Valyuta.com

6 ildən sonra yenidən Şamaxıda

6 ildən sonra yenidən Şamaxıda

«Tibb qəzeti»nin səhiyyə müəssisələrində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi, onların dərman vasitələri və qida ilə təminatı, eləcə də şərait və sanitar-gigiyenik vəziyyət barədə müntəzəm olaraq apardığı araşdırmalar silsiləsindən növbəti səfərimiz Şamaxı rayonunadır.
Altı il əvvəl elə bir ciddi nöqsana rast gəlmədiyimiz Şamaxı RMX-ya bu dəfə saat 10:30-da çatdıq. İlkin təəssürat kimi onu deyə bilərik ki, bu tibb ocağının həyəti və korpusları öz abadlığı, gözəlliyi ilə diqqəti cəlb edir. Bu da təsadüfi deyil – xəstəxana 2008-ci ildə Səhiyyə Nazirliyi tərəfindən kompleks şəkildə əsaslı təmir olunub.
Atalarımız «əvvəl evin içi, sonra çölü» deyiblər. Amma biz ənənəmizə uyğun olaraq “evin” çölündən başladıq: həyətdə bir qədər ayaq saxlayaraq, xəstə yanına gəlib-gedənlərdən bəzilərini söhbətə tutduq, buradakı vəziyyətlə bağlı onların fikirlərini öyrənməyə çalışdıq. Və bu məqsədlə sorğu-sual elədiyimiz 4-5 nəfərin hamısından təxminən eyni sözləri eşitdik. Xəstələrin dərman, yemək və şəraitlə bağlı heç bir çətinliyi olmadığını deyən müsahiblərimiz həkimlərin öz işlərinə vicdanla, insafla yanaşmasından da razılıq elədilər.
Beləcə, həyətdəki sorğumuzu tamamlayıb, xəstəxanaya daxil olduq və üz tutduq Qəbul otağına. Bizim kimliyimizi öyrənən növbətçi həkim bu barədə baş həkim Elxan Məmmədova məlumat verdi. Beləliklə, həkim-terapevt İslam Ağayevin müşayiəti ilə xəstəxanaya baxış keçirdik.
Tibb müəssisəsi ümumən təmirli olduğundan, «Qəbul otağı»nda şərait normal səviyyədədir. O kifayət qədər ilkin tibbi yardım preparatları və lazımi avadanlıqlarla da təchiz olunub. Növbətçilik cədvəlinə görə həmin vaxt xəstələrin qəbuluna məsul olan həkim Y.Cabbarov və tibb bacısı C.Gülməmmədova iş başında idilər. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə olunan preparatların siyahısının lövhə şəklində divardan asıldığını, həmçinin «Qəbul jurnalı»nda lazımi qeydlərin dəqiq aparıldığını da nəzərə alsaq, burada heç bir çatışmazlığa rast gəlmədik.
Kliniki laboratoriya haqqında da xoş sözlər söyləmək olar – gözəl şərait, analiz aparmaq üçün müasir avadanlıqlar, təmizlik, səliqə-sahman, saxlanma qaydalarına ciddi əməl olunan kifayət qədər reaktiv… Amma burada bir məqam bizdə sual doğurdu: laboratoriyanın işçiləri tibbi tullantıların müvafiq tələblərə uyğun məhv edildiyini bildirsələr də, bunu təsdiq edən aktlar yox idi.
6 ildən sonra yenidən Şamaxıda

Daha sonra Poliklinika şöbəsinə baş çəkib, oradakı vəziyyətlə maraqlandıq. Burada da şəraitə söz ola bilməzdi, xəstələrə ambulator xidmət göstərmək üçün hər bir imkan yaradılmışdı. Amma «Davamiyyət jurnalı»na diqqət yetirərkən ciddi bir nöqsana rast gəldik – qrafikə əsasən iş vaxtı olan bəzi işçilər işdə yox idilər.
İndi isə xəstəxananın daxili aptekindəyik. A.Əfəndiyevanın rəhbərlik elədiyi əczaxanada şərait müvafiq tələblərə uyğundur. Xüsusi səliqə-sahman, aptek mebeli, qapalı və açıq şkaflar, soyuducu, kondisioner, narkotiklər üçün dəmir seyf və sair burada preparatların saxlanma qaydalarına əməl olunduğundan xəbər verirdi. Qeydə aldığımız yeganə çatışmazlıq isə o oldu ki, əczaxana termometr və hiqrometrlə təchiz edilməmişdi.
Əsas məsələyə gəlincə, dərman ehtiyatı baxımından bolluq idi. RMX-nın şöbələrinin, həmçinin kəndlərdə fəaliyyət göstərən tibb ocaqlarının lazımi preparatlarla təminatı ilə də maraqlandıq. Sənədləri nəzərdən keçirdikdə məlum oldu ki, bu baxımdan heç bir problem yoxdur. Aptekin müdiri bildirdi ki, rayon xəstəxanalarının dərmanla təchizatı Səhiyyə Nazirliyinin səlahiyyətinə keçdikdən sonra bu sahədəki çatışmazlıqlar aradan qalxıb: “Özünüz də gördüyünüz kimi, xeyli dərman ehtiyatımız var. Buna görə həm kollektivimiz, həm də xəstələrimiz adından Səhiyyə Nazirliyinə minnətdarıq».
Bəs, görəsən, Şamaxı RMX-da xəstələrin yeməklə təminatı nə vəziyyətdədir? Bu suala cavab almaq üçün bu dəfə üz tutduq qida blokuna. Mətbəxdə şərait gözəl, avadanlıqlar təzədir, xəstələri yeməklə təmin etmək üçün hər bir imkan var. Baş aşpaz Z.İsmayılova bizimlə söhbət əsnasında həmin gün xəstələrə səhər və günorta verilmiş, həmçinin axşama nəzərdə tutulan yeməkləri sadaladı. Qeyd edək ki, onun dedikləri eynilə menyuda da öz əksini tapmışdı. Bundan əlavə, mətbəxin işlək vəziyyətdə olduğu yeməklərdən saxlanılmış nümunələrdən də görünürdü. İşçilərin hamısının tibbi müayinədən keçdiklərini də buraya əlavə eləsək, mətbəxdə vəziyyət ürəkaçan idi. O ki qaldı ərzaq anbarına, burada həm yaxşı şərait, həm də xeyli məhsul var idi. Onların saxlanmasına da lazımi səviyyədə əməl olunurdu.
Nəhayət, xəstələrlə söhbət eləmək üçün üz tutduq palatalara. Əvvəlcə 4 gündür Cərrahiyyə şöbəsində yatan müsahimizi dinləyək: «Mən buraya gələndə ağır vəziyyətdə idim. Amma əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Sağ olsunlar, həkimlərdən razıyam. Dərmanları da özləri verirlər. Şərait də ki, göz qabağındadır. Nədən narazı qalaq ki? Bütün bunlara görə Səhiyyə Nazirliyinə mənim razılığımı, minnətdarlığımı çatdırın».
Bu da övladı Uşaq xəstəlikləri şöbəsində yatan valideynin dedikləri: «Oğlumu 2 gündür buraya gətirmişəm. Heç bir narazılığım yoxdur. Dava-dərman bir yana, hər gün üç dəfə yemək də verirlər. Əvvəllər belə şey yox idi».
Doğum şöbəsində söhbət elədiyimiz pasiyentlər də burada onlara göstərilən tibbi xidmətdən razı qaldıqlarını, şəraitin, dərman və yeməklə təminatın onların ürəyincə olduğunu vurğuladılar.
Qeyd edək ki, şöbələrdə olarkən dərman təminatı ilə bağlı həkimlərin də fikirlərini öyrəndik. Son vaxtlar bu baxımdan böyük irəliləyiş olduğunu deyən müsahiblərimiz buna görə Səhiyyə Nazirliyinə öz təşəkkürlərini bildirdilər.
Araşdırma zamanı Şamaxı RMX-da sanitar-gigiyenik normalara lazımi səviyyədə əməl olunub-olunmamasına da diqqət yetirdik. Xəstəxana təmirli olduğundan şərait normaldır. Bununla yanaşı, hər tərəfdə təmizlik nəzərə çarpırdı. Konkret sterilizasiya məsələsinə gəldikdə isə, bütün şöbələrdə xüsusi nizam-intizam var idi. Sterilizasiya jurnalında qeydlər dəqiq aparılmış, bikslər markalanmışdı. Amma tibbi tullantıların qaydalar çərçivəsində məhv edildiyi bildirilsə də, bunu təsdiq edən aktlar yox idi.
Beləliklə, Şamaxı RMX-dakı vəziyyəti olduğu kimi oxucularımızın nəzərinə çatdırdıq. Sözümüzə araşdırma zamanı eşitdiyimiz razılıqların daimi olması, irili-xırdalı bütün nöqsanların aradan qaldırılması arzusu ilə nöqtə qoyuruq.

Q.NURİYEVшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova