Valyuta.com

Nümunə götürülməli tibb məntəqələri

Nümunə götürülməli tibb məntəqələri

Artıq dörd ilə yaxındır ki, «Tibb qəzeti» orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqəsi və bufetlərlə bağlı silsilə araşdırmalar apararaq, “Şagirdlərin sağlamlığına və qidalanmasına xidmət edən bu obyektlər öz işlərinin öhdəsindən layiqincə gəlirmi?” sualına cavab axtarır. Əminliklə qeyd edə bilərik ki, bu məsələni davamlı olaraq gündəmdə saxlamağımız öz müsbət nəticəsini verməkdədir – əvvəllər çatışmazlıqların baş alıb getdiyi tibb məntəqəsi və bufetlərlə tez-tez qarşılaşırdıqsa, son vaxtlar belə obyektlərə nadir hallarda rast gəlirik. Amma ötən nömrəmizdə haqqında söhbət açdığımız iki məktəbin timsalında gördük ki, öyünmək hələ tezdir. Beləliklə, bu dəfə oxucuları daha iki təhsil ocağının – Yasamal rayonundakı 286 nömrəli və Binəqədi rayonunda yerləşən 115 nömrəli məktəbin vəziyyəti ilə tanış edəcəyik.

Yasamal rayonu 286 nömrəli məktəb

Bu bizim 286 nömrəli təhsil ocağına ikinci səfərimizdir. Daha dəqiq desək, məktəblərlə bağlı araşdırmalarımıza ilk dəfə 2012-ci ilin fevral ayında məhz buradan başlamışdıq (bax: «Tibb qəzeti», fevral 2012. № 3-4). Qeyd edək ki, o zaman sözügedən məktəbin tibb məntəqəsində vəziyyət ürəkaçan deyildi. Amma aradan həm xeyli vaxt keçib, həm də struktur dəyişikliyi baş verib: əvvəllər 13 nömrəli Uşaq Poliklinikasının nəzdində olan həmin məntəqə indi yeni yaradılmış 39 nömrəli Şəhər Poliklinikasının tabeliyində fəaliyyət göstərir. Dörd il əvvəl tənqid elədiyimiz tibb məntəqəsində, görəsən, indi vəziyyət necədir? Sözsüz ki, bu suala ən dolğun cavabı şagirdlər verə bilərlər. Ona görə də elə məktəbin həyətindəcə onlardan bir neçəsinin fikrini öyrəndik.
Qeyd edək ki, müsahiblərimiz burada çalışan tibbi heyət haqqında razılıqla danışdılar. Onların sözlərinə görə, məntəqə hər gün dərslər başlayandan qurtarana qədər açıq olur, ehtiyac yarandıqda isə nəinki şagirdlərə, elə müəllimlərə də lazımi tibbi yardım göstərilir.
Saatın əqrəbləri 8:00-ı göstərəndə dərsin başlandığını bildirən zəng vuruldu. Beləcə, şagirdlər sinif otaqlarına üz tutdular, biz isə tibb məntəqəsinə. Qapını döyüb, içəri keçdik. Amma özümüzü təqdim eləməyə, nə məqsədlə gəldiyimiz barədə məlumat verməyə ehtiyac qalmadı. Axı, biz burada 4 il əvvəl də olmuşduq. Necə deyərlər, həmin ünvan, tanış üzlər… Ona görə də birbaşa keçdik mətləbə.
İlk növbədə gözdən keçirdiyimiz təsdiq olunmuş iş qrafikindən məlum oldu ki, tibbi heyət 4 nəfərdən ibarətdir. Həkim-pediatr X.Qasımova həftənin tək günləri saat 9:00-dan 15:00-a, tibb bacıları Q.Orucova, Ü.İsgəndərova və G.İmanquliyeva isə hər gün qrafik üzrə müəyyənləşdirilmiş saatlarda işdə olmalıdır ki, onlardan 3 nəfəri iş başında idi.
Məntəqədə şərait normal səviyyədədir – cari təmir işləri aparılıb, avadanlıqlar təzədir, taxt, tərəzi, boyölçən və digər ləvazimatlar var. Dərman ehtiyatına gəldikdə, şkafda xeyli preparat var idi, hamısı da istifadəyə yararlı. Həkim-pediatr bildirdi ki, bu baxımdan heç bir çətinlikləri yoxdur. Onun sözlərinə görə, preparatlar azalan kimi, tələbnamə yazıb, nə lazımdırsa, 39 nömrəli Şəhər Poliklinikasından götürürlər.
Daha sonra jurnallara nəzər saldıq və heç bir nöqsana rast gəlmədik. Onlar hamısı səhifələnib-tikilib, möhürlə təsdiq olunmuş, lazımi qeydlər vaxtında və dəqiq aparılmışdı. Beləcə, tibb məntəqəsini tərk edib, üz tutduq məktəbin qida blokuna.
Bufetdə də eyni nizam-intizamla, səliqə-sahmanla qarşılaşdıq. Ərzaqlar çeşidlənərək vitrinlərə, soyuduculara yerləşdirilmişdi. Onları diqqətlə nəzərdən keçirdik, istifadə müddəti bitmiş və məktəb bufetlərində satışına qadağa qoyulmuş məhsullara rast gəlmədik. Bufetçi K.Mehdiyeva tibbi müayinədən keçməklə yanaşı, həm də piştaxta arxasında xüsusi geyimdə işləyirdi. Bütün malların sertifikatlarının olduğunu da nəzərə alsaq, bufetdə vəziyyət ürəkaçan idi.
Bir sözlə, 286 nömrəli məktəbdən xoş əhval-ruhiyyə ilə ayrıldıq və araşdırmamızı davam etdirmək üçün ertəsi gün üz tutduq başqa bir təhsil müəssisəsinə.

Nümunə götürülməli tibb məntəqələri

Binəqədi rayonu 115 nömrəli məktəb

Binəqədi rayonunda yerləşən 115 nömrəli məktəbin qapısını səhər saat 7:30 radələrində döydük. Həyətə daxil olanda burada bir neçə valideynin söhbət elədiyini gördük. Onlara yaxınlaşıb tibb məntəqəsini, orada çalışan tibb işçilərini soruşduq. Həkimin iş günlərini dəqiq bilmədiklərini deyən müsahiblərimiz tibb bacısının hər gün səhər tezdən işə gəldiyini bildirdilər. Sözarası digər suallarımıza da cavab almağa çalışdıq. Jurnalist olduğumuzu bilməyən valideynlər məntəqədə həm şəraitin, həm də dava-dərmanla təminatın yaxşı olduğunu vurğulayaraq, ehtiyac yarandıqda hər kəsə tibbi yardım göstərildiyini qeyd etdilər.
Saatın əqrəbləri 8:05-i göstərəndə yön aldıq araşdırma obyektimizə. Birinci mərtəbədə yerləşən, üzərinə «Tibb otağı» yazılmış qapını döyüb içəri keçdik. Bu zaman bir nəfər iş başında idi. Öyrəndik ki, o, tibb bacısı S.Əhmədovadır. Beləliklə, gəlişimizin məqsədi barədə ona məlumat verib, məntəqədəki ümumi vəziyyətə nəzər saldıq.
Binəqədi rayonu 20 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu məntəqədə iki nəfər işləyir – həkim-pediatr S.Əliyeva həftənin I, II və III günləri saat 9:00-dan 15:00-a qədər, tibb bacısı isə hər gün saat 8:00-dan 14:00-dək məntəqədə olur. Qeyd edək ki, bunlar rəsmi iş qrafikində də öz əksini tapmışdı. Həkimin iş saatı saat 9-da başladığından, bir qədər sonra o da gəlib çıxdı.
Şərait yüksək səviyyədə, avadanlıqlar isə – taxt, tərəzi, boyölçən, stol, stullar, şkaflar və sair – hamısı təzədir. Məntəqədə lazım olan bütün preparatlardan var idi, hamısı da istifadəyə yararlı.
Daha sonra görülən işlərlə tanış olmaq, lazımi qeydlərin düzgün aparılıb-aparılmadığına diqqət yetirmək üçün jurnalları, sənədləri gözdən keçirdik. Hər şey öz qaydasında idi – bütün jurnallar müvafiq tələblərə cavab verirdi, qeydlər də düzgün aparılmışdı.
Nəhayət, həkimin və tibb bacısının müşayiəti ilə qida blokuna baş çəkdik. Məktəb ümumilikdə təmir edildiyindən, bufetdə də şərait yüksək səviyyədədir. Bura həm də səliqə-sahmanı, ərzaqların saxlanma qaydalarına riayət olunması ilə diqqəti cəlb edir. Bufetin vitrinlərində vaxtı keçmiş, eləcə də satışına qadağa qoyulmuş məhsulların satılmadığını, bütün ərzaqların sertifikatlarının olduğunu, həmçinin bufetdə işləyən S.Məmmədovanın tibbi müayinədən keçdiyini də müsbət fakt kimi vurğulamalıyıq.
Beləliklə, oxucularımızı daha iki məktəbin tibb məntəqəsi və bufetindəki vəziyyətlə tanış elədik. Sözümüzü bütün təhsil ocaqlarında vəziyyətin belə ürəkaçan olması arzusu ilə yekunlaşdırırıq.

Q.NURİYEVшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova