Valyuta.com

Cəlilabad – o vaxtdan bəri nələr dəyişib?

Q.NURİYEV

Səhiyyə müəssisələrində apardığımız araşdırmalar silsiləsindən Cəlilabada ilk səfərimiz 2011-ci ilin fevral ayına təsadüf eləmişdi. Doğrudur, o zaman söhbət elədiyimiz xəstələr və onların yaxınları tibbi xidmətin səviyyəsindən, dərman vasitələri və yeməklə təminatdan elə bir ciddi narazılıq eləməmişdilər. Amma buna baxmayaraq, irili-xırdalı bəzi çatışmazlıqlar da var idi. Məsələn, həmin vaxt MRX-da şərait baxımından vəziyyət heç də ürəkaçan deyildi. Bəzi şöbələrdə cari təmir işləri aparılsa da, ümumilikdə yeni binaya, yaxud əsaslı təmirə ehtiyac duyulurdu. Daxili aptek termometr, hiqrometr, soyuducu və kondisionerlə təmin edilməmişdi. Qida blokunda isə şəraitsizliklə yanaşı, həm də susqunluq hökm sürürdü – həmin gün mətbəxdə yemək, anbarda isə ərzaq yox idi. Amma onu da qeyd edək ki, xəstəxana rəhbərliyi qida blokundakı bu vəziyyəti texniki səbəblər ucbatından maliyyə vəsaitinin gecikməsi ilə əlaqələndirərək, elə həmin gün ərzaq və yemək probleminin həll edildiyi barədə «Tibb qəzeti»nə yazılı məlumat vermişdi.
Bəli, o zaman vəziyyət belə idi. Amma aradan 4 ilə yaxın vaxt keçib. Görəsən, bu böyük zaman kəsiyində nə kimi uğurlar əldə olunub, yaxud hansı problemlər hələ də öz həllini gözləməkdədir? Cəlilabadın iki tibb ocağı – Mərkəzi Rayon Xəstəxanası və Şiləvəngə Kənd Sahə Xəstəxanasının timsalında bu suala aydınlıq gətirməyə çalışacağıq.


Cəlilabad Mərkəzi Rayon Xəstəxanası

Hava işıqlanar-işıqlanmaz yola çıxdığımız üçün mənzil başına da erkən çatdıq. Və ilk araşdırmamızdan fərqli olaraq, bu dəfə başqa bir mənzərə ilə qarşılaşdıq: Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının sovetlər dönəmindən qalma köhnə və şəraitsiz korpuslarının yerində indi öz möhtəşəmliyi ilə göz oxşayan müasir xəstəxana kompleksi bərqərar olub. Sözün qısası, bu tibb ocağı Azərbaycan səhiyyəsinin son illər keçdiyi böyük inkişaf yoluna daha bir bariz nümunədir!
Şəraitin gözəl olması öz yerində, bəs tibbi xidmətin səviyyəsi necədir? Xəstələr və onların yaxınları nədən razı, nədən narazıdırlar? İçəri daxil olmazdan öncə həyətdə ayaq saxlayıb, xəstə yanına gəlib-gedənlərlə söhbətləşərək, bu suallara ilkin cavab axtarmağa çalışdıq.
Beləliklə, xəstəxanadan çıxan orta yaşlı kişiyə yaxınlaşırıq. Bir qədər hal-əhvaldan, söhbətdən sonra keçirik əsas mətləbə. «Görəsən, burada xəstələrə necə baxırlar? Dava-dərman verirlərmi?» və sair bu kimi suallarımıza cavab olaraq müsahibimiz danışır: «Yoldaşım 6 gündür Terapiya şöbəsində yatır. Əvvəllər də bir neçə dəfə burada müalicə olunub. O vaxt şərait pis idi, xəstələr çox əziyyət çəkirdilər. Amma indi, şükür Allaha, daha o problem yoxdur. Təzə xəstəxanadır, şərait yüksək səviyyədədir. Bütün aparatlar da var. Bu 6 gündə hələ ki həkimlər bizi dava-dərmana görə bərkə salmayıblar. Nə lazım olsa, özləri verirlər. Yemək məsələsi də belədir ki, rayon yeridir, gəlib-getdikcə evdən azdan-çoxdan bəzi şeylər gətiririk. Amma xəstəxanadan da gündə bir neçə dəfə yemək verirlər».
Qeyd edək ki, həyətdə söhbət elədiyimiz digər müsahiblərimiz də rayonda yeni xəstəxananın tikilməsindən hədsiz məmnun olduqlarını, burada dərmanla təminatdan, eləcə də tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildirdilər.
Beləcə, həyətdəki söhbətlərimizi yekunlaşdırıb xəstəxanaya daxil olduq. Baş həkim İlham Əliyev gəlişimizin məqsədini öyrəndikdən sonra bəzi məsələlər barədə əvvəlcədən məlumat verməyin zəruri olduğunu bildirdi. Qeyd etdi ki, artıq şərait problemi əsaslı şəkildə həll olunub – xəstəxananın yeni binası Səhiyyə Nazirliyi tərəfindən tikilib və müasir tibbi avadanlıqlarla təmin edilərək 2013-cü ilin sentyabr ayında istifadəyə verilib: «Buna görə həm dövlətimizin başçısı İlham Əliyev cənablarına, həm də hörmətli nazirimiz Oqtay Şirəliyevə bütün Cəlilabad əhalisi adından minnətdarlığımı bildirirəm.
Doğrudur, rayon ərazisində fəaliyyət göstərən 28 həkim və 40 tibb məntəqəsində, həmçinin 8 xəstəxanadan 6-sında şərait ürəkaçan vəziyyətdə deyil. Amma əminik ki, bu problem də yaxın vaxtlarda aradan qaldırılacaq. Çünki Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Cəlilabadda tibb müəssisələrinin şərait probleminin həll olunması nəzərdə tutulub».
Müsahibimizin sözlərinə görə, onları narahat edən ən ciddi məsələ kadr çatışmazlığıdır. Belə ki, rayon üzrə ümumilikdə 116 həkim, 258 orta tibb işçisi yeri vakantdır.
İ.Əliyevlə söhbətimizi başa vurduqdan sonra onun müavini Valeh Məmmədovun müşayiəti ilə xəstəxanaya baxış keçirdik.
Təkrara yol verməmək üçün öncədən qeyd edək ki, Cəlilabad MRX-nın bütün şöbələrində şərait baxımından vəziyyət, sözün əsl mənasında, idealdır. Üstəlik, bu səhiyyə ocağı müasir tibbi avadanlıqlarla da tam təmin olunub. Bir sözlə, burada həkimlərin xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməsi üçün hər bir imkan var.
Araşdırmamıza Qəbul şöbəsindən başladıq. İş qrafikinə əsasən həmin vaxt xəstələrin qəbuluna məsul olan şöbə müdiri Mətanət Dadaşova və tibb bacısı Nurəngiz Teymurova hər ikisi vəzifə başında idi.
Şöbənin otaqlarına göz gəzdiririk. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə olunan dərmanların və tibbi ləvazimatların siyahısı bir neçə yerdə divardan asılıb. Şkafda isə xeyli miqdarda ilkin tibbi yardım preparatları var. Yaxınlaşıb onları bir-bir gözdən keçiririk – hamısı istifadəyə yararlıdır. Daha sonra «Qəbul jurnalı»na nəzər salırıq. Məlum olur ki, orada bütün lazımi qeydlər dəqiq aparılıb.
Bu dəfə yolumuzu Kliniki laboratoriyadan salırıq. Şəraitin gözəlliyi bir yana, bura təmizliyi, səliqə-sahmanı, lazımi tibbi avadanlıqlarla yüksək səviyyədə təminatı ilə diqqəti cəlb edir. Soyuducuda xeyli reaktivin olmasını, onların saxlanma qaydalarına əməl edilməsini və tibbi tullantıların xüsusi təhlükəsizlik qutularına yığılaraq tələblərə uyğun şəkildə məhv edildiyini də nəzərə alsaq, laboratoriyada hər şey öz qaydasında idi.
İndi isə xəstəxananın daxili aptekindəyik. 2011-ci ildən fərqli olaraq, burada tamam başqa ab-hava ilə qarşılaşdıq. Əvvəla ona görə ki, ilin axırı olmasına baxmayaraq, baş feldşer İlham Əliyevin rəhbərlik elədiyi əczaxanada dərman ehtiyatı baxımından heç də kasadlıq deyildi. İkincisi isə, gözəl şəraiti olan aptek müvafiq tələblərə cavab verən mebel dəsti, habelə kondisioner, soyuducu, seyf, termometr və hiqrometrlə də təmin olunub.
Son vaxtlar şöbələrdən əczaxanaya təqdim olunmuş tələbnamələrə və aptekdən buraxılan dərmanların fakturalarına da nəzər saldıq. Müvafiq sənədlər MRX-nın və onun tabeliyində olan bütün tibb müəssisələrinin lazımi preparatlarla təmin olunduğundan xəbər verirdi. Bununla belə, biz xəstələrin və həkimlərin dərmanla təminatdan razı qalıb-qalmadıqlarına aydınlıq gətirmək üçün bir qədər sonra bu məsələyə yenidən qayıdacağıq.
Artıq saatın əqrəbləri 13:00-ı göstərirdi. Xəstələrin nahar vaxtı olduğunu nəzərə alaraq bu dəfə üz tutduq tibb müəssisəsinin qida blokuna. Öncə onu qeyd edək ki, burada ilk araşdırmamız zamanı qarşılaşdığımız şəraitsizlikdən və susqunluqdan əsər-əlamət qalmayıb. Müvafiq standartlara cavab verən qida bloku lazımi avadanlıqlarla da təchiz olunub. Üstəlik, burada hər kəs iş başında idi. Necə deyərlər, qazanlar qaynayırdı…
Baş aşpaz Esmira Həsənova ilə söhbət əsnasında öyrəndik ki, həmin gün xəstələrə səhər yeməyində manna sıyığı verilib. Nahar artıq hazır idi – toyuq əti ilə qarabaşaq dəmləməsi. Axşama isə vermişel şorbası nəzərdə tutulmuşdu. Qeyd edək ki, bunlar xəstəxana rəhbərliyi tərəfindən təsdiq edilmiş menyuda da eynilə öz əksini tapmışdı.
Burada çalışan işçilərin «Şəxsi Tibbi Kitabça»larına da diqqət yetirdik. Onlar hamısı tibbi müayinədən keçmişdilər. Amma bir neçə çatışmazlığın olduğu da nəzərimizdən yayınmadı. Məsələn, yeməklərdən nümunələr saxlamaq kimi vacib şərtə aşpaz əməl eləməmişdi. Bundan əlavə, işçilərdən bəzisinin başında qalpağı, əlində isə əlcəyi yox idi.
Mətbəxə baxdıqdan sonra ərzaq anbarına da baş çəkdik. Xəstəxananın təsərrüfat müdiri Ramiz Cəfərovun rəhbərlik elədiyi anbarda xeyli məhsul var idi – mal əti, toyuq əti, kərə və bitki yağları, yumurta, qarabaşaq, manna, qatılaşdırılmış süd, düyü, makaron, vermişel, kartof, soğan və sair…
Nəhayət, xəstələrlə söhbət eləmək üçün şöbələrə baş çəkib, bir neçə palatanın qapısını döydük. Görək, bu tibb ocağındakı vəziyyət onları qane edir, yoxsa yox?
Öncə I Cərrahiyyə şöbəsindəyik. Dörd gündür burada müalicə aldığını deyən orta yaşlı qadın özünü çox rahat hiss elədiyini, heç nədən narazı olmadığını bildirdi. Əhaliyə belə yüksək şərait yaratdıqlarına görə dövlət başçısının və səhiyyə nazirinin ünvanına minnətdarlıq dolu sözlər söyləyən müsahibimiz həkimlərin ona böyük diqqət və qayğı göstərdiklərini, dərman və yeməklə təminatdan, tibbi xidmətin səviyyəsindən hədsiz dərəsədə razı qaldığını vurğuladı.
Mama-ginekologiya şöbəsində fikrini öyrəndiyimiz pasiyent də razılıqla danışdı: «Doğrusu, mənim dava-dərmana elə də ehtiyacım yoxdur. Amma yenə də, nə lazım olsa, xəstəxanadan verilir. Neçə gündür buradayam, narazı qalmalı heç nə yoxdur. Şəraiti də özünüz görürsünüz – hər şey yaxşıdır. Sizin qəzetə də minnətdarıq, çox sağ olun ki, gəlib bizim vəziyyətimizlə maraqlanırsınız».
Daha bir xəstə ilə II Terapiya şöbəsində söhbət elədik. Müalicə olunduğu müddətdə heç bir problemlə üzləşmədiyini deyən müsahibimiz burada ona göstərilən tibbi xidmətdən razı qaldığını bildirdi: «Dərmanlarımın yalnız ikisini aptekdən aldırmışam, qalanları xəstəxanadan verilib. Yemək məsələsi də yaxşıdır. Mən yalnız minnətdarlığımı bildirirəm, başqa bir sözüm, gileyim yoxdur».
Qeyd edək ki, xəstələri dinlədikdən sonra bir neçə həkimlə təklikdə söhbət edib, müalicə prosesində istifadə olunan dərmanları vaxtlı-vaxtında alıb-almadıqları ilə maraqlandıq. Bu baxımdan heç bir problem olmadığını deyən müsahiblərimiz yazdıqları tələbnamələrə uyğun bütün preparatları aldıqlarını bildirdilər.
Araşdırma zamanı bu tibb ocağında sanitar-gigiyenik normalara əməl edilib-edilməməsinə də diqqət yetirdik. Yüksək səviyyədə şərait olan xəstəxanada hər tərəf təmizliyi, səliqə-sahmanı ilə diqqəti cəlb edirdi. Konkret olaraq sterilizasiya məsələsinə gəldikdə, bu baxımdan da nizam-intizam var idi. O ki qaldı tibbi tullantıların utilizasiyasına, bizə təqdim olunan aktlar təsdiq edirdi ki, tullantılar qaydalar çərçivəsində məhv edilir.
Beləcə, Cəlilabad MRX ilə bağlı araşdırmamızı yekunlaşdırıb, yön aldıq rayon mərkəzindən xeyli aralıda yerləşən Şiləvəngə Kənd Sahə Xəstəxanasına.

Şiləvəngə Kənd Sahə Xəstəxanası

Şiləvəngə Kənd Sahə Xəstəxanasının xarici görünüşü adama heç də xoş təsir bağışlamır. Elə ilk baxışdaca hiss olunur ki, inşa edildiyi gündən bəri burada əsaslı təmir işləri aparılmayıb. Cəlilabad MRX-da gördüklərimizə tamamən əks olan bu mənzərəni seyr edə-edə irəli doğru addımlayırıq. Bizi baş həkim Səidə Ağayeva qarşılayır.
«Tibb qəzeti»nin səhiyyə müəssisələrində apardığı araşdırmaları, xüsusilə gözdən-könüldən uzaq kənd xəstəxanalarının şərait problemini tez-tez gündəmə gətirməsini yüksək qiymətləndirən baş həkim səfərimizin onlar üçün də uğurlu olmasını arzulayaraq bizi içəri dəvət edir və onun müşayiəti ilə xəstəxanaya baxış keçiririk.
İçəridə vəziyyət çöldəkinə nisbətən bir qədər yaxşıdır. Dəhlizdə, inzibati otaqlarda və əksər palatalarda kosmetik təmir işləri görülüb, mümkün qədər səliqə-sahman yaradılıb. Amma, necə deyərlər, fakt faktlığında qalır – binanın əsaslı təmirə ehtiyacı var.
S.Ağayeva məlumat verir ki, xəstəxana binası 1980-ci illərdə tikilib və o zamandan indiyədək əsaslı təmir olunmayıb: «Doğrudur, arada yerli büdcədən ayrılmış vəsait hesabına cari təmir işləri aparılıb, amma buna baxmayaraq, şəraitlə bağlı ciddi problemlər var: Suyu yaxınlıqdakı artezian quyusundan vedrələrlə gətiririk. İstilik kimi isə odun, solyar yağı və elektrik sobalarından istifadə olunur».
Baş həkimin sözlərinə görə, 15 çarpayılıq xəstəxanada hərəsi 5 çarpayıdan ibarət Doğum, Terapiya və Pediatriya şöbələri fəaliyyət göstərir: «30 nəfərlik kollektivimizdə 2 həkim, 12 orta tibb işçisi çalışır, qalanları texniki heyətdir. Onu da qeyd edim ki, xəstəxana Şiləvəngədən başqa, ətrafdakı digər 12 kəndin də əhalisinə xidmət edir, bu isə 8 min nəfərə yaxın əhali deməkdir. Doğrudur, kadr çatışmazlığı var. Məsələn, hazırda həkim-ginekoloq yeri vakantdır. Bundan əlavə, mütəxəssis olmadığı üçün laboratoriyamız da fəaliyyətini dayandırıb. Amma Peyvənd otağı və Stomatoloji kabinet əhalinin xidmətindədir. Bu il ümumilikdə 28 nəfər stasionar xəstəmiz olub. Preparatları lazım olduqca tələbnamə yazıb Mərkəzi Rayon Xəstəxanasından götürürük. Bu baxımdan heç bir çətinliyimiz yoxdur. Hazırda xeyli dərman ehtiyatımız var».
Şiləvəngə Kənd Sahə Xəstəxanasında sanitar-gigiyenik vəziyyətlə də maraqlandıq. Qeyd elədiyimiz kimi, burada ümumi təmirsizlik hökm sürür. Amma baş həkim bildirdi ki, dezinfeksiyaedici məhlullar vasitəsilə dəhlizlər, qovşaqlar, eləcə də palata və inzibati otaqlar hər gün silinib təmizlənir: “Konkret olaraq sterilizasiya məsələsinə gəlincə, burada əsasən birdəfəlik tibbi ləvazimatlardan istifadə edilir. Hərdən bəzi alətləri sterilləşdirmək lazım gəlir ki, bunun uçun sterilizator var. Tullantılar isə zərərsizləşdirilərək məhv olunur”.
Beləcə, daha bir araşdırmamızın sonuna gəldik. Cəlilabad MRX-dakı gözəlliyin, müasirliyin yaxın gələcəkdə Şiləvəngə Kənd Sahə Xəstəxanasına, eləcə də bu rayonun bütün tibb ocaqlarına sirayət etməsi arzusu ilə yazımıza nöqtə qoyuruq.
Cəlilabad – o vaxtdan bəri nələr dəyişib?
Cəlilabad – o vaxtdan bəri nələr dəyişib?
Cəlilabad – o vaxtdan bəri nələr dəyişib?
Cəlilabad – o vaxtdan bəri nələr dəyişib?
№21-22 30 noyabr 2014-cü ilшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova