Valyuta.com

Köhnə ilə nikbin vida

Köhnə ilə nikbin vida
2014-cü ilin son yazısında paytaxtın 239 və 158 nömrəli məktəblərindən bəhs edəcəyik
Bu da 2014-cü ilin sonu! Orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərlə bağlı 2012-ci ilin fevralından start verdiyimiz araşdırmaların artıq 3-cü ili tamam olmaq üzrədir. Əlbəttə, yeni ilin astanasında ötən illərə qayıdıb, bu sahədə indiyədək hansı nöqsan və çatışmazlıqlara, hansı biganəlik və məsuliyyətsizliklərə rast gəldiyimizi sadalamağa ehtiyac görmürük. Amma bir faktı ürəklə vurğulaya bilərik ki, «Tibb qəzeti»nin sözügedən məsələni gündəmə gətirməsindən sonra vəziyyət müsbətə doğru xeyli dəyişdi – orta məktəblərin tibb məntəqələrinə, bufetlərinə diqqət daha da artırıldı, bir çox nöqsanlar aradan qaldırıldı. Doğrusu, bu istiqamətdə müntəzəm araşdırma aparmaqda bizim də istəyimiz, məqsədimiz elə bu idi.
Beləliklə, 2014-cü ilin son araşdırmasını təqdim edirik. Bu dəfə oxucularımıza Səbayel rayonunda fəaliyyət göstərən 239 nömrəli və Yasamal rayonundakı 158 nömrəli məktəblərdən söhbət açacağıq.

Səbayel rayonu 239 nömrəli orta məktəb

Səhər saat 8:30-da Səbayel rayonunda fəaliyyət göstərən 239 nömrəli məktəbə çatdıq. İçəri daxil olmazdan öncə həyətdə qarşılaşdığımız bir neçə şagirdlə söhbət eləyib, onların fikirlərini öyrəndik. Tibb Məntəqəsinin dərs başlayandan qurtarana qədər açıq olduğunu deyən müsahiblərimiz burada çalışan tibb işçiləri haqqında razılıqla danışdılar. Bildirdilər ki, şagirdlərdən və ya müəllimlərdən kimin tibbi yardıma ehtiyacı olsa, məntəqədə onlara lazımi səviyyədə xidmət göstərilir.
Daha sonra məktəbə daxil olub üz tutduq Tibb Məntəqəsinə. Qapını döyüb, içəri keçdik və bizi bir nəfər ağxalatlı xanım qarşıladı. Öyrəndik ki, o, tibb bacısı Şəhla Manaflıdır.
Öncə onu qeyd edək ki, məktəb əsaslı şəkildə təmir olunduğu uçun məntəqədə də şərait yüksək səviyyədədir. Otaq yeni avadanlıqlarla da təmin edilib.
Ümumi mənzərəni nəzərdən keçirdikdən sonra məntəqənin iş rejimi ilə maraqlandıq. Tibb bacısı təsdiq olunmuş qrafiki təqdim edərək bildirdi ki, Səbayel rayonu 34 nömrəli Şəhər Poliklinikasının tabeliyində olan bu məntəqədə iki nəfər işləyir: «Mən həftənin bütün günləri məktəbdə dərslər başlayandan qurtaranadək, həkim-pediatr Samirə Əliyeva isə I, III və V günlər saat 9:00-dan 13:00-a qədər burada olur. Qrafikə əsasən, bu gün həkimin iş günü deyil».
Daha sonra dərman şkafına yaxınlaşıb, oradakı preparatları nəzərdən keçirdik. Şkafda xeyli dava-dərman olmaqla yanaşı, onların hamısı istifadəyə yararlı idi. Bu məsələ ilə maraqlandığımızı görən Ş.Manaflı qeyd etdi ki, dərmanlar tədris ili boyunca tələbnamə vasitəsilə 34 nömrəli Şəhər Poliklinikasından alınır. Hazırda xeyli dərman ehtiyatının olduğunu deyən tibb bacısı bu baxımdan heç bir çətinliklə qarşılaşmadıqlarını vurğuladı.
Cari tədris ilində Tibb Məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnalları, sənədləri də vərəqlədik. Onlar hamısı yerli-yerində idi, lazımi qeydlər də qaydalara uyğun aparılmışdı.
Sonra məktəbin bufetinə baxış keçirdik. Öz şəraiti, səliqə-sahmanı ilə xoş təəssürat yaradan bu iaşə ocağında öncə şagirdlərə satılan məhsullara diqqət yetirdik. Burada bufetlərdə satışına qadağa qoyulmuş ərzaqlara rast gəlmədik. Məhsulların saxlanma qaydalarına riayət edildiyini, onların hamısının sertifikatlarının olduğunu, burada çalışan Rübabə Abdullayevanın tibbi müayinədən keçdiyini, həmçinin onun şəxsi-gigiyena qaydalarına yüksək səviyyədə əməl etdiyini nəzərə alsaq, bufetdə hər şey öz qaydasında idi.
Köhnə ilə nikbin vida
Yasamal rayonu 158 nömrəli orta məktəb

Yasamal rayonundakı 158 nömrəli məktəbin qapısını səhər erkəndən döydük. Tənəffüs vaxtı olduğundan məktəbin həyəti qələbəlik idi. Fürsətdən istifadə edərək bir neçə şagirdlə söhbətləşib, bu təhsil ocağındakı Tibb Məntəqəsi barədə onların fikirlərini öyrəndik. Tibb bacısının həmişə işdə olduğunu, ehtiyac yarandıqda hər kəsə lazımi tibbi yardımın göstərildiyini deyən məktəblilər heç nədən gileylənmədilər. Və bizi Tibb Məntəqəsinə istiqamətləndirdilər…
Biz içəri daxil olanda tibb bacısı Zərifə Daşdəmirova iş başında idi. Mətləbə keçməzdən əvvəl qeyd edək ki, məktəb ümumilikdə əsaslı təmir olunduğundan, Tibb Məntəqəsində də şərait yüksək səviyyədədir. Otaq səliqə-sahmanlıdır və yeni avadanlıqlarla təmin edilib.
Tibb bacısı söhbət əsnasında bildirdi ki, məntəqə Yasamal rayonu 13 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir. O hələ ki tək işlədiyini, həftənin bütün dərs günləri səhər saat 8:00-dan 15:00-a qədər məktəbdə olduğunu söylədi. Həkim-pediatr yerinin vakant olduğunu deyən Z.Daşdəmirova bununla bağlı müsabiqə elan edildiyini də vurğuladı.
Tibb bacısı dərman vasitələri ilə təminat baxımından heç bir problemin olmadığını, dərs ili boyunca lazımi preparatları həmişə vaxtlı-vaxtında Poliklinikadan götürdüklərini və ehtiyac yarandıqda şagirdlərə, müəllimlərə tibbi yardım göstərdiklərini dedi.
Bu arada dərman şkafına yaxınlaşıb, preparatları gözdən keçirdik. Orada, həqiqətən də, xeyli dava-dərman var idi – hamısı da istifadəyə yararlı. Daha sonra Tibb Məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnallara diqqət yetirdik. Təqdirəlayiq haldır ki, heç bir çatışmazlıqla qarşılaşmadıq. Bütün qeydlər vaxtında, dəqiq və nizamla aparılmışdı.
Məktəbin bufetindəki vəziyyəti öyrənmək üçün tibb bacısı ilə birlikdə oraya üz tutduq. Öncə onu qeyd edək ki, burada da şərait yüksək səviyyədə idi. Hər tərəf dezinfeksiyaedici məhlullarla silinib-təmizlənmiş, ərzaqlar çeşidlənərək vitrinə və soyuducuya yerləşdirilmişdi. Bufetçi İradə Əlimərdanova formada idi – başında örtük, əynində xalat, əlində əlcək. O, tibbi müayinədən də keçmişdi.
Bufetdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məktəblərdə satışına qadağa qoyulmuş məhsullara rast gəlmədik. Buradakı ərzaqların hər birinin gigiyenik və uyğunluq sertifikatları da var idi.
Beləcə, oxucularımızı daha iki təhsil ocağında fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin vəziyyəti ilə tanış etdik. Və hər iki məktəbin timsalında 2014-cü ili nikbin notlarla yola salıb, yazımıza «köhnə problemlər köhnə ildə qalsın» arzusu ilə nöqtə qoyuruq.
Q.NURİYEV
№01-02 31 yanvar 2015-ci ilшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova