Valyuta.com

İki məktəb – fərqli məsuliyyət

Növbəti araşdırma obyektlərimiz Abşeron rayonunda yerləşən 5 nömrəli və Bakının Nəsimi rayonundakı 46 nömrəli orta məktəblərdir

Q.NURİYEV

«Tibb qəzeti» paytaxtın orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərlə bağlı 2012-ci ilin əvvəlindən start verdiyi silsilə reydlərini davam etdirir. Oxucularımıza məlumdur ki, bu istiqamətdə davamlı araşdırma aparmaqda əsas məqsədimiz məktəblərdə şagirdlərin sağlamlığına, qidalanmasına, eləcə də digər vacib məsələlərə lazımi səviyyədə diqqət yetirilib-yetirilmədiyinə aydınlıq gətirmək, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nail olmaqdır. Üç ilə yaxındır davam edən müşahidələrimiz Bakıdakı orta ümumtəhsil məktəblərinin simasının günü-gündən müsbətə doğru dəyişdiyini göstərir. Daha dəqiq desək, artıq şəraiti pis olan təhsil ocaqlarına çox nadir hallarda rast gəlirik. Müvafiq olaraq, məktəb tibb məntəqələri və bufetlər də daha səliqə-sahmanlıdır, burada işin təşkilinə də əsasən daha məsuliyyətlə yanaşılır.
Növbəti araşdırmamızda isə baxış keçirdiyimiz məktəblərin coğrafiyasını genişləndirmək qərarına gəldik – məsafə baxımından Bakıdan çox uzaqlaşmasaq da, inzibati bölgü baxımından ondan kənara çıxdıq. Beləliklə, bu dəfə oxucularımızı daha iki təhsil ocağı – Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 5 nömrəli və paytaxtın Nəsimi rayonundakı 46 nömrəli məktəblərin vəziyyəti ilə tanış edəcəyik.

“Əminliklə deyə bilərəm ki, Abşeronun istənilən məktəbində belə intizam var”

Abşeron rayonu Xırdalan şəhərində yerləşən 5 nömrəli orta məktəbin qapısını səhər saat 8:45 radələrində döydük. Öncə qeyd edək ki, məktəb özünün yaraşıqlı binası, səliqə-sahmanlı həyəti ilə xoş təsir bağışlayır. Elə bu həyətdəcə bir qədər ayaq saxlayıb şagirdləri, aşağı sinif uşaqlarının burada gözləməkdə olan valideynlərini söhbətə tuturuq ki, görək Tibb Məntəqəsi ilə bağlı hansı fikirdədirlər. Bu məqsədlə əvvəlcə məktəblilərdən birinə yaxınlaşıb, onu sorğu-sual edirik. Bizi burada təhsil alan hansısa şagirdin valideyni zənn edən müsahibimiz suallarımıza cavab olaraq deyir: «Tibb Məntəqəsi ikinci mərtəbədədir. Mən səhər dərsə gələndə gördüm, həkimlər orada idilər. Keçən həftə sinif yoldaşımın başı bərk ağrıyırdı, apardıq oraya, dərman verdilər. Həkimlər həmişə dərslər başlayandan axıra kimi burada olurlar».
Daha sonra valideynlərdən birinə yaxınlaşırıq. Jurnalist olduğumuzu dərhal sezən müsahibimiz «Sizinlə tam səmimi danışacağam» deyərək, Tibb Məntəqəsi barədə söhbət açır: «Şərait yüksək səviyyədədir, dərmanlar da var. Uşağın dalınca gəlib-gedəndə həkimləri tez-tez görürük, həmişə burada olurlar. Mənim qızım 2-ci sinifdə oxuyur. Biz özümüz də valideyn kimi Tibb Məntəqəsinin yaxşı işləməsində maraqlıyıq. Axı uşaqlarımız günün yarısını burada olurlar, arxayın olmalıyıq ki, məktəbdə həkim var, bufetə, təmizliyə nəzarət var. Bunlar olmasa, valideynlər hamısı narazılıq eləyər. Amma heç başqa valideynlərdən də indiyədək bu barədə giley eşitməmişəm».
Həyətdəki sorğumuzu tamamladıqdan sonra məktəbə daxil olub, üz tutduq araşdırma obyektimizə. Üzərinə «Tibb Məntəqəsi» yazılmış qapını döyüb, içəri keçəndə iki nəfər iş başında idi. Öyrəndik ki, onlar həkim-pediatr Aytəkin Məmmədova və tibb bacısı Könül Nəsibovadır.
Gəlişimizin məqsədi barədə məlumat verdikdən sonra mövcud vəziyyətlə maraqlandıq. Həkim-pediatr bildirdi ki, məntəqə Abşeron Mərkəzi Rayon Xəstəxanasının Uşaq Poliklinikasına tabedir: «Burada iki nəfər çalışırıq. Təsdiq edilmiş qrafikə əsasən, tibb bacısı hər gün səhər saat 8:00-dan 14:00-a qədər, mən isə həftənin II və V günləri saat 9:00-dan 12:00-dək işdə oluram. Şagirdlərə yaxşı tibbi xidmət göstərmək üçün bizə hər bir imkan yaradılıb. Dərman vasitələrini isə il boyu tələbnamə yazaraq Poliklinikamızdan alırıq. Bu baxımdan da heç bir çətinliklə qarşılaşmırıq».
Otağa nəzər salırıq. Şərait yüksək səviyyədədir, avadanlıqların da hamısının – taxt, tərəzi, böyölçən, şkaflar, stol və stulların təzəlikcə yeniləndiyi hiss olunur. Necə deyərlər, çatışmayan heç nə yoxdur. Üstəlik, burada indiyədək rast gəlmədiyimiz bir fakt da diqqətimizi çəkdi: Məntəqə dərman qəbul eləmək üçün daimi olaraq qaynadılmış su və birdəfəlik stəkanlarla da təmin edilir.
Dərman şkafına yaxınlaşıb, preparatları gözdən keçiririk. Burada tibb məntəqəsində olması vacib hesab edilən hər şey var, hamısı da istifadəyə yararlı. Bu arada şkafın alt gözündəki «Dərmanların qeydiyyatı» jurnalı gözümüzə dəyir, götürüb vərəqləyirik. İl ərzində alınan və istifadə olunan preparatlar dəqiq tarixlərlə bir-bir qeyd olunub…
Daha sonra digər jurnalları nəzərdən keçiririk. Hamısı səhifələnib, tikilib, möhürlənib. Lazımi qeydlər isə dəqiqliklə aparılıb. «Ambulator» jurnala baxırıq, hər şey öz qaydasındadır. «Qida blokuna nəzarət» jurnalına diqqət yetiririk – bufetçinin gündəlik sağlamlıq durumundan tutmuş ərzaq məhsullarının qədərinə, son istifadə tarixinədək hər şey qeyd edilib. Təqdirəlayiq haldır ki, digər jurnallarda da eyni səliqə-sahmanın, nizam-intizamın şahidi olduq.
Bu arada Abşeron Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mehriban Qaralova da Tibb Məntəqəsinə gəldi. Məntəqəyə baxış keçirdiyimizi eşidəndə buraya gəlməyi vacib hesab etdiyini deyən baş həkim Abşeron rayonunda bütün səhiyyə işçilərinin «Tibb qəzeti»ni, onun apardığı araşdırmaları müntəzəm izlədiyini və lazımi nəticələr çıxarıldığını bildirdi. Onun sözlərinə görə, təkcə 5 nömrəli məktəbdə yox, rayondakı bütün təhsil ocaqlarının tibb məntəqələrində analoji şərait yaradılıb: “Əminliklə deyə bilərəm ki, Abşeronun istənilən məktəbinə getsəniz, buradakı qayda-qanun, ciddi intizamla orada da rastlaşarsınız”.
Nəhayət, tibb işçiləri ilə yanaşı, elə M.Qaralovanın özünün də müşayiəti ilə məktəbin bufetinə baxış keçirdik. Qeyd edək ki, burada da gözəl şərait, təmizlik, xüsusi səliqə-sahmanla qarşılaşdıq. Ən maraqlısı isə odur ki, digər məktəblərdən fərqli olaraq, burada satılan məhsulların çeşidi barmaqla sayıla biləcək qədər az idi: təzə, hətta istiliyi hələ getməmiş bulkalar, qazsız mineral su, bircə növ təbii şirə, bir neçə çeşid də keks. Vəssalam! Bir sözlə, burada sayı-hesabı bilinməyən şokoladlardan, müxtəlif şirniyyatlardan, kolbasa və sosislərdən əsər-əlamət yox idi. Bunun səbəbi ilə maraqlandıqda isə məlum oldu ki, sən demə, Abşeron rayonundakı bütün məktəblərin büfetlərində vəziyyət belədir. Şagirdlərin sağlamlığını qorumaq məqsədi ilə bir çox məhsulların məktəb bufetlərinə ayaq açmasına imkan verilmir. Onu da qeyd edək ki, sözügedən məktəbin bufetini ərzaqla «Mahmud» KFT firması təmin edir.
Burada satılan ərzaqların hər birinin gigiyenik sertifikatının olmasını, bufetçi Sevda Vəliyevanın tibbi müayinədən keçməsini və şəxsi gigiyena qaydalarına tam əməl etməsini də nəzərə alsaq, bufetdə vəziyyət olduqca ürəkaçan idi. Bir sözlə, bu məktəbin Tibb Məntəqəsi və bufeti digər təhsil ocaqlarına nümunə göstərilə bilər.
Beləcə, Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli orta məktəbi xoş əhval-ruhiyyə ilə tərk elədik. Və araşdırmamızı davam etdirmək üçün ertəsi gün üz tutduq başqa bir təhsil müəssisəsinə.


“Vaxtı keçmiş dərmanları bizim məktəb məntəqələrinə düşmənlərimiz qoyub...”

Biz Bakının Nəsimi rayonundakı 46 nömrəli orta məktəbə çatanda saat 9:20 idi. Ənənəmizə sadiq qalıb, burada da əvvəlcə həyətdə şagirdlərlə söhbətləşdik, onların fikirlərini öyrənmək məqsədi ilə üç nəfər məktəblini dinlədik. Doğrudur, onlar ehtiyac yarandıqda hər kəsə lazımi tibbi yardımın göstərildiyini bildirərək, heç bir narazılıq eləmədilər. Amma ayrı-ayrılıqda söhbət etdiyimiz müsahiblərimizin hər üçü qeyd etdilər ki, Tibb Məntəqəsinin işçiləri məktəbə bir qayda olaraq saat 10:00-dan sonra gəlirlər və hazırda da işdə deyillər.
Şagirdlərlə söhbətimizi yekunlaşdırıb, üz tutduq Tibb Məntəqəsinə. Məlum oldu ki, məktəblilər haqlı imiş. Həmin vaxt saat 9:45 olmasına baxmayaraq, məntəqənin qapısı bağlı idi. Beləcə, tibb işçilərini gözləyəsi olduq… Məktəb rəhbərliyinin aramsız zənglərindən sonra nəhayət onlardan biri gəlib çıxdı. Bu zaman artıq saatın əqrəbləri 10:10-u göstərirdi. Bir qədər sonra öyrəndik ki, işə 1 saat 10 dəqiqə gecikmiş bu xanım tibb bacısı Rəna Elçiyevadır. Gəlişimizin məqsədi barədə ona məlumat verdikdən sonra keçdik mətləbə.
Əvvəlcə iş qrafikinə nəzər saldıq. Məlum oldu ki, Nəsimi rayonu 3 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu məntəqədə iki nəfər çalışır. Həkim-pediatr Güləbətin Quliyeva həftənin II və III günləri saat 9:00-dan 15:00-a qədər, tibb bacısı Rəna Elçiyeva isə hər gün saat 9:00-dan 15:00-dək işdə olmalıdır. İşə 1 saatdan artıq gecikdiyini xatırlatdıqda isə tibb bacısı bunu Poliklinikada olması ilə əlaqələndirdi. «Bəs bu müddətdə şagirdlərdən hansınınsa tibbi yardıma ehtiyacı yaransa, necə olacaq?» sualımıza isə R.Elçiyevanın cavabı gülməli, elə gülməli olduğu qədər də acınacaqlı oldu: «Müəllimlərdən bir neçəsini öyrətmişəm, məntəqənin açarını da onlara vermişəm. Biz işdə olmayanda şagirdlərə onlar yardım göstərirlər». Güman edirik ki, bu sözlərdən sonra əlavə şərhə ehtiyac yoxdur. Amma sual doğuran iki məqamı mütləq vurğulamaq gərəkdir: Heç bir tibbi təhsili olmayan müəllimin şagirdə tibbi yardım göstərməsi nə dərəcədə doğrudur? Və əgər tibbi yardımı müəllimlər göstərəcəklərsə, onda bu məntəqədə çalışan tibb işçilərinə nə gərək var?! Bu suallara cavab verməyi Nəsimi rayonu 3 nömrəli Uşaq Poliklinikasının rəhbərliyinin ixtiyarına buraxıb, keçirik başqa mətləblərə.
Bu arada qrafikə əsasən həmin gün iş növbəsi olmasa da, həkim-pediatr Güləbətin Quliyeva da məntəqəyə gəldi. Onun müşayiəti ilə dərman şkafını nəzərdən keçirdik. Burada az da olsa, hər halda müəyyən qədər preparat var. Onlara bir-bir göz atanda isə «Korvalol»un və «aktivləşdirilmiş kömür»ün istifadə müddətinin bitdiyini gördük. Bu fakt qarşısında həkim dinmədi, tibb bacısı isə «axı, bu necə ola bilər?» kəlmələri ilə kifayətləndi. Onu da öyrəndik ki, dərmanlar məntəqənin tabe olduğu 3 nömrəli Uşaq Poliklinikası tərəfindən verilir. Amma il ərzində nə vaxt və hansı preparatların verilməsi barədə sualımız cavabsız qaldı. Çünki məntəqənin işçiləri bu barədə heç bir qeyd aparmırlar.
Daha sonra jurnallara, sənədlərə diqqət yetirdik. Düzdür, onların bəziləri qaydasında idi. Amma bir neçə ciddi çatışmazlıqla da qarşılaşdıq: Məsələn, «Ambulator» jurnaldan əsər-əlamət yoxdur. Daha dəqiq desək, şagirdlərə nə vaxt və hansı səbəbdən yardım göstərildiyi, hansı preparatların verildiyi heç bir dəftər-kitabda qeyd edilmir. Məlum oldu ki, qida bloku da nəzarətsiz qalıb – tibb işçiləri bu məsələ ilə maraqlanmırlar. «Qida blokuna nəzarət» və «Bufetçinin sağlamlığı» jurnallarının olmaması da bunu təsdiq edirdi.
Nəhayət, məktəbin qida blokundakı vəziyyətlə tanış olduq. Burada şərait, sözün əsl mənasında, ideal səviyyədə, avadanlıqlar da hamısı təzədir. Təmizliyə, səliqə-sahmana da söz yoxdur. Amma bütün bunlarla yanaşı, bəzi çatışmazlıqlara da rast gəldik ki, onlar da bilavasitə tibb işçilərinin bufetə nəzarət etməməsinin nəticəsidir. Məsələn, bufetçi Tamara Səfərova və onun köməkçisi Səbinə Babayeva əlcəksiz işləyirdilər. Üstəlik, onlar tibbi müayinədən keçdiklərini desələr də, bu barədə heç bir sənəd təqdim eləmədilər. Bunlarla bərabər, «REM SERVİS» MMC tərəfindən bufetə satışa verilmiş ərzaqlardan bir çoxunun gigiyenik və uyğunluq sertifikatının vaxtı keçmişdi.
Sonda Nəsimi rayonu 3 nömrəli Uşaq Poliklinikasının baş həkimi Dilbazi Vəliyeva ilə əlaqə saxlayıb, araşdırma zamanı rast gəldiyimiz çatışmazlıqlarla bağlı onun da fikirlərini öyrəndik. 46 nömrəli məktəbdə keçirdiyimiz araşdırmadan xəbərdar olduğunu deyən müsahibimiz bildirdi ki, oradakı vəziyyətlə ətraflı tanış olmaq üçün həmin Tibb Məntəqəsinin işçilərini yanına çağırtdırıb və bir saat ərzində bizə cavab verəcək.
Nəhayət, Dilbazi Vəliyeva bizimlə telefon əlaqəsi saxladı. Amma məsələyə aydınlıq gətirmək əvəzinə, daha da “qaranlığa qərq elədi”. Daha doğrusu, o, olduqca bayağı bir açıqlama verdi : «Mənim işçilərim deyirlər ki, bizim vaxtı keçmiş «korvalol» və «aktivləşdirilmiş kömür»ün dərman şkafında olmasından xəbərimiz yoxdur. Bilmirik ki, onları oraya kim qoyub? Yəqin kimsə bizi istəməyənlər, düşmənlərimiz gətirib qoyublar» (?!). Bu məqamda onun sözünü sualla kəsirik: «Siz bir baş həkim kimi özünüz buna inanırsınız ki, Tibb Məntəqəsindəki şkafa kimsə gətirib vaxtı keçmiş dərman qoya?». Müsahibimiz sözünə davam edir: «Bəli, ola bilər ki, onları oraya bizim düşmənlərimiz gətirib qoyublar». Bu sözlərdən sonra özümüzü gülməkdən zorla saxlayıb, daha bir sual veririk: «Amma bir neçə ay bundan əvvəl sizin tabeliyinizdə olan başqa bir məntəqəyə baxış keçirmiş və orada da vaxtı keçmiş dərmanlara rast gəlmişdik». Dilbazi xanım isə cavab olaraq özü öz sözlərinə quvvət verir: «Hə, yadıma düşdü. Məncə, elə oraya da həmin dərmanları bizi istəməyənlər qoymuşdu. Bizdə vaxtı keçmiş dərman ola bilməz. Bircə çarəmiz qalır ki, polisə müraciət edək, görək ki, bu dərmanları bizim məntəqələrə kimlər qoyub?»
Tibb bacısının işə bir saatdan artıq gecikdiyini xatırladanda həmsöhbətimiz onun həmin vaxt poliklinikada olduğunu deyir, bu problemin kadr çatışmazlığından qaynaqlandığını bildirir. Bu dəfə tibb bacısının «Müəllimlərdən bir neçəsini öyrətmişəm, məntəqənin açarını da onlara vermişəm. Biz işdə olmayanda şagirdlərə onlar yardım göstərirlər» sözlərini baş həkimin nəzərinə çatdırıb, ondan bunun nə dərəcədə doğru olduğunu soruşuruq. Və daha bir inanılmaz cavab alırıq: «Elə edəndə nə olar ki? Bəs neyləsinlər?»
D.Vəliyeva məntəqədə «Ambulator» jurnalın olmaması ilə bağlı sualımıza da sanki uşaq başı aldadırmış kimi cavab verdi: «İşçilərim deyir ki, «Ambulator» jurnalımız var, amma iki ildir bizə heç bir şagird müraciət eləmir deyə, orada qeyd aparmırıq».
Maraqlı cavablardır, deyilmi?! Əslində bunlara cavab yox, cavabsızlıq demək daha doğru olardı. Bu dəmdə məşhur atalar sözümüz lap yerinə düşür: «Aşığın sözü qurtaranda neynim-neynim deyər».
Sonda bir məqamı baş həkim Dilbazi xanım Vəliyevanın nəzərinə çatdırmağı özümüzə borc bilirik: Vaxtı keçmiş preparatları bir baş həkim kimi sizin özünüzün nəzarət etməməyinizin, işçilərinizin məsuliyyətsizliyinin nəticəsi kimi yox, lap «düşmənlərinizin» əməli kimi qəbul eləsəniz belə, əsas məsuliyyət yenə də sizin üzərinizə düşür. Çünki belə çıxır ki, «düşmənləriniz» sizin tabeliyinizdə olan Tibb Məntəqəsinə istədikləri vaxt daxil ola və bütün şagirdlərin həyatını təhlükə altında qoya bilərlər. Artıq izahata ehtiyac görmürük.
Beləcə, «düzü düz, əyrini əyri» prinsipi ilə oxucularımızı daha iki təhsil ocağındakı vəziyyətlə tanış elədik. İdeal vəziyyətlə də rastlaşdıq, çatışmazlıqlarla da. Və bəhanəli-bəhanəsiz bütün mövcud problemlərin aradan qaldırılmasına nail olmaq ümidi ilə araşdırmalarımızı bundan sonra da davam etdirəcəyik.
İki məktəb – fərqli məsuliyyət
İki məktəb – fərqli məsuliyyət
№21-22 30 noyabr 2014-cü ilшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova