Valyuta.com

Çıxış yolu nədədir – töhmətdə, yoxsa zəhmətdə?

Çıxış yolu nədədir – töhmətdə, yoxsa zəhmətdə?

«Tibb qəzeti» orta məktəb tibb məntəqələri və bufetləri ilə bağlı araşdırmalarını davam etdirir

Yeni dərs ili başladı. İndi hər kəsi digər məsələlərlə yanaşı, daha bir neçə sual düşündürür: Məktəblərdə fəaliyyət göstərən tibb məntəqələri ehtiyac yarandıqda müəllim-şagird kollektivinə ilkin tibbi yardım göstərməyə hazırdırmı? Təhsil ocaqlarında şagirdlərin qidalanmasına xidmət edən bufetlər müvafiq norma və tələblərə cavab verirmi? Daimi oxucularımıza məlumdur ki, «Tibb qəzeti» 2012-ci ildən bəri bu istiqamətdə müntəzəm olaraq araşdırma aparır. Beləliklə, cari dərs ilinin ilk yazısını təqdim edirik. Həmişəki kimi, bu dəfə də iki təhsil ocağı barədə söhbət açacağıq. Onlardan biri Sabunçu rayonuda yerləşən 252 nömrəli məktəb-lisey, digəri isə Qaradağ rayonundakı 288 nömrəli məktəbdir.

Sabunçu rayonu 252 nömrəli məktəb-lisey

Biz 252 nömrəli məktəbə çatanda saat 9:45 idi. Ənənəmizə uyğun olaraq, içəri girməzdən əvvəl həyətdə bir neçə şagirdlə söhbət eləyib onların fikirlərini öyrəndik. Müsahiblərimizdən biri bildirdi ki, Tibb Məntəqəsinin qapısı çox vaxt bağlı olur: «Mən bilən, oranın işçiləri heç indi də yoxdurlar. Amma yenə də özünüz baxın. Məktəb açılandan mən onları cəmisi 1-2 dəfə burada görmüşəm». Qeyd edək ki, həmsöhbət olduğumuz digər iki nəfər şagird də tibb işçilərinin məktəbdə çox az-az göründüklərini bildirdilər.
Həyətdə şagirdlərlə söhbətimizi tamamlayıb, üz tutduq araşdırma obyektimizə. Bu zaman əqrəblər 10:00-ı göstərirdi – dərs artıq 2 saat idi başlamışdı. Lakin məktəbin qapıçısı bildirdi ki, tibb işçiləri hələ gəlməyiblər: «Məntəqə 2-ci mərtəbədədir, amma ora çıxsanız da, heç kim yoxdur. Siz direktora müraciət eləyin». Beləliklə, məktəbin direktoru Xədicə Eminova ilə görüşdük. Onun köməkliyi sayəsində məntəqənin həkim-pediatrı Pəri Rzayeva ilə telefon əlaqəsi yaratdıq. O isə öz növbəsində bildirdi ki, tibb bacısı bir azdan məntəqədə olacaq. Və nəhayət, saat 10:30-da tibb bacısı Ləman Nurməmmədova gəlib çıxdı.
Əvvəlcə onun işə 2 saat yarım gecikməsinin səbəbi ilə maraqlandıq. Əsaslı bir arqument tapmayan müsahibimiz vacib işi olduğunu bildirməklə kifayətləndi. «Bəs, siz burada olmadığınız vaxt kiminsə tibbi yardıma ehtiyacı olsa?..» sualımız isə cavabsız qaldı.
Tibb Məntəqəsindəki ümumi vəziyyəti nəzərdən keçirdik. Qeyd edək ki, bu təhsil ocağı əsaslı təmir olunduğu üçün tibb məntəqəsində də şərait baxımından vəziyyət yüksək səviyyədə, otaqdakı bütün avadanlıqlar yenidir.
Tibb bacısı söhbət əsnasında bildirdi ki, məntəqə Sabunçu rayonu 22 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir: «Burada iki nəfər işləyirik. Mən həftənin tək günləri səhər saat 8:00-dan 14:00-a qədər, cüt günləri isə saat 12:00-dan 18:00-dək işdə olmalıyam. Həkim-pediatr Pəri Rzayevanın iş qrafiki isə həftədə iki dəfə – IV və V günlər saat 8:00-dan 12:00-a qədərdir. Bu gün bazar ertəsi olduğundan, həkimin iş növbəsi deyil».
Müsahibimiz onu da dedi ki, dərman baxımından heç bir problemləri yoxdur. Dərs ili boyunca lazımi preparatları həmişə vaxtlı-vaxtında Poliklinikadan götürür və ehtiyac yarandıqda hər kəsə lazımi tibbi yardım göstərirlər.
Söhbətin bu yerində qarşı tərəfdəki dərman şkafına yaxınlaşdıq. Burada xeyli preparat var idi, hamısı da istifadəyə yararlı. Daha sonra Tibb Məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnalları, sənədləri nəzərdən keçirdik. Doğrudur, buradakı jurnalların bəziləri qaydasında idi. Amma bir sıra nöqsanlara da rast gəldik. Məsələn, «İş planı», «Sanitar-maarif jurnalı» köhnə idi, keçən ildən qalmışdı. Üstəlik, yeni dərs ili başlayandan bu sonuncu jurnalda heç bir qeyd aparılmamışdı.
Çıxış yolu nədədir – töhmətdə, yoxsa zəhmətdə?
Nəhayət, şagirdlərin qidalanmasının hansı səviyyədə təşkil edildiyini öyrənmək üçün üz tutduq məktəbin bufetinə. Şəraiti normal səviyyədə olan bufetdə lazımi vitrinlər və soyuducular da var idi. Burada vaxtı keçmiş məhsullara, məktəblərdə satışına qadağa qoyulmuş ərzaqlara rast gəlmədik. Bunlarla yanaşı, bufetçi Gövhər Əliyeva həm formada idi, həm də tibbi müayinədən keçmişdi. «SFS» MMC-nin ərzaqla təmin etdiyi bu bufetdə məhsulların hamısının uyğunluq və gigiyenik sertifikatları da var idi. Amma içəridə bir qədər səliqəsizlik hökm sürürdü: bəzi ərzaqlar, həmçinin istifadə olunan qab-qacaq necə gəldi bir-birinin üstünə yığılmışdı.
Sonda onu da qeyd edək ki, araşdırmamızın ertəsi gün redaksiyamıza Sabunçu rayonu 22 nömrəli Uşaq Poliklinikasının baş həkimi Rəna Qurbanovanın imzası ilə rəsmi məktub daxil oldu. Orada deyilirdi ki, 22 nömrəli Uşaq Poliklinikasının 2015-ci il sentyabrın 22-də keçirilmiş ümumi iclasında həkim-pediatr Pəri Rzayevaya üzərinə düşən əmək funksiyasını qismən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə, tibb bacısı Ləman Nurməmmədovaya isə üzərinə düşən əmək funksiyasını və müəssisənin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq işə gecikdiyinə görə sözügedən Məcəllənin həmin bəndinin «b» yarımbəndinə əsasən töhmət elan edilib.
Xatırladaq ki, 2014-cü ilin aprel ayında 22 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan 169 nömrəli məktəbin tibb məntəqəsinə baxış keçirərkən də xeyli çatışmazlığa rast gəlmişdik. Qəribədir ki, elə o zaman da Rəna Qurbanova həmin məktəbdə çalışan tibb işçilərinə töhmət verməklə kifayətlənmiş, məktəblərdə fəaliyyət göstərən tibb məntəqələrindəki nöqsanların tezliklə aradan qaldırılacağına söz vermişdi. Lakin indi haqqında söhbət açdığımız 252 nömrəli məktəbin timsalında görürük ki, R.Qurbanova tibb işçilərinə töhmət verməklə öz işini bitmiş hesab edib. Əks təqdirdə, həmin Poliklinikanın tabeliyində olan digər tibb məntəqəsində də eyni problemlər hökm sürməzdi.
Görəsən, kimlərəsə töhmət vermək çıxış yoludurmu? Bundansa, məktəb tibb məntəqələrinə nəzarəti gücləndirmək, oradakı çatışmazlıqları aradan qaldırmaq daha doğru olmazdımı? Bu suallara cavab tapmağı 22 nömrəli Uşaq Poliklinikasının rəhbərliyinin və oxucularımızın ixtiyarına buraxıb, 252 saylı məktəblə bağlı söhbətimizi yekunlaşdırırıq.

Çıxış yolu nədədir – töhmətdə, yoxsa zəhmətdə?
Qaradağ rayonu 288 nömrəli məktəb

Biz Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli məktəbin qapısını döyəndə təxminən saat 9:30 radələri idi. Təbii ki, burada da ənənəmizi pozmadıq – həyətdə bir neçə şagirdi bu təhsil ocağının tibb məntəqəsi barədə sorğu-suala tutduq. İlk müsahibimiz bildirdi ki, məntəqədə iki nəfər tibb işçisi çalışır və onlar həmişə burada olurlar. Onun sözlərinə görə, kimin nə problemi olsa, məntəqəyə müraciət eləyir. Bu arada bizi dinləyən digər şagird söhbətə ironik bir müdaxilə elədi: «Getməyinə gedir, amma oradan hansı dərmanı istəsən, deyirlər yoxdur». Bu sözləri eşitdikdən sonra müsahiblərimizə ünvanladığımız suallara isə hər iki şagird eyni cavabı verdi: «Çox vaxt orada dava-dərman olmur».
Beləcə, həyətdəki sorğumuzu tamamlayıb, üz tutduq tibb məntəqəsinə. Bizi bir nəfər ağxalatlı xanım qarşıladı. Öyrəndik ki, o, tibb bacısı Mükafat Əliyevadır. Gəlişimizin məqsədi barədə məlumat verdikdən sonra məntəqədəki vəziyyəti nəzərdən keçirdik.
Qaradağ rayonu 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin tabeliyində olan bu məntəqədə şərait orta səviyyədədir. Cari təmir işləri aparılıb, müəyyən səliqə-sahman yaradılıb. Avadanlıqların əksəriyyəti təzədir. Otaq tərəzi, boyölçən, taxt, termometrlə təchiz edilib. Bir sözlə, ilkin tibbi yardım göstərmək üçün şərait var.
Tibbi heyətin rəsmi iş qrafiki ilə maraqlandıq. Amma məlum oldu ki, təsdiq edilmiş qrafik yoxdur. Tibb bacısı şifahi şəkildə bildirdi ki, məntəqədə iki nəfər işləyir: «İkimiz də tibb bacısıyıq, növbə ilə işə gəlirik. Mən hər gün saat 8:00-dan 14:00-a qədər, Sevda Məlikqasımova isə hər gün 13:00-dan 18:00-dək məktəbdə olur. O, işə günorta gələcək».
Daha sonra qarşı tərəfdəki şkafa yaxınlaşıb, oradakı preparatları nəzərdən keçirdik. Və gördüklərimiz bizi təəccübləndirdi: Burada cəmisi bir neçə qutu dərman var idi ki, onlar da, necə deyərlər, ayda-ildə bir dəfə lazım ola, ya olmaya. Bu vaxt qəflətən məntəqənin qapısı açıldı və bir şagird içəri girib «Sizdə yara bandı varmı?» deyə soruşdu. Tibb bacısı isə acizanə şəkildə «yox, yoxdur» dedi. Təxminən 10 dəqiqə sonra daha bir şagird gəlib baş ağrısı üçün dərman istədi. İki min nəfərdən artıq şagirdin təhsil aldığı məktəbin tibb məntəqəsində heç bir ağrıkəsici də tapılmadı. Əlbəttə, tibb bacısından məntəqədə nəyə görə lazımi preparatların olmadığını soruşduq. Onun cavabı qısa oldu: «Hələ ki bizə poliklinikadan heç nə verməyiblər».
Nəhayət, jurnalları nəzərdən keçirdik. Cari tədris ili üçün yeni «İş planı»nın olmamasını çıxmaq şərtilə, digər jurnallar qaydasında idi. Hətta «Qida blokuna nəzarət» və «Bufetçinin sağlamlığı» jurnallarında da bütün qeydlər dəqiq aparılmışdı.
Sonda tibb bacısı ilə birlikdə məktəbin bufetinə baş çəkdik. Elə rastlaşdığımız ilk fakt bizə qəribə gəldi: Bufetin qapısı açıq, çaydanlar sobanın üstündə şaqqaşaq qaynayır, amma bufetçi yerində yoxdur! Bu isə yolverilməz haldır. Ən azı ona görə ki, bu «sahibsiz» bufetdə məktəbliləri, xüsusilə də ibtidai sinif şagirdlərini hansı təhlükələrin gözlədiyi heç kimə sirr deyil. Üstəlik, sobanı yana-yana, çaydanı da onun üstündə qoyub getmək bütün məktəbi yanğın təhlükəsi ilə üz-üzə qoymaq deməkdir.
Əlqərəz, biz bufetdəyik, bufetçi İmmi Musayeva isə gəlib çıxmır… Və nəhayət, xeyli gözlədikdən sonra o içəri daxil olur. Nəyə görə bufeti açıq qoyub getdiyini soruşuruq. Cavab bizi bir daha təəccübləndirir: «Hüzr yerinə getmişdim»… Onun bu sözlərindən belə bir nəticə hasil olur – demək, özbaşınalıq, nəzarətsizlik, məsuliyyətsizlik o həddə çatıb ki, bufetçi istədiyi vaxt bufeti açıq qoyub gedir…
Bufetdə şərait normal səviyyədədir. Avadanlıqların çoxu təzədir. Burada müasir tələblərə cavab verən vitrinlər, tez xarab olan məhsulları saxlamaq üçün soyuducu da var. Mətbəxin isti və soyuq su ilə təchizatı da öz yerində.
Bütün bunlarla yanaşı, bufetdə bir sıra ciddi problemlərə də rast gəldik. Məsələn, satışda olan məktəb ləvazimatları (?!) ilə ərzaqlar eyni vitrində bir-birinin üstünə yığılmışdı. Ən pisi isə odur ki, cəmisi 3-4 adda məhsul istisna olmaqla, yerdə qalanların hamısının uyğunluq və gigiyenik sertifikatlarının vaxtı keçmişdi. Öyrəndik ki, sözügedən bufeti ərzaqla «REM Servis» MMC təmin edir.
Çıxış yolu nədədir – töhmətdə, yoxsa zəhmətdə?
Burada daha bir məqam sual doğurur. Bir qədər əvvəl də vurğuladığımız kimi, tibb bacısı «Qida blokuna nəzarət» jurnalında hər şeyin öz qaydasında olduğunu qeyd eləmişdi. Halbuki bufetdə heç də hər şey qaydasında deyildi. Belə çıxır ki, tibb bacısı öz otağında oturub, jurnallarda formal qeydlər aparmaqla məşğul olur.
Beləliklə, yeni dərs ilində apardığımız ilk araşdırmanın sonuna gəldik. Qeyd edək ki, bu sahədə problemlərin aradan qaldırılmasına nail olmaq məqsədilə reydlərimizi bundan sonra da davam etdirəcəyik.

Q.NURİYEVшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova