Valyuta.com

Yeddi ildən sonra təkrar baxış

Yeddi ildən sonra təkrar baxış

Növbəti araşdırma obyektimiz Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasıdır

Sağlam həyat - sağlam mühit və sağlam şəraitdən başlayır. Elə bu düşüncə ilə də «Tibb qəzeti» səhiyyə müəssisələrində xəstələrin dərman vasitələri, yeməklə təminatı, tibbi xidmətin səviyyəsi, sanitar-gigiyenik vəziyyət, eləcə də digər məqamlara aydınlıq gətirmək üçün yenidən yolunu uzun fasilədən sonra Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasına saldı.
Uzun fasilədən sonra...Yəni ilk dəfə bu xətəxanaya yolumuz 2008-ci ilin yanvar ayında düşmüşdü. Hansı ki həmin vaxt burada xoşagəlməyən bir çox məqamlarla rastlaşmışdıq. Bu tibb ocağının qida blokunda şəraitsizlik, sözün əsl mənasında, son həddə çatmışdı. Üstəlik lazımi avadanlıqlar da yox idi. Necə deyərlər, xəstələrə yemək bişirmək kustar üsulla düzəldilmiş balaca bir elektrik plətəsinin ümidinə qalmışdı. Bir sözlə, şərait baxımından ümumi vəziyyət qənatbəxş deyildi. Aradan nə az, nə çox, düz 7 il keçib. Bəs, görəsən, bu böyük zaman kəsiyində nələr dəyişib? Real vəziyyət indi necədir? Xəstələr onlara göstərilən tibbi xidmətdən razıdırlar, yoxsa yox? Bu və digər suallara aydınlıq gətirmək üçün keçək mətləbə…
Araşdırma obyektimizə çatar-çatmaz bizi maraqlandıran suallardan birinin cavabı aydın oldu: 2008-ci ildən fərqli olaraq indi bu tibb ocağı öz gözəl şəraiti, abad və səliqəli həyət-bacası ilə göz oxşayır. Daha dəqiq desək, xəstəxana əsaslı şəkildə təmir olunub. Bir sözlə, 7 il əvvəlki köhnə, şəraitsiz binadan əsər-əlamət qalmayıb…
Adəti üzrə içəri daxil olmazdan əvvəl xəstə yanına gəlib-gedənlərdən bir neçəsi ilə söhbət eləyib, bu tibb ocağı barədə onların fikirlərini öyrəndik. Qeyd edək ki, sorğu-sual etdiyimiz 4 nəfərin hamısından təxminən eyni cavabı aldıq. Müsahiblərimiz sözügedən səhiyyə müəssisəsində yaradılmış gözəl şəraitdən, müasir aparatlardan, dava-dərmandan və yeməkdən çox razılıq etdilər. Onlarla söhbət etdikdən sonra içəri daxil olduq.
Beləliklə, qəbul şöbəsindəyik… Burada olduğumuzu eşidən baş həkim Nazim Hüseynquliyev bizə yaxınlaşıb, özünü təqdim etdikdən sonra «Tibb qəzeti»nin apardığı araşdırmaları müntəzəm izlədiyini bildirdi. Qeyd etdi ki, xəstəxanada 2013-cü ildə Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir-tikinti işləri aparılıb, bütün şöbələr müasir tibbi avadanlıqlarla təmin olunub.
Baş həkimdən bu məlumatları aldıqdan sonra araşdırmamıza davam etdik. Qəbul şöbəsi yalnız gözəl şəraiti, səliqə-sahmanı ilə deyil, həm də lazımi qədər ilkin tibbi yardım dərmanlarının olması, Səhiyyə Nazirliyinin əmri ilə xəstələrə pulsuz verilən preparatların siyahısının bir neçə yerdən asılması, avadanlıqların müasir tələblərə cavab verməsi ilə diqqəti cəlb edir. Bir sözlə, xəstələrin qəbulu üçün hər bir imkan və şərait yaradılıb. Qəbul şöbəsində bir qayda olaraq hər gün səhər saat 9:00-dan 15:00-a qədər şöbə müdiri Minarə Məhərrəmi keşik çəkir ki, o da iş başında idi. Saat 15:00-dan 21:00-a və 21:00-dan növbəti gün səhər saat 9:00-dək isə bu iş növbə ilə digər həkimlərə və tibb bacılarına həvalə olunur. «Qəbul jurnalı»nda xəstələrin daxil olması, yerləşdirilməsi, evə buraxılması, həmçinin digər məsələlərlə bağlı qeydlərin aparıldığını da nəzərə alsaq, burada hər şey öz qaydasında idi.

Yeddi ildən sonra təkrar baxış

Kliniki laboratoriya da bizdə xoş təəssürat yaratdı. Otaqların hamısında təmizlik, nizam-intizam hökm sürməklə yanaşı, reaktivlərin saxlanmasına da xüsusi diqqət yetirilir. O ki qaldı tibbi tullantıların utilizasiyasına, bizə təqdim olunan aktlar da təsdiq edirdi ki, bu iş müvafiq qaydalar çərçivəsində həyata keçirilir.
Laboratoriyanı tərk etdikdən sonra daxili aptekə baş çəkdik. Burada şəraitə söz ola bilməzdi. Tərminə Abbasovanın rəhbərlik etdiyi əczaxana mebel, soyuducu, kondisioner, termometr, hiqrometr və sair avadanlıqlarla da təchiz edilib. Ən əsası isə dərman ehtiyatı baxımından bolluq idi. Preparatlar müvafiq olaraq qapalı və açıq şkaflara, termolabil dərmanlar soyuducuya, narkotiklər dəmir seyfə yerləşdirilmişdi. Tələbnamələrə və fakturalara da nəzər salmağı unutmadıq. Məlum oldu ki, şöbələrin dava-dərmanla təminatı baxımından heç bir problem yoxdur, daxil olan bütün tələblərə müsbət cavab verilib.
Xəstəxananın qida bloku barədə isə istənilən qədər xoş söz söyləmək olar! Nə xoş ki 2008-ci ildəkindən fərqli olaraq, bu dəfə tamam başqa mənzərə ilə qarşılaşdıq. Həyətdə yerləşən o vaxtkı köhnə tikili sökülərək, yerində müasir tələblərə tam cavab verən yeni bir qida bloku inşa olunub. Gözəl şərait, səliqə-sahman, yeni avadanlıqlar, işçilərin hər birinin formada olması, həmçinin onların hamısının tibbi müayinədən keçməsi xəstələrin yeməklə təminatına xüsusi diqqət yetirildiyindən xəbər verirdi. Bu da təsadüfi deyil, çünki mətbəx mərkəzləşmiş qaydada fəaliyyət göstərir. Qida blokuna rəhbərlik edən Ayaz Niftiyev təsdiq olunmuş menyunu təqdim edərək bildirdi ki, Sumqayıt şəhərindəki bütün dövlət xəstəxanalarına, ümumilikdə 14 tibb müəssisəsinə yemək buradan gedir: «Bu gün 14 tibb ocağı üzrə ümumilikdə 980 nəfər xəstəyə səhər və nahar yeməkləri verilib. Saat 15:00-da şirniyyatla südlü kakao, axşam isə kartof püresi, balıq kotleti və kisel verəcəyik».
Ərzaq ehtiyatı ilə maraqlanmağı da unutmadıq. Bir neçə otaqdan ibarət olan anbarda kifayət qədər ərzaq var idi. Necə deyərlər, buradakı məhsulları sadalamaqla qurtarmaz. Onların saxlanma qaydalarına da yüksək səviyyədə əməl olunur.
Həmişəki kimi, son söz xəstələrindir. Onların burada göstərilən tibbi xidmətdən razı qalıb-qalmadıqlarını öyrənmək üçün bir neçə xəstə ilə söhbət etdik. Kardiologiya şöbəsində yatan orta yaşlı kişi suallarımıza cavab olaraq bildirdi ki, bu tibb ocağındakı gözəl şəraitlə bərabər, dava-dərman və yeməklə təminat da onu tam qane edir. Müsahibimizin sözlərinə görə, burada müalicə olunduğu 5-6 gün ərzində bir dəfə də olsun aptekdən dərmanı aldırmayıb, lazım olan bütün preparatlar xəstəxandan verilib.

Yeddi ildən sonra təkrar baxış

Cərrahiyyə şöbəsində söhbət etdiyimiz xəstə də razılıqla danışdı. Bildirdi ki, həkimlər ona çox diqqət və qayğı ilə yanaşırlar: «Sağ olsunlar, əllərindən gələni edirlər. Üstəlik, şərait də çox yaxşıdır, dərmanlarımızı da verirlər. Yemək məsələsi isə lap əladır».
Daha bir xəstə ilə Terapiya şöbəsində söhbət etdik və onun da dilindən razılıq eşitdik: «Şəraitə, təmizliyə söz yoxdur. Bütün tibbi aparatlar da var, nəyəsə görə ora-bura getmirik. Həkimlər də çox qayğıkeşdirlər. Belə xəstəxanadan kim narazılıq edər?!.».
Sonda qeyd edək ki, araşdırmamız boyunca bu tibb müəssisəsində sanitar-gigiyenik vəziyyətə də diqqət yetirdik. Doğrudur, xəstəxana əsaslı şəkildə təmir olunub, amma bununla yanaşı, həm də baxış keçirdiyimiz hər yer təmizliyi, səliqə-sahmanı ilə göz oxşayırdı. Konkret olaraq, sterilizasiya məsələsinə gəldikdə, bu baxımdan da heç bir nöqsana rast gəlmədik.
Beləliklə, daha bir araşdırmamızın sonuna gəldik. Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasında yaradılmış gözəl şəraitin, xəstələrdən və onların yaxınlarından eşitdiyimiz razılıqların daimi, davamlı olması arzusu ilə yazımıza nöqtə qoyuruq.

Q.NURİYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova