Valyuta.com

Rafiq Əsgərov – 85

Rafiq Əsgərov – 85

Görkəmli anatom-alim, bacarıqlı təşkilatçı, sevimli müəllim



Ölkəmizdə təbabət elminin və tibb təhsilinin tərəqqisində, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının inkişafında xüsusi xidmətləri olan alimlərdən biri də ömrünün şərəfli 85-ci yubiley ilini yüksək yaradıcılıq eşqi ilə qarşılayan Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Rafiq Əşrəf oğlu Əsgərovdur.
1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olan R.Əsgərov orta təhsilini Bakıdakı 6 №-li orta məktəbdə alıb, 1951-ci ildə oranı əla qiymətlərlə bitirərək, Azərbaycan Tibb İnstitutunun (ATİ) Müalicə-profilaktika fakültəsinə daxil olub. Hələ tələbə ikən Normal anatomiya kafedrasında laborant kimi çalışmağa başlayıb, bir il sonra isə həmin kafedrada baş laborant vəzifəsinə keçirilib. Dördüncü kursda oxuyarkən institutun ictimai həyatında fəal iştirakına və əla təhsil nümayiş etdirdiyinə görə Ümumittifaq Lenin Komsomolu Mərkəzi Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.
1957-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrasında aspiranturaya daxil olan R.Əsgərov 1964-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1973-cü ildə isə doktorluq dissertasiyası müdafiə edən alim tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülüb. Onun əsas elmi istiqamətini nəfəs borusu və baş bronxların, eləcə də ağciyərlərin innervasiyası ilə əlaqədar azan sinirin nəqledici aparatının morfo-funksional, yaş və fərdi xüsusiyyətlərinin, mielogenez və mieloarxitektonikasının tədqiqi təşkil edir.
Professor R.Əsgərov 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki göstərişlərin, Anatomiya muzeyi haqqında kitabların, onlarla elmi-kütləvi məqalələrin müəllifidir. Şəxsən tanıdığı məşhür insanlar haqqında son illərdə qələmə aldığı publisistik oçerkləri üç kitab həcmində toplanıb və artıq işıq üzü görüb.
Rafiq müəllim görkəmli anatom-alim, Azərbaycanda elmi anatomiyanın banisi K.Balakişiyev elmi məktəbinin yetirmələrindən və davamçılarındandır. Onun rəhbərliyi altında 10 nəfərdən artıq tədqiqatçı doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Alimin tələbələrinin bir çoxu xarici ölkələrdə fəaliyyət göstərir və ilk ustadları ilə daim sıx əlaqə saxlayırlar.
Professor R.Əsgərov Ümumittifaq Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin VIII-XI qurultay və simpoziumlarının, Cənubi Qafqaz Ölkələri Morfoloqlarının I-V konfranslarının və digər elmi forumların iştirakçısı olub. Çalışdığı ali məktəbin ictimai həyatında yaxından iştirak edən alim 1969-cu ildə ATİ-də yeni yaradılan Fəhlə fakültəsinin dekanı vəzifəsini uzun illər bacarıqla yerinə yetirib. O, 1985-1990-cı illərdə ATİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri vəzifəsində çalışıb və kafedranın yenidən qurulmasına böyük əmək sərf edib. İstedadlı alim 1988-1993-cü illərdə bu ali məktəbin elmi işlər üzrə prorektoru vəzifəsini ləyaqətlə yerinə yetirərək, kollektivin hörmət və rəğbətini qazanıb. Rafiq müəllim 65 ilə yaxındır ki, ATU-nun divarları arasında fəaliyyət göstərir və bu illərin 50 ilə yaxın bir dövründə universitetin Elmi Şurasının uzunmüddətli üzvlərindən biri olub.
Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında tədris, təlim-tərbiyə, eləcə də elmi-tədqiqat işlərini qaydaya saldıqdan sonra professor R.Əsgərov yenidən İnsan anatomiyası kafedrasına qaytarılıb və 1990-1995-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışıb. Gənclərin inkişafına müdrikliklə yanaşan Rafiq müəllim 1995-ci ildə öz istəyi ilə kafedra müdiri vəzifəsindən gedərkən bu vəzifəyə mənim namizədliyini irəli sürüb. O vaxtdan 2017-ci ilədək İnsan anatomiyası kafedrasının professoru kimi çalışan alim uzun illər ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurası sədrinin müavini vəzifəsini yerinə yetirib. Professor R.Əsgərov 2008-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub və burada özünün elmi potensialını daha geniş şəkildə nümayiş etdirib. O, 2017-ci ildən indiyə qədər İnsan anatomiyası kafedrasının məsləhətçi-professoru vəzifəsində çalışır.
Görkəmli anatom-alimin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2000-ci ildə - ATU-nun 70 illik yubileyi ərəfəsində “Tərəqqi” medalına, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycanın tanınmış alimi dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin fəxri fərmanları ilə təltif olunub.
Xoşbəxtlikdən, Rafiq müəllim ömrünün 85-ci baharında da özünü çox gümrah hiss edir və kafedrada tükənməz enerjiyə malik gənclik həvəsi ilə fəaliyyət göstərməkdə davam edir. O özünü elm üçün, təhsil üçün fəda etməyə hazır olan alimlərdəndir və elə bu xüsusiyyətləri də onu yaşadır, ona yeni ilham, yeni güc, qüvvə verir, yeni ideyalarla yaşamağa, yaratmağa sövq edir.
Kafedramızın qocaman alimi professor Rafiq Əsgərovu şərəfli 85-illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq planlarının həyata keçməsində yeni-yeni uğurlar arzulayırıq.

Vaqif Şadlinski
ATU-nun İnsan anatomiyası kafedrasının müdiri, REA-nın akademiki, Əməkdar elm xadimi, professor
шаблоны для dle 11.2





Iyun 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova