Valyuta.com

Şəraitsizliyin son akkordları…

Şəraitsizliyin son akkordları…

Səhiyyə müəssisələrində tibbi xidmətin səviyyəsi, xəstələrin dərman və yeməklə təminatı, sanitar-gigiyenik vəziyyət və digər məsələlərlə bağlı uzun müddətdir araşdırma aparan «Tibb qəzeti» 2015-ci ildə də bu ənənəni davam etdirmək niyyətindədir. Beləliklə, həmin silsilədən növbəti yazımızda oxucularımızı Göyçayın iki tibb ocağı – Mərkəzi Rayon Xəstəxanası (MRX) və Qaraməryəm Kənd Sahə Xəstəxanasının vəziyyəti ilə tanış edəcəyik.

Öncə onu qeyd edək ki, bu, Göyçaya ikinci səfərimizdir. 2010-cu ilin iyun ayına təsadüf edən ilk araşdırmamız zamanı yalnız Mərkəzi Rayon Xəstəxanasına baxış keçirmiş və, şərait məsələsini və bir sıra xırda nöqsanları çıxmaq şərtilə, ümumilikdə, xoş təəssüratla geri dönmüşdük. Bəs, görəsən indi vəziyyət necədir?


Göyçay Mərkəzi Rayon Xəstəxanası

Mənzil başına çatan kimi qarşılaşdığımız mənzərə bizi maraqlandıran suallardan birinə aydınlıq gətirdi: Göyçay MRX-nın binası əsaslı təmirə bağlanılıb. İnşaatda çalışanlarla söhbət əsnasında öyrəndik ki, MRX müvəqqəti olaraq Göyçay Rayon Uşaq Xəstəxanasına köçürülüb. Ona görə də üz tutduq həmin ünvana.
Uşaq Xəstəxanası MRX-nın 2010-cu ildəki simasını xatırladır: köhnə binaya və onunla həmahəng olan həyət-bacaya elə ilk baxışdan şəraitin ürəkaçan olmadığı aydın görünür.
Giriş qapısından həyətə daxil oluruq. İki böyük səhiyyə ocağı bir binada yerləşdiyindən, həyətdə qələbəlikdir. Fürsətdən istifadə edərək, tibb müəssisəsi barədə fikirlərini öyrənmək üçün xəstə yanına gəlib-gedənlərdən bir neçəsini söhbətə tuturuq.
Əvvəlcə orta yaşlı bir kişiyə yaxınlaşırıq. Oğlunun Terapiya şöbəsində yatdığını deyən müsahibimizin sözlərinə görə, burada yeganə problem şərait məsələsidir: «Köhnə binadır, iki xəstəxananın bir yerdə olması isə vəziyyəti daha da çətinləşdirir. Amma Mərkəzi Xəstəxananın binasında təmir işlərinin bitməsinə az qalıb… Oğlum 7 gündür Terapiya şöbəsində yatır. Adamın üstündə Allah var, həkimlər nə lazımdırsa, edirlər. Bu vaxta qədər əlimizə resept verib, «gedin filan dərmanları alıb gətirin» deməyiblər. Yemək məsələsi də pis deyil – mən öz gözlərimlə görmüşəm, xəstələrə yaxşı yeməklər verirlər».
Həyətdəki balaca bir tikilinin qarşısına xeyli adamın toplaşması diqqətimizi çəkir. Öyrənirik ki, ora daxili aptekdir, imtiyazlı xəstələr öz dərmanlarını almağa gəliblər. Onlara yaxınlaşıb, bir neçəsini sorğu-sual edirik. Şəkərli diabet xəstəsi olan yaşlı qadın danışır: «Neçə illərdir gəlib-gedirəm, hələ bir dəfə də olsun məni dərmansız geri qaytarmayıblar. Göyçayda elə bir xəstə tapa bilməzsiniz ki, dava-dərmandan gileylənsin…»
Bu məqamda başqa bir nəfər söhbətə qoşulur: «Həqiqətən də elədir. İndiyədək görməmişəm ki, desinlər “filan dərman yoxdur, gedin, sonra gəlin”. Allah köməkləri olsun, bizi qətiyyən incitmirlər. Dərmanlarımızı həmişə vaxtlı-vaxtında alırıq».
Həyətdəki sorğumuzu tamamladıqdan sonra baş həkim Famil Zeynalovla görüşüb, ondan məlumat aldıq ki, Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmirə dayandırılan MRX-nın binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Kəndlərdə fəaliyyət göstərən tibb ocaqlarının vəziyyətindən söhbət açan baş həkim bu baxımdan müəyyən çatışmazlıqların olduğunu vurğuladı: «Rayon üzrə 16 həkim məntəqəsindən 5-nin yeni binaya ehtiyacı var, 32 tibb məntəqəsindən 4-ü də öz binası olmadığı üçün orta məktəblərdə yerləşir, qalan 28-də isə şərait normaldır».
Narahatlıq doğuran ən əsas problemlərdən birinin də kadr məsələsi olduğunu diqqətə çatdıran F.Zeynalovun sözlərinə görə, «Tibb qəzeti» vasitəsilə dəfələrlə müsabiqə elan olunmasına baxmayaraq, rayon üzrə 57 həkim, 96 orta tibb işçisi yeri hələ də vakantdır.
Şəraitsizliyin son akkordları…
Sonra Təsərrüfat şöbəsinin müdiri Bəydər Bünyadovun müşayiəti ilə xəstəxanaya baxış keçirdik.
Xəstələrin qəbulu, şöbələrə yerləşdirilməsi, ilkin tibbi yardım preparatlarının olub-olmaması və sair məsələlərlə bağlı bizi maraqlandıran suallara cavab tapmaq üçün əvvəlcə Qəbul şöbəsinin qapısını döydük. Hər gün səhər saat 8:00-dan 14:30-a qədər bu postda keşik çəkən şöbə müdiri Nüşabə Şəfiyeva və kiçik tibb işçisi Səkinə Rüstəmova iş başında idilər.
İlkin tibbi yardım dərmanlarına gəlincə, şkafda xeyli preparat var idi, hamısı da istifadəyə yararlı. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə edilməsi nəzərdə tutulan dərman vasitələri və sarğı materiallarının siyahısı da otaqda iki yerdən asılmışdı. «Qəbul jurnalı» ilə də tanış olduq. Xəstələrin qəbulu, şöbələrə yerləşdirilməsi, evə buraxılması və digər məsələlərlə bağlı qeydlər qaydalara uyğun aparılmışdı.
Qəbul şöbəsini tərk elədikdən sonra yolumuzu Kliniki laboratoriyadan saldıq. Xəstəxanadakı ümumi şərait problemi burada da öz sözünü deyir. Avadanlıqlar da köhnədir. Amma hiss olunur ki, otaqlar vaxtaşırı silinib-təmizlənir, mümkün qədər səliqə-sahman yaradılır. Ən əsas məsələyə gəldikdə isə, burada reaktiv baxımından bolluq idi. Onları diqqətlə nəzərdən keçirdik – heç birinin istifadə müddəti bitməmişdi. Şöbə müdiri İlqar Məmmədovun bizə təqdim elədiyi müvafiq aktlar isə tibbi tullantıların qaydalara uyğun məhv olunduğundan xəbər verirdi.
Bu dəfə həyətdə ayrıca tikilidə yerləşən Daxili aptekin qapısını döyürük. Yazımızın əvvəlində qeyd elədiyimiz kimi, güzəştli xəstələr öz dərmanlarını almağa gəldikləri üçün əczaxananın qarşısında xeyli adam var idi. İçəri keçirik. Aptekin işçiləri müraciət edənləri yola salmaqla məşğuldurlar. Qeyd edək ki, kənardan baxanda şəraitsizliyin son həddini xatırladan bu əczaxananın içərisində vəziyyət xeyli fərqlidir. Burada iki otaq var, onlardan birində sənədlər, digərində isə dərmanlar saxlanılır. Hər iki otaq kosmetik təmir olunub, səliqə, təmizlik yaradılıb.
Bu arada aptekin müdiri Püstə Vəliyeva bir anlıq işdən ayrılıb, bizə məlumat verir ki, aptek MRX və onun tabeliyində olan tibb ocaqları ilə yanaşı, 4 000 nəfərə yaxın güzəştli xəstəni dərmanla təmin edir: “Müvəqqəti darısqallığı nəzərə alaraq, dərmanların böyük bir hissəsini şöbələrə paylamışıq».
P.Vəliyeva bu sözləri deyib, işinə davam edir. Biz isə ümumi vəziyyəti nəzərdən keçiririk. Dərman ehtiyatı baxımından bolluqdur. Onların saxlanma qaydalarına riayət edilməsi məsələsi də diqqətdən kənarda qalmayıb: preparatlar qruplaşdırılıraq açıq və qapalı rəflərə, termolabil dərmanlar soyuducuya, narkotiklər isə dəmir seyfə yerləşdirilib. Təqdirəlayiq haldır ki, burada müvəqqəti yerləşməsinə baxmayaraq, əczaxana kondisioner, termometr və hiqrometrlə də təmin edilib.
Daha sonra MRX-nın şöbələrindən, eləcə də kəndlərdə fəaliyyət göstərən tibb müəssisələrindən daxil olan tələbnamələrə və aptekdən buraxılan dərmanların fakturalarına diqqət yetirdik. Sənədlər də təsdiq edirdi ki, dərmanla təchizat baxımından heç bir problem yoxdur.
Nəhayət, gəlib çıxdıq qida blokuna. Doğrudur, burada da şərait yaxşı deyil, avadanlıqlar da köhnədir. Amma mətbəxin bütün heyəti iş başında idi – necə deyərlər, qazanlar qaynayırdı. Baş aşpaz Tamella Faxrətova ilə söhbət əsnasında, eləcə də təsdiq olunmuş menyunu nəzərdən keçirərkən öyrəndik ki, həmin gün ümumilikdə 29 nəfər xəstəyə səhər yeməyində düyü yayması, peçenye, çörək və çay verilib. Nahar yeməyi – mal ətindən düyü şorbası və vermişel şorbası biz mətbəxdə ikən artıq hazır olmaq üzrə idi. Axşama isə südlü manna yayması və peçenye nəzərdə tutulmuşdu. Xəstələrə verilən yeməklərdən nümunələrin saxlanıldığını, həmçinin mətbəxin işçilərinin tibbi müayinədən keçdiklərini də nəzərə alsaq, buradan ümumilikdə xoş təəssüratla ayrıldıq.
Araşdırma boyunca bizi müşayiət edən Bəydər Bünyadovun özünün rəhbərlik elədiyi ərzaq anbarında da şərait ürəkaçan deyil. Cəmisi bir otaqdan ibarət olan, darısqallığın müəyyən problemlər yaratdığı bu obyektdə bir-birindən aralı saxlanması nəzərdə tutulan bəzi ərzaqların yaxınlığı narahatlıq doğurur. Amma B.Bünyadov bildirdi ki, məhz darısqallığa və şəraitsizliyə görə ərzaqları az-az, ancaq tez-tez alırlar. Qeyd edək ki, müsahibimiz belə desə də, burada heç də kasadlıq deyildi: soyuducuda və rəflərdə xeyli ərzaq var idi.
Nəhayət, xəstələrlə danışmaq, dərman və yeməklə təminat, tibbi xidmətin səviyyəsi, eləcə də digər məsələlərlə bağlı onların fikrini öyrənmək üçün üz tutduq şöbələrə.
Şəraitsizliyin son akkordları…
Doğum şöbəsində həmsöhbət olduğumuz pasiyent danışır: “Xəstəxana binasının təmir olunduğunu bilə-bilə şəraitdən gileylənmək insafsızlıq olardı. Müvəqqəti çətinlikdir, tezliklə keçib gedəcək. Ən əsası odur ki, həkimlər burada bizə çox gözəl münasibət göstərirlər. İki gündür ana olmuşam, heç kimdən, heç nədən narazılığım yoxdur».
İndi isə Terapiya şöbəsindəyik. Burada fikrini öyrəndiyimiz xəstə də gileylənməyə heç bir səbəb olmadığını bildirdi: «Dörd gündür burada yatıram, indiyədək dərmana bir qəpik də pul verməmişəm, nə lazım olubsa, xəstəxanadan verilib. Yemək məsələsi də yaxşıdır, gücləri çatanı verirlər, biz də yeyirik».
Daha bir xəstə ilə Cərrahiyyə şöbəsində söhbət elədik. Burada olduğu müddətdə şəraitdən başqa ayrı bir çatışmazlıqla rastlaşmadığını deyən müsahibimiz həkimlərin ona diqqət və qayğısından, həmçinin dərmanla təminatdan razı qaldığını bildirdi.
Göyçay MRX-da olarkən sanitar-gigiyenik qaydalara lazımi səviyyədə əməl olunub-olunmamasına da diqqət yetirdik. Əlbəttə, şəraiti ürəkaçan olmayan tibb ocağında sanitar-gigiyenik vəziyyətin yüksək həddindən söhbət gedə bilməz. Amma konkret sterilizasiya məsələsinə gəldikdə, müvafiq jurnallarda hər şeyin öz qaydasında olması, bütün tibbi alətlərin üzərində təmiz və ya çirkli olmasına dair qeydlərin aparılması burada sterilizasiya işinə diqqətlə yanaşıldığından xəbər verirdi. Tibbi tullantıların tələblərə uyğun olaraq məhv edildiyini də nəzərə alsaq, sözügedən xəstəxanada sanitar-gigiyenik baxımdan elə bir ciddi nöqsanla qarşılaşmadıq.

Qaraməryəm Kənd Sahə Xəstəxanası

Göyçay MRX-da araşdırmamızı başa çatdırdıqdan sonra üz tutduq rayonun Qaraməryəm Kənd Sahə Xəstəxanasına. Və bu tibb ocağında da eyni mənzərə ilə qarşılaşdıq.
Şəraitsizliyin son akkordları…
İkimərtəbəli köhnə binada bizi xəstəxananın baş həkimi İsa Sultanov qarşılayır və biz tibb müəssisəsinə baxış keçirdiyimiz müddətdə buradakı vəziyyət barədə məlumat verir.
Qeyd edək ki, xəstəxananın çölündən fərqli olaraq, içərisində şərait o qədər də pis deyil. Cari təmir işləri aparılıb, səliqə-sahman yaradılıb, çarpayılar və bəzi avadanlıqlar yenilənib...
Öncə şərait məsələsindən söhbət açan baş həkim bildirdi ki, 1975-ci ildə inşa edilən bu binada əvvəllər hansısa idarə yerləşib, 1989-cu ildə isə bina xəstəxanaya verilib: «Xeyli müddət baxımsız qalan xəstəxanada, nəhayət, 2005-ci ildə UNICEF tərəfindən, 2007-ci ildə isə daxili imkanlar hesabına cari təmir işləri aparılıb. Düzdür, hazırda şəraitimizə ideal demək olmaz, məsələn, soyuq aylarda yanacaq kimi odun və elektrik sobalarından istifadə edirik. Su və kanalizasiya sistemi isə yoxdur. Amma bunlarla belə, vəziyyət acınacaqlı da deyil. Yaxın vaxtlarda isə xəstəxananın təmir olunacağı gözlənilir».
Müsahibimiz onu da qeyd etdi ki, 25 çarpayılıq bu tibb ocağında 15 çarpayılıq Terapiya, hərəsi 5 çarpayılıq Doğum və Pediatriya şöbələri, eləcə də Laboratoriya, Peyvənd otağı, Stomatoloji kabinet fəaliyyət göstərir: «Ümumilikdə 23 nəfər işçimiz var. Onlardan 4-ü həkim, 12-si orta tibb işçisidir. 2 həkim, 2 orta tibb işçisi yeri isə vakantdır. Təkcə Qaraməryəm kəndinin təxminən 1900 nəfər əhalisi var. Yaxınlıqdakı digər iki kəndi də nəzərə alsaq, 3800 nəfərdən artıq əhaliyə xidmət edirik».
İ.Sultanov şöbələrdəki dərman şkaflarını göstərərək onu da bildirdi ki, Qaraməryəm KSX-nı preparatlarla Mərkəzi Rayon Xəstəxanası təmin edir: «Bu baxımdan heç bir çətinliyimiz yoxdur. Nə lazım olsa, tələbnamə yazıb MRX-nın daxili aptekindən vaxtlı-vaxtında alır və xəstələrimizin müalicəsində istifadə edirik. Ötən il ərzində 41 nəfər stasionar xəstəmiz olub ki, onların da hamısı Doğum şöbəsinin payına düşür».
Sonda bir neçə kəlmə də sanitar-gigiyenik vəziyyət barədə… Qeyd etdiyimiz kimi, xəstəxanada şərait yüksək səviyyədə deyil. Amma cari təmir işləri hesabına mümkün qədər təmizlik, səliqə-sahman yaradılıb. Burada əsasən birdəfəlik tibbi ləvazimatlardan istifadə olunur. Ancaq bəzi hallarda müəyyən tibbi alətləri sterilləşdirmək lazım gəlir ki, bunun üçün də sterilizator var. Tullantıların qaydalara uyğun utilizasiyasına gəldikdə, baş həkim müvafiq aktları təqdim edərək, bu məsələyə həmişə diqqət yetirdiklərini bildirdi.
Beləcə, daha bir araşdırmamızın sonuna gəldik. Yekun olaraq qeyd edək ki, baxış keçirdiyimiz hər iki tibb ocağında narahatlıq doğuran əsas məsələ şəraitsizlikdir, bu problem isə artıq son akkordlarını vurmaqdadır. Həm MRX-nın, həm də Qaraməryəm KSX-nın simasının tezliklə dəyişməsi arzusu ilə yazımıza nöqtə qoyuruq.
Q.NURİYEV
№01-02 31 yanvar 2015-ci ilшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova