Valyuta.com

Xaçmaz səhiyyəsini necə gördük?

Xaçmaz səhiyyəsini necə gördük?

«Tibb qəzeti» Xaçmaz rayonuna ikinci dəfədir səfər edir. Xatırladaq ki, bu rayonda ilk dəfə 2010-cu ildə Mərkəzi Rayon Xəstəxanasında (MRX) araşdırma aparmışdıq. Beləliklə, uzun fasilədən sonra yenə həmin ünvandayıq. Bu dəfə oxucularımıza Xaçmaz MRX ilə yanaşı, Qusarçay Kənd Sahə Xəstəxanası barədə də söhbət açacağıq.

Mətləbə keçməzdən əvvəl xatırladaq ki, ilk araşdırmamız zamanı Xaçmaz MRX-dakı vəziyyət ümumilikdə qənaətbəxş olsa da, irili-xırdalı bir sıra çatışmazlıqlara da rast gəlmişdik: korpuslardan biri təmirə dayandırıldığı üçün bəzi şöbələr köhnə, şəraitsiz tikiliyə yerləşdirilmişdi, daxili aptekdə kondisioner, termometr və hiqrometr yox idi, qida blokunda – mətbəxdə və ərzaq anbarında şərait bərbad idi, menyu yox idi, yeməklərdən nümunələr saxlanmamışdı və s.
Görəsən indi vəziyyət necədir? Aradan keçən 5 ildə nələr dəyişib?

Xaçmaz səhiyyəsini necə gördük?
Xaçmaz Mərkəzi Rayon Xəstəxanası

Xaçmaz MRX-ya səhər saatlarında çatdıq. Və elə ilk baxışdaca məlum oldu ki, çox şey dəyişib. Doğrudur, o vaxt bu tibb ocağının bir hissəsi Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir olunsa da, bəzi şöbələrdə şərait acınacaqlı idi. Lakin bu dəfə tamam başqa mənzərənin şahidi olduq: Xəstəxana öz abad, yaşıllaşdırılmış həyəti, gül kolları ilə əhatə olunan səliqəli səkiləri, yüksək səviyyədə təmir edilmiş korpusları ilə göz oxşayır. Bir sözlə, şərait problemi öz həllini tapıb.
İçəri daxil olmağa tələsmədik. Əvvəlcə həyətdə bir qədər ayaq saxlayıb, xəstə yanına gəlib-gedənlərdən bir neçəsi ilə söhbətləşdik, buradakı ümumi ab-havanı öyrənməyə çalışdıq. Bu məqsədlə yaxınlaşdığımız cavan oğlan sanki ürəyini boşaltmağa adam axtarırmış: «Atamı dializ almağa gətirmişəm, indi içəridədir. Əvvəllər zülm çəkirdik – adam nə qədər ora-bura gedib-gələr? İnanın ki, bezmişdik. Burada Dializ şöbəsi açılandan sonra canımız dincəldi. Allah bu aparatları buraya gətirənlərin köməyi olsun».
Bacısının Travmatologiya şöbəsində yatdığını deyən digər müsahibimiz də razılıqla danışdı. Onun sözlərinə görə, burada xəstələrin yaxşı müalicəsi üçün hər bir şərait var. Dava-dərman məsələsindən də razı qaldığını bildirən orta yaşlı qadın, xəstələrə yemək də verildiyini qeyd etdi.
Bir sözlə, həmsöhbət olduğumuz 3-4 nəfərin heç birindən giley-güzar eşitmədik. Və nəhayət, keçdik içəri.
Adəti üzrə araşdırmamıza Qəbul şöbəsindən başladıq. “Çağırılmamış qonağın” kimliyi ilə maraqlanan şöbə müdiri «Tibb qəzeti»nin əməkdaşı olduğumuzu öyrənəndə bu barədə baş həkim Səyyaf Tağıyevə məlumat verdi. Beləliklə, baş həkimin müalicə işləri üzrə müavini Lətif Abasovun və baş tibb qardaşı Ağamərdan Hacıyevin müşayiəti ilə araşdırmamızı davam etdirdik.
Qəbul şöbəsində şərait yüksək səviyyədə, bütün avadanlıqlar yenidir. Şöbə kifayət qədər ilkin tibbi yardım dərmanları ilə də təmin edilib. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində istifadə olunan pulsuz dərmanların siyahısı isə tək Qəbul şöbəsində deyil, buraya gələnədək dəhlizdə daha bir neçə yerdə gözümüzə dəydi. O ki qaldı iş qrafikinə, xəstələrin qəbulunu hər gün səhər saat 8:30-dan 15:30-a qədər həmin vaxt iş başında olan şöbə müdiri Zülfəli Rəhimov ilə böyük tibb bacısı Elvira Bəkirova, daha sonra növbə ilə digər həkimlər və tibb bacıları yerinə yetirirlər. Fürsətdən istifadə edib, stasionarın «Qəbul jurnalı»na da diqqət yetirdik – burada bütün lazımi qeydlər dəqiq aparılmışdı.
Daha sonra Kliniki laboratoriyaya baxış keçirdik. Qəbul şöbəsində olduğu kimi, burada da gözəl şəraitlə qarşılaşdıq. Avadanlıqların hamısı müasirliyi ilə diqqəti cəlb edirdi. Reaktiv baxımından da bolluq idi, onlar çeşidlərə uyğun soyuduculara yerləşdirilmişdi. Bizə təqdim olunan aktlar isə tibbi tullantıların müvafiq qaydalara uyğun zərərsizləşdirildiyini təsdiq edirdi.
Dərman ehtiyatı və onların saxlanma şərati ilə tanış olmaq üçün bu dəfə yolumuzu Daxili aptekdən saldıq. İradə Mustafayevanın rəhbərlik elədiyi əczaxanada şərait cəhətdən heç bir çatışmazlıq yoxdur. Aptekdə xüsusi mebel dəsti, kondisioner, termolabil dərmanlar üçün əczaçılıq soyuducuları, narkotikləri saxlanmağa dəmir seyf də var. Əsas məsələyə gəlincə, aptekdə dərman ehtiyatı çoxdur. Müvafiq sənədləri gözdən keçirib, MRX-nın şöbələrinin, həmçinin kəndlərdə fəaliyyət göstərən tibb ocaqlarının dərmanlarla vaxtlı-vaxtında təmin edilib-edilməməsi ilə də maraqlandıq. Məlum oldu ki, bu baxımdan heç bir problem yoxdur. Amma 5 il əvvəl olduğu kimi, indi də aptekdə termometr və hiqrometrə rast gəlmədik.
Xəstəxananın qida bloku da indi yüksək səviyyədə təmir olunub, müasir mətbəx avadanlıqları ilə təmin edilib, səliqə-sahmanı ilə göz oxşayır. Biz içəri girəndə xəstələrin nahar yeməyini hazırlamaqla məşğul olan baş aşpaz Məryəm Əliyeva menyunu təqdim edərək bildirdi ki, həmin gün ümumilikdə 110 nəfər xəstəyə səhər yeməyi verilib: «İndi nahar üçün toyuq əti ilə qarabaşaq dəmləməsi bişirirəm. Axşama isə düyü sıyığı nəzərdə tutmuşuq».
Qeyd edək ki, mətbəxin işçiləri xüsusi formada idilər, tibbi müayinədən də keçmişdilər. Burada rastlaşdığımız yeganə nöqsan, ilk araşdırmamız zamanı olduğu kimi, yenə də xəstələrə verilən yeməklərdən nümunələrin saxlanmaması oldu.
Ərzaq anbarının əvvəlki baxımsız, rütubətdən, köhnəlikdən uçub-tökülməkdə olan otaqlarında indi vəziyyət ürəkaçandır. Burada da şərait problemi həll olunub, məhsulların saxlanması üçün lazımi vitrinlər, soyuducular qoyulub. O ki qaldı ərzaq ehtiyatına, xeyli məhsul var idi.
Nəhayət, xəstələrlə söhbət eləmək, onların bu tibb ocağı barədə fikirlərini öyrənmək üçün üz tutduq müxtəlif şöbələrə.
Əvvəlcə Doğum şöbəsində palatalardan birinin qapısını döydük. İki gün əvvəl ana olmuş gənc qadın bildirdi ki, burada olduğu müddətdə onu narazı salacaq heç bir məqamla qarşılaşmayıb: «Çox sağ olsunlar, bizə yaxşı baxırlar. Dava-dərman üçün bizi aptekə göndərmirlər, nə lazımdırsa, özləri verirlər. Düzdür, yeməyə evdən bəzi şeylər gətirirlər, amma buranın da yeməyinə söz yoxdur».
Cərrahiyyə şöbəsində söhbət elədiyimiz xəstə də razılıq elədi: «Mən 4 gün əvvəl əməliyyat olunmuşam. Doğrusu, gözümlə görməsəm, inanmazdım ki, rayon xəstəxanasında belə gözəl tibbi xidmət olar. Dava-dərmanımız da, yeməyimiz də xəstəxanadan verilir. Burada nədənsə giley eləmək insafsızlıq olardı».
2013-cü ildən fəaliyyətə başlayan 7 çarpayılıq Hemodializ şöbəsinə baş çəkib, oradakı xəstələrin də fikirlərini öyrəndik. «Tibb qəzeti»nin əməkdaşı olduğumuzu bilən xəstələr sanki Səhiyyə Nazirliyinə minnətdarlıq etmək üçün fürsət axtarırmışlar. İlk müsahibimiz danışır: “Xaçmaz Xəstəxanasında Hemodializ şöbəsi yaradanlar bizim kimi xəstələrə həyat veriblər. Həm Prezidentimizə, həm də səhiyyə nazirinə təşəkkür edirik, Allah köməkləri olsun».
Bu arada digər xəstə söhbətə qoşulur: «Həqiqətən, çox sağ olsunlar. İki ildir ora-bura getməkdən canımız qurtarıb. Rahat şəkildə gəlib burada vaxtlı-vaxtında, özü də təmənnasız müalicəmizi alırıq. Təkcə xəstə kimi razılıq eləmirəm, elə bir vətəndaş kimi də qürurlanıram rayonumuzda səhiyyənin inkişafına görə».
Qeyd edək ki, digər xəstələr də onların sağlamlıqlarına diqqət göstərildiyi üçün dövlət başçısına və Səhiyyə Nazirliyinə minnətdarlıqlarını bildirdilər, Xaçmaz MRX-da onlara göstərilən qayğıdan razı qaldıqlarnı vurğuladılar.
Daha sonra I və II Terapiya şöbələrində rəyini soruşduğumuz xəstələr də bu tibb ocağında hər şeyin onların ürəyincə olduğunu dedilər.
Araşdırma zamanı Xaçmaz MRX-da sanitar-gigiyenik tələblərə necə əməl edilməsinə də diqqət yetirdik. Səhiyyə ocağında şəraitin gözəl olması ilə yanaşı, həqiqətən də, təmizlik, səliqə-sahman hökm sürürdü. Konkret olaraq, sterilizasiya məsələsində də xüsusi nizam-intizam var idi. Müvafiq jurnallarda lazımi qeydlərin dəqiq aparılması, şöbələrdəki tibbi ləvazimatların təmiz və ya çirkli olmasına dair markalanması, təhlükəsizlik qutularının qaydalara uyğun utilizasiyası burada sanitar-gigiyenik tələblərə ciddi əməl olunduğunu təsdiq edirdi.
Bir sözlə, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından xoş əhval-ruhiyyə ilə ayrıldıq. Və araşdırmamızı davam etdirmək üçün üz tutduq Qusarçay Kənd Sahə Xəstəxanasına.

Qusarçay Kənd Sahə Xəstəxanası

Xaçmaz MRX-dan fərqli olaraq, Qusarçay Kənd Sahə Xəstəxanasına elə ilk baxışdan hiss olunur ki, inşa edildiyi gündən bəri burada əsaslı təmir işləri aparılmayıb. Sözün düzü, xəstəxananı elə kənardan seyr etdikdə açıq-aşkar görünür ki, onun yerləşdiyi iki kiçik tikili heç təmirə yarayacaq vəziyyətdə də deyil.
İrəli doğru addımlayırıq. Bizi baş həkim Niyətşah Rəhimov qarşılayır. «Tibb qəzeti»nin səhiyyə müəssisələrində apardığı araşdırmaları, əsasən də kənd xəstəxanalarının şərait problemini gündəmə gətirməsini alqışlayan baş həkim bizi içəri dəvət edir. Onun müşayiəti ilə xəstəxanaya baxış keçiririk.
İçəridə vəziyyət çöldəkinə nisbətən qənaətbəxşdir. Dəhlizdə, inzibati otaqlarda və bir neçə palatada yüngülvari təmir işləri görülüb, necə deyərlər, imkan daxilində təmizlik yaradılıb. Amma kosmetik təmirdə döşəmə, tavan və divarlara vurulmuş boyalar da artıq öz ömrünü başa vurmaq üzrədir.
Bu arada N.Rəhimov mövcud vəziyyət barədə məlumat verir: «Bu bina 1964-cü ildə tikilib və o vaxtdan bəri əsaslı təmir olunmayıb. Arada cari təmir işləri aparılsa da, şəraitlə bağlı ciddi problemlər var. Digər bina isə 1905-ci ilə inşa olunub, 1934-cü ildə isə xəstəxanaya verilib. Tikililərdən heç birində su, qaz, kanalizasiya və istilik sistemi yoxdur. Doğrudur, real vəziyyət ürəkaçan deyil, amma ruhdan düşmürük. Çünki Səhiyyə Nazirliyinin mütəxəssisləri bir neçə dəfə burada olub, vəziyyəti nəzərdən keçiriblər. Yaxın vaxtlarda xəstəxana üçün yeni binanın inşası nəzərdə tutulur».
Baş həkim onu da bildirdi ki, xəstəxanada hərəsindən 5 çarpayı olmaqla Doğum, Terapiya, Pediatriya şöbələri, habelə Peyvənd otağı, Laboratoriya və Stomatoloji kabinet fəaliyyət göstərir. «Ümumilikdə 25 nəfərdən ibarət heyətin 4-ü həkim, 12-si orta tibb işçisi, qalanları da texniki işçilərdir. Xəstəxana Qusarçaydan başqa, ətrafdakı digər 4 kəndin də əhalisinə – təxminən 6 min nəfərə xidmət edir. Şəraitsizlik ucbatından bu ilin ilk 6 ayı ərzində cəmisi 5 nəfər stasionar xəstəmiz olub. Amma ambulator xəstələrimiz çox olur – yarım ildə 1992 nəfər. O ki qaldı dərman vasitələrinə, onları lazım olduqca tələbnamə yazıb Mərkəzi Rayon Xəstəxanasından götürürük, bu baxımdan heç bir çətinliyimiz yoxdur».
Qusarçay Xəstəxanasında ümumi təmirsizlik şəraitində sanitar-gigiyenik qaydalara əməl etməyə çalışırlar. Dezinfeksiyaedici məhlullarla dəhlizlər, qovşaqlar, palata və inzibati otaqlar silinib-təmizlənir. Konkret sterilizasiya məsələsinə gəldikdə, əsasən birdəfəlik tibbi ləvazimatlardan istifadə olunur və tullantılar zərərsizləşdirilərək məhv edilir. Hərdən bəzi alətləri sterilləşdirmək lazım olanda isə bunun üçün sterilizator var.
Beləcə, daha bir araşdırmamızın sonuna gəldik. Xaçmaz MRX-dakı gözəlliyin, müasirliyin tez bir zamanda Qusarçay Kənd Sahə Xəstəxanasına, eləcə də bu rayonun bütün tibb ocaqlarına sirayət etməsi arzusu ilə yazımıza nöqtə qoyuruq.

Q.NURİYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova