır, Azərbaycanın müstəqil olacağını dönə-dönə vurğulayırdı.
1917-ci ilin noyabrında Bakıda daşnak Şaumyanın başçılıq etdiyi bolşeviklər hakimiyyəti ələ alanda və hər yerdə müsəlmanların qətlinə hazırlıq görəndə X.Rəfibəyli hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini və bolşevik-daşnak quldur dəstələrinin kütləvi şəkildə müsəlman-türk qətliamına hazırlaşdığını anlayır, bunun qarşısını almaq məqsədilə Gəncəbasar zonasında əhalinin silahlandırılması üçün işlər görür. Öz adamlarını kəndlərə göndərərək, onlara gözlənilən bolşevik-daşnak hücumuna hazır olmaları və bu məqsədlə silahlı dəstələr yaratmaları barədə tövsiyələr verir. 1918-ci il martın sonlarında Bakıda, Şamaxıda, Qubada, Salyanda və s. qətliamlar törədən, bolşevik cildinə girmiş daşnaklar Xudadat bəy və digərlərinin səyi nəticəsində Gəncədə belə qırğınlar həyata keçirə bilmirlər.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyinin elan edilməsini, xalqın digər vətənpərvər ziyalıları kimi, X.Rəfibəyli də böyük sevinclə qarşılayır. O hər hansı göstəriş gözləmədən, dərhal müstəqilliyimizin möhkəmləndirilməsi və hərbi tibbi kadrların təşkili ilə bağlı işlər görür. Xudadat bəyin ən böyük xidmətlərindən biri də Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun əsgərlərinə və döyüşlərdə yaralananlara tibbi xidmət göstərmək üçün tanıdığı kadrlardan xüsusi qruplar yaradıb orduya göndərməsi olur. Həmin dövrdə özü də dəfələrlə Qafqaz İslam Ordusundakı tibbi xidmət qrupunun tərkibinə qatılır, yaralı əsgərlərin həyatını xilas edir.

AXC qurulduqdan sonra Xudadat bəy Rəfibəyli müstəqil dövlət quruculuğunda fəal iştirak edir. Xalqına əvəzsiz xidmətləri nəzərə alınaraq, o, Cümhuriyyətin ilk hökumətində səhiyyə və sosial təminat naziri vəzifəsinə təyin olunur. X.Rəfibəyli yeni səhiyyə ocaqlarının yaradılmasına, həmin dövrdə tüğyan edən yoluxucu xəstəliklərin aradan qaldırılmasına böyük əmək sərf edir. Bunun üçün bir çox yerlərdə, xüsusilə yoluxucu xəstəliklərin geniş yayıldığı rayonlarda pulsuz xəstəxanalar, feldşer məntəqələri açır, onların kadrlarla və dərmanlarla təchiz edilməsi üçün çalışır, Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiyanın yaradılmasına nail olur. Eyni zamanda, yeni yaranan müstəqil ordunun tibbi kadrlarla təmin edilməsi üçün Xudadat bəyin göstərişi ilə çoxsaylı tədbirlər həyata keçirilir, yeni hospitallar, səyyar hərbi tibb məntəqələri təşkil olunur, xaricdən preparatlar, tibbi ləvazimatlar alınır.
Xudadat bəy AXC-nin I və II kabinetlərində səhiyyə və sosial təminat naziri vəzifəsini uğurla həyata keçirir. 1918-ci ilin dekabrında Xoyski hökuməti istefa verdikdən sonra X.Rəfibəyli səhiyyə və sosial təminat naziri vəzifəsini tərk edir, Gəncəyə qayıdır. Bu qayıdış xalq arasında böyük sevinclə qarşılanır. Çünki 1918-1919-cu illərdə Gəncə və Gəncəbasar zonasında özbaşınalıq hökm sürürdü. Yeni qurulan dövlətin hələ lazımi qədər möhkəmlənməməsindən istifadə edən bəzi qüvvələr silahlı dəstələr yaradaraq yerlərdə ağalıq edirdilər. Bunun qarşısını alacaq, xalqın problemlərini həll edəcək, quldur dəstələrinin özbaşınalığına son qoyacaq iradəli, qətiyyətli rəhbər isə məhz Xudadat bəy Rəfibəyli idi. Beləliklə, o, Gəncə general-qubernatoru təyin edilir.
Məsul vəzifədə olmasına və işinin çoxluğuna baxmayaraq, Xudadat bəy həkimlik fəaliyyətini də davam etdirirdi. O, günün birinci yarısında xəstələri müalicə edir, günortadan sonra isə quberniyanın problemlərinin həlli ilə məşğul olurdu: “Mən həkiməm və vəzifəm xəstələri müalicə etməkdir. Amma indi qarşımda daha böyük vəzifə durur. Bu da bölgədə əmin-amanlığı, haqqı və ədaləti bərpa etmək, insanların dinc və sakit yaşayışına nail olmaq, onlarda dövlətimizə qarşı inam yaratmaqdır”.
X.Rəfibəyli tezliklə bölgədə sabitliyin təmin edilməsinə yönələn bir sıra tədbirlər həyata keçirir. Nəticədə, qısa müddətdə Gəncə və Gəncəbasar zonası əhaliyə qarşı zorakılıq edən silahlı quldur dəstələrindən təmizlənir, bölgədə əmin-amanlıq bərpa olunur. O, vəzifəsindən sui-istifadə edən məmurları və hüquq-mühafizə orqanları əməkdaşlarını da cəzalandırır. Beləliklə, əhalinin hüquq-mühafizə orqanlarına və müstəqil dövlətimizə inamı artır. Xudadat bəy Gəncədə və ətraf rayonlarda yeni fabrik-zavodlar, məktəblər, xəstəxanalar açmaq, böyük yenidənqurma işləri aparmaq istəyirdi və bu məqsədlə xüsusi plan da hazırlamışdı. Bu arzular gerçəkləşsəydi, Gəncə yenidən Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olacaqdı. Amma 1920-ci ilin əvvəllərindən başlayaraq, bolşevik Rusiyasının Azərbaycanı işğal etmək üçün hərəkətə keçməsi qeneral-qubernatora öz planlarını həyata keçirməyə imkan vermədi. Belə ki, bolşeviklər paytaxt Bakıda, Gəncədə və digər yerlərdə Rusiyanın nökərləri kimi çıxış edən pozucu qüvvələrdən istifadə etməyə başladılar.
X.Rəfibəyli Gəncədə əmin-amanlığı bərpa etmək, bolşevik nökəri olan və erməni daşnakları ilə birlikdə Cümhuriyyətə arxadan zərbə vurmaq istəyən yerli satqınların iç üzünü açmaq üçün mübarizə aparır, əhali arasında təbliğatı gücləndirir. Amma onun və digərlərinin demokratik respublikanı qorumaq üçün göstərdiyi cəhdlərə baxmayaraq, Azərbaycanın başı üzərindən qara buludlar çəkilmir. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı işğal edirlər. Aprelin 29-da Qırmızı ordu hissələri ərazilərimizi zəbt edə-edə Gəncəyə doğru irəliləməyə başlayır. Belə vəziyyətdə Gəncənin taleyi artıq bəlli idi. Dinc insanların öldürülməməsi və Qırmızı ordu əsgərlərinin əllərinə şəhərdə kütləvi qətliamlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy uzaqgörən addım atır. O, aprel ayının 30-da tutduğu vəzifədən istefa verir. Xudadat bəyin qubernator kimi imzaladığı axırıncı sənəd onunla birlikdə işləmiş adamların hamısına etdiyi müraciəti idi. Bu müraciətdə deyilirdi: “Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətlərə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini bundan sonra da vicdanla və səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”.
Xudadat bəy şəhəri tərk etmək, həkimlik fəaliyyətini davam etdirmək niyyətində idi. Qırmızı ordu hissələri Gəncəyə daxil olandan bir neçə gün sonra şəhərdəki ermənilər azərbaycanlılara qarşı fəallaşdılar. Onlar şəhərdəki azərbaycanlıların və milli ordu hissələrinin guya Qırmızı orduya qarşı təxribata hazırlaşması haqqında Bakıya məlumat verdilər. Eyni zamanda, XI Ordu komandanlığında bu işin başında Xudadat bəyin dayanması, onun general-qubernator olduğu vaxt bolşevik tərəfdarlarına qarşı sərt tədbirlər həyata keçirməsi, erməni qırğınında iştirak etməsi barədə rəy formalaşdırdılar. Nəticədə, Gəncədəki Qırmızı ordu komandanlığı Xudadat bəyin həbs üçün bəhanə axtarmağa başlayır. Ermənilər Qırmızı ordu komandanlığına Xudadat bəyin bolşeviklərə qarşı üsyan hazırlaması barədə məlumat verirlər və o, 1920-ci il mayın 12-də həbs edilir. Onu silahlı əsgərlərin nəzarəti altında Gəncədən Bakıya aparmaq qərarına gəlirlər. Bu hadisə Gəncə camaatını ayağa qaldırır, minlərlə əhali küçələrə, dəmiryol stansiyasına axışır. Xudadat bəy üç nəfər silahlı əsgərin müşayiəti ilə qatara minmək üçün dəmiryol vağzalına gətirilir.
O həmişəki kimi qamətini dik tutmuş və qürurlu görkəmini saxlamışdı. Şahidlərin sözlərinə görə, kimsə ona pul uzatmış, o isə əlləri ilə rədd etmişdi. Həmin vaxt Xudadat bəyi azad etmək üçün Şəmkirdən Gəncəyə doğru 500 nəfər silahlı dəstə gəlirdi. Ancaq Xudadat bəy buna ehtiyac olmadığını demişdi. O, günahsız olduğunu bilirdi və haqqını müdafiə edəcəyinə əmin idi...
Bolşeviklər Xudadat bəyi erməni kəndlərinin yandırılması və yerli əhaliyə divan tutması iddiası ilə mühakimə edirlər. Xudadat bəy bu iftiranı rədd edir. Amma ona nə özünü müdafiə etməyə, nə də son sözünü deməyə imkan vermirlər. Çünki bu işi düzüb-qoşan, əvvəlcə daşnaklara xidmət edən, sonra isə bolşeviklərin tərəfinə keçən müstəntiq Sofikyanın məqsədi Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən birini aradan götürtmək idi. Saxta ittihamla Xudadat bəyi mühakimə etdilər və iyunun 1-də onu gizlicə Xəzər dənizindəki adalardan birinə apararaq güllələdilər.
Gəncə üsyanı Xudadat bəyə görə başladı. Xudadat bəy Rəfibəylinin həbsi Gəncədə üsyan üçün siqnal oldu. Bununla əlaqədar tarixçi alim Nəsiman Yaqublu “Azərbaycan legionerləri” adlı kitabında yazır: “1920-ci il mayın ortalarından başlayaraq, Gəncədə vəziyyət kəskinləşmişdi və Qızıl ordu hissələri ilə əhali arasında toqquşma baş verəcəyi gözlənilirdi. Vəziyyəti gərginləşdirən və Gəncə üsyanının başlamasına səbəb olan amillərdən biri də Xudadat bəyin bolşeviklər tərəfindən həbs edilməsi idi. X.Rəfibəylinin istintaq işini ermənilər aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun keçmiş 3-cü piyada Gəncə polkunun komandiri, sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin yanvarında isə sovet KQB-sinin göndərdiyi bir xanım tərəfindən Almaniyada zəhər verilərək öldürülən məşhur albay Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasına X.Rəfibəylinin həbsinin səbəb olduğunu göstərirdi”.
Həmin ağır günlər haqqında Rəfibəylilər nəslinin tədqiqatçısı, tanınmış alim Rafael Hüseynov belə yazır: “...Sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən sərt repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə yolladı, güllələdi. Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra eyni bəlaları onların başına gətirdi. Rəfibəylilərin bir çoxu İrana, Türkiyəyə mühacirət etdi. Amma şər imperiyasının caynağından qurtulmuş mühacir Rəfibəylilər xaricdə də rahat yaşaya bilmədilər. Təqiblər orada da davam etdi. Rəfibəylilər izi itirmək üçün Türkiyədə 3 müxtəlif soyadla ömür sürdülər – Arran, Sayqın, Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini gizlətmək üçün Rəfiyev, Rəfizadə, Babayev, Kərimov oldular”...
70 il sonra Xudadat bəy Rəfibəylinin günahı olmadığı təsdiq edildi və ona bəraət verildi.

Sadatxan Əliyev
Azərbaycan Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş mühafizi
шаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova