Valyuta.com

Şərait də dəyişib, vəziyyət də

Şərait də dəyişib, vəziyyət də

Xızı RMX-da indi tamam başqa ab-hava hökm sürür


2010-cu ilin mart ayı… Xızı Rayon Mərkəzi Xəstəxanasında (RMX) apardığımız ilk araşdırma məhz bu tarixə təsadüf eləmişdi. Beş illik fasilədən sonra yenidən üz tutduq həmin ünvana, görək ki, o vaxtkı ilə müqayisədə indi vəziyyət necədir? Aradan keçən illər ərzində xəstələrin dərman və yeməklə təminatı, sanitar-gigiyenik vəziyyət, həmçinin digər məsələlər baxımından nələr dəyişib?

Ənənəmizə uyğun olaraq, öncə ilk araşdırmamızdan bəzi məqamları yada salaq. O zaman Xızı RMX-da şərait heç də ürəkaçan deyildi. Cari təmir işləri hesabına ümumilikdə səliqə-sahman yaradılsa da, əsaslı təmirə, yaxud yeni binaya ehtiyac aydınca hiss olunurdu. Bundan əlavə, irili-xırdalı bəzi çatışmazlıqlara da rast gəlmişdik. Məsələn, mətbəxdə nəinki həmin günün rəsmi menyusu, ümumiyyətlə, xəstələrə yemək verildiyini təsdiq edən heç bir sənəd-sübut yox idi. Elə ərzaq anbarı da öz boş vitrinləri ilə lal sükuta qərq olmuşdu. Həmçinin xəstələrə verilən qidalardan nümunələr saxlanılmamış, aşpaz tibbi müayinədən keçdiyini desə də, «Şəxsi Tibbi Kitabça»sını bizə təqdim etməmişdi… Bəli, o zaman ümumi mənzərə belə idi. Bəs, indi necədir?
Beş il əvvəl araşdırma apardığımız ünvana səhər saat 10:00-da çatdıq. Lakin məlum oldu ki, indi burada yalnız Tibbi bərpa şöbəsi fəaliyyət göstərir. Xəstəxana bir neçə ildir yeni binaya köçüb. Beləcə, üz tutduq yeni ünvana. Və, necə deyərlər, tamaşa eləməyə iki göz istəyən möhtəşəm bir komplekslə qarşılaşdıq. Obrazlı desək, yenilik, müasirlik və abadlığın vəhdəti adama xüsusi zövq verir. Bu mənzərəni seyr elədikcə, paytaxtla yanaşı, regionlarda da səhiyyənin öz çiçəklənmə dövrünü yaşadığına bir daha əmin olursan. Bir qədər sonra öyrəndik ki, yeni tikilən bu bina 2011-ci ildə lazımi tibbi avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilib.
Amma, əlbəttə ki, təkcə şəraitin gözəl olması ilə iş bitmir. Əsas məsələ burada göstərilən tibbi xidmətin xəstələrin ürəyincə olmasıdır. Xızı RMX-da bu baxımdan vəziyyəti öyrənmək üçün, digər araşdırma obyektlərimizdə olduğu kimi, içəri girməzdən öncə, həyətdə xəstə yanına gəlib-gedənlərdən bir neçəsinin fikirlərini öyrəndik. Qardaşının Cərrahiyyə şöbəsində yatdığını bildirən orta yaşlı qadın bizimlə söhbət əsnasında burada şəraitin çox gözəl olduğunu deyərək, həm xəstələrin, həm də rayon əhalisinin razılığını bildirdi: «Neçə gündür gəlib-gedirik, indiyədək bizə aptekdən dərman aldırmayıblar. Burada xəstələrə hər gün yaxşı yeməklər də verilir».
Növbəti həmsöhbətimiz yoldaşı Mama-ginekologiya şöbəsində yatan gənc oğlandır: «Şərait çox yaxşıdır, hər yer təmizdir. Bütün aparatlardan da var. Yoldaşım 3 gündür buradadır, lazım olan dərmanların hamısı xəstəxanadan verilib».
Həyətdəki sorğumuzu tamamlayıb binaya daxil olduq. İçəridə də şərait ideal səviyyədədir. Bu ürəkaçan mənzərəni seyr edə-edə üz tutduq Qəbul şöbəsinə. Biz otağa daxil olanda iki nəfər qadın iş başında idi. Bunlar qrafikə əsasən həmin gün növbətçi olan həkim-pediatr R.Hacıyeva və feldşer X.Quliyeva idilər. Gəlişimizin məqsədi ilə maraqlanan həmsöhbətlərimiz bu barədə baş həkim Bəhdaş Nəbiyevə məlumat verdilər. Daha sonra xəstəxananın baş mühasibi E.Cabbarovun müşayiəti ilə araşdırmamızı davam etdirdik.
Öncə onu qeyd edək ki, bu şöbədə xəstələrin qəbulu, yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər bir şərait yaradılıb. Müasir tibbi avadanlıqlarla tam təmin olunmuş bu postda kifayət qədər dava-dərman da var idi. Xəstələrin müalicəsində pulsuz istifadə edilməsi nəzərdə tutulan preparatların siyahısı isə bu şöbəyə məxsus bir neçə otağın hamısında divardan asılmışdı.
Daha sonra «Qəbul jurnalı»nı vərəqlədik. Xəstələrin qəbulu, evə buraxılması, eləcə də digər məsələlərlə bağlı qeydlər müvafiq qaydalara uyğun aparılmışdı. Hadisələri qabaqlayaraq qeyd edək ki, şöbələrə baxış keçirərkən xəstələrin real sayının «Qəbul jurnalı»nda göstərilən sayla tam eynilik təşkil etdiyinin şahidi olduq.
İndi isə xəstəxananın daxili aptekindəyik. Ə.Yusifovun rəhbərlik elədiyi əczaxanada şərait gözəl olmaqla bərabər, dərman ehtiyatı da çox idi. Aptekdə kondisioner, termometr, hiqrometr və narkotik preparatları saxlamaq üçün dəmir seyf var. Daxili aptekdə olarkən RMX-nın şöbələrinin, eləcə də kəndlərdə fəaliyyət göstərən tibb müəssisələrinin dərman vasitələri ilə vaxtlı-vaxtında təmin edilib-edilməməsi ilə də maraqlandıq. Müvafiq sənədlər təsdiq edirdi ki, bu baxımdan heç bir problem yoxdur.
Apteki tərk elədikdən sonra Kliniki laboratoriyanın qapısını döydük və burada da gözəl mənzərə ilə qarşılaşdıq: İdeal şərait, müasir tibbi avadanlıqlar, soyuducularda reaktivlərin çoxluğu və onların hər birinin istifadəyə yararlı olması, eləcə də sanitar-gigiyena qaydalarına yüksək səviyyədə əməl edilməsi burada hər şeyin öz qaydasında olduğundan xəbər verirdi.
Nahar vaxtı olduğuna görə bu dəfə qida blokuna baş çəkib, xəstələrin yeməklə təminatı məsələsinə diqqət yetirdik. Əvvəlcə onu deyək ki, həm mətbəx, həm də ərzaq anbarı gözəl şəraiti, müasir avadanlıqları ilə göz oxşayır. Xəstələrin yeməklə necə təmin olunması barədə suallarımıza cavab almaq üçün aşpaz G.Nəcəfova ilə söhbət elədik. 5 il əvvəlkindən fərqli olaraq, bu dəfə aşpaz təsdiqlənmiş menyunu bizə təqdim edərək, bu gün xəstələrə səhər yeməyində verilmiş, nahara və şama nəzərdə tutulan yeməkləri sadaladı. Yeməklərdən nümunələrin saxlanılmasını, işçilərin hamısının tibbi müayinədən keçdiklərini də nəzərə alsaq, mətbəxdə vəziyyət qənaətbəxş idi. O ki qaldı F.İsmayılovun rəhbərlik elədiyi ərzaq anbarına, burada müxtəlif çeşidlərdə xeyli məhsul vardı.
Əsas söz sahibi olan xəstələrin bu tibb ocağı barədə fikirlərinə aydınlıq gətirmək üçün bu dəfə üz tutduq palatalara.
Cərrahiyyə şöbəsində söhbət elədiyimiz xəstə dedi ki, şərait onun ürəyincədir, göstərilən tibbi xidmətdən də heç bir narazılığı yoxdur. Həm dərmanla, həm də yeməklə yaxşı təmin olunduqlarını söyləyən müsahibimiz həkimlərə öz minnətdarlığını bildirdi.
Təkrara yol verməmək üçün qeyd edək ki, Terapiya və Mama-ginekologiya şöbələrində söhbət elədiyimiz pasiyentlər də bu səhiyyə müəssisəsindəki tibbi xidmətin səviyyəsindən, onlara göstərilən diqqətdən razı qaldıqlarını dilə gətirdilər.
Araşdırma zamanı Xızı RMX-da sanitar-gigiyenik qaydalara lazımi səviyyədə əməl olunub-olunmamasına da diqqət yetirdik. Yeni tikilmiş, gözəl şəraiti olan xəstəxanada hər tərəfdə təmizlik, səliqə-sahman nəzərə çarpırdı. Sterilizasiya məsələsinə gəldikdə, bütün şöbələrdə nizam-intizam var idi, jurnallarda qeydiyyat işləri dəqiq aparılmış, bikslər qaydalara uyğun markalanmışdı. Təhlükəsizlik qutularının müvafiq aktlara əsasən utilizasiyası da təsdiq edirdi ki, burada sanitar-gigiyenik tələblərə əməl olunur.
Beləcə, 2010-cu ildəki araşdırmamızla müqayisədə, bu dəfə Xızı Rayon Mərkəzi Xəstəxanasından daha xoş əhval-ruhiyyə ilə ayrıldıq. Elə yazımıza da bu ürəkaçan mənzərənin daimi olması arzusu ilə nöqtə qoyuruq.

Q.NURİYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova