Valyuta.com

Uzaq məktəblərə yaxından baxış

Uzaq məktəblərə yaxından baxış
Uzaq məktəblərə yaxından baxış

Orta məktəblərin tibb məntəqələri və bufetləri ilə bağlı 2012-ci ildən bəri müntəzəm apardığımız araşdırmalardan ümumi təəssürat belədir ki, bu məsələni tez-tez gündəmə gətirməyimiz öz bəhrəsini verməkdədir. Açıq-aşkar görünür ki, əvvəlki illərlə müqayisədə indi ciddi çatışmazlıqların hökm sürdüyü məktəblərə nadir hallarda rast gəlirik. Heç bir məktəb nəzərdən yayınmasın deyə, bu dəfə qərara aldıq ki, şəhərin mərkəzindən uzaqlaşıb Abşeron yarmadasının müxtəlif səmtlərinə üz tutaq. Beləliklə, yolumuz Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli və Abşeron rayonu, Saray qəsəbəsindəki 3 nömrəli orta məktəblərədir.

Sabunçu rayonu 113 nömrəli məktəb

Sabunçu rayonunda, Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli orta məktəbin qapısını, ənənəmizə uyğun olaraq, səhər saatlarında döydük. Biz məktəbin həyətinə daxil olanda əqrəblər 9:50-ni göstərirdi. Əvvəlcə bir neçə şagirdlə söhbətləşib, onların fikirlərini öyrəndik. Məntəqənin daim açıq olduğunu deyən müsahiblərimiz tibb işçiləri haqqında razılıqla danışdılar. Onların sözlərinə görə, ehtiyac yarananda hər kəsə yüksək səviyyədə tibbi xidmət göstərilir.
Məktəbə daxil olub, araşdırma obyektimizə üz tutduq və üzərinə «Tibb otağı» yazılmış qapını döyüb, içəri keçdik. Bir nəfər ağxalatlı xanım iş başında idi. Öyrəndik ki, o, tibb bacısı Afər Həmidovadır.
Qeyd edək ki, məktəbdəki ümumi şəraitsizlik Tibb Məntəqəsinə də sirayət edib. Amma vəziyyət heç də acınacaqlı deyil – otaqda lazımi səliqə-sahman yaradılıb, bəzi avadanlıqlar yenilənib. Burada taxt, tərəzi, boyölçən də var.
Tibb bacısı söhbət əsnasında bildirdi ki, məntəqə Kürdəxanı Sağlamlıq Mərkəzinin tabeliyindədir: «Burada üç nəfər işləyirik. Həkimimiz Amid Əbilovu yalnız ehtiyac yarandıqda yaxınlıqda yerləşən poliklinikadan çağırırıq. Mən və tibb bacısı Xanımqız Ağayeva isə növbə ilə birimiz hər gün saat 8:00-dan 13:00-a qədər, digərimiz 13:00-dan 17:00-dək məktəbdə oluruq». Qeyd edək ki, bunlar təsdiq olunmuş qrafikdə də öz əksini tapmışdı.
Şkafı açıb preparatları gözdən keçirdik. Bu baxımdan bolluq idi, həm də dərmanlar hamısı istifadəyə yararlı idi. Tibb bacısı bildirdi ki, dərs ili boyunca lazımi preparatlar həmişə vaxtlı-vaxtında Kürdəxanı Sağlamlıq Mərkəzindən götürülür və təyinatı üzrə istifadə edilir.
Daha sonra görülən işlərlə tanış olmaq üçün müvafiq jurnalları nəzərdən keçirdik. Qeyd edək ki, onların tərtibi, lazımi qeydlərin vaxtlı-vaxtında aparılması baxımından heç bir nöqsana rast gəlmədik.
Nəhayət, üz tutduq məktəbin qida blokuna. Burada da şərait orta səviyyədə idi, ümumilikdə, təmizlik, nizam-intizam nəzərə çarpırdı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məktəb bufetlərində satışına qadağa qoyulmuş məhsullara da rast gəlmədik. Bufetçi Mətanət Zülfüqarovanın tibbi müayinədən keçdiyini və xüsusi geyimdə olduğunu da nəzərə alsaq, vəziyyət qənaətbəxş idi. «REM-Servis» MMC-nin ərzaqla təmin etdiyi bufetdə bütün malların gigiyenik və uyğunluq sertifikatları da var idi.
Beləliklə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə apardığımız araşdırmanı tamamlayıb, ertəsi gün üz tutduq digər təhsil ocağına.

Abşeron rayonu, Saray qəsəbəsi 3 nömrəli məktəb

Biz Saray qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə çatanda səhər saat 8:45 idi. Adəti üzrə burada da içəri daxil olmazdan əvvəl həyətdə şagirdləri sorğu-sual eləyib, Tibb Məntəqəsi barədə onların fikirlərini öyrənməyə çalışdıq. Təkrara yol verməmək üçün deyək ki, bu məqsədlə söhbət elədiyimiz 3-4 nəfər şagirdin heç birindən giley-güzar eşitmədik. Onlar hamısı məntəqənin hər gün dərslər başlayandan qurtarana qədər açıq olduğunu, ehtiyac yarandıqla hər kəsə lazımi tibbi yardımın göstərildiyini bildirdilər.
Həyətdəki sorğumuzu tamamlayıb, yön aldıq Tibb Məntəqəsinə. Amma məktəbə girər-girməz maraqlı bir mənzərə ilə qarşılaşdıq. Sən demə, burada nəinki kənar şəxslər, hətta müəllim-şagird kollektivi də ayaqqabı və üst geyimində içəri buraxılmır. Bu məqsədlə içəri girən kimi sağ tərəfdə qarderob, sol tərəfdə isə ayaqqabıları dəyişmək üçün yer təşkil olunub. Müəllim və şagirdlər məktəbə daxil olan kimi hər kəs burada öz ayaqqabısını dəyişir. Biz də bu qaydaya tabe olub, müəllimlərdən birinin ayaqqabısını geyinərək içəri keçdik. Gəlişimizin məqsədi ilə maraqlanan məktəbin direktoru Tayyibə Hüseynova bunun sanitar-gigiyena qaydalarına riayət olunması məqsədilə edildiyini bildirdi.
Biz Tibb Məntəqəsinə daxil olanda iki nəfər xanım iş başında idi. Öyrəndik ki, onlardan biri həkim-pediatr Firuzə Rzayeva, digəri isə tibb bacısı Ülviyyə Müzəffərovadır.
Əvvəlcə onu qeyd edək ki, burada şərait baxımından vəziyyət normal səviyyədədir. Otaq təmir edilib, bütün lazımi avadanlıqlar – stol, stul, dərman şkafı, taxt, tərəzi, boyölçən və sair hamısı yenilənib. Məntəqə isti və soyuq su ilə də təmin edilib.
Təsdiq olunmuş iş qrafikindən öyrəndik ki, Abşeron Mərkəzi Rayon Xəstəxanasının Uşaq Poliklinikasının tabeliyində olan bu Tibb Məntəqəsində yuxarıda adlarını çəkdiyimiz iki nəfər çalışır. Həkimin işdə olma vaxtı həftənin I, III və V günləri saat 9:00-dan 15:00-dək, tibb bacısınınkı isə hər gün saat 8:00-dan 15:00-a qədərdir.
Daha sonra şkafdakı preparatları gözdən keçirdik. Dərmanlar çox, hamısı da istifadəyə yararlı idi. Bu baxımdan heç bir çətinlikləri olmadığını deyən həkim lazım olan bütün dava-dərmanı vaxtlı-vaxtında Abşeron MRX-nın Uşaq Poliklinikasından aldıqlarını bildirdi.
İl ərzində görülən işlərlə tanış olmaq üçün jurnallara, sənədlərə də diqqət yetirdik. «İş planı», «Ambulator», «Qida blokuna nəzarət», «Verilən dərmanların qeydiyyatı», eləcə də digər jurnallarda hər hansı nöqsana rast gəlmədik.
Nəhayət, bufetə baş çəkib, oradakı vəziyyətlə maraqlandıq. Öncə onu qeyd edək ki, burada da şərait normal səviyyədə idi. Bufet təmirli olması, eləcə də təmizliyi, səliqə-sahmanı ilə xoş təsir bağışlayırdı. Satıcı Dilarə İsmayılovanın tibbi müayinədən keçməsi, şəxsi-gigiyena qaydalarına tam riayət etməsi də müsbət fakt kimi qeyd olunmalıdır.
«Mahmud» Kəndli Fermer Təsərrüfatının ərzaqla təmin elədiyi bu bufetdə şagirdlərə yalnız bulka, şorqoğal, bir neçə növ peçenye və «Jalə» şirəsi satılır ki, onların da hər birinin uyğunluq və gigiyenik sertifikatları bizə təqdim olundu. Bir sözlə, bufetdəki ümumi vəziyyət burada şagirdlərin qidalanmasına xüsusi diqqət yetirildiyindən xəbər verirdi.
Beləcə, oxucularımıza daha iki məktəbin tibb məntəqəsi və bufeti barədə söhbət açdıq. Ümumilikdə götürsək, paytaxtdan kənarda yerləşən hər iki təhsil ocağında vəziyyət qənaətbəxşdir. Bu sahədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına təkan vermək üçün araşdırmalarımızı bundan sonra da davam etdirəcəyik.

Q.NURİYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova