Valyuta.com

İki məktəbdən reportaj

İki məktəbdən reportaj

Orta təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri öz funksiyalarını hansı səviyyədə yerinə yetirir? Kiminsə ilk yardıma ehtiyacı olanda məktəbdə tibb işçisi, məntəqədə isə lazımi preparatlar tapılır, ya yox? Məktəb bufetlərində şagirdlərin qidalanması düzgün təşkil olunurmu? Uzun müddətdir bu və digər suallara cavab axtaran «Tibb qəzeti» cari ildə də həmin istiqamətdə araşdırmalarını davam etdirmək niyyətindədir. Bu dəfə oxucularımızı Xəzər rayonundakı 234 və Nizami rayonunda yerləşən 32 nömrəli orta məktəblərin vəziyyəti ilə tanış edəcəyik.

Xəzər rayonu 234 nömrəli orta məktəb

Saatın əqrəblər 8:40-ı göstərəndə Buzovna qəsəbəsində fəaliyyət göstərən 234 nömrəli məktəbin həyətindəyik. Ətrafa nəzər salırıq, içəri doğru addımlayan bir neçə müəllimdən başqa heç kim gözə dəymir. Və nəhayət, bir neçə dəqiqədən sonra, zəng vurulur. Tənəffüsə çıxan şagirdlər həyətdəki sükutu pozurlar. Fürsətdən istifadə edərək, bir nəfərə yaxınlaşıb, onu tibb məntəqəsi və onun işi barədə söhbətə tuturuq. Altıncı sinifdə oxuyan müsahibimiz suallarımıza cavab olaraq məntəqənin yerini deyir və qeyd edir ki, birinci dərs başlanmamış onun açıq olduğunu görüb. Bu həmsöhbətimizlə sağollaşıb, bu dəfə başqa bir məktəblinin fikrini öyrənirik. Məntəqənin daim işlək vəziyyətdə olduğunu deyən 9-cu sinif şagirdi tibb işçilərinin həmişə məktəbdə olduqlarını və ehtiyac yarandıqda hər kəsə yardım göstərildiyini bildirir.
Beləcə, həyətdəki sorğumuzu yekunlaşdırıb, üz tuturuq araşdırma obyektimizə. Bizi tibb bacısı Sevinc Hüseynova qarşılayır. Gəlişimizin məqsədi barədə ona məlumat verdikdən sonra məntəqəyə göz gəzdiririk – şərait yüksək səviyyədə, otaq səliqə-sahmanlıdır. Bütün avadanlıqlar – şkaflar, stol-stullar, eləcə də tərəzi, boyölçən və taxt təzəliyi ilə diqqəti cəlb edir. Dərman şkafına yaxınlaşırıq. Burada xeyli preparat var, hamısı da istifadəyə yararlıdır.
Bu arada tibb bacısı məlumat verir: «Bizim məntəqə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin tabeliyindədir. İl boyu nə dərman lazım olsa, tələbnamə yazıb oradan götürürük, bu baxımdan çətinliyimiz yoxdur».
İş qrafikini nəzərdən keçiririk. Məlum olur ki, tibbi heyət 2 nəfərdən ibarətdir. Həkim-pediatr Elvira Salayeva həftənin II, IV və VI günləri saat 9:00-dan 14:00-a qədər, tibb bacısı isə hər gün saat 8:00-dan dərslər qurtaranadək işdə olmalıdır.
İl ərzində görülən işlərlə tanış olmaq üçün müvafiq jurnallara, sənədlərə baxmaq istədiyimizi deyirik. S.Hüseynova onları bir-bir stolun üstünə qoyur: «İş planı», «Ambulator», «Sanitar gigiyena», «Qida blokuna və bufetçinin sağlamlığına nəzarət» jurnalları və sair. Onları nəzərdən keçiririk – hər şey öz qaydasındadır.
Nəhayət, tibb bacısının müşayiəti ilə üz tuturuq məktəbin bufetinə. Və burada da ideal şəraitlə qarşılaşırıq. Piştaxta arxasında xüsusi geyimdə – əynində xalat, başında qalpaq, əlində əlcək olan bir nəfər şagirdlərə xidmət edir. Öyrənirik ki, bu, bufetçi Ağabala Ağayevdir.
İçəri keçib ərzaqlara diqqət yetiririk. Tez xarab olanlar soyuducuya, digərləri isə nizamla vitrinlərə yerləşdirilib. Və onların arasında məktəb bufetlərində satışına qadağa qoyulmuş heç bir məhsul yoxdur.
Bufetdə məhsulların hər birinin uyğunluq və gigiyenik setifikatının olduğunu, həmçinin bufetçinin tibbi müayinədən keçdiyini də dəqiqləşdirdikdən sonra xoş təəssüratla 234 nömrəli məktəbi tərk edirik.

Nizami rayonu 32 nömrəli orta məktəb

Səhər tezdən saat 7:50-də Nizami rayonu 32 nömrəli məktəbin həyətindəyik. Dərsin başlamasına 10 dəqiqə qalır. Şagirdlər dəstə-dəstə içəri doğru addımlayırlar. Bu qələbəlikdə məktəblilərdən birinə yaxınlaşıb, Tibb Məntəqəsini soruşuruq. Onun 1-ci mərtəbədə yerləşdiyini deyən müsahibimiz tibb işçilərinin də həmişə burada olduqlarını bildirir. Elə bu anda həmsöhbətimiz məktəbə doğru gedən bir xanımı səsləyir: «Sevinc həkim, sizi soruşurlar». Yaxınlaşıb salamlaşırıq. Məlum olur ki, o, həkim-pediatr Sevinc Ərəblidir. Elə həyətdəcə gəlimizin məqsədi barədə ona məlumat verib, birlikdə içəri keçirik.
Artıq Tibb Məntəqəsindəyik. Saat 8 tamam olmamış daha bir nəfər xanım içəri daxil olur – tibb bacısı Xəyalə İmanova.
Əvvəlcə şəraiti gözdən keçiririk. Otaqda bu baxımdan vəziyyət yüksək səviyyədədir. Avadanlıqların hamısının təzə olması, həmçinin burada yaradılmış səliqə-sahman da göz oxşayır.
Öyrənirik ki, Nizami rayonu 17 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu məntəqədə iki nəfər işləyir. Divardan asılmış iş qrafikinə əsasən, həkim həftənin I, III və V günləri saat 9:00-dan 15:00-dək, tibb bacısı isə hər gün 8:00-dan dərslər qurtarana qədər işdə olmalıdır. Həkim isə qrafikdə göstərilənə baxmayaraq, həmişə işə bir saat tez gəldiyini vurğulayır.
Daha sonra şkafdakı dərmanlara baxırıq – burada xeyli preparat var, hamısı da istifadəyə yararlıdır. Dava-dərman baxımından heç bir problemlərinin olmadığını deyən həkim onları həmişə vaxtlı-vaxtında 17 nömrəli Uşaq Poliklinikasından aldıqlarını bildirir. Stolun üstündəki jurnalları bir-bir nəzərdən keçiririk: hamısı öz qaydasındadır, lazımi qeydlər vaxtında, dəqiq və nizam-intizamla aparılıb.
Tibb Məntəqəsindəki vəziyyətlə tanışlıqdan sonra, bu dəfə məktəbin bufetinin qapısını döyürük. Və qarşılaşdığımız mənzərə, sözün əsl mənasında, adamı valeh edir. Yüksək səviyyəli şərait, yeni avadanlıqlar, səliqə-sahman və bufetçinin xüsusi geyimdə olması şagirdlərin qidalanmasına böyük diqqət yetirildiyindən xəbər verir.
Soyuducunu və vitrinləri nəzərdən keçiririk. Bir dənə də olsun, satışına qadağa qoyulmuş ərzaq yoxdur. Bufetçi Yeganə Hüseynova bütün ərzaqların uyğunluq və gigiyenik sertifikatlarını təqdim edir. Bufetçinin tibbi müayinədən keçib-keçmədiyi barədə sualımıza da müsbət cavab aldıqdan sonra araşdırmamızı yekunlaşdırıb, 32 nömrəli məktəbdən ayrılırıq.
Q.NURİYEV
№01-02 31 yanvar 2015-ci ilшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova